Təbib qüdrətli Naftalan
"Naftalan həm coğrafi
baxımdan strateji nöqtədir, həm də
iqtisadi baxımdan çox
mühüm bir şəhərdir.
Burada müasir səviyyənin
təşkil olunması mütləq və mütləq
olmalıdır".
İlham ƏLİYEV
Dövlət başçısı İlham Əliyevin uğurlu yaz günlərinin birində bu şəfa ocağına tarixi səfəri Naftalanın inkişafında yeni mərhələ açdı. Şəhərin vəziyyəti ilə tanış olan Prezident Naftalanın dünyada neft ilə müalicə aparıldığı yeganə kurort olduğunu söylədi. Dövlət başçısı təbib qüdrətli, ölkə şöhrətli bu müalicə-sağlamlıq ocağının müasir səviyyəyə qaldırılmasının vacibliyini xüsusi vurğuladı və ilkin tədbirlərin görülməsi üçün ehtiyat fondundan bir milyon manat pul ayırdı. Ərazinin genişləndirilməsi məqsədilə Goranboy rayonundan 489 hektar torpaq sahəsi Naftalana verildi. Şəhərdə rəhbərlik səriştəli kadrlarla möhkəmləndirildi. Beləliklə, Naftalanda yüksəlişin yeni mərhələsi başlandı.
İlk öncə bir çox sosial problemlər həll edildi. Goran dəmiryol stansiyasından
Naftalana gələn avtomobil yolu yenidən quruldu. Goranboy qaz paylayıcı
stansiyasından Naftalana
14,5 kilometr uzunluğunda əsas xətt çəkildi. Şəhər daxilində
istismara yaramayan metal boruların yerinə plastik borular qoyuldu. Çoxmərtəbəli binaların liftləri
yeniləri ilə əvəz edildi. Qazanxanalar bərpa olundu, istilik sistemləri təzələndi. Binaların dam örtükləri və fasadlar müasir üslubda təmir edildi. İllər boyu baxımsız
qalan küçələr
və səkilər sistemli surətdə sahmana salındı.
Heydər Əliyev, Səməd Vurğun və Nəriman Nərimanov parklarında, xəstəxananın ətrafında,
şəhərin giriş
və çıxış
yollarında, özəl
sanatoriyaların ərazilərində
on minlərlə ağac
və gül kolları əkildi. Magistral yollar boyunca milli üslubda bədii tərtibatlı istinad divarları tikildi.
Bütün bunlarla yanaşı, iqtisadiyyatın yüksəlməsi
üçün əsaslı
tədbirlər görülür. Bu günlərdə doqquz aylığın yekunları
müzakirə edilərkən
qeyd olundu ki, ötən ilin müvafiq dövrünə nisbətən
istehsalın həcmi
on bir faiz artmışdır. Sahibkarlığa geniş meydan açılır. Özəl bölmənin
inkişafına xüsusi
fikir verilir.
Ən əsası odur ki, "Azərbaycan Respublikasında kurortların
2009-2018-ci illərdə inkişafı
üzrə Dövlət
Proqramı" uğurla
yerinə yetirilir. "Çinar" sanatoriyası
müasir üslubda yenidən qurulub. Şəhərin mənzərəli yerlərindən birində
daha bir sanatoriyanın inşası
başa çatmaq üzrədir. İndi burada
son tamamlama və abadlıq işləri görülür.
Hər yerdə
qızğın iş
gedir. Şəhər təsərrüfatının ən müxtəlif sahələri demək olar ki, yenidən
qurulur. Problemlər həll olunduqca
daha geniş məsələlərdən söhbət
gedir. Uşaq bağçası-körpələr
evi və yeddiillik uşaq musiqi məktəbi, habelə, şəhər
xəstəxanası və
poliklinika üçün
müasir binaların tikilməsi, olimpiya idman kompleksinin, məişət tullantıları
zavodunun inşası nəzərdə tutulub.
İcra hakimiyyətinin başçısı
Natiq Aslanov deyir ki, indi
biz Naftalan problemini öyrənən elmi-tədqiqat
institutu filialının
yaradılması və
müalicəvi neftdən
dərman preparatları
hazırlayan zavodun açılması üçün
çalışırıq.
Naftalan tədricən inkişaf edir, müasirləşir,
öz əvvəlki şöhrətini qaytarmağa
çalışır. YAP Naftalan şəhər təşkilatının sədri
Möhübbət Bədəlov
deyir ki, uzun illərdir mən bu yerlərdə
çalışıram. Hələ heç vaxtı bu qədər
qızğın iş
getdiyini, ardıcıl,
sistemli, səriştəli
işlərin aparıldığını
görməmişəm. Naftalan göz
görə-görə inkişaf
edir, tanınmaz olur.
Çox keçməz ki, bu şəfa mərkəzi əvvəlki
illərdə olduğu
kimi ölkə əhalisi üçün
genişmiqyaslı müalicə-sağlamlıq
mərkəzinə çevrilər.
Əhməd İSAYEV
Azərbaycan.-2010.-14 noyabr.-S.7.