Z.Qazıoğlu: "Dövlətimiz təcrid olunsa da, ümidlərimiz təcrid olunmayıb"

 

Kipr Aralıq dənizində, Türkiyənin 65 kilometrliyində yerləşən, əhalisi türkyunanlardan ibarət möcüzəli adadır.

SiciliyaSardinyadan sonra üçüncü böyük ada olsa da, dənizin ortasında ucalan beşbarmaq dağları, ecazkar təbiəti, qədim memarlıq nümunələri, qəsrləri, qalaları, yan-yana dayanmış kilsə, monastr və məscidləri, eyni zamanda müasirliyi, gözəlliyi, təmiz havası, hər cür dəniz idmanı və əyləncə növləri ilə zəngin olan dünyanın öndə gedən turizm məskənlərindən biridir. Bu adanın qızıl qumlarında dincələn dünyanın hər yerindən gələn turistlər növbəti il yenə də bu möcüzələr adası - Kirpə getməyi arzulayırlar. Burada yaradılan və bu gün də yaşadılan tarix qədim göytürklərə məxsusdur. Tarixçi-salnaməçilər söyləyirlər ki, türkün atının ayağını basdığı yerlər yenidən doğulmuş, göyərmiş və şanlı tarix yaratmışdır.

dənizin (Aralıq dənizi) ortasında yaradılmış bu qədim tarix də türklərə mənsubdur. Kipr adası 1571-ci ildə Osmanlı dövləti tərəfindən fəth edilmiş, 1878-ci ilə qədər imperatorluğun idarəsi altında yaşamış, inkişaf etmişdir. Nadir memarlıq inciləri, tətbiqi sənət, tarixi abidələr, məscidlər adanı dillər əzbəri edir, bu gözəlliyi görmək üçün dünyanın başqa yerlərindən, krallıqlardan ora nüfuzlu qonaqlar gəlir. Bu dövr ərzində Anadolu yurdlarından xeyli sayda türk adaya köçərək orada məskunlaşmış, nəsillər artmış, çoxalmışdır.

Lakin XX əsrin axırlarına doğru zəifləyərək çətin vəziyyətə düşən Osmanlı dövləti 1878-ci ildə adanı İngiltərəyə icarəyə vermək məcburiyyətində qalır. 1914-cü ildə başlayan Birinci dünya müharibəsində isə İngiltərə Osmanlının düşdüyü vəziyyətdən yararlanaraq adanı ilhaq edir. Torpaqları, azadlığı və müstəqilliyi uğrunda savaşa başlayan Kipr türkləri isə dünyadan təcrid olunmuş vəziyyətə düşsələr də, qərarları qəti idi. 1960-cı ildə ada türkləri Kipr yunanları ilə birgə qurduqları və eyni konstitusiya hüquqlarına sahib olduqları dövləti yaşatmaq istəyirdilər. Lakin yunanlar 1963-cü ildə türklərə qarşı əks mövqedə dayanaraq qəbul olunmuş konstitusiyada onların hüquqlarını ifadə edən 13-cü maddəni dəyişdirmək istədilər. Kipr türkləri buna etiraz edir, balaca adanın ikiyə bölünməsini istəmirdilər. Çox keçmədən balaca adada iki xalq arasında silahlı mübarizə başladı. Bu hadisəni türklər "qanlı noel" adlandırırlar. Vəziyyət getdikcə ağırlaşırdı. 1974-cü ildə Türkiyə dövləti Birləşmiş Millətlər Təşkilatının Anlaşmasının 51-ci maddəsi çərçivəsində adaya müdaxilə edirbu müdaxilə beynəlxalq qurumlar tərəfindən dəstəklənir.

1983-cü il noyabrın 15-də Türkiyənin hərbi müdaxiləsi ilə Kiprin türklər yaşayan hissəsində müstəqil Şimali Kipr Türk Respublikası yaradılır. Özünün ərazisi, gerbi, bayrağı olur. Təəssüf ki, adanın yunanlar yaşayan hissəsi bütün dünya tərəfindən tanındığı və Avropa Birliyinin üzvü olduğu halda türklər yaşayan hissəsi Türkiyədən başqa heç bir dövlət tərəfindən tanınmır. BMT və Avropa İttifaqı adadakı iki dövlətin tək hakimiyyətdə birləşməsinə cəhd etsələr də, heç bir nəticə alınmadı. 2004-cü ildə Annan planı referendumunda bunu kirpli türklərin qəbul, yunanların isə rədd etməsi nəticəsində həyata keçirilmədi.

1977-ci ildə Azərbaycan və onun böyük oğlu ulu öndər Heydər Əliyev dənizin qoynunda dünyadan təcrid olan qardaş Kipr türklərinin səsinə səs verdi, onların nümayəndələrini Azərbaycana dəvət etdi. Çox vaxt keçmədən ŞKTR-in Azərbaycanda mədəniyyət, turizm, ticarət palatası yaradıldı və daimi nümayəndəliyi açıldı. Qarşılıqlı olaraq Kiprdə də Azərbaycanın ticarət və mədəniyyət mərkəzi fəaliyyət göstərir. İldə bir neçə dəfə Azərbaycandan nümayəndə heyəti qardaş Kiprə gedir, qurur, oradan da Azərbaycana gəlir, burada fəaliyyətlərini davam etdirirlər.

Şimali Kipr Türk Respublikasının Bakıdakı təmsilçisi Zəki Qazıoğlu dövlətinin təcriddən qurtarması və bu ölkəyə qarşı cəzanın aradan qaldırılması yönümündə Azərbaycanın verdiyi dəstəyə görə təşəkkürünü bildirdi, əlaqələrimizin daha da genişlənməsinin vacib olduğunu söylədi: "İstərik ki, Azərbaycanla əlaqələrimiz - istər mədəniyyət sahəsində olsun, istərsə də iqtisadiyyat, ticarət, təhsil, səhiyyə sahələrində genişlənsin, əhatələnsin. Bir-birimizə daha sıx bağlanaq. Dövlətimiz təcrid olunsa da, ümidlərimiz təcrid olunmayıb. Haqq və ədalətin bir gün yerini tapacağına əminik. Çünki arxamızda böyük türk dünyası var, o cümlədən də qardaş Azərbaycan. Yeri gəlmişkən qeyd edim ki, son bir neçə ildə Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında təhsil sahəsində əlaqələr geniş vüsət almaqdadır. Hər il Azərbaycandan Kiprə və oradan da buraya təhsil almağa gələn gənclərin sayı artır. Bu, başqa sahələrdə də belədir. Bizim də hədəfimiz budur".

Azərbaycan Respublikasının Prezidenti ilham Əliyev də çıxışlarında Şimali Kiprlə Azərbaycan əlaqələrinin hər zaman genişlənəcəyini və inkişaf edəcəyini vurğulayır: "Hamımız yaxşı xatırlayırıq ki, Kiprdə keçirilən referendumda türklər ölkənin birləşməsinə səs verdilər, qarşı tərəf isə əksinə. Belə olan halda BMT və digər təşkilatlar tərəfindən təklif irəli sürüldü ki, Kipr türklərinin təcridinə son qoyulsun. Əslində, bu, belə olmalıdır. Nə üçün xoş niyyət ifadə edən tərəf cəzalandırılmalıdır? Kiprə ilk addımları kim atmalı idi? Əlbəttə, Azərbaycan! Mən bunu öncə də bəyan etmişdim, indi gərək bütün türk dövlətləri, ondan sonra da İslam Konfransı Təşkilatının üzvləri buna bənzər addımları atmalıdırlar. Ümid edirəm ki, bu, baş verəcək. Elə məsələlər var ki, gərək bütün təzyiqlərə baxmayaraq, öz sözünü deməyi bacarasan. Biz ən çətin anlarımızda qardaş Türkiyənin dəstəyini daha çox hiss etmişik. Hər bir türkün Vətəni Azərbaycan, hər bir azərbaycanlının Vətəni Şimali Kipr və Türkiyədir".

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.-2010.-14 noyabr.-S.10