Yeni abadlıq və quruculuq
ünvanı
İmişli sakinləri dövlətin
qayğısından razılıq edirlər
Təbiətin sınağı həmişə çətin olur. Bu ilin yazında ölkəmizdə yaşanan təbii fəlakətlər də bunu təsdiq etdi. Məcrasına sığmayan Kür və Araz çayları daşıb kəndləri, əkin sahələrini, bağ-bağçaları su altında qoydu, ciddi problemlər yaratdı. Sabirabadda, Saatlıda, İmişlidə və başqa rayonlarda xeyli ailə ev-eşiklərini tərk etmək məcburiyyətində qaldı.
Lakin çətin gündə, bərk ayaqda dövlət öz vətəndaşına sahib çıxdı, arxa-dayaq oldu. Daşqından dərhal sonra Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə dövlət başçısı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı müvafiq orqanlara konkret tapşırıqlar verdi. Bunun ardınca təbii fəlakət bölgəsinə səfər edən cənab İlham Əliyev təxirəsalınmaz qərarlar qəbul etdi, əlaqədar dövlət və hökumət strukturlarına konkret tapşırıqlar verdi. Minlərlə texnika və canlı qüvvə təbii fəlakət zonasında xilasetmə və bərpa işlərinə cəlb olundu.
Bununla da üzləşdiyi fəlakətin ağırlığı qarşısında aciz qalan insanlar çətin anda dövlət başçısını yanlarında görəndə, onun qayğısını duyanda toxtadılar və inandılar ki, yaman günün ömrü az olar.
İndi o ağır, üzücü günlər artıq arxada qalıb. Ötən bir neçə ay ərzində çox şey dəyişib. Sel sularının tüğyan elədiyi, təbii fəlakətin uçurub dağıtdığı evlərin əvəzində indi yaraşıqlı mənzillər, yeni qəsəbələr tikilib. Təbii ki, dövlət başçısının tapşırığı ilə, dövlət vəsaiti hesabına.
Təbii fəlakətin doğurduğu problemləri aradan qaldırmaq üçün zərərçəkən bölgələrin hər yerində olduğu kimi, İmişli rayonunda da inşaat işləri sürətlə davam etdirildi. Rayonun təbii fəlakətdən ən çox zərər çəkmiş Allahmədətli, Telişli və Hacımustafalı kəndlərində 528 evdən 104-ü köçürüldü. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün səmərəli fəaliyyət göstərən komissiya sel sularına məruz qalmış 239 evin bərpasını mümkün hesab etdi və bu məqsədlə yetərincə vəsait ayrıldı. Bu evlərdə təmir-bərpa işləri müvəffəqiyyətlə başa çatdırıldı.
Noyabrın 1-də isə Prezident İlham Əliyev İmişli rayonunun Allahmədətli kəndində yeni evlərin açılışında şəxsən iştirak etdi. Ümumilikdə Allahmədətli kəndində 104 ev inşa edilib. Onlardan 28-i ikiotaqlı, 58-i üçotaqlı, 18-i dördotaqlıdır. Evlərdə hər bir ailənin normal yaşayışı üçün yaxşı şərait yaradılıb. Artıq daşqın nəticəsində İmişlinin Allahmədətli, Telişli və Hacımustafalı kəndlərində yararsız hala düşmüş evlərin sahibləri yeni tikilmiş evlərə köçüblər. Fövqəladə Hallar Nazirliyinin xəttilə salınan yeni kənddə 104 ailə, ümumilikdə, 629 nəfər məskunlaşacaq. Kəndin ümumi ərazisi 40 hektardır. Hər ailəyə 12 sot həyətyanı torpaq sahəsi ayrılıb. Kənddə yeni məktəb binası, mədəniyyət evi inşa olunub, modul tipli sutəmizləyici qurğu quraşdırılıb, abadlıq işləri aparılıb.
Evlərin elektrik enerjisi və su ilə təminatı da diqqətdə saxlanılıb, su hovuzları inşa olunub, hər bir evə ayrıca su xətti çəkilib, kənddaxili yollar abadlaşdırılıb. Gələcəkdə evlərin təbii qazla təminatı da həll olunacaq. Qəsəbənin açılışında iştirak edən Prezident İlham Əliyev sakinlərlə görüşündə demişdir: "Bu gözəl qəsəbənin salınması ilə əlaqədar sizi ürəkdən təbrik edirəm. Gözəl şərait vardır. Geniş, rahat, böyük, daş evlərdir. Gözəl park salınıb. Mən çox şadam ki, bütün işlər belə yüksək səviyyədə görülüb və burada yaşamaq üçün bütün şərait vardır. Hər halda əvvəlki şəraitdən qat-qat üstündür. Əvvəlki evlər çiy kərpicdən tikilmişdi, kiçik idi, şərait o qədər də yaxşı deyildi. Amma indiki dördotaqlı ev 137, üçotaqlı ev 75, ikiotaqlı ev isə 70 kvadratmetrdir. Tibb məntəqəsi, məktəb vardır. Mən çox şadam ki, qısa müddət ərzində belə gözəl qəsəbələr salınıbdır. Təkcə İmişli rayonunda deyil, təbii fəlakətdən əziyyət çəkmiş bütün bölgələrdə belə gözəl qəsəbələr salınır, evlər tikilir".
Yaşı yetmişi haqlamış Əlağa kişi görülən işlərdən çox razılıq edir. Buradakı evlərdən biri onun ailəsi üçün tikilib. Həmsöhbətim onlara göstərilən qayğı və diqqətdən minnətdarlıqla söz açdı:
- Sel fəlakəti bizi çətin vəziyyətə salmışdı. Yaşımın bu vədəsində səkkiz nəfərlik ailə üzvləri ilə birlikdə evsiz qalmaq çox ağır idi. Nə edəcəyimizi, hara gedəcəyimizi, kimə üz tutacağımızı bilmirdik. O çətin günlərdə dövlətimiz bizi darda qoymadı. Ailəmizə müvəqqəti yaşamaq üçün münasib yer verdilər, dolanışıq üçün yardım etdilər. İndi yeni qəsəbədə ağ daşdan tikilən yaraşıqlı evlərdən biri bizim ailənindir. Evləri həm tez, həm də keyfiyyətli tikiblər. Qayğı və diqqətə görə dövlətimizin başçısı Prezident İlham Əliyevə minnətdarıq. Öz vətəndaşına sahib çıxan, çətin məqamda ona dayaq olan bir dövlətdə yaşadığımız üçün özümüzü xoşbəxt sanırıq.
Qəsəbədəki 4 otaqlı evlərdən biri Bəxtiyar Əbilovun ailəsi üçün inşa edilib. O da dedi ki, qısa müddət ərzində belə bir qəsəbənin salınması və burada ona 4 otaqlı yaraşıqlı evin tikilib verilməsi dövlətin vətəndaşına yüksək qayğısının ən bariz nümunəsidir:
- Təbiət bizi yaman sərt sınağa çəkdi. Lakin Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu sınaqdan çıxmağı bacardıq. Çətin günlərdə dövlətin bizə dayaq durması, qayğılarımızla yaşaması özünü qabarıq büruzə verdi. Elə bunun nəticəsidir ki, təbii fəlakətdən əziyyət çəkən, ev-eşiklərini itirən insanlar üçün belə gözəl qəsəbə inşa edilib.
Yeni qəsəbədə ev alanlardan biri də Əliş Qarayevdir. 2 otaqlı mənzilində yaradılmış şəraitdən olduqca məmnundur:
- Evlər keyfiyyətlidir, gözəl şərait yaradılıb. Prezident İlham Əliyevə minnətdarıq ki, onun tapşırıq və diqqəti sayəsində soyuq qışı artıq öz isti evlərimizdə keçirəcəyik.
Əyyub Atakişiyev də qəsəbədə ona verilən 3 otaqlı mənzildən, burada yaradılmış şəraitdən çox razıdır. Dövlət başçısına həm öz, həm də qəsəbə sakinləri adından böyük minnətdarlıq bildirərək dedi:
- Prezident İlham Əliyev fəlakət bölgəsinə gəldi. İnsanlara hər cür yardım göstərilməsi üçün tapşırıqlar verdi. Məhz dövlət başçısının qayğısı sayəsində qısa müddət ərzində belə bir gözəl qəsəbə salındı. Qəsəbənin açılışında da şəxsən iştirak etməsi bizi çox sevindirdi.
Rayon icra hakimiyyətinin başçısı Əbülfəz Ağayev bildirdi ki, Prezident İlham Əliyevin konkret tapşırıq və tövsiyələrini operativ və əlaqələndirilmiş formada həyata keçirən ayrı-ayrı dövlət strukturlarının, nazirliklərin birgə fəaliyyəti sayəsində təbiətin bu ağır sınağından çıxa bildik:
- Qısa müddət ərzində camaatımız üçün yeni evlər inşa olundu, yaraşıqlı qəsəbə salındı. Bu, Prezident İlham Əliyevin vətəndaşlara böyük diqqət və qayğısı sayəsində ərsəyə gəldi. Təbii fəlakətin ilk günlərindən dövlət səviyyəsində görülən təsirli və təxirəsalınmaz tədbirlər öz səmərəli nəticəsini verdi. Fəlakətin miqyası kifayət qədər böyük olsa da, baş verən hadisəyə məsuliyyətli münasibət hesabına insan tələfatı olmadı. Təbii fəlakətin baş verdiyi elə ilk anlarda Prezident İlham Əliyevin bölgəyə səfər etməsi, zərərçəkən əhali ilə səmimi görüşlər keçirməsi, hadisə ilə yerindəcə tanış olması bizə qol-qanad verdi, yeni salınan qəsəbənin açılışında şəxsən iştirakı buradakı insanların sevincinə yeni bir sevinc qatdı.
Lazım QULİYEV
Azərbaycan.-2010.-14 noyabr.-S.7.