Şəkərli diabet əsrin ən təhlükəli qlobal problemidir

 

Hazırda bütün dünyanı ciddi narahat edən xəstəliklərdən biri də şəkərli diabetdir. Bu xəstəlik artıq qlobal problem kimi ortaya çıxmışdır. 1991-ci ildən başlayaraq Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. Niyə məhz 14 noyabr? Həmin gün milyonlarla insanın həyatının xilaskarı, insulin preparatını kəşf edən, tibb elmləri doktoru, professor, tədqiqatçı alim, Nobel mükafatı laureatı Frederik Bantinqin doğum tarixidir.

2006-cı ildə xəstəliklə bağlı ÜST xüsusi bəyannamə qəbul etmiş və həmin sənəddə şəkərli diabet ağır xroniki xəstəlik kimi səciyyələndirilmişdir. 2007-2008-ci illər üçün Ümumdünya Diabet Günü "Heç bir uşaq diabetdən həlak olmamalıdır" şüarı altında keçirilmişdir. 2009-2013-cü illər üçün isə Ümumdünya Diabet Gününün 5 illik kampaniyasının mövzusu "Diabetin təlimi və qarşısının alınması"dır. Bu ilin şüarı isə "Gəlin diabeti erkən nəzarətdə saxlayaq" adlanır. BMT-nin 20 dekabr 2006-cı il tarixli baş assambleyasının 61225 saylı qətnaməsində deyilir ki, şəkərli diabet xroniki, üzücü, böyük xərclər tələb edən, ağır xroniki fəsadlarla müşayiət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir.

Dünya praktikasında xroniki qeyri-infeksion xəstəliklərin biotibbi, psixoloji və sosial-iqtisadi aspektlərinə kompleks yanaşılması prosesində şəkərli diabet model kimi götürülmüşdür. Onun geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Məhz buna görə də ÜST 1992-ci ilə şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi qiymətləndirmişdir. Təşkilatın məlumatına görə, 1985-ci ildə dünyada 30 milyon şəkərli diabetlə xəstə insan olduğu halda, bu gün həmin rəqəm artaraq 285 milyona çatmışdır. Hesablamalara görə, 2025-ci ildən sonra şəkərli diabet xəstələrinin sayının 380 milyona yaxın olacağı gözlənilir. Ona görə də şəkərli diabet ÜST-nin qarşısında duran bir nömrəli problemdir. Xəstəliyin gecikmiş ağırlaşmaları nəticəsində ölüm faizinin yüksək olduğu mütəxəssisləri daha çox təlaşlandırır. İndi alimlər tərəfindən müəyyən olunub ki, şəkərli diabet nəinki endokrin, həm də ürək qan-damar sistemini zədələyən xəstəlikdir. Hazırda bir nömrəli problem kimi ürək-damar, ikinci yerdə şiş, sonra travmatologiya, dördüncü yerdə isə şəkərli diabet xəstəliyi durur. Lakin bu xəstəlik ürək-damar fəsadları verdiyinə görə, o, artıq birinci problemlə birləşir. 2005-ci ilin statistikasına görə, əhalinin ümumi populyasiyası ilə müqayisədə şəkərli diabetlə xəstə olanlar arasında ürək, qan-damar çatışmazlığından ölüm halları 4-5 dəfə, korluq halları 10 dəfə, qanqren və aşağı ətrafların amputasiyası 50 dəfə, xroniki böyrək çatışmazlığı 5 dəfə çoxdur. Diabetin xroniki ağır fəsadlarına qoyulan maddi vəsait (məsələn, hemodializ) onun profilaktikasına sərf edilən məbləğdən qat-qat çoxdur. Artıq sivil ölkələrdə bunu elmi iqtisadi baxımdan sübut etdikləri üçün şəkərli diabetin müalicə və profilaktikasına xüsusi diqqət verilir. Əgər il ərzində HİV/AİDS-dən 250 xəstə həyatla vidalaşırsa, şəkərli diabetdən 1 milyon 200 min xəstə dünyasını dəyişir.

Strukturuna görə şəkərli diabet iki tipə ayrılır: gənclərdə, yeniyetmə və uşaqlarda olan xəstəlik birinci tip diabet adlanır. Yəni, bu, insulindən asılı olan tipdir. Belə xəstələr ömrü boyu insulinlə müalicəyə möhtacdırlar. Şəkərli diabetin struktunda bu tipin xüsusi çəkisi 10-15 faizdir. Yəni, 100 xəstədən 15-də birinci tip olur. 85 faiz isə ikinci tipə aiddir. Bu tip xəstələrə keçmişdə "yaşlıların diabeti" deyirdilər. Yəni, 40 yaşından sonra meydana çıxan şəkərli diabetdir ki, onların müalicəsində insulin tələb olunmur. Belə pasientlərə yalnız pəhriz və şəkərsalıcısı həb müalicəsi yazılır. Müqayisə üçün deyək ki, hələ 1922-ci ildə insulin tətbiq olunana qədər belə xəstələrin əksəriyyəti şəkərli komadan dünyalarını dəyişirdilər. Damar fəsadlarından isə bir, yaxud iki faiz insan həlak, ya da əlil olurdu. Lakin insulin kəşf olunandan sonra bu faiz nisbəti kəskin şəkildə dəyişdi. Hazırda şəkərli diabet komasından dünyasını dəyişənlər 1-2 faiz təşkil edir. Ürək, qan-damar fəsadlarından həyatla vidalaşan şəkərli xəstələrin sayı təxminən 60-70 faizə çatıb. Bütün dünyada korluğun səbəbinin 25 faizi təxminən şəkərli diabetin payına düşür. Böyrək çatışmazlığı - diabetik nefropatiya bu xəstəliyin ağırlaşmalarından biridir.

Azərbaycanda isə bu gün rəsmi qeydiyyatda 130 min şəkərli diabet xəstəsi var.

Hazırda bütün dünyada diabet yalnız tibbi deyil, həm də ağır sosial-iqtisadi problem sayıldığı üçün xəstəliyə düçar olan şəxslər əsasən dövlət qayğısı ilə əhatə olunurlar. Azərbaycanda keçmiş sovetlər dövründə belə yardım mexanizmi işləsə də (diabet xəstələrinə pulsuz insulin və həblərin verilməsi, onların vaxtaşırı müayinəsi və s.), ötən əsrin 90-cı illərində bu mexanizm, demək olar ki, bütünlüklə unuduldu. 2003-cü il dekabrın 23-də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Milli Məclis tərəfindən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edildi. Bununla da, müstəqillik dövründə bu sahədə yeni bir mexanizmin əsası qoyuldu. 2004-cü ilin 12 fevralında ölkə başçısı tərəfindən qanunun tətbiqinə dair xüsusi fərman imzalandı. Bu sənəd şəkərli diabetə tutulmuş insanlarla bağlı məlumatları əks etdirən registrin yaranmasından tutmuş onların insulin, həblər və özünənəzarət vasitələri ilə dövlət hesabına təminatı, endokrinoloq-həkim və orta tibb heyətinin bacarıqlarının artırılması, ümumtəhsil məktəblərində xəstə uşaqların təhsilinin təşkilinə qədər çoxşaxəli istiqamətləri əhatə edir. Həmin dövlət proqramı 2005-ci ildən fəaliyyətdədir. 2006-cı ildə proqramın icrasına 6 milyon manat, 2007-ci ildə 12 milyon, 2008-ci ildə 19 milyon, 2009-cu ildə 10 milyon, bu il isə 12 milyon manat vəsait ayrılıb. Tibb mütəxəssislərinin böyük əksəriyyəti proqramın kifayət qədər təkmil sənəd olduğunu vurğulayırlar. Bu gün şəkərli diabet xəstələrinin 95 faizi şəkər ölçən aparatlarla, test çubuqları ilə təmin olunmuş, hər bir xəstəyə kifayət qədər insulin, şəkərsalıcı həblər verilmişdir. Xəstələrin müayinəsi də dövlət hesabınadır, onlar ildə iki dəfə həkimlərin nəzarətindən keçirlər.

Son illər Azərbaycanda şəkərli diabetlə xəstə olan insanlar, xüsusilə, uşaqlar üçün mühüm işlər görülüb və bu proses davam etməkdədir. Hazırda Bakı, Şəki, Mingəçevir və Naxçıvanda endokrinoloji dispanserlər, Gəncə şəhərində poliklinika şöbəsi olan endrokrinoloji xəstəxana, həmçinin Bakıda respublika Endokrinoloji Mərkəz fəaliyyət göstərir. Qeyd edilən müəssisələrlə yanaşı, şəkərli diabetlə xəstə olanlara ambulator və stasionar yardım poliklinikaları, tibbi sanitariya hissələri, mərkəzi rayon xəstəxanalarının endokrinoloji kabinetləri və şöbələri tərəfindən də xidmət göstərilir. Şəkərli diabet xəstələri üçün ixtisaslaşdırılmış çarpayıların ümumi sayı artırılır. Bakı, Sumqayıt, Şəki və Mingəçevirdə endokrinoloji xidməti olan tibb müəssisələrində xəstələr üçün özünənəzarət təlim məktəbləri mövcuddur.

Son illər bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Təhsil, səhiyyə, kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr içərisində "Diabetli uşaqlara ən yüksək qayğı" ilə bağlı reallaşdırılan tədbirlər cəmiyyətdə böyük rezonansa və rəğbətə səbəb olmuşdur.

Bundan başqa, respublikamızda şəkərli diabetlə bağlı qeyri-hökumət təşkilatları da fəaliyyət göstərir. Azərbaycan Diabet Assosiasiyası Azərbaycan Diabet Liqası və digər təşkilatların xəttilə hər il beynəlxalq elmi-praktik konfranslar keçirilir, xəstələrə yardımlar edilir. ADL-in missiyası şəkərli diabetlə xəstə olan vətəndaşlarımızın həyati fəaliyyətini yüksəltmək, hüquqlarını müdafiə etmək və əhalinin sağlamlığının mühafizəsində yaxından iştirak etməkdir. Təşkilat üç - tibbi; hüquqi, sosial və humanitar yardım; fiziki və psixoloji yardım proqramları üzrə fəaliyyət göstərir. İndiyədək 300-dən çox müxtəlif layihələr, tədbir və aksiyalar həyata keçirilib.

Məlumdur ki, şəkərli diabet öz ağırlaşmaları ilə hər zaman qorxuludur və diabetoloqların səylərinə, qazandıqları uğurlara baxmayaraq, tək təbabət bu xəstəliyə qalib gələ bilmir. Bunun üçün xəstələrin özlərinin və ailə üzvlərinin aktiv iştirakı lazımdır. Təcrübə göstərir ki, həkimlərin və onların pasientlərinin birgə səyləri diabetin müalicəsinin səmərəliliyini artırır və ağırlaşmalarının qarşısını alır. Diabetin idarə olunmasında insanlara onun mahiyyəti, istifadə olunan dərman preparatlarının təsiri, pəhriz haqqında əhəmiyyətli biliklərin verilməsinin çox böyük rolu vardır. Həmçinin fiziki hərəkətlərin xəstəliyə müsbət təsiri haqqında təbliğat gücləndirilməlidir. Şəkərli diabet erkən vaxtlardan nəzarətdə saxlanmalıdır.

 

 

İ.ƏLİYEVA

 

Azərbaycan.-2010.-14 noyabr.-S.9.