Minskdə "Prezident A.Q.Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri" miniatür kitabının təntənəli təqdimatı olmuşdur

 

Belarus paytaxtında "Prezident A.Q.Lukaşenkonun Azərbaycan Respublikasına rəsmi səfəri" miniatür kitabının təntənəli təqdimatı olmuşdur. Kitabı Bakıdakı Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova təqdim etmişdir. Zərifə xanım demişdir ki, bu kitabı ərsəyə gətirmək ideyası Aleksandr Qriqoryeviç Lukaşenkonun 2010-cu ilin iyununda Bakıya səfəri zamanı yaranmışdır. 4x6 santimetr ölçüdə, 184 səhifədən ibarət kitabda iki prezident arasında gedən danışıqlar prosesinin ən maraqlı məqamları - dövlət başçılarının rəsmi müraciətləri, imzalanmış sənədlərin siyahısı, Prezident Lukaşenkonun Belarus Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi Bakı Slavyan Universitetində olması, Belarusun Azərbaycandakı səfirliyinin yeni inzibati binasının təməlqoyma mərasimi barədə informasiya əksini tapmışdır.

Təqdimatda Azərbaycanın Belarusdakı səfiri Əli Nağıyev, Belarus xarici işlər nazirinin birinci müavini İqor Petrişenko, Belarusun mədəniyyət naziri Pavel Latuşko, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış etmişlər.

Kitab Azərbaycan və rus dillərində nəşr olunmuşdur.

 

 

Zeynal AĞAZADƏ

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 4.