Dövlət Neft Akademiyası Azərbaycanı
dünyaya tanıdan ali məktəbdir
Azərbaycan Dövlət
Neft Akademiyasının 90 illik yubileyinə həsr olunmuş təntənəli
mərasim
Azərbaycan Dövlət Neft Akademiyasının
rektoru Siyavuş Qarayevin çıxışı
- Zati-aliləri, Azərbaycan
Respublikasının Prezidenti!
Hörmətli qonaqlar!
Əziz müəllimlər
və tələbələr!
Xanımlar və cənablar!
İcazə verin, ilk növbədə
hamınızı Avropa və Asiyada neft-qaz təmayüllü
ilk texniki ali təhsil müəssisəsi
olan Azərbaycan Dövlət Neft Akademiyasında salamlayım
və qonaqlarımıza bu qocaman elm və təhsil
ocağına "Xoş gəlmisiniz!" deyim.
Bu gün ali
məktəbimizin həyatında ən fərəhli,
yaddaqalan günlərdən biridir. Bu gün Neft
Akademiyasının 90 illik yubileyini bayram şənliyi kimi qeyd
edirik və xoşbəxtik ki, belə bir gündə
hamımızın dərin hörmət və məhəbbətini
qazanmış, təhsilimiz və elmimizin inkişafı ilə
bağlı daim qayğısını hiss etdiyimiz, zati-aliləri
cənab Prezidentimiz iştirak edir.
Cənab Prezident, bizim bu mərasimə
təşrif gətirməyinizə görə Sizə dərin
minnətdarlıq və təşəkkürümüzü
bildiririk.
Cənab Prezident, Neft
Akademiyasının 90 illik yubileyinin keçirilməsi barədə
sərəncamınız, 66 nəfər əməkdaşımızın
Azərbaycanın ən yüksək mükafatları və fəxri
adları ilə təltif olunması barədə
imzaladığınız sərəncamlar, bilavasitə
göstərişiniz əsasında təhsil
ocağımızda müasir memarlıq səviyyəsində
təmir işlərinin aparılması Neft Akademiyasına
olan böyük diqqət və qayğının təzahürüdür.
Ona görə də, cənab Prezident, icazə
verin kollektivimizin adından Sizə dərin minnətdarlığımızı
bildirək.
Hörmətli xanımlar və
cənablar, elmi və texniki sahədə yüksək
ixtisaslı mütəxəssis hazırlığında
xüsusi xidməti olmuş Azərbaycan Dövlət Neft
Akademiyasının 90 il ərzində
keçdiyi tarixi inkişaf yolu çox zəngin və şərəflidir.
1920-ci ilin noyabr ayında imzalanmış dekretə əsasən
yaradılmış və ölkəmizdə sənayenin tələblərinə
müvafiq olaraq bir neçə adda fəaliyyət göstərmiş
ali məktəbimiz 1992-ci ildən Azərbaycan
Dövlət Neft Akademiyası adlandırılır. Təhsil
ocağımız, ulu öndərimiz Heydər Əliyevin
sözləri ilə desək, respublikamızda hazırda fəaliyyət
göstərən Azərbaycan Texniki Universiteti, Azərbaycan
Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət
Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti və Mingəçevir
Politexnik İnstitutunun yaranmasında baza rolu
oynamışdır.
Yarandığı gündən
Neft Akademiyası yanacaq-enerji və neft-kimya kompleksi sahələri
üçün yüksək ixtisaslı mühəndis və
elmi kadrların hazırlanması istiqamətində fəaliyyət
göstərmiş, təhsil prosesinin, elmi-tədqiqat işlərinin
təşkilində uğurlar qazanaraq SSRİ-nin qabaqcıl ali təhsil müəssisəsinə
çevrilmişdir.
Neft
Akademiyası keçmiş ittifaqda, respublikamızda, xarici
ölkələrdə yüksək dövlət vəzifələrində,
sənaye, elm və təhsil sahələrində
aparıcı yer tutan, tədris ocağımızı
dünyaya tanıtdıran məzunları ilə fəxr edir. Ümummilli liderimizin iki il burada təhsil alması Neft
Akademiyasının tarixində şanlı və əbədi
iz qoymuş, onu məbədgaha çevirmişdir. Ulu öndərin "Neft Akademiyasının Azərbaycanda
sənayenin, iqtisadiyyatın, elmin, elmi-texniki tərəqqinin
inkişafında xüsusi rolu olmuşdur" sözlərini
yada salmaq yerinə düşər.
Neft
Akademiyası dünyanın 70-ə yaxın ölkəsi
üçün 4000-dən çox bakalavr, mühəndis,
magistr, 300-dən artıq elmlər namizədi və elmlər
doktoru hazırlamışdır. Ali məktəbimizin
beynəlxalq əlaqələri "Əsrin müqaviləsi"
ilə başlayan neft sazişləri imzalandıqdan sonra daha
geniş vüsət almışdır. Təhsil
ocağımızda beynəlxalq proqramlar üzrə
ABŞ-ın Corciya Universiteti, Almaniyanın Ziqen Universiteti,
Fransanın Nitsa Universiteti, Paris Neft və Mühərriklər
İnstitutu, İtaliyanın Genuya Universiteti ilə mütəxəssislər
hazırlanmasına başlanılmış və bu işlər
davam edir. Hazırda Azərbaycanda fəaliyyət
göstərən beynəlxalq şirkətlərlə tədris,
elm sahələrində əməkdaşlıq edilir, tələbələrimizə
təqaüd verilir, onlar bu təşkilatların
aparıcı neft və qaz sənayesi obyektlərində təcrübə
keçir və şirkətlər məzunları işlə
təmin edirlər. Misir Ərəb
Respublikasında Neft Akademiyasının filialının
açılması ilə bağlı işlərin
görülməsi kollektivimizə verilən qiymət və
müasir dövrün tələblərinə cavab verən
yanacaq-enerji və neft-kimya kompleksi sahələrində mütəxəssislərin
hazırlığına inamın təzahürüdür.
Möhtərəm
Prezidentimiz, Siz ümummilli liderimiz Heydər Əliyevin milli təhsil
quruculuğu sahəsindəki siyasətini uğurla davam
etdirirsiniz, təhsilimizin inkişafı üçün
islahatların aparılması istiqamətində
genişmiqyaslı işlər görürsünüz və
onlar Sizin söylədiyiniz "Biz maddi dəyərlərimizi,
iqtisadi potensialımızı insan kapitalına çevirməliyik"
fikrinizin reallaşacağını göstərir. Təhsilimizin
inkişafı ilə bağlı sərəncamlarınız
onun dövlət siyasətində ən mühüm prioritet
olmasını bir daha sübut edir.
Təhsilimizin
inkişafında Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun
və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın rolunu xüsusi qeyd
etmək istərdim. Mehriban xanımın təhsilimizə, mədəniyyətimizə,
incəsənətimizə, idmanımıza hamiliyi
xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Hazırda Neft
Akademiyasının qarşısında duran əsas məsələ
təhsilimizin Avropa məkanına inteqrasiya prosesinin, Bolonya Bəyannaməsinin
tələblərinin yerinə yetirilməsi sahəsində
işlərin həyata keçirilməsidir.
Möhtərəm cənab
Prezident, Neft Akademiyasının əməkdaşları və
tələbələri Sizin Azərbaycan elmi və təhsilinin
beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsində,
ölkəmizin iqtisadiyyatının sürətli
inkişafında, siyasi sabitliyin qorunub
saxlanılmasındakı misilsiz xidmətlərinizi dərindən
dərk edir və müdafiə edirlər.
Zati-aliləri,
çıxışınızda təhsilimizin, elmimizin
inkişafı, müasir dövrün tələblərinə
uyğun mütəxəssis hazırlanması ilə
bağlı qarşımıza qoyduğunuz vəzifələri
kollektivimiz gələcək fəaliyyət proqramı kimi qəbul
edir. Sizə söz veririk ki, bu proqramın həyata
keçirilməsi istiqamətində var
gücümüzü sərf edəcəyik.
***
Qubkin adına
Rusiya Dövlət Neft və Qaz Universitetinin rektoru, professor
Viktor MARTINOV Azərbaycan Dövlət Neft Akademiyasının
90 illik yubileyində iştirak etməkdən məmnun
olduğunu dedi. Qeyd etdi ki, bu ali təhsil
ocağı ilə onları çoxillik əlaqələr
bağlayır. Bu yaxınlarda Moskvada Qubkin adına
Rusiya Dövlət Neft və Qaz Universitetinin 80 illik yubileyinin
qeyd edildiyini diqqətə çatdıran Viktor Martınov
ADNA-nın yubileyinə böyük heyətlə gəldiklərini
bildirərək dedi:
- Bütün bu illər ərzində
təkcə ali məktəblərimizin
deyil, neftçilərimizin də dostluğu davam edir.
Çünki neftçilər elə insanlardır ki,
onları çox çətin və məsuliyyətli iş
birləşdirir. Axı ölkələrimizdə
insanların firavanlığı çox cəhətdən
neftçilərdən asılıdır. Biz həmişə deyirik ki, missiyamız insanlara hərarət,
işıq, xeyirxahlıq bəxş edən kadrlar
yetişdirməkdir. Ölkələrimizdə
neft və qaz iqtisadiyyatın əsasıdır.
Özü də təkcə bugünkü iqtisadiyyatın
deyil, yəqin ki, ortamüddətli və ola
bilsin ki, hətta uzunmüddətli iqtisadiyyatın əsasıdır.
Ölkələrimizin neft və qaz sənayesi
yeni texnologiyaların önündə gedir. Buna görə də biz çox işlər
görməliyik, yeni texnologiyaları işləyib
hazırlamaq və tətbiq etmək, yeni müştərək
layihələri həyata keçirmək lazımdır.
Biz bütün bunları birlikdə etməliyik.
Qubkin adına
Rusiya Dövlət Neft və Qaz Universitetində Azərbaycan
Dövlət Neft Akademiyasının məzunlarının
çalışdığını deyən Viktor
Martınov bir daha təbriklərini çatdırdı,
xalqımıza firavan həyat arzuladı.
***
Rumıniya Neft və Qaz Universitetinin
rektoru, professor Vlad ULMANU bu tədbirdə
iştirak etməkdən şərəf hissi duyduğunu
söylədi. Qonaq hər iki təhsil ocağı arasında
əməkdaşlıq əlaqələrindən
danışaraq bildirdi:
- Fürsətdən istifadə
edib Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri
İlham Əliyevə təşəkkürümü bildirirəm
ki, o, təhsilin inkişafı ilə bağlı
böyük işlər görmüş Heydər Əliyevin
siyasətini uğurla davam etdirir. Bu siyasət
ölkədə təhsilin səviyyəsini yüksəltmək
üçün mühüm rol oynayır.
İcazənizlə
universitetimizin kollektivi adından hazırlanmış təbrik
məktubunu təqdim edim. Mən bu məktubun son hissəsini
oxuyacağam: Zəka və elmin inkişafı
üçün innovativ yeniliklərin tətbiqi istiqamətində
fəaliyyətinizdə sizə uğurlar arzulayırıq. Biz sizinlə beynəlxalq əməkdaşlığı
inkişaf etdirməkdən şərəf duyuruq. Elmi əlaqələrimizin
ali məktəblərimizin akademik səviyyəsinin
inkişafına töhfələr verəcəyinə əminik.
Yubileyinizi təbrik edir, sizə elmi və
pedaqoji fəaliyyətdə yeni uğurlar arzulayırıq.
* * *
Yesenov adına Kaspi Dövlət
Texnologiyaları və İnjinirinq Universitetinin rektoru, professor
Abdumutalip ABJAPPAROV Qazaxıstanın nümayəndə heyəti
adından təbriklərini çatdırdı, 90 il ərzində
Azərbaycan Dövlət Neft Akademiyasında elmi-pedaqoji məktəbin
formalaşdığını və bütün dünyada
tanındığını söylədi. Bildirdi
ki, bu gün akademiyanın məzunları 70-dən çox
ölkədə çalışır. O, ölkələrimiz
arasındakı dostluq münasibətlərindən də
söhbət açdı. Qonaq Azərbaycanın sürətli
inkişafından danışaraq dedi:
- Bu gözəl
akademiyanı görəndə, onun inkişafına, indiki
durumuna əsasən dövlətiniz barədə də
mühakimə yürüdə bilərik. Biz Azərbaycanın,
Bakı şəhərinin inkişafında da gözəl dəyişiklikləri
görürük və sizin həqiqi dostlarınız kimi
buna sevinirik. Mən fəxr edirəm ki, Heydər Əliyev
adına Qazaxıstan-Azərbaycan Dostluq Cəmiyyətinin
Rəyasət Heyətinin üzvüyəm və bu cür
gözəl dəyişiklikləri hiss etmək mənə
ikiqat xoşdur. Düşünürəm ki, ali
məktəblərimiz arasında əlaqələr
xalqlarımızın dostluq münasibətlərinin
inkişafına daha böyük töhfələr verəcəkdir.
Azərbaycan Neft
Akademiyasına, Azərbaycan xalqına daha firavan günlər
arzulayıram! Bayramınız mübarək, dostlar!
* * *
Almetyevsk Dövlət Neft
İnstitutunun rektoru, professor Aleksandr
YEMEKEYEV də Azərbaycan Dövlət Neft
Akademiyasının kollektivini təbrik etdi. O, Tatarıstanda
neftin hasil edilməsində Azərbaycan neftçilərinin
rolundan danışdı, hazırda Rusiyanın neft sənayesində
çalışanların bir çoxunun bu akademiyanın məzunları
olduğunu söyləyərək bildirdi:
- Sizin şanlı ali məktəblə bağlı çox
insanın adını çəkmək olar. Bizim
uğurlu əməkdaşlığımıza,
Tatarıstan-Azərbaycan əlaqələrinin möhkəmliyinə
dəlalət edən çox parlaq hadisələri göstərmək
olar.
"Tatneft"
Səhmdar Cəmiyyəti neftçilərin əfsanəvi
taleyindən bəhs edən kitab buraxmışdır. Bu gün biz həmin
kitabı sizə, sizin kollektivə təqdim etmək istəyirik.
Sizin uğurlarınız, nüfuzunuz Azərbaycan
Prezidentinin, ölkə rəhbərliyinin təhsilə diqqət
və qayğısının nəticəsidir. Sizin hazırladığınız yüksək
ixtisaslı mütəxəssislər bu qayğıya layiqli
cavabdır. Hörmətli həmkarlar, sizi bir daha yubiley
münasibətilə təbrik edirəm, şanlı
kollektivinizə və Azərbaycan xalqına uğurlar
arzulayıram!
* * *
Uxta Dövlət
Texniki Universitetinin rektoru, professor Nikolay TSXADAYA Rusiyanın
şimal bölgəsində yaşadığını və
bu regionun inkişafında azərbaycanlıların
böyük rol oynadığını xüsusi
vurğuladı. Qonaq Azərbaycan neftinin inkişaf tarixinə də nəzər
salaraq dedi:
- Tarixə nəzər
salsaq, bizi - Şimal və Cənubu "ilk neft"
anlayışı birləşdirir. İlk neft
dedikdə, əlbəttə Azərbaycan nəzərdə
tutulur. İlk boru kəməri Azərbaycanda
çəkilmiş, ilk tankerlər Azərbaycanda inşa
edilmişdir. Mənim əzizlərim, bu
bir danılmaz həqiqətdir ki, dostluğumuzun əsası
Azərbaycan Neft Akademiyasıdır. Heç
şübhəsiz kadr hazırlığı ilə
yanaşı, bütün elmi-texniki innovasiyalar əsasən
burada, Neft Akademiyasında yaranmışdır.
Yaşasın böyük Azərbaycan,
onun Neft Akademiyası!
* * *
Həştərxan Dövlət
Texniki Universitetinin rektoru, professor Yuri
PİMENOV akademiyanın məzunlarından danışdı,
rəhbərlik etdiyi universitetin kollektivi adından təbriklərini
çatdırdı. Həştərxan ilə
Bakı arasındakı münasibətləri qeyd edən
qonaq, sakini olduğu şəhərdə çoxlu azərbaycanlıların
yaşadığını bildirdi. Həştərxanda
güclü Azərbaycan diasporunun fəaliyyət göstərdiyini
qeyd edən rektor, soydaşlarımızın bu şəhərin
inkişafında böyük rolu olduğunu vurğulayaraq
dedi:
- Həştərxanda
Nərimanov şəhəri, Həştərxan vilayətinin
mərkəzində Nərimanov rayonu, habelə Bakı
küçəsi vardır. Zənnimcə, ötən
ay ümummilli lideriniz Heydər Əliyevin abidəsini
açmağımız çox əlamətdar hadisə
oldu. Bu, aramızdakı xüsusi
münasibətlərin və qarşılıqlı fəaliyyətin
nəticəsidir.
Biz 1996-cı
ildən, Xəzəryanı Dövlətlərin Universitetləri
Assosiasiyasını yaradandan bəri sıx əməkdaşlıq
edirik.
Hazırda assosiasiyaya Xəzəryanı dövlətlərin
40-dan çox ali məktəbi və elmi tədqiqat
institutu daxildir. Azərbaycanın altı ali
məktəbi bu assosiasiyanın üzvüdür və biz bu əməkdaşlığı
məmnuniyyətlə inkişaf etdiririk.
Son illər Həştərxan
vilayətinin inkişafının strateji yolu karbohidrogen
xammaldır.
Lap bu yaxınlarda universitetimizdə Neft və Qaz İnstitutu
açılmışdır. Biz bu istiqamətdə
çox perspektiv əməkdaşlığa ümid bəsləyirik.
Qonaq Azərbaycan Prezidenti
İlham Əliyevin təhsilin inkişafına göstərdiyi
diqqət və qayğını da xüsusi vurğulayaraq
bildirdi:
- Ötən il
mənə Bakı Dövlət Universitetinin 90 illik yubileyində,
bu gün isə sizin yubileyinizdə iştirak etmək xoşbəxtliyi
nəsib olmuşdur. Hər iki əlamətdar
hadisə onunla fərqlənir ki, burada Prezident iştirak edir.
Onun təhsilə göstərdiyi xüsusi diqqət,
heç şübhəsiz, öz bəhrəsini verir.
Biz ali məktəblərin
abadlaşdırıldığını görürük. Eşitmişik ki, maddi-texniki bazaya xeyli vəsait
yatırılır, büdcədə təhsil ikinci yerdədir.
Bunun özü də böyük diqqətdən
xəbər verir.
Sizi bu gözəl yubiley
münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Azərbaycan Neft Akademiyasının kollektivinin hər
bir üzvünə firavanlıq arzulayıram. Sizə uğurlar, inkişaf və birəsrlik yubileyə
doğru müvəffəqiyyətlə və qətiyyətlə
irəliləməyi arzulayıram. Salamat qalın.
Bayramınız mübarək!
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 2.