Dövlət
İdarəçilik Akademiyasında Ümumdünya
Fəlsəfə Gününə həsr olunmuş
"dəyirmi masa" keçirilmişdir
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) YUNESKO tərəfindən elan edilmiş Ümumdünya Fəlsəfə Gününə həsr olunmuş \"dəyirmi masa\" keçirilmişdir.
DİA-dan AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ali məktəblər üçün \"Fəlsəfə\" dərsliyinin yeni nəşrinin təqdimatı olmuşdur.
YUNESKO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxunmuşdur.
Akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev çıxış edərək Ümumdünya Fəlsəfə Gününün tarixi barədə məlumat vermiş, bu günün dünyanın ayrı-ayrı ölkələrində də geniş qeyd edildiyini bildirmişdir.
Azərbaycan təhsil sistemində fəlsəfənin özünəməxsus yeri olduğunu xatırladan professor Ə.Abdullayev təqdim olunan kitabın əhəmiyyətindən danışmışdır.
DİA-nın Fəlsəfə və sosial psixologiya kafedrasının müdiri, professor Tofiq Rəsulov məruzə ilə çıxış edərək \"Fəlsəfə\" dərsliyinin elm və təhsilimizə dəyərli töhfə olduğunu vurğulamışdır.
AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov, professor İzzət Rüstəmov və digər alimlər də Azərbaycanda fəlsəfi fikirdə əldə edilən uğurlar və nailiyyətlərdən, təqdim edilən kitabın məziyyətlərindən bəhs etmiş, nəşri yüksək dəyərləndirmişlər.
Kitabda Azərbaycan fəlsəfi
fikrin təşəkkülü, fəlsəfi
fikirdə əldə olunan nailiyyətlər
özünün uğurlu
inikasını tapmışdır.
Azərbaycan.- 2010.- 21 noyabr.- S. 6.