Beynəlxalq Teatr
Konfransı başa çatdı
Mədəni əməkdaşlığın
yeni üfüqləri
Ötən ilin may ayında ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı" təsdiqləndi. Dövlət proqramının həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planının bəndlərinin birində qeyd edilmişdir: "Müasir dövrün teatr problemlərinə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın təşkili". Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dövlət proqramı çərçivəsində Bakıda "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusuna həsr olunmuş Beynəlxalq Teatr Konfransı keçirildi. Qloballaşma dövründə teatrın bugününü və gələcəyini müəyyənləşdirmək üçün dünya teatr xadimlərinin bir araya gələrək səhnə sənətini yaşadan, yaradan və inkişafa doğru aparan mövzularda çıxışları maraqla qarşılandı.
Dünyanın 32 ölkəsindən 70-ə yaxın teatr mütəxəssisinin qatıldığı bu beynəlxalq konfransda bütövlükdə teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verməkdən ötrü mövcud problemlərin müzakirəsi aparıldı, ölkələr arasında mədəni dostluq tellərinin daha da möhkəmləndirilməsi üçün yollar araşdırıldı.
Konfransın rəsmi açılışından öncə tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər. Konfransdan öncə keçirilən seminarlarda ABŞ-ın, Kanadanın tanınmış teatr tənqidçiləri, rəssamları fikir mübadiləsi apardılar. Dünya teatr mədəniyyətinin görkəmli nümayəndələri Azərbaycan Dövlət Opera Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasına maraqla tamaşa etdilər. Şərqdə ilk operanın əsasını qoymuş bu musiqi abidəsinin seyrindən dərin zövq alan görkəmli teatr xadimləri Azərbaycan musiqisinə valeh olduqlarını dəfələrlə dilə gətirdilər. Həqiqətən də böyük sənətin, xüsusilə də musiqinin tərcüməyə ehtiyacı olmur.
Beynəlxalq Teatr Konfransının açılışı Milli Dram Teatrının böyük zalında oldu. Tədbiri giriş nitqi ilə açan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq dedi: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev teatr sənətinə həmişə böyük diqqətlə yanaşmışdır. Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu bilavasitə onun adı və şəxsiyyəti ilə bağlı olmuş, mədəniyyət və incəsənət xadimlərimiz bu dövrdə yaradıcılıq axtarışlarını məhz ulu öndərin qayğısı sayəsində genişləndirməyə müvəffəq olmuşlar. Son illər Azərbaycanda teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul edilmişdir. Bu konfrans bizim hamımız üçün maraqlı olacaq və dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcək. İnanıram ki, konfransa toplaşan rejissorlar, aktyorlar, baletmeystrlər, prodüserlər, rəssamlar, jurnalist-pedaqoqlar, teatr tənqidçiləri, alimlər fikir mübadiləsi edəcək, mövcud problemlərin çözülməsində müzakirələr açacaq, ölkəmizin mədəni dostluq tellərini daha da möhkəmləndirəcəklər".
Litva mədəniyyət nazirinin müavini Deyvidas Staponkus konfrans iştirakçılarını salamlayaraq belə bir mühüm tədbirin Azərbaycanda keçirilməsini sevinclə qarşıladığını bildirdi. Öz mədəniyyəti və dünyanın aparıcı ölkələri ilə bir sırada dayanan Azərbaycanda keçirilən belə bir beynəlxalq konfransda özünün iştirakını, ölkəsini təmsil etməsini qürurla qarşıladığını bəyan etdi. Bildirdi ki, müxtəlif ölkələrin teatr sənətçiləri üçün qarşılıqlı təcrübə, fikir mübadiləsi, tanışlıq üçün çox əlverişli, mühüm imkan yaranıb.
YUNESCO nəzdində Beynəlxalq Teatr İnstitutunun Britaniya nümayəndəliyinin rəhbəri Nevinl Şulman azərbaycanlı həmkarlarını salamlayaraq söylədi: "Teatr dünyaya məxsusdur, dramaturq heç vaxt teatr yaratmır, istər Çexov olsun, istər Höte. Yaranan teatrlar onlara aid deyil. Sadəcə dünyaya aiddir" fikri ilə apardığı müqayisə iştirakçılar arasında maraqla qarşılandı.
Çin Xalq Respublikasından gəlmiş "Teatr" jurnalının baş redaktoru Lin Şen öz çıxışında bildirdi ki, belə bir qədim torpaqda keçirilən konfransın çox böyük tarixi əhəmiyyəti var. Yəqin ki, konfrans iştirakçıları bu günlərdə tarixi İpək yolunun, mədəniyyətlərarası dialoqun ruhunu hiss edəcəklər. Müasir dünyada xalqları bir-birinə yaxınlaşdırmağın birinci yolu mədəniyyətdən keçir. Ona görə də bütün sənət sahiblərindən öncə mədəniyyət xadimləri bir-birinə yaxınlaşmalıdırlar.
Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının baş katibi Mişel Vals konfrans iştirakçılarını salamlayaraq öz assosiasiyalarının fəaliyyətindən söz açdı.
Müxtəlif ölkələrdən gəlmiş teatr xadimləri - Marina Dmitrevskaya (Rusiya), İbrahim Assiri (Səudiyyə Ərəbistanı), Peter Qoldfarb (ABŞ), Yaak Allik (Estoniya), Devid Pərri (Böyük Britaniya) və başqaları çıxış edərək teatrla bağlı düşüncələrini bölüşdürdülər.
Konfransın plenar iclasına sənətşünas Məryəm Əlizadə (Azərbaycan), Tuncer Günenoğlu (Türkiyə) aparıcılıq etdilər. İclasda Gürcüstanın, Azərbaycanın, Ukryananın, İngiltərənin, İsveçrənin, Fransanın, Qırğızıstanın teatrşünasları çıxış edərək teatrla bağlı fikirlərini söylədilər. Dünya məkanına inteqrasiyanın vacib olduğunu ön plana çəkən natiqlər teatrın problemlərini müzakirə etdilər.
Beynəlxalq Teatr Konfransı çərçivəsində dünyanın tanınmış teatr mütəxəssisləri Akademik Milli Dram Teatrında dörd seminar keçirdilər. Bu seminalardan ikisi teatr rəssamlığı, ikisi isə teatr tənqidinə həsr olunmuşdu. Seminarda ümumi fikir bir məqsədə yönəldi. Həm həyatda, həm də teatrda peşəkar olmalısan. Belə olarsa, hər bir proses uğurla həyata keçər. Əlbəttə, teatr bütün dünyada dəyişir, yeni teatrlar yaranır. Bu avanqardlığa nail olmaq üçün intellektual səviyyənin daim yüksək olması vacibdir.
Beynəlxalq Teatr Konfransının bağlanışı da maraqlı keçdi. Tanınmış teatr tənqidçilərinin, bilicilərinin qatıldığı bu konfransda yekun sözünü respublika mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev söylədi: "Bizim məmləkətdə dünyada analoqu olmayan dörd qaçqın teatrı var: Şuşa, İrəvan, Ağdam və Füzuli teatrları. İrəvan teatrı ilə bağlı bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Təbii ki, bu, bir teatr konfransıdır, siyasi tədbir deyil. Lakin teatr sənəti ilə məşğul olan peşəkarlar kimi hamınız bilirsiniz ki, teatr o məmləkətdə, o dildə yaranır ki, orada yerli əhalinin mütləq çoxluğunu, bəzən 80-85, bəzən isə 90 faizini təşkil edir. Bu gün Azərbaycanda fəaliyyətini davam etdirən İrəvan Azərbaycan Dövlət Dram Teatrı 1878-ci ildə yaranıb. İrəvan indiki Ermənistanın paytaxtıdır. 1920-ci ilə qədər Azərbaycan torpağının tərkib hissəsi olan qədim İrəvan xanlığının mərkəzidir. Həmin İrəvan xanlığı qırmızı faşistlərin - SSRİ-nin 70 illik kommunizm kabusunun köməyi ilə Ermənistan dövlətinə çevrildi. 1924-cü ildə həmin torpaqda erməni dilində Ermənistanın bugünkü Akademik Dram Teatrı yaradıldı. İndi bəsit bir suala məntiqli cavab istəyirəm: bu torpağın qədim sakinləri kim imiş? 1878-ci ildə Azərbaycan dilində, ana dilində teatr yaratmış azərbaycanlılar, yoxsa bolşeviklərin köməyi ilə yalnız 1924-cü ildə teatr yaradan ermənilər?"
Bakıda keçirilən Beynəlxalq Teatr Konfransının əhəmiyyəti barədə hələ çox danışılacaq. Çünki belə möhtəşəm tədbirdə dünyanın tanınmış mədəniyyət xadimlərinin iştirakı, əslində, beynəlmiləl bir teatr mühitinin yaradılması deməkdir. Fərəhli hal da budur ki, ən möhtəşəm, tanınmış teatr rəhbərləri Azərbaycanla əməkdaşlıq etməyə, dostluq əlaqələri qurmağa hazır olduqlarını bildirdilər. Onlar ölkəmizi savadlı insanların ölkəsi kimi dəyərləndirərək belə bir torpağın mədəni mühiti ilə yaxınlıq etməyi özlərinə qürur mənbəyi saydılar. Əlbəttə, beynəlxalq bir tədbirə, həmişəki kimi, ağayanalıqla ev sahibliyi edən paytaxtımızın mədəni tarixin unudulmaz səhifəsinə məharətlə imza atdığı bu beynəlxalq konfrans dünya teatr prosesinə öz dəyərli töhfəsini verəcək.
"Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı"nın tələbləri ilə əlaqədar olaraq beynəlxalq konfrans çərçivəsində Bakıda teatr bayramı davam edir. Beynəlxalq Teatr Konfransının ardınca Çexov Teatr Festivalının İpək yolu mərhələsinə start verilib. Noyabrın 30-dək davam edəcək tədbirdə Çexov Teatr Festivalının vitse-prezidenti Mariya Malkina, eləcə də əfsanəvi aktyor Çarli Çaplinin nəvəsi Aureliya Tyere, fransalı aktyor Ceymi Martinos və başqaları iştirak edirlər.
Flora XƏLİLZADƏ
Azərbaycan.-2010.-14 noyabr.-S.11.