Azərbaycan
və İran prezidentləri mətbuata bəyanatlarla
çıxış etmişlər
Noyabrın
17-də Azərbaycan Prezidenti İlham Əliyev və İran
Prezidenti Mahmud Əhmədinejad
mətbuata bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
-
Hörmətli cənab Prezident, əziz
qardaşım!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
Hörmətli
cənab Prezident, mən Sizi
ürəkdən salamlayıram. Azərbaycana xoş
gəlmisiniz!
Mən
çox şadam ki, Siz Azərbaycana gözəl
bayram günlərində səfər edirsiniz! Bu fürsətdən
istifadə edərək Sizi və bütün qardaş İran xalqını, bütün
dünya müsəlmanlarını
müqəddəs Qurban bayramı
münasibətilə ürəkdən təbrik etmək istəyirəm.
Biz Sizin səfərinizə
çox böyük əhəmiyyət
veririk. Səfərin çox
gözəl nəticələri vardır. Biz
bu gün Sizinlə həm
təkbətək görüşdə, həm geniş tərkibdə görüşdə
ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini
geniş müzakirə etdik.
Bir daha mövqeyimizi ifadə etdik
ki, ikitərəfli münasibətlərin
bundan sonra da inkişafı uğurla
davam etməlidir. Biz bütün sahələrdə uğurlu əməkdaşlığımızın
dərinləşməsi üçün
səylərimizi qoymağa
çalışırıq və buna nail oluruq.
Siyasi əlaqələrimiz yüksək
səviyyədədir. Aramızda çox
güclü siyasi dialoq aparılır. Biz
Sizinlə mütəmadi qaydada həm İranda, həm Azərbaycanda, həm də başqa ölkələrdə görüşür, fikir
mübadiləsi aparırıq. Xarici
işlər nazirləri, digər nazirlər
vaxtaşırı görüşürlər. Yəni, siyasi əlaqələrimizin inkişafı bütün başqa sahələrdə
inkişafa səbəb olur
və beləliklə, əlaqələrimiz daha
da güclənir.
Beynəlxalq
təşkilatlarda əməkdaşlığımızın
çox böyük əhəmiyyəti
vardır. Biz BMT, İslam
Konfransı Təşkilatı, İqtisadi
Əməkdaşlıq Təşkilatında bütün
dövrlərdə çox uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik.
Bu dəstək gündən-günə
güclənir. Bu gün
biz bununla bərabər
iqtisadi sahədə əməkdaşlığın
dərinləşməsi üçün
əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Fikrimiz ondan ibarətdir ki, iqtisadi əlaqələrimizi
daha da sürətlə
inkişaf etdirməliyik. Bugünkü
ticarət dövriyyəsinin səviyyəsi nə İran tərəfini, nə də bizi qane edir.
Əminik ki, ölkələrimizdə mövcud olan potensial bizə imkan verəcək
ki, yaxın zamanlarda
ticarət dövriyyəsini bir neçə
dəfə artıraq. Biz buna
çalışırıq və müvafiq
göstərişlər verilmişdir.
Əminəm
ki, bu gün
enerji və nəqliyyat sahəsində
imzalanmış Anlaşma Memorandumunun
icrası nəticəsində ticarət dövriyyəmiz də
böyük dərəcədə
artacaqdır. İmzalanmış memorandum
çoxşaxəlidir. Orada bütün məsələlər, vacib, konkret layihələr
əksini tapıb.
Nəqliyyat
sektorunda Şimal-Cənub dəhlizinin
yaradılması və bu sahədə əlavə
tədbirlərin görülməsi nəzərdə tutulur, birgə elektrik
güclərinin yaradılması məsələləri öz əksini tapıb. Elektrik
xətlərinin birləşdirilməsi, qaz
sahəsində əməkdaşlıq, yəni, bütün enerji və nəqliyyat
sektorunu əhatə edən məsələlər
Anlaşma Memorandumunda
göstərilibdir. Müvafiq
tapşırıqlar verilibdir ki, biz tezliklə memorandumun icrasına başlayaq.
Enerji sektorunda əməkdaşlığın
artıq gözəl tarixi vardır. Biz gələcəyə baxmalıyıq. Bu gün möhkəm təməl
üzərində qurulmuş bu əlaqələr, əlbəttə ki, inkişaf etməlidir. Yeni layihələr
müzakirə olunur. Ümid
edirəm ki, həm İran
tərəfində, həm Azərbaycan tərəfində
hazırda görülən işlər, qoyulan
sərmayə gələcəkdə enerji
sahəsində əməkdaşlığın daha da genişlənməsini
təmin edəcəkdir.
Münasibətlərimizin
çox böyük tarixi vardır. Xalqlarımız dost, qardaş
xalqlardır. Əsrlər boyu
xalqlarımız bir yerdə olmuşlar, bir yerdə
yaşamışlar. Bizi bağlayan
bu tarixi və mədəni
əlaqələr bugünkü əlaqələrimizin
möhkəm təməlidir. Biz
münasibətlərimizi bu təməl
üzərində qurmuşuq. Azərbaycan
müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf
etməyə başlamışdır. Münasibətlərimizin
bugünkü səviyyəsi, məncə,
ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün
İran ilə Azərbaycan
arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər
kimi formallaşıbdır, eyni zamanda, münasibətlərimizin
bölgədə gedən proseslərə mühüm
təsiri vardır. İran-Azərbaycan münasibətləri
bölgənin inkişafı üçün
önəmli amilə çevrilibdir.
Bölgədə təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi üçün
münasibətlərimizin xüsusi əhəmiyyəti
vardır.
Bölgədə
təhlükəsizlik tədbirlərinin gücləndirilməsi
məsələləri bu gün
geniş müzakirə olundu.
Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin son mərhələsi
haqqında cənab Prezidentə məlumat verdim.
Bir daha demək istəyirəm
ki, Azərbaycan məsələnin tezliklə,
beynəlxalq hüquq normaları əsasında
həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz
həllini Birləşmiş Millətlər Təşkilatı,
İslam Konfransı Təşkilatı,
ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri
və qərarları əsasında, ölkələrin ərazi
bütövlüyü çərçivəsində
tapmalıdır. Bu, yeganə yoldur və Azərbaycan bu
məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir.
Bütün dünya
artıq çoxdan bilir
ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən
işğal edilib.
Torpaqlarımızın 20 faizi işğal altındadır. Bu işğal
və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində
bir milyondan artıq azərbaycanlı
öz doğma
torpağında qaçqın-köçkün vəziyyətinə
düşmüşdür. İşğal edilmiş
torpaqlarda bütün
infrastruktur dağıdılıb, bütün binalar yerlə-yeksan
edilib. Tarixi abidələrimiz,
əcdadlarımızın qəbirləri, müqəddəs
yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən
dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır.
Mən
ümid edirəm ki,
Azərbaycan ərazi bütövlüyünü
bərpa edəcəkdir. Bunu etmək üçün əlbəttə ki, biz daha
da güclü
olmalıyıq. Bu barədə bu gün fikir
mübadiləsi aparılmışdır. Deyə bilərəm
ki, bu gün
biz bütövlükdə çox geniş fikir mübadiləsi apardıq. Həm regional məsələlər, ikitərəfli
münasibətlər, həm də Xəzəryanı ölkələr
arasındakı əlaqələr haqqında geniş
fikir mübadiləsi
aparılmışdır. Bu fikir mübadiləsi çox
müsbət olmuşdur.
Mən
bir daha, cənab Prezident, Sizi və
nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə
salamlayıram. Bir daha
demək istəyirəm ki, Sizin səfərinizə Azərbaycanda çox böyük əhəmiyyət
veririk. Mən əminəm ki, səfərin çox
gözəl və uğurlu nəticələri
olacaqdır.
İran Prezidenti Mahmud Əhmədinejadın bəyanatı
-
Əziz qardaşım, hörmətli cənab Prezident!
Nazirlər,
dövlət rəsmiləri, mətbuat nümayəndələri!
Mübarək
Qurban bayramı münasibətilə sizi və dünya müsəlmanlarını
bir daha təbrik edirəm.
Böyük Allaha minnətdaram
ki, ilin əziz
günündə imkan yaratdı ki, biz bayramı
qardaşlarımızla birgə keçirək. Necə ki, qardaşım, hörmətli Prezident qeyd etdi - Azərbaycan və İran
xalqları iki qardaş
xalqdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, iki
millətin dini inanclarının dərinliyindən
əmələ gəlmişdir. Bu
qardaşlıq birgünlük və keçici deyildir. Bunun dərin kökləri vardır və həmişə
də olacaqdır.
Bu gün Azərbaycan-İran
münasibətləri çox
yaxşıdır. Azərbaycan-İran qardaşlıq əlaqələri
bölgənin sabitliyi və təhlükəsizliyi
üçün önəmlidir. Bölgədə
sülhün qorunub
saxlanılmasında, inkişafında iki
ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün
bizim müştərək
baxışlarımız, yanaşmalarımız və
müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına,
bölgənin inkişafına və beynəlxalq aləmdə
sabitliyə yönəlmişdir. Necə ki,
mənim əziz qardaşım vurğuladı, ölkələrimizin
potensialı mövcud əməkdaşlıqdan
qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət,
nəqliyyat sahələrində imkan
daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki
sülhün və təhlükəsizliyin
xeyrinədir.
Bölgə
və Xəzər barədə baxışlarımız eynidir. Hər ikimiz bu fikirdəyik ki, Xəzər
sülh və qardaşlıq dənizidir,
hamı Xəzərin sərvətlərindən ədalətli
şəkildə bəhrələnməlidir. Azərbaycan və
İranın Xəzər dənizində rolu
böyük və təyinedicidir. Azərbaycan Respublikasının möhtərəm Prezidentinin rəhbərliyi və təşəbbüsü
ilə Xəzəryanı ölkələrin dövlət
başçılarının zirvə görüşü
keçiriləcəkdir. İnanıram ki,
Azərbaycan Prezidentinin bacarığı
və digər dövlət başçılarının iştirakı
ilə bu sahədə çox yaxşı qərarlar qəbul ediləcək,
böyük addımlar atılacaqdır.
Beynəlxalq
məsələlərdə baxışlarımız tamamilə
müştərəkdir. Biz həmişə
və bütün təşkilatlarda bir-birimizin yanında olacaq
və bir-birimizi dəstəkləyəcəyik.
Biz də Qarabağ məsələsi
ilə bağlı bu fikirdəyik ki, bu problem
danışıqlar və ədalət əsasında həll
olunmalıdır, hamı gərək danışıqlara və
ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq-ədalət
və beynəlxalq hüquq çərçivəsində
qısa müddətdə həllinə yardımımızı
göstərməyə hazırıq. Azərbaycanın təhlükəsizliyi
və onun inkişafı İran
üçün böyük
əhəmiyyət daşıyır. Azərbaycanın
inkişafını, təhlükəsizliyini özümüzün
inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün
beynəlxalq təşkilatlarda və dünya
birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş
dövlətik. Bu qardaşlıq davam edəcək, zaman
keçdikcə güclənəcək və dərinləşəcəkdir.
Bu gün
Allahımıza şükür edirik ki, Azərbaycan
qardaşım, hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə
sürətli inkişaf mərhələsini
yaşayır. Hər gün biz əziz Azərbaycanın inkişafı barəsində
yeni-yeni xəbərlər əldə edirik və buna sevinirik. Düşünürəm ki, inkişaf naminə əməkdaşlığımız
davam edəcəkdir. Təcrübəmizi
paylaşacaq və hər iki
millətin xeyrinə bütün imkanlardan istifadə edəcəyik.
Mənim
səfərim evimə, qardaşlarımın yanına olan səfərdir. Biz elə hiss
edirik ki,
qardaşlarımızın arasındayıq və
inanırıq ki, azərbaycanlı
qardaşlarımız da İrana
səfəri zamanı eyni hissləri
keçirirlər. Ümidvarıq ki, bu hisslər hər gün
dərinləşəcək və güclənəcəkdir.
Biz çox səmərəli
və faydalı müzakirələr apardıq. Aramızda heç bir fikir ayrılığı və
anlaşılmazlıq yoxdur. Bütün ikitərəfli əlaqələr
müstəvisində, eləcə də regional
və beynəlxalq məsələlərdə fikirlərimiz
üst-üstə düşür. Biz iqtisadi, mədəni məsələlərdən
tutmuş siyasi, regional və beynəlxalq əməkdaşlığa
dair bütün məsələləri
diqqətlə nəzərdən keçirdik.
Əməkdaşlığımız, gələcəkdə
birgə işlərimiz üçün çox aydın konturlar
cızıldı.
Çox
səmimi və mehriban qarşılanmaya
görə əziz qardaşıma təşəkkürümü
bildirirəm. İnanıram ki, bu səfər zamanı
apardığımız danışıqlar və əldə
etdiyimiz anlaşmalar həm
ikitərəfli əlaqələrdə, həm regional çərçivədə, həm də
beynəlxalq miqyasda iki
millətin xeyrinə və mənafeyinə, dünyada sülhə və sabitliyə
müsbət töhfəsini verəcəkdir.
Bir daha Azərbaycan
Respublikasının Prezidentinə təşəkkürümü
bildirirəm və onun əməkdaşlığımızın
genişlənməsi üçün bütün təşəbbüslərini dəstəkləyirəm.
Bir daha
bayramınızı təbrik edirəm. Bu
bayram Azərbaycan və İran
xalqları, bütün dünya
müsəlmanları və dünyanın müstəqil
xalqları üçün xeyir-bərəkət,
sağlamlıq, rifah gətirəcəkdir.
Sizə və möhtərəm cənab Prezidentə bir daha təşəkkürümü
bildirirəm.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 2.