BTC qarşısında "yaşıl işıq" yandıran saziş

 

Bu sənəd 11 il əvvəl ATƏT-in İstanbul zirvə toplantısında beş ölkə başçısı tərəfindən imzalanmışdı

 

BTC-nin yaranma tarixində xüsusi əhəmiyyət kəsb edən hadisələr, günlər çoxdur. Onlardan biri də 1999-cu il noyabrın 18-dir. Həmin gün ATƏT-in İstanbul zirvə toplantısında "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyəti əraziləri ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə dair" saziş imzalandı. Bu sənədə sözügedən üç ölkənin dövlət başçıları ilə yanaşı, ABŞ və Qazaxıstan prezidentləri də imza atdılar.

Bundan bir il əvvəl, 1998-ci il oktyabrın 19-da BTC-nin tikintisi ilə bağlı "Ankara bəyannaməsi" imzalanmışdı. İstanbul zirvə toplantısında beş ölkənin prezidentlərinin imzaladığı bu növbəti saziş BTC-nin tikintisinə yol açan, "Əsrin müqaviləsi"ndən sonra Azərbaycan üçün mühüm tarixi əhəmiyyət kəsb edən ikinci sənəd idi.

Əslində, BTC-nin tikilməsi zərurəti də "Əsrin müqaviləsi"nin real nəticələr verməsindən irəli gəlirdi. 1997-ci ilin noyabrında "Çıraq" platformasından ilkin neft alınmışdı. Qarşıda "Azəri", "Dərinsulu Günəşli" yataqlarının işlənməsi dururdu və hasilatın ildən-ilə artacağı yəqin idi. Odur ki, fəaliyyətdə olan Bakı-Novorossiysk və Bakı-Supsa ixrac sistemlərinin gücü get-gedə artan həcmlər üçün kifayət deyildi. Daha qlobal bir boru xəttinin tikilməsi zərurəti ortaya çıxırdı. Bununla bağlı ulu öndər Heydər Əliyev hələ keçən əsrin 90-cı illərinin ortalarında özünün düzgün və uzaqgörən qərarını verdi. Bu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikilməsi ideyası idi.

2002-ci il sentyabrın 18-də, Səngəçal terminalında BTC-nin təməli qoyularkən ümummilli lider demişdi: "Bakı-Tbilisi-Ceyhan boru xəttinin əleyhinə çıxanlar çox vaxt belə söyləyirdilər ki, bu, xəyaldır, mümkün deyil. Azərbaycanda o qədər neft yoxdur, olmayacaqdır. Belə danışıqlar çox idi. Zaman çox keçdiyinə görə bəziləri bu danışıqlara inanırdılar. Ancaq bunların hamısı əsassız oldu. Biz öz işimizi gördük. Bu yaxın vaxtlarda İstanbulda "Üç dənizin əfsanəsi" adlı konfrans keçirildi. Orada əfsanə haqqında söhbət gedirdi. Mən orada nitq söylədim, dedim, siz burada əfsanədən danışırsınız, amma mən sizə demək istəyirəm ki, bu, xəyal deyil, üç dəniz - Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi birləşəcəkdir. Bunu birləşdirən də Türkiyə, Gürcüstan, Azərbaycan, onların həyata keçirdikləri bu layihə və Amerika Birləşmiş Ştatlarının bu məsələyə daimi dəstəyi olmuşdur. Ona görə xəyaldan gerçəkliyə gəlib çatmışıq".

BTC-nin bədxahlarının layihənin gerçəkləşməsi əleyhinə mübarizəsi bundan sonra da səngimədi. Lakin BTC uzaqgörənliklə və düzgün düşünmüş bir layihə olduğu üçün bütün bu maneələrə sinə gərərək qələbə çaldı.

Ulu öndərin adını daşıyan bu möhtəşəm kəmər artıq beş ildən çoxdur Azərbaycan neftini dünya bazarlarına daşıyır. Kəmərin ötürücülük gücü gündə 1,2 milyon bareldir. Hələlik o, hər gün 850 min barel neft daşıyır.

Hazırda kəmərlə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının nefti və "Şahdəniz" kondensatı ixrac edilir. Bu ilin iyul ayında yeni nəql sazişi imzalandıqdan sonra BTC vasitəsilə Türkmənistan nefti də nəql olunur. BTC-nin, həmçinin, Qazaxıstanın "Tengiz" yatağının neftini daşımaq barədə də sazişləri var.

 

 

Azərbaycan.-2010.-14 noyabr.-S.10.