Azərbaycan Prezidenti
İlham Əliyev Almaniyanın keçmiş xarici
işlər naziri Hans-Ditrix
Genşerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də
Almaniya Federativ Respublikasının keçmiş xarici işlər
naziri, Almaniya hökumət koalisiyasına daxil olan Azad Demokrat
Partiyasının fəxri sədri Hans-Ditrix Genşerin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Almaniya Federativ
Respublikasının keçmiş xarici işlər naziri
Hans-Ditrix Genşer ölkəmizdə gedən böyük
inkişaf prosesləri barədə məlumatlı olduğunu
və səfər müddətində Azərbaycanda sürətli
iqtisadi inkişafın şahidi olduğunu dedi və bu
inkişafın onda dərin təəssürat
yaratdığını qeyd etdi. Azərbaycanda həyata
keçirilən infrastruktur layihələrinə toxunan qonaq
bu sahədə əldə edilən uğurların əhəmiyyətini
vurğuladı.
Dövlətimizin
başçısı son illər Azərbaycanda gedən
sürətli iqtisadi inkişaf proseslərindən
danışdı. Azərbaycan iqtisadiyyatının ən
sürətlə artan iqtisadiyyat olduğunu deyən Prezident
İlham Əliyev ölkəmizdə həyata keçirilən
genişmiqyaslı iqtisadi islahatların önəmini qeyd etdi.
Görüşdə Azərbaycan
ilə Almaniya arasında ikitərəfli münasibətlər,
energetika sahəsi və beynəlxalq məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 3.