Bakı Zirvə Görüşü Xəzərin statusu ilə bağlı danışıqlarda ən əhəmiyyətli mərhələlərdən birini təşkil etmişdir

 

Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən Zirvə Görüşübu görüş çərçivəsində imzalanmış sənədlər böyük əhəmiyyət kəsb edir.

Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı bildirmişdir.

M.Qurbanlı xatırlatmışdır ki, hələ keçmiş SSRİ dövründə İranla Xəzər dənizinin statusuna dair sənəd imzalanmışdır. Həmin müqaviləyə görə, Xəzərin cənubda bölgüsü Astara-Həsənqulu xətti üzrə müəyyənləşmişdi. Onun sözlərinə görə, SSRİ dağılandan sonra Xəzərin statusu məsələsi dənizyanı ölkələrin münasibətlərində çox mühüm və əhəmiyyətli yerlərdən birini tutur.

YAP icra katibinin müavini qeyd etmişdir ki, ilk vaxtlardan dənizin statusu ilə bağlı hər bir dövlətin öz marağı olmuşdur. Onun fikrincə, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət nəticəsində Azərbaycan Xəzərin statusu ilə bağlı məsələdə Rusiya və Qazaxıstanla razılaşmalar əldə etmişdir. Lakin Türkmənistan və İran başqa mövqe ilə çıxış edirlər. Bununla belə, məsələ mütəxəssislər tərəfindən müzakirə olunur, statusun müəyyənləşməsi üzərində aparılır. M.Qurbanlı bildirmişdir ki, bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq norma və prinsiplərə əsaslanır.

İcra katibinin müavini demişdir: "Dövlət başçılarının Bakı sammitində bütün prezidentlərin iştirakı vacibdir. Əvvəlki görüşlərdə prezidentlərin bəziləri iştirak etməsə də, Bakıda keçirilən Zirvə Görüşündə bütün dövlət başçıları iştirak etdilər. Bu, ilk növbədə, Azərbaycanın önəmi, Prezident İlham Əliyevin nüfuzunun göstəricisidir. Digər tərəfdən, dövlət başçılarının ciddi müzakirə apararaq bu məsələdə yekun qərara gəlməsinin zərurətindən irəli gəlir. Prezidentlərin mövqeyi bir daha göstərir ki, məsələ Xəzəryanı ölkələrin dövlət başçılarının diqqət yetirdiyi ən mühüm məsələlərdən biridir. Xəzərin statusu tam həllini tapmalıdır və bu, ölkələrin maraqlarına uyğundur. Xəzərin statusu məsələsində Azərbaycanın mövqeyi ədalətlidir. Hesab edirəm ki, Zirvə Görüşü Xəzərin statusu ilə bağlı aparılan danışıqlarda ən əhəmiyyətli mərhələlərdən birini təşkil edir. Burada əldə olunmuş razılaşmalar növbəti mərhələdə məsələlərin həll edilməsi üçün mühüm rol oynayacaqdır".

M.Qurbanlı prezidentlərin birgə bəyanatının və Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair Sazişin imzalanmasının vacibliyini qeyd etmiş, bildirmişdir ki, bu sənədlər regional təhlükəsizlik baxımından əhəmiyyətlidir: "Xəzərdə təhlükəsizliklə bağlı irəli sürülən təkliflər və əldə olunmuş razılaşmalar Xəzəryanı ölkələr üçün böyük əhəmiyyət kəsb edən məsələdir. Regionda sülh və təhlükəsizliyin qorunub saxlanılması, Xəzərin hərbisizləşdirilmiş su hövzəsinə çevrilməsi Azərbaycanın da, digər ölkələrin də maraqlarına uyğundur. Təhlükəsizlik sahəsində əməkdaşlığa dair Saziş Xəzərdə sülh və əmin-amanlıq yaratmaq ideyasına xidmət edir. Azərbaycan öz milli maraqlarından çıxış edərək Sazişi imzalamışdır".

 

 

Azərbaycan.- 2010.- 21 noyabr.- S. 6.