Şəki fermerləri ərzaq təminatına mühüm töhfələr verir

 

Ölkəmizdə sahibkarlığın inkişafı üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maneəsiz inkişafı və genişləndirilməsi təmin edilir. Məhz bunun nəticəsidir ki, sahibkarlıq sektoru ölkə iqtisadiyyatının sürətli inkişafında özünəməxsus rol oynayır. Aparılan islahatlar, icra edilən layihələr və proqramlar əhalinin rifah halının yaxşılaşmasını da şərtləndirir.

Prezident İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin uğurla icrası bir daha onu göstərir ki, iqtisadiyyatın əsas sahələrindən olan kənd təsərrüfatının sürətli və əhatəli inkişafı kənd adamlarının, fermerlərin arzu və istəklərinin gerçəkləşməsinə əsaslı zəmin yaradır.

Ölkəmizin iri kənd təsərrüfatı rayonlarından olan Şəkidə də fermerlər böyük həvəslə fəaliyyət dairələrini genişləndirməyə, əhalinin ərzaq məhsulları ilə təminatına öz layiqli töhfələrini vermək üçün daha çevik və səmərəli çalışmağa səy göstərirlər.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Xəlil Xəlilov söhbət zamanı bildirdi ki, digər rayonlardan gəlib Şəkidə sahibkarlıq fəaliyyəti ilə - taxılçılıqla, toxumçuluqla, qoyunçuluqlabaşqa sahələrlə məşğul olanlar da var. Onlara da yerli fermerlərlə birgə hər cür şərait yaradılır.

Fermer Məzahir Məmmədov Yevlax rayonunun Gülövşə kəndindəndir. 1998-ci ildən Şəki torpaqlarında əkinçiliklə məşğuldur. İşgüzar və söhbətcil adamdır. Deyir ki, həmin illərdə ulu öndər Heydər Əliyevin kənd təsərrüfatının inkişafı ilə bağlı çıxışı onu torpağa, əkib-becərməyə daha çox bağlayıb. Azərbaycan torpağının halallığından, bərəkətindən söz açan ulu öndər üzünü kənd təsərrüfatı məhsulları istehsalçılarına tutaraq demişdi ki, o torpağın dilini yaxşı öyrənsəniz, həm özünüz yaxşı dolanarsınız, həm də xalqımıza, ölkəmizə fayda verərsiniz.

Elə o zamandan Məzahir Məmmədov üzünü torpağa tutubüç ildir toxum istehsalı ilə də məşğuldur. 280 hektara yaxın əkin sahəsi var - arpabuğda əkir. Kənd təsərrüfatı işləri üçün lazım olan hər cür texnikası var. Bu il əkdiyi sahələrdən hər hektarda orta məhsuldarlıq 40-45 sentner olub. Deyir ki, təbii fəlakət yaşanmasaydı, məhsuldarlıq bir az da yüksək olardı.

M.Məmmədovun 1500 tonluq taxıl anbarı da var. Çətinliyiniz nədədir, - deyə soruşduqda bildirdi ki, subsidiyalar və digər yardımlar gecikəndə şumun gecikməyinə təsir göstərir. Şumun gecikməsi isə növbəti ildə məhsuldarlığın aşağı düşməsi deməkdir. Yardımların gecikməsi alıcılıq imkanlarını da aşağı salır. Hətta əkin-səpin işlərini optimal müddətdə yerinə yetirməkdə maddi çətinlik çəkən bəzi fermerlər toxumluq taxılı adi taxıl kimi satmaq məcburiyyətində qalırlar.

Şəkinin Bolludərə kəndi böyük kəndlərdən sayılır. Söhbət etdiyimiz fermerlərdən Fəxrəddin Qədirov və Qabil Həsənov həmin kənddəndirlər. Hər ikisinin əmək fəaliyyəti kəndlə bağlıdır. 2000-ci ildən taxılçılıqla məşğul olan Fəxrəddin Qədirov iki ildir ki, özəl toxumçuluq təsərrüfatı da yaradıb. 150 hektar əkin sahəsi var. Cari ilin məhsulu üçün 122 hektar sahədə taxıl əkib. Əsasən buğda toxumçuluğu üzrə ixtisaslaşıb. "Tanya", "Qılçıqsız-1" və "Əzəmətli-95" buğda sortlarına üstünlük verir. Çəkdiyi zəhmətin müqabilində 225 ton məhsul götürüb. Orta məhsuldarlıq 20 sentner olub - əvvəlki ildəkindən 20-30 sentner az! Səbəbini builki təbii fəlakətlə izah edən Fəxrəddin Qədirov ruhdan düşmədiyini, yeni məhsul ilində daha yüksək məhsuldarlığa nail olacağını bildirir. Ötən məhsul ilində yığdığı 225 ton məhsulun 160 tonu toxumluqdur. Onun 78 tonunu yerli istehsalçılara satıb. Allah bərəkət versin, deyir. Bu il səpin üçün əlavə əkindən - ötən il dincə qoyulmuş torpaqlardan da istifadə edəcək. Bu isə keyfiyyətə və məhsuldarlığa zəmin yaradır.

Fermer Qabil Həsənovun da əkin sahələri Bolludərə kəndi ərazisindədir. Buğda istehsalı ilə məşğuldur. Taxılbiçən kombaynı, 2 şum traktoru, 2 toxumsəpən və 1 presləyici aqreqatı, 500 ton tutumu olan anbarı var. Səpilən toxumun sertifikat məsələsinə xüsusi fikir verən Qabil Həsənov əkdiyi 110 hektar sahədən 220 ton məhsul yığıb. Orta məhsuldarlıq 21 sentner olub. Qoyunçuluq təsərrüfatı da var. 600 baş qoyunu əkin sahələrinin hesabına saxlayır.

Kiçik Dəhnə kəndinin torpaqları da bərəkətlidir. Bunu fermer Çingiz Süleymanlının uğurları sübut edir. O da təəssüflə bildirir ki, leysan yağışları ziyan vurmasaydı, orta məhsuldarlıq 30 sentner əvəzinə 45-50 sentner olardı. Ç.Süleymanlı 1999-cu ildən taxılçılıqla məşğuldur, indi əsas diqqəti toxumçuluğa yönəldib. 120 hektar sahədə arpa da əkir, buğda da. Məhsulun bir hissəsini toxum üçün ayırır, qalan hissəsini satır. 70 ton toxumu hələ də alıcının yolunu gözləyir. Təklif edir ki, satış məsələsi dövlət tərəfindən tənzimlənsə, bütün bu çətinlik də aradan qalxardı.

Lazımi kənd təsərrüfatı texnikası və anbarı olan Ç.Süleymanlı bildirir ki, gübrə alınmasındakı gecikmələr sahələrə aqrotexniki xidmət göstərilməsinə, məhsulun keyfiyyətinə mənfi təsir edir.

Digər fermerlərdən fərqli olaraq Füzuli rayonundan olan Maarif Seyidov Şəkinin Turan, Sarıca və Bolludərə kəndlərindəki əkin sahələri, bu sahələrə qulluq və məhsul satışı ilə bağlı elə bir probleminin olmadığını bildirdi. Həmkarlarından xeyli cavan olan M.Seyidov 1200 hektar əkin sahəsinin 300 hektarını toxumluq məhsul üçün ayırıb. Bütün aqrotexniki qaydalara vaxtında əməl etdiyinə görə yüksək məhsuldarlığa nail olub. Anbarlarda 700 tona yaxın toxum ehtiyatı var. Satışla bağlı bildirdi ki, çətinliyi yoxdur - nisyə də satır, nağd da. Maarif Seyidov onu da əlavə etdi ki, doğulduğu Füzuli rayonu düşmən işğalından azad edildikdən sonra əmək fəaliyyətini orada davam etdirmək ən böyük arzusudur.

Söhbət etdiyimiz, fəaliyyətləri ilə tanış olduğumuz Şəki fermerləri gübrə alınmasında, subsidiyaların verilməsində yaranan ləngimələrdən söz açmaqla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalçısına kimyəvi dərmanların güzəştli qiymətlərlə satışının vacibliyinə də toxundular.

Əlbəttə, ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalçılarının daha səmərəli fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıldığı bir zamanda mövcud çətinliklərin aradan qaldırılması üçün də yolların araşdırılacağı şübhəsizdir.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.-2010.-14 noyabr.-S.7.