Azərbaycan
Dövlət Neft Şirkətinə YUNESKO-nun yüksək
mükafatı - medalı təqdim olunmuşdur
Yeni əsrin
başlanğıcında elmin son nailiyyəti kimi nanoelmin
inkişafı və nanotexnologiyaların yaradılması,
bununla təbiətə, məişətə və istehsalata
tətbiqi sahəsindəki xidmətlərə görə bir
qrup rus alimi, Azərbaycan Dövlət Neft Şirkətinin
layihə müəllifləri və MDB ölkələrində
təhsil sahəsində əməkdaşlıq üzrə
Hökumətlərarası Fond YUNESKO-nun yüksək
mükafatına - medala və diploma layiq
görülmüşlər.
Noyabrın
18-də YUNESKO-nun əsas mənzil iqamətgahında
mükafat və diplomların təqdimatı ilə
bağlı mərasim keçirilmişdir. Mərasimi
YUNESKO-nun İcraiyyə Şurasının sədri, Rusiya
Federasiyasının qurum yanındakı daimi nümayəndəliyinin
rəhbəri, səfir Eleonora Mitrofanova açaraq nanoelmin
inkişafını dünya elminin son nailiyyətlərindən
biri kimi dəyərləndirmiş, bu sahədəki alimlərin
xidmətlərini yüksək qiymətləndirmişdir.
YUNESKO-nun
baş direktoru İrina Bokova nanoelmin inkişafındakı
xidmətlərinə görə Rusiyanın 7 aliminə, Azərbaycan
Dövlət Neft Şirkətinə (ARDNŞ) qurumun yüksək
mükafatını və diplomlarını təqdim
etmişdir.
Mükafata
layiq görülmüş bir qrup alim onların əməyinə
verilən yüksək qiymətə görə öz təşəkkürlərini
bildirmişlər. Onlar qeyd etmişlər ki, XX əsr təkcə
atom və molekul əsri idisə, XXl əsr çox sürətlə
inkişaf edən nanoəsrə çevrilmişdir. Bu elm sahəsi
bəşəriyyəti həddindən artıq zənginləşdirməyə
və yeni-yeni möcüzələr yaratmağa istiqamətlənmiş
bir elmə çevrilmişdir. Bu gün nanotexnologiya təbiətdə,
təbabətdə, ekologiyada, biologiyada, kibernetikada, kosmos sahəsində
və nəhayət, neft sənayesində möcüzələr
yaradır və həyatın dinamik inkişafında
mühüm rol oynayır.
Mərasimdə
ARDNŞ-i təmsil etmiş qurumun birinci vitse- prezidentinin
müşaviri professor Eldar Şahbazov AzərTAc-a verdiyi
müsahibəsində demişdir: Şirkətimiz mötəbər
beynəlxlaq təşkilatın "Nanoelm və
nanotexnologiyaların inkişafı" medalı və diplomu
ilə təltif olunmuşdur. Sevindirici haldır ki, YUNESKO-nun
laureatları adına layiq görülmüş layihə
müəllifləri Azad Mirzəcanzadə (ölümündən
sonra), Rövnəq Abdullayev, Xoşbəxt Yusifzadə, Eldar
Şahbazov, Rəhman Qurbanov, Səbuhi Əhmədov,
Elçin Kazımov, Şəbiyar Şəfiyev və Nazim
Hacızadə təşkilatın medal və diplomunu
almışlar. Yüksək mükafata layiq
görülmüş iş barədə qısa məlumat
verməyi məqsədəuyğun hesab edirəm.
ARDNŞ-in
alim və mütəxəssisləri 2004-cü ildən
başlayaraq şirkətin laboratoriya və istehsal sahələrində
"çox kiçik konsentrasiyalar" əsasında
nanotexnologiyaların işlənməsi, sınaqdan
keçirilməsi və tətbiqi istiqamətində tədbirlər
həyata keçirirlər.
Bu
gün yüksək texnologiyalar silsiləsindən olan
nanotexnologiyaların tətbiqi köhnə, xüsusilə də
işlənməsinin son mərhələsində olan
yataqlarda, orta və kiçik debitli sulaşmış quyularda
neft hasilatının artırılması, neftin
çıxarılmasına tələb olunan elektrik enerjisinin
sərfinin və çıxarılan mayedə suyun
miqdarının azaldılmasına səbəb olmuşdur.
Qazma
sahəsində dünya təcrübəsində ilk dəfə
olaraq "Nanoneft", "Nanobitum", "Nanoqudron" və
"Nanomay" nanosistemlərin tətbiqinin elmi əsasları
işlənmiş, anomal yüksək və anomal alçaq təzyiqlər
şəraitində bu sistemlər vasitəsilə quyuların
mürəkkəbləşmələrə yol verilmədən
qazılmasına, qazma texnologiyasında həm elmi, həm də
praktiki baxımdan unikal nəticələrin alınmasına
imkan vermişdir. İstifadə olunan kimyəvi reagentlərin
həcmi azalmış, məhsuldar qatların çirklənməsinin
qarşısı alınmış, qazmadan sonra quyuların mənimsəmə
dövrü qısalmışdır.
İlk
dəfə işlənmiş bu nanotexnologiyalar və
nanosistemlər müvafiq patentlərlə müdafiə
olunmuşdur.
Hazırda
yaranmış ekoloji problemlərin-neftlə çirklənmiş
ərazilərin təmizlənməsi və rekultivasiyası,
hasilat zamanı neftlə birgə çıxarılan lay
sularının utilizasiya edilməsini təmin etmək məqsədilə
nanotexnologiyaların əsasları hazırlanır.
Nanotexnologiyaların
geniş tətbiq edildiyi sahələrdən biri də neft
kimyasıdır. Hazırda neftçıxarma, qazma və nəql
proseslərində istifadə üçün nanotəsir nəticəsində
alınmış müxtəlif kimyəvi reagentlərin
işlənməsi həyata keçirilməkdədir.
2010-cu
il oktyabrında Moskvada keçirilən "Nanotechoilqas-2010"
ll Beynəlxalq elmi-texniki konfransda bu istiqamətdə Azərbaycanda
əldə olunmuş nəticələr haqqında
ARDNŞ-in əməkdaşları professor E.Şahbazov,
N.Hacızadə və E.Kazımov çıxış
etmişlər. Konfransın təşkilat komitəsinin təklifi
ilə Azərbaycanda neft-qazçıxarma sahəsində
nanotexnologiyaların işlənməsi və tətbiqinə
dair işləmələr YUNESKO-nun "Nanoelm və
nanotexnologiyalar" beynəlxalq ensiklopediyasına daxil
edilmişdir.
Xatırladaq
ki, ilk dəfə bu yüksək mükafata bu ilin noyabr
ayının 2-də Rusiya Elmlər Akademiyasının
akademiki, Nobel mükafatı laureatı Jores Alfyorov layiq
görülmüşdür.
Mərasimdə
Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi
Elenora Hüseynova iştirak etmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Paris
Azərbaycan.- 2010.- 21 noyabr.- S. 6.