Azərbaycan Diplomatik Akademiyası İsgəndəriyyə
kitabxanası ilə əməkdaşlıq edəcəkdir
Ölkəmizdə səfərdə olan İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Sarıgəldin noyabrın 20-də rəhbərlik etdiyi qurum ilə Azərbaycan Diplomatik Akademiyası (ADA) arasında əməkdaşlıq məsələlərini müzakirə etmişdir.
Akademiyadan AzərTAc-a bildirmişlər ki, görüşdə ADA-nın rektoru Hafiz Paşayev rəhbərlik etdiyi qurumun magistrlər və müxtəlif səviyyəli dövlət məmurları üçün təhsil proqramlarını həyata keçirdiyini demişdir.
H.Paşayev bildirmişdir ki, akademiyanın yeni kitabxanasında ilkin olaraq yüz minədək kitab saxlanacaqdır. Müasir görünüşü və texnoloji təminatına görə isə Qafqazda ən böyük xarici dilli kitabxana olacaqdır. Kitabxanada işləyəcək mütəxəssislərin müvafiq təlim keçəcəyini və dünya kitabxanaları ilə yaxından əməkdaşlıq edəcəklərini vurğulayan rektor qeyd etmişdir ki, burada müasir texnologiyalardan istifadə olunacaqdır. İlk rəqəmsal kitabxana yaradılacaqdır.
ADA-nın genişlənmə planlarından, müasir kitabxana yaratmaq niyyətlərindən məmnun olduğunu deyən İ.Sarıgəldin dünyada müasir kitabxanaların istifadə etdiyi texnologiyalar, məlumatların arxivləşdirilməsi, kitabxanalar nəzdində araşdırma mərkəzlərinin yaradılması haqqında fikirləri ilə bölüşmüşdür.
Görüşdə İsgəndəriyyə kitabxanası ilə Azərbaycan Diplomatik Akademiyasının kitabxanası arasında əməkdaşlığa dair razılıq da əldə olunmuşdur.
Qonaqlar Akademiyanın yeni kitabxanası haqqında filmə də
baxmışlar.
Azərbaycan.- 2010.- 21 noyabr.- S. 6.