Bakıda "Şərq xalqlarının Bakı qurultayı - 1920: tarix və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

 

Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuHollandiya Beynəlxalq Sosial Tarix İnstitutunun birgə təşkilatçılığı ilə "Şərq xalqlarının Bakı qurultayı - 1920: tarix və reallıqlar" mövzusunda beynəlxalq elmi konfrans işə başlamışdır.

1920-ci ilin sentyabrında Komintern tərəfindən Bakıda təşkil edilmiş Şərq xalqlarının I qurultayının 90 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, İran, Özbəkistan, Hollandıya, Rusiya, Böyük Britaniya, Almaniya, YaponiyaGürcüstandan olan mütəxəssislər iştirak edirlər.

Şərqşünaslıq İnstitutunun direktoru, professor, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva tədbirin məqsəd və əhəmiyyətindən, Şərq xalqlarının Bakı qurultayının tarixindən danışmışdır. Bildirilmişdir ki, o zaman yeni yaranmış Azərbaycan Sovet Sosialist Respublikasının paytaxtı Bakıda kommunistlərin təşəbbüsü ilə keçirilən qurultayın əsas məqsədi Şərq xalqları arasında kommunist ideyalarını təbliğ etmək olmuşdur. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun iştirak etdiyi qurultaya Avropa və Asiyanın 37 ölkəsindən 1900-ə qədər nümayəndənin qatıldığı qeyd olunmuşdur. G.Baxşəliyeva Şərq xalqlarının Bakı qurultayının bu xalqların milli oyanış, azadlıq hərəkatında böyük rol oynadığını qeyd etmişdir.

Sovet dövründə qurultayın materallarının kommunist ideologiyası baxımından araşdırıldığını vurğulayan G.Baxşəliyeva qeyd etmişdir ki, həmin tarixi hadisələr hazırda dünya alimlərinin diqqət mərkəzindədir. Konfransın əsas məqsədi tarixi hadisələrə həqiqətin gözü ilə baxaraq, qurultayın əsl mahiyyətini, reallıqları ortaya çıxarmaq, hadisələri düzgün qiymətləndirməkdir.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı tariximizin silinməz səhifəsi olan Şərq xalqlarının Bakı qurultayının hansı qurum tərəfindən keçirilməsnidən asılı olmayaraq, onun açılmayan səhifələrinin arxiv sənədləri vasitəsilə üzə çıxarılmasının vacibliyindən bəhs etmişdir.

Hollandiya Beynəlxalq Sosial Tarix İnstitutunun Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktoru, professor Turac Atabəki AMEA ilə birgə artıq dördüncü konfransı təşkil etdiklərini, hazırkı konfransın böyük əhəmiyyətini vurğulamış, təmsil etdiyi qurumun arxivləri haqqında danışmışdır.

AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Azərbaycan Sovet Sosialist Respublikasının tarixindən, ölkəmizdə sovet hakimiyyəti qurulduqdan sonra xalqımıza vurulan milli-mənəvi zərbələrdən, Özbəkistan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, professor Dilarom Alimova, Türkiyənin Atatürk Universitetinin professoru Yavuz Aslan, Qazaxıstan Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, professor Səttar Məcidov, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü Rəfael Hüseynov keçmiş sovet xalqlarının tarixinin yenidən araşdırılmasının vacibliyindən danışmış, həqiqətlərin üzə çıxarılmasında konfransın əhəmiyyətli rol oynayacağına əminliklərini bildirmişlər.

Konfransda "Şərq xalqlarının birinci qurultayından sonra nələr dəyişmişdir? Qafqazda elmi əməkdaşlığın tarixi və perspektivləri", "Şərq xalqlarının birinci qurultayı arxiv sənədlərində", "Məlum və naməlum qurultay: Şərq xalqlarının Bakı Konqresi-1920" və s. mövzularda məruzələrər dinlənilmiş, müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində "Şərq xalqlarının I qurultayı (1920)" adlı tarixi-sənədli filmqurultaya həsr olunmuş fotosərgi nümayiş olunmuşdur.

Konfrans noyabrın 24-də işini davam etdirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 4.