Rusiya KİV-ləri Xəzəryanı
dövlət başçılarının Bakıda
keçirilən zirvə görüşünün
nəticələrini təhlil edirlər
Rusiyanın aparıcı KİV-ləri Xəzəryanı dövlət başçılarının Azərbaycan paytaxtında keçirilən zirvə görüşünün nəticələrini geniş müzakirə edirlər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Dmitri Medvedev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov və İran Prezidenti Mahmud Əhmədinejad iştirak etmişlər. Qeyd olunur ki, Bakı yenidən Xəzər dənizinin gələcəyi ilə bağlı siyasi diskussiyalar məkanına çevrilmişdir.
"Kommersant" qəzetinin müxbiri Aleksandr Qabuyev reportajında yazır ki, beş ölkənin başçıları üç ay ərzində sərhədlərin delimitasiyasına dair təkliflər hazırlamaq barədə tapşırıq vermişlər ki, gələn il Rusiyada keçiriləcək zirvə görüşündə bu barədə saziş imzalasınlar.
Rusiya nümayəndə heyətini Bakıda müşayiət edən məqalə müəllifi yazır ki, Dmitri Medvedevin başçılığı ilə Rusiya nümayəndə heyəti Azərbaycana xoş əhval-ruhiyyədə gəlmişdir: "Energetika naziri Sergey Şmatko deyirdi: Bakı gözəl şəhərdir! Yüz il əvvəl bura dünyanın neft hasilatı mərkəzi idi, hər şey buradan başlanmışdır!".
Əslində Azərbaycanın və onun Xəzər qonşularının neft-qaz rifahı heç vaxt bitməmişdir. Regionda neftin sübut olunmuş ehtiyatları 5,1 milyard ton, qaz isə 8 trilyon kubmetrdir. Bu sərvətlərin
tammiqyaslı mənimsənilməsinə
mane olan yeganə ciddi problem Xəzər dənizinin dəqiq hüquqi statusunun və onun bölünməsi
prinsiplərinin olmamasıdır.
Dmitri Medvedev və onun həmkarları növbəti, - zirvə görüşündən sonra
məlum olduğu kimi, - ən səmərəli cəhd
göstərmişlər.
Materialda prezidentlərin görüşlərinin,
onların Bakıda keçirilən mətbuat
konfransında Xəzərdə
təhlükəsizlik və
boru kəməri sistemlərinin qurulması
imkanları ilə bağlı şərhlərinin
təfsilatı işıqlandırılır. Bakıda yekun
bəyanatından başqa
Xəzərdə təhlükəsizlik
sahəsində əməkdaşlıq
haqqında saziş də imzalanmışdır.
Sazişdə terrorizm, cinayətkarlıq,
narkotik vasitələrin
qaçaqmalçılığı və dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq
mexanizmi əks olunmuşdur.
"İzvestiya" qəzetinin
"Xəzərə yadlar
lazım deyil" sərlövhəli məqaləsində
qeyd olunur ki, əsas məsələ
- Xəzərin hüquqi
statusunun müəyyən
edilməsi məsələsi
ilə bağlı irəliləyiş olmamışdır. Bu, heç gözlənilmirdi
də. Lakin beş Xəzəryanı
dövlətin liderləri
ilk dəfə razılığa
gəlmişlər ki,
yeni hüquqi status məsələsi, Azərbaycan
Prezidenti İlham Əliyevin dediyi kimi, "ən qısa zamanda, ehtimal ki, növbəti
zirvə görüşündə
razılaşdırılmalıdır".
Növbəti zirvə görüşü
isə artıq bir ildən sonra Rusiyada keçiriləcəkdir.
"Rossiyskaya qazeta"da dərc olunmuş "Xəzər beşliyi"
məqaləsinin müəllifi
diqqəti beş
Xəzəryanı dövlətin
Xəzərin ardıcıl
və qarşılıqlı
surətdə faydalı
inkişafında maraqlı
olmasına, bütün
tərəflərin məsuliyyət
daşımasına və
Xəzərdə yeni
təhdidlərin qarşısının
alınması imkanlarını
genişləndirəcək təhlükəsizlik sahəsində
əməkdaşlıq haqqında
sazişə cəlb edir. Müəllif yazır: "Bu, siyasi sənəddir,
güc strukturlarının birgə işi üçün
özünəməxsus istiqamətdir. Sənəddə
terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi,
qaçaqmalçılıq, brokonyerlik və insanların
qanunsuz yerdəyişməsi ilə mübarizədə birgə
məsuliyyəti təsbit edilir".
Müəllif Aleksandr Beluza yazır ki, Bakı zirvə
görüşündə Xəzərin dəniz mühitinin
mühafizəsi haqqında çərçivə
konvensiyasına protokollar
razılaşdırılmışdır. Bu sənədlər
dənizin ekoloji deqradasiyasının qarşısını
almağa kömək edəcəkdir. Məlum
olduğu kimi, Xəzərin əsas bioresursu nərəkimilərdir.
Region ölkələri onların ovlanmasına
moratorium qoyulması imkanı ilə bağlı məsələni
uzun müddətdir nəzərdən keçirirlər.
Bu görüşdə, nəhayət ki, məsələ
həll olunmuşdur.
Məqalədə
qeyd olunur ki, Bakıda beş dövlətin
prezidentləri arasında ikitərəfli görüşlər
də keçirilmişdir. Müəllif yazır: "Azərbaycan
Prezidenti İlham Əliyevlə söhbət Bakı
üçün başlıca və ən ağrılı
mövzu - Dağlıq Qarabağ ətrafında
aparılmışdır. Lakin bundan başqa da müzakirə
edilməli mövzu çox idi: yanacaq-energetika sahəsində
əməkdaşlıq, enerji
daşıyıcılarının nəqli marşrutları,
"Nabukko". Dmitri Medvedev həmsöhbətini əmin edərək
demişdir: "Rusiya regionda təhlükəsizliyi təmin
etmək üçün bundan sonra da səy göstərməyə
hazırdır, Azərbaycan ilə Ermənistan arasında
münasibətlərin inkişaf prosesinə bundan sonra da
kömək edəcəkdir".
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 21 noyabr.- S. 6.