Dövlət Neft Akademiyası Azərbaycanı dünyaya
tanıdan ali məktəbdir
Azərbaycan Dövlət Neft Akademiyasının 90
illik yubileyinə həsr olunmuş təntənəli
mərasim
Prezident İlham Əliyevin nitqi
-Əziz
dostlar!
Hörmətli
xanımlar və cənablar!
Hörmətli
qonaqlar!
Mən sizin
hamınızı Dövlət Neft Akademiyasının 90 illik
yubileyi münasibətilə ürəkdən təbrik
edirəm, akademiyanın bütün professor-müəllim
heyətinə, bütün tələbələrinə
uğurlar, cansağlığı arzulayıram.
Azərbaycan
Dövlət Neft Akademiyası ölkəmizin aparıcı
ali məktəblərindən biridir. Akademiyanın çox
böyük və şanlı tarixi vardır. 1920-ci ildə
təsis edilmiş bu ali məktəb bütün
dövrlərdə Azərbaycan elminə, Azərbaycan
təhsilinə çox böyük töhfələr
vermişdir. Siz yaxşı bilirsiniz ki, bu ali məktəbin
müxtəlif dövrlərdə müxtəlif adları
olmuşdur. Politexnik İnstitutu kimi təsis edilmiş, sonra
Neft İnstitutu, Sənaye İnstitutu, Azərbaycan Neft və
Kimya İnstitutu və nəhayət, Azərbaycan Neft
Akademiyası adını qazanmışdır. Ancaq
daşıdığı addan asılı olmayaraq,
bütün dövrlərdə akademiyada təhsil alan
tələbələr, onların böyük
əksəriyyəti həm Azərbaycanın, həm Sovet
İttifaqının, həm də başqa
ölkələrin neft-qaz sənayesinə böyük
töhfələr vermişdir.
Bütün
dövrlərdə burada təhsil yüksək
səviyyədə olmuşdur. Dövlət Neft Akademiyası
Azərbaycanı dünyaya tanıdan ali məktəb
olmuşdur. Mən çox şadam ki, bu gün bu
gözəl ənənələr yaşayır, davam
etdirilir. Bu gün akademiyada çalışan insanlar -
professor-müəllim heyəti, görkəmli alimlərimiz
müstəqil Azərbaycanın inkişafına
dəyərli töhfələrini verirlər, müstəqil
Azərbaycan üçün peşəkar kadrlar
hazırlayırlar. O kadrlar ki, uzun illər bundan sonra
Azərbaycanın əsas iqtisadi sahəsi olan neft-qaz sektorunun
inkişafında sözlərini deyəcəklər.
Bilirsiniz ki, ulu öndər Heydər Əliyev
Azərbaycan Sənaye İnstitutunda oxumuşdur və o
illər həmişə əziz illər kimi onun
xatirəsində qalmışdı. Heydər Əliyev
inşaat fakültəsinin memarlıq bölməsində
oxumuşdur və mən yaxşı bilirəm ki, onun o
illərlə bağlı çox əziz
xatirələri var idi. Bəlkə də gənclik
illərinin ən yaddaqalan xatirələri məhz bu ali
məktəbdə keçirdiyi dövrlə bağlı
olmuşdur.
Ulu
öndər Azərbaycana rəhbərlik etdiyi bütün
dövrlərdə Neft və Kimya İnstitutunun
inkişafına böyük diqqət göstərmişdir.
Həm Sovet İttifaqı zamanında, həm müstəqil
Azərbaycana rəhbərlik etdiyi dövrdə akademiyada
gedən proseslər daim onun diqqət mərkəzində
olmuşdur. Akademiyanın əməkdaşları
yaxşı xatırlayırlar ki, 10 il bundan əvvəl akademiyanın
80 illik yubileyində Heydər Əliyev iştirak etmişdir,
ürək sözlərini bildirmişdir.
Akademiyanın
hazırda beynəlxalq əlaqələri də yüksək
səviyyədədir. Mən çox şadam ki, bu
gözəl ənənə davam edir və Sovet
İttifaqı zamanında təbii ki,
mərkəzləşdirilmiş qaydada buraya xaricdən
tələbələr göndərilirdi. Ancaq bu gün
artıq xaricdən olan tələbələrin sayının
artması onu göstərir ki, bu ali məktəbdə
təhsil həqiqətən yüksək
səviyyədədir. Burada təhsil almaq üçün
gələn xarici tələbələr əminəm ki,
Azərbaycandan vətənə ən xoş arzularla
qayıdacaqlar. Müxtəlif dövrlərdə burada 10
minə qədər xarici tələbə təhsil
almışdır, onlar istər-istəməz
ömrünün sonuna qədər o illəri
xatırlayacaqlar. Onların həyatının
müəyyən hissəsi Azərbaycanla bağlıdır
və əlbəttə ki, beynəlxalq
əlaqələrimizin gələcək inkişafı
üçün bu amil öz rolunu oynayacaqdır.
Azərbaycanda
təhsil sisteminin təkmilləşməsinə çox
böyük diqqət göstərilir. Təhsil bizim
gələcəyimizdir. Təhsilin səviyyəsi
ölkəmizin perspektivlərini müəyyən edəcəkdir.
Biz inkişaf etmiş ölkələrin təcrübəsini
yaxşı bilirik və görürük ki, o
ölkələr, sözün əsl mənasında,
inkişaf edir ki, orada təhsilin səviyyəsi
yüksəkdir. Biz çalışırıq ki,
Azərbaycanda bu sahəyə daim diqqət göstərilsin,
praktiki tədbirlər görülsün, həm təhsil
sisteminin maddi-texniki bazası güclənsin, eyni zamanda və
ən önəmlisi təhsilin keyfiyyəti artsın. Həm
orta, həm də ali məktəblərdə bu proses
ardıcıllıqla, vahid sistem şəklində
aparılmalıdır və aparılır.
Bildiyiniz
kimi, bizim demək olar ki, bütün ali
məktəblərimizdə maddi-texniki baza
möhkəmlənibdir, təmir, yenidənqurma işləri
aparılıbdır, lazımi avadanlıqlar əldə edilibdir.
Orta məktəblərdə də buna oxşar proseslər
gedir. Son illər ərzində Azərbaycanda iki mindən
artıq məktəb tikilib və əsaslı təmir olunub,
avadanlıqla, kompüterlərlə təchiz edilib. Biz elə
etməliyik ki, uşaqlarımız, yeniyetmələrimiz
gənc yaşlarından ən mütərəqqi
təcrübə ilə tanış olsunlar və
ardıcıllıqla öz təhsil səviyyələrini
artırsınlar. Biz çalışacağıq ki,
dünyada mövcud olan ən qabaqcıl təcrübəni
Azərbaycanda tətbiq edək. Elə etməliyik ki,
təhsil sahəsində bütün problemlər həllini
tapsın. Bildiyiniz kimi, dövlətin təhsil
məsələlərinə olan diqqətini biz, eyni zamanda,
təhsilə ayrılan xərclər ilə də
ölçə bilərik. Bu xərclər
ildən-ilə artır və Azərbaycanın dövlət
büdcəsində təhsil xərcləri hərbi
xərclərdən sonra ikinci yerdədir. Əgər
Azərbaycan müharibə vəziyyətində olmasaydı,
çox güman ki, təhsil xərcləri birinci yerdə
olacaqdı. Biz təhsilə ayrılan
xərclərdən çox böyük səmərə
ilə istifadə etməliyik. Bir daha demək istəyirəm
ki, son illər Azərbaycanda bu sahədə
dərinləşən islahatlar düzgün
istiqamətdə aparılır. Biz bütün dünyada
gedən prosesləri bilirik, izləyirik və ölkəmiz
üçün ən məqbul variantı
seçməklə təhsilimizin səviyyəsini artırmalıyıq.
Bununla
bərabər, gənclərimiz əlbəttə ki, milli
dəyərlər əsasında qurulmuş
azərbaycançılıq, müstəqillik ideologiyaları
ilə dəstəklənməlidirlər. Milli
dəyərlərimiz bizim üçün hər
şeydən üstündür. Məhz milli
dəyərlərimiz, ənənələrimiz bizi
əsrlər boyu assimilyasiyadan qorumuşdur. Biz müxtəlif
imperiyaların, ölkələrin tərkibində
yaşamışdıq, müstəqillikdən məhrum idik.
Ancaq buna baxmayaraq, milli identikliyimizi saxlaya, qoruya bilmişik.
Məhz ona görə ki, milli dəyərlərimizə
münasibətimiz həmişə çox yüksək
səviyyədə olmuşdur. Bu gün də gənc
nəslin tərbiyə olunmasında, formalaşmasında
və Azərbaycanın uzunmüddətli, dayanıqlı,
müstəqil ölkə kimi yaşamasında milli
dəyərlərə bağlılığımız
müstəsna rol oynayır. Mən çox istəyirəm
ki, bizim bütün ali məktəblərdə
gənclərimiz yüksək peşəkarlıqla
yanaşı, məhz milli dəyərlərimizi
unutmasınlar.
Bu gün biz
qloballaşan dünyada yaşayırıq.
Qloballaşmanın həm müsbət, həm də ki,
mənfi tərəfləri vardır. Bu barədə artıq
açıq danışılır və bu barədə
dünyada gedən diskussiyalar çox böyük maraq
doğurur. Biz əlbəttə ki, dünya birliyinin bir
parçasıyıq. Azərbaycan müstəqil, gənc,
dinamik və açıq ölkədir. Biz açıq
qapılar siyasəti aparırıq. Ancaq buna baxmayaraq, milli
dəyərlərimiz, tariximiz, ədəbiyyatımız, ana
dilimiz bizim üçün həm dayaqdır, həm
əsasdır, həm də ki, gələcəyə aparan
yoldur. Mən çox istəyirəm və
çox şadam ki, gənclərimiz məhz vətənpərvərlik
ruhunda, milli ruhda tərbiyə alırlar,
böyüyürlər və ölkəmiz üçün
gələcəkdə böyük işlər
görəcəklər.
Biz elə
etməliyik ki, Azərbaycanın uzunmüddətli inkişaf
strategiyasını icra edək. Bu strategiyanın
müxtəlif istiqamətləri vardır. İlk
növbədə, Azərbaycan bu gün müstəqil
ölkə kimi tam formalaşıbdır. Mən hesab
edirəm ki, biz bir neçə il bundan əvvəl, artıq
keçid dövrümüzü başa vurmuşuq. Bu gün
artıq Azərbaycan keçid dövrünü yaşayan
ölkə deyil və bu, bizim uğurumuzdur. Biz bir ictimai-siyasi
quruluşdan başqa ictimai-siyasi quruluşa çox
böyük sürətlə və uğurla keçə
bilmişik.
Bu gün
Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən
müstəqil, azad, açıq, öz resurslarına
güvənən ölkədir. Bizim iqtisadi
uğurlarımız siyasi uğurlarımızı
dəstəkləyir və siyasi təşəbbüslərin
irəli sürülməsi üçün böyük
dayaqdır. Ona görə iqtisadi potensialın
gücləndirilməsinə yönəldilmiş addımlar,
eyni zamanda, Azərbaycanın müstəqilliyini
gücləndirən amillərdir.
Bu gün
Azərbaycanın iqtisadiyyatı çoxşaxəli
iqtisadiyyatdır. Keçən il başlanan və hələ
də dünyada davam edən iqtisadi böhran bunu bir daha
göstərmişdir. Biz bu böhrandan şərəflə
çıxa bilmişik. Bu ağır sınaqdan ona görə
şərəflə çıxa bilmişik ki,
iqtisadiyyatımız düzgün əsaslar
üzərində qurulubdur.
Mən
Azərbaycanın uzunmüddətli inkişaf
perspektivlərini çox böyük nikbinliklə qeyd
edirəm. Biz hər beş il üçün strateji xətt
əsasında müvafiq planlar, proqramlar tərtib edirik.
Onların hamısı artıqlaması ilə icra edilir. Bizim
böyük təbii resurslarımız vardır.
Əlbəttə ki, bu da imkanlarımızı
artırır. Ancaq dünyada təbii resurslarla
zəngin olan bir çox ölkələr var ki, orada bu
resurslar heç də hər zaman uğur gətirmir,
uğurun əldə olunması üçün şərait
yaratmır. Əksinə, varlılarla kasıblar arasında
fərq daha da böyüyür. Biz əlbəttə ki,
neft strategiyamızı və iqtisadi prioritetlərimizi
müəyyən edərkən həm müsbət, həm
mənfi təcrübəni öyrənmişik.
Azərbaycanda son altı il ərzində yoxsulluq
səviyyəsinin 49 faizdən 11 faizə düşməsi
ən gözəl göstəricidir. Bu onu göstərir ki,
Azərbaycanda təbii resurslardan əldə olunmuş
gəlirlər ədalətli bölünür. Onu
göstərir ki, Azərbaycan cəmiyyətində
təbəqələşmə getmir, əksinə, insanlar
arasında gəlir baxımından fərqlər azalır.
Onu göstərir ki, Azərbaycanda çox mükəmməl
və şəffaf idarəetmə, o cümlədən
resursların idarə edilməsi sahəsində sistem
yaradılıbdır. Bir sözlə, iqtisadi islahatların
davam etdirilməsi, siyasi islahatlarla tamamlanması siyasəti
Azərbaycanda bundan sonra da davam etdiriləcəkdir.
Qarşımızda
duran vəzifələri icra etmək üçün, ilk
növbədə, hazırda bizə peşəkar kadrlar
lazımdır. Çünki bu gün Azərbaycan
iqtisadiyyatı, xüsusilə ölkəmizin sənaye
potensialı çox sürətlə inkişaf edir. Biz
iqtisadi islahatlardan ölkəmizin
sənayeləşməsinə qədər çox qısa
və uğurlu yol keçmişik. Bu gün Azərbaycanda
yaradılmış və yaranmaqda olan, müasir dünya
standartlarına cavab verən sənaye
müəssisələri iqtisadi inkişafımızı
onilliklər bundan sonra da təmin edəcəkdir.
Əfsuslar
olsun ki, təbii resurslar gec-tez tükənir. Nə vaxtsa
biz də bu vəziyyətlə üzləşəcəyik.
Biz hazır olmalıyıq. Biz hazır
olmalıyıq ki, neft-qaz resurslarımız 50 ildən, 100
ildən sonra azalanda güclü sənaye potensialımız
olsun, Azərbaycan dövləti qeyri-neft sektorunun
inkişafı hesabına yaşasın və yaxşı
yaşasın. Ona görə sənayemizin
inkişafı, iqtisadi islahatlarımız bizdə çox
peşəkar, müasir kadrlar hazırlanmasını
tələb edir. Bu sahədə başlıca
vəzifə əlbəttə ki, ali
məktəblərin üzərinə düşür. Əlbəttə,
biz bundan sonra da çalışacağıq ki,
gənclərimizi dünyanın aparıcı ali
məktəblərinə göndərək. Bildiyiniz
kimi, bu proqram artıq bir neçə ildir ki, icra edilir.
Hər il
yüzlərlə gəncimiz Azərbaycan Dövlət Neft
Fondunun hesabına dünyanın aparıcı ali
məktəblərinə ezam olunur, orada oxuyur. Ümid
edirəm ki, onların böyük əksəriyyəti
Vətənə qayıdacaq və öz biliklərini
Vətənin inkişafına sərf edəcəklər.
Ancaq, bu, yaranan
peşəkar kadr problemini həll etmir. Əsas kadr
hazırlığı əlbəttə ki, ölkə
daxilində həll olunmalıdır. Bu
məqsədlə biz, yenə də demək istəyirəm
ki, təhsil sahəsində kompleks tədbirlərin
görülməsini nəzərdə tuturuq. Uşaqlarımız
kiçik yaşlarından informasiya-kommunikasiya
texnologiyaları ilə
Bizim artan
iqtisadi inkişafımız artıq reallıqdır. Biz yaxşı bilirik ki, beş ildən, yaxud da ki, 10 ildən sonra
Azərbaycanın iqtisadi və sənaye potensialı
nədən ibarət olacaqdır. Kadr
hazırlığımızı da o artan səviyyəyə
uyğunlaşdırmalıyıq.
Ona görə
bir daha demək istəyirəm ki, peşəkar kadrların
hazırlanması bu gün nəinki təhsil sahəsində,
yaxud da ki, hansısa ayrı bir neft-qaz sahəsində, ümumiyyətlə,
ölkə qarşısında duran ən vacib
problemlərdən biridir və biz bütün sahələrdə
buna nail olmalıyıq. Baxın, bu gün Azərbaycana dünyada
mövcud olan ən qabaqcıl texnologiyalar gətirilir. Bütün sahələrə ən qabaqcıl,
ən gözəl xidmət infrastrukturunu müəyyən
edən avadanlıq gətirilir. Tikinti
gedir, ölkə müasirləşir. Biz
ən gözəl nümunələri Azərbaycana
gətiririk, istər memarlıq, istər texnologiya
sahələrində. Biz elə
etməliyik ki, ölkəmiz sözün əsl
mənasında müasir ölkə olsun. Biz
bəzi hallarda çalışırıq ki, zamanı
qabaqlayaq. Hələ dünyada
təzə-təzə yaranan avadanlığı
Azərbaycana gətiririk və onlardan istifadə etmək
üçün təcrübə toplayırıq. Ona görə bir daha demək istəyirəm ki,
kadrların hazırlanması ümumxalq işimizdir. Əlbəttə
ki, bu məsələnin əsas yükü ali
məktəblərin üzərindədir. Ümid
edirəm ki, biz bu sahədə daha da ciddi nəticələri
görəcəyik.
Bir daha
demək istəyirəm ki, Azərbaycan Dövlət Neft
Akademiyasının ölkəmizin inkişafında
müstəsna xidmətləri vardır. Heydər Əliyev neft
strategiyasının icrası nəticəsində biz neft-qaz
sənayesinin inkişafına, yenidən qurulmasına,
canlanmasına nail ola bilmişik. Burada əyləşənlər, əlbəttə,
yaxşı bilirlər ki, vaxtilə neft ölkəsi kimi
dünyada özünü tanıdan Azərbaycan 1990-cı
illərin əvvəllərində artıq o
şöhrətini itirirdi. Çünki
qaz hasilatı böyük dərəcədə
aşağı düşmüşdü. Biz özümüzü qazla təmin edə bilmirdik.
Beləliklə, ölkəmizin böyük
hissəsi qazsız qalmışdı. Neft
hasilatı kəskin surətdə aşağı
düşmüşdü və artıq biz özümüz
özümüzü neftlə güclə təmin edə
bilirdik. Əgər belə davam etsəydi,
əlbəttə ki, bu gün Azərbaycan nəinki neft-qaz
sahəsində, ümumiyyətlə, iqtisadi
cəhətdən bəlkə də ən geridə
qalmış ölkələrin arasında ola
bilərdi. Nəzərə alsaq ki, 1990-cı
illərin əvvəllərində gedən
xoşagəlməz proseslər, iqtisadiyyatın və
sənayenin tənəzzülü, siyasi böhran,
vətəndaş qarşıdurması və sair mənfi
amillər ölkəmizi uçurum kənarına qoymuşdu.
Əgər biz iqtisadi sahəni də
əlavə etsək və əgər bu sahədə
irəliləyiş olmasaydı, onda ölkəmizin,
ümumiyyətlə gələcəyi haqqında ən
pessimist proqnozlar özünü doğrulda bilərdi. Ona görə Heydər Əliyevin cəsarəti
və uzaqgörənliyi, neft strategiyasının icrası
nəticəsində biz bu sahədə və
bütövlükdə ölkədə gedən
proseslərdə ciddi dönüş yarada bildik. Hasilatın
artırılması, xarici investisiyaların cəlb
olunması, investorlar üçün cəlbedici
şəraitin yaradılması, milli maraqların tam
şəkildə qorunması, beynəlxalq
əlaqələrimizin genişləndirilməsi, neft-qaz
kəmərlərinin tikintisi, böyük neft-qaz
yataqlarının işlənilməsi, "Azəri-Çıraq-Günəşli",
"Şahdəniz" neft-qaz layihələrinin icrası
nəticəsində bu gün biz bu uğurlardan danışa
bilirik. Biz realist olmalıyıq.
Əlbəttə,
bu gün biz çalışırıq ki, neft-qaz
amilindən asılı olmayaq. Bizim strateji xəttimiz
bundan ibarətdir. Biz istəyirik ki,
qeyri-neft sektoru inkişaf etsin. Ancaq
gərək biz, bütün məsələlərə
reallıq baxımından yanaşaq. Əgər
bizdə bu güclü təbii resurs olmasaydı, qeyri-neft
sektorunu nəyin hesabına inkişaf etdirə bilərdik?!
Pulumuz, maliyyə resurslarımız yox idi.
1990-cı illərin əvvəllərində
xəzinə boş idi. Orada olan-qalan
vəsait də talan edilmişdi. 1990-cı illərin
əvvəllərində xarici maliyyə qurumları
Azərbaycana çox riskli ölkə kimi baxırdı
və bizə heç kim kredit vermək
istəmirdi. Bu gün biz bu problemlə
üzləşmirik. Azərbaycana
xaricdən istənilən həcmdə maliyyə resursları
gətirə bilərik və bəzi hallarda bizə olan
təklif tələbatımızdan daha da artıqdır.
Ancaq o illərdə kim bizə kredit
verə bilərdi, bilə-bilə ki, o kredit heç vaxt
qaytarılmayacaqdır.
Ona görə
neft strategiyasının icra edilməsi bizim üçün
yeganə çıxış yolu idi. Ancaq biz o
strategiyanı Heydər Əliyevin rəhbərliyi ilə çox
çətin geosiyasi vəziyyətdə icra etməyə
başlamışdıq. Biz hamımız
yaxşı bilirik ki, neft-qaz təşəbbüslərimiz
bəzi hallarda böyük müqavimətlə
üzləşirdi. Bəzi hallarda
ölkə daxilində, - əfsuslar olsun ki, belə hallar da
olub, - bir çox hallarda ölkəmizin xaricində. Əgər
o təzyiqlərə dözməsəydik, qətiyyət
və cəsarət göstərməsəydik, biz bu yoldan
kənara çıxa bilərdik və o, bizim ölkəmiz
üçün faciə ola bilərdi. Ona görə bu tarixi biz yaxşı bilirik və
yaddan çıxarmamalıyıq. Bu
gün, bəli, Azərbaycan dünya enerji bazarında
özünəməxsus yeri ilə oturuşmuş
ölkə, etibarlı tərəfdaş kimi özünü
göstəribdir. Hər kəs bununla
razılaşmalıdır və razılaşır. Çünki bu, reallıqdır, reallığı
inkar etmək olmaz. Ancaq bu reallıq
göydən düşməyib. Bu
reallığı səylərimizlə, bəzi hallarda,
sözün yaxşı mənasında,
inadkarlığımızla, qətiyyətlə və
cəsarətlə özümüz yaratmışıq.
Bu gün
Azərbaycanın neft-qaz sektoru intibah dövrünü
yaşayır.
Neft hasilatımız 1990-cı illərin
əvvəlində olan hasilatla müqayisədə 5-6
dəfə artıbdır, qaz hasilatımız da
həmçinin. Perspektivlərimiz daha da
ürəkaçandır. Həm neft,
həm qaz sektorunda indi aparılan işlər bir neçə
ildən sonra yeni bir vəziyyətin yaranmasına gətirib
çıxaracaqdır. Biz artıq
dünya enerji xəritəsində öz imzamızı
qoymuşuq. Təşəbbüsümüzlə
çəkilən neft-qaz kəmərləri bütün
yolları, bütün bazarları bizim üçün
açıq edibdir. Bizim
şaxələndirilmiş infrastrukturumuz, maliyyə
resurslarımız vardır. Biz
əldə olunan gəlirləri Neft Fondunun yaradılması
və fəaliyyəti nəticəsində qoruya bilmişik.
İldən-ilə Neft Fondunda yığılan
vəsait artır. Baxmayaraq ki,
keçən böhran ilində neftin qiyməti 4-5
dəfə aşağı düşmüşdü,
yenə də biz o vəsaitdən elə qənaətlə
istifadə etdik ki, həm ölkədə işlər getsin,
həm də orada məbləğ azalmasın. Bu məbləğ getdikcə artır.
Biz bu gün istənilən
böyük maliyyə resurslarını tələb edən
layihəni öz gücümüzlə icra edə bilərik. Bu,
böyük uğurdur, böyük dəyərdir.
Müstəqillik
ancaq güclü iqtisadiyyat üzərində qurula bilər. Müstəqillik
bizim üçün hər şeydən üstündür.
Bundan üstün bir şey ola bilməz. Biz bu müstəqilliyi
möhkəmləndirməliyik. Müstəqil
siyasət aparmaq, iqtisadi, o cümlədən enerji
sahəsində müstəqil təşəbbüsləri
irəli sürmək böyük imkanlar tələb edir -
həm maliyyə, həm iqtisadi, həm siyasi
cəhətdən. Azərbaycan
cəmiyyətində bu məsələlərlə
bağlı vahid fikrin formalaşması, əlbəttə ki,
mövqelərimizi gücləndirir. Bir
daha demək istəyirəm ki, neft-qaz sektorunda vaxtilə
Azərbaycan tərəfindən irəli
sürülmüş və bu gün irəli
sürülən layihələr həlledici rol oynayır.
Bu gün Azərbaycanın iştirakı olmadan
enerji sahəsində və həmçinin nəqliyyat və
iqtisadiyyat sahələrində heç bir
təşəbbüs irəli sürülə bilməz.
Azərbaycanın iştirakı və
razılığı olmadan hər bir halda bu geniş
bölgədə enerji məsələləri öz
həllini tapa bilməz. Bizim isə bu
sahədə siyasətimiz birmənalıdır. Biz enerji resurslarımızdan ancaq
əməkdaşlığın dərinləşməsi
üçün istifadə etməyə
çalışırıq, buna nail olmaq istəyirik. Biz enerji imkanlarımızdan heç vaxt başqa
məqsədlə istifadə etməmişik və
etməyəcəyik. Biz bu imkanlardan ancaq
bölgədə ölkələr arasındakı dostluq,
mehriban qonşuluq münasibətlərinin
gücləndirilməsi, milli maraqlarımızın təmin
edilməsi və Azərbaycanın qüdrətlənməsi
üçün istifadə edirik və edəcəyik.
Əlbəttə
ki, uğurlu neft strategiyamızın davam etdirilməsi
üçün Azərbaycan Dövlət Neft
Akademiyasının çox böyük rolu vardır. Əgər 1994-cü
ildə imzalanmış kontraktın icrasında
mütəxəssislərimiz iştirak etməsəydilər,
biz kontraktın imzalanmasından cəmi 3 il
keçəndən sonra ilk nefti hasil edə bilməzdik. Bu, dünya enerji-neft praktikasında nadir bir
təcrübə idi. Adətən, kontrakt bağlanandan
10 il, bəzən 15 ildən sonra birinci
neft hasil edilir. Bizdə isə 1994-cü ildə
kontrakt bağlandı, 1997-ci ildə ilk neft hasil edildi. Mütəxəssislərimiz, Dövlət Neft
Akademiyasında təhsil almış mütəxəssislər,
mühəndislər, alimlərimiz bu neft strategiyasının
uğurla icra edilməsində çox böyük rol
oynamışlar. Mən bunu çox
yüksək qiymətləndirirəm və demək
istəyirəm ki, gələcəkdə
görüləcək işlər çoxdur. Neft-qaz strategiyamız uğurla icra edilir və bu,
uzunmüddətli strategiyadır. Onilliklər
bundan sonra Azərbaycan bu sahədə, bu bölgədə
aparıcı rolunu qoruyub saxlayacaqdır.
Əziz dostlar,
mən bu gözəl yubiley münasibətilə sizi bir daha
ürəkdən təbrik etmək istəyirəm. Sizə
cansağlığı və yeni uğurlar arzulayıram.
Sağ olun.
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 1-2.