Lissabon zirvəsində
Azərbaycan uğurları
1949-cu ildə
keçmiş SSRİ təhlükəsinə qarşı
qurulan Şimali Atlantika Müqavilə
Təşkilatının (NATO) sovetlər imperiyasının
dağılmasından sonra
yaşayıb-yaşamayacağına dair fəal
müzakirələr başladı. Çünki səbəbin (SSRİ təhlükəsi)
ortadan qalxmağı nəticəni (NATO) müzakirə mövzusuna çevirmişdi. Xüsusən
də, Avropa dövlətlərinin NATO üzvü
olaraq qalıb-qalmayacağı
əsas diqqət hədəfində idi. Bu kontekstdə Avropa hərbi büdcəsini azaldır və özünəməxsus
yeni hərbi təşkilat qurmaq niyyətini büruzə verirdi. Qərbi Avropa İttifaqı, Avropa Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatının qlobal
baxımdan NATO-nun yerini ala biləcəyi
müzakirə olunan məsələlərdən idi.
Beləliklə, "köhnə
qitə" öz təhlükəsizlik təşkilatını
qurmaq üçün
sadəcə, Avropa İttifaqı dövlətlərinə
aid olan Avropa Təhlükəsizliyi
və Müdafiə Kimliyi (ATMK) kimi bir təşkilat yaratmağı gündəmə
gətirdi. Bu fonda 60 min nəfərlik çevik bir ordu qurulması
qərara alındı.
Lakin sonradan Bosniya və Kosovoda məlum böhranlar zamanı əsas fəaliyyət NATO-nun üzərinə düşdü və buralarda təhlükəsizliyin
təmin olunması üçün ABŞ əsgərlərindən,
eləcə də maliyyə vəsaitindən
geniş istifadə olundu.
SSRİ-nin dağılmasından sonra
NATO ortaq düşməni
müəyyənləşdirmək baxımından da
90-cı illərdə çətin
günlər yaşadı
və keçmiş SSRİ-nin təsir sahəsinə yayılaraq
varlığını davam
etdirməyə çalışdı.
Lakin Əfqanıstan olaylarından sonra NATO artıq terrorizmə qarşı mübarizəni gündəminə
daxil etdi və təşkilat üzvlərini bir çətir altında toplamaq üçün terrorizmə qarşı mübarizə yeni ortaq hədəf oldu. Bu mənada
soyuq müharibədən
sonra NATO varlığını
davam etdirmək üçün davamlı
olaraq mövcud dünya şərtlərinə
uyğun şəkildə
hədəflərini yeniləməli
oldu.
Yeni təhlükə
mənbələri
2010-cu ilin noyabrın 19-20-də keçirilən Lissabon zirvə toplantısında
təşkilat üzvləri
qarşılaşdıqları və mübarizə aparacaqları yeni təhlükə mənbələri
haqqında ortaq qərara gəldilər. Bu mənbələr bundan sonra 10 il təşkilata
yol göstərəcək
Yeni Təhlükəsizlik
Konsepsiyasında öz
əksini tapdı. İki günlük görüşmələrdə tərəflər ballistik
raketlər və kiber hədələr kimi yeni təhlükə
mənbələrinə qarşı
kollektiv təhlükəsizlik
prinsipləri çərçivəsində
mübarizə aparmağın
mühüm olduğu
qərarına gəldilər.
Bu çərçivədə Lissabon
zirvəsinin üç
əsas gündəm maddəsi vardı: təşkilat üzvlərinin
vətəndaşlarını və torpaqlarını kütləvi qırğın
silahlarına qarşı
qoruyacaq raket əleyhinə müdafiə
sisteminin yaradılması
(RƏMS), kiber təhlükəyə
qarşı mübarizə
və Əfganıstan
məsələsi.
Kiber təhlükə XXI əsrin hədə mənbəyidir və dövlətlərin təhlükəsizlik
maraqlarına yeni-yeni daxil olmaqdadır. Kiber təhlükə internet üzərindən elektron
məktub və ya fərqli proqramlar şəklində
yayılmaqdadır. İnternet
üzərindən hər
hansı dövlətə
məxsus məxfi məlumatlar ələ keçirilə və ya virus proqramları
vasitəsilə dövlətlərin
strateji qurumlarının
güvənliyi təhlükə
altına düşə bilər. Kiber təhlükənin zərəri ənənəvi
müharibə vasitələrinin
vurduğu ziyandan daha böyük ola bilər. Artıq NATO üzvlərindən
ABŞ-ın müdafiə
naziri Robert Qeyts ölkəsinin gələcəkdə çox
böyük bir kiber təhlükə ilə qarşı-qarşıya
qala biləcəyini açıqlayıb. Türkiyə
isə kiber təhlükəni cari ilin oktyabr ayında
yenilədiyi Milli Təhlükəsizlik Siyasəti
Konsepsiyasına əlavə
edib. Bu mənada internetin geniş bir şəkildə ölkəmizdə
istifadəsini nəzərə
alanda kiber təhlükə NATO üzvü
olan ölkələr
kimi Azərbaycan üçün də təhlükə mənbəyi
ola bilər.
NATO Azərbaycanı
dəstəklədi
Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Lissabon zirvə toplantısında diqqət
yetirilən məsələlər
ölkəmizi yaxından
maraqlandırırdı. İlk
növbədə, Lissabon
zirvə toplantısında
Azərbaycanın ən
əhəmiyyətli problemi
olan Dağlıq Qarabağ münaqişəsini
də ehtiva edən bir qərarın qəbulu, digər tərəfdən
ölkəmizin təhlükəsizliyi
baxımından maraq dairəsi ola biləcək məsələlər
bunu şərtləndirirdi.
Lissabon zirvəsinin sonunda qəbul edilən yekun sənəddə Cənubi
Qafqaz ölkələrinin
suverenliyinin, ərazi bütövlüyünün və
müstəqilliyinin təşkilat
üzvləri tərəfindən
dəstəkləndiyi bildirildi.
Gürcüstan və
Azərbaycan bu maddəni çox böyük məmnuniyyətlə
qarşılasa da, Ermənistan etirazını
bildirdi. Hətta Ermənistan Prezidenti Serj Sarkisyan NATO zirvə toplantısında
iştirakdan imtina etdi. Onun bu
addımı Ermənistan
müxalifəti tərəfindən
də dəstəkləndi.
Sarkisyanın zirvədə işitak
etməməyinə səbəb
olan Lissabon zirvəsi yekun sənədindəki, "Biz
(NATO üzvü dövlətlər)
Ermənistan, Azərbaycan,
Gürcüstan və
Moldova respublikalarının
suverenliyini, ərazi bütövlüyünü və
müstəqilliyini dəstəkləyirik"
cümləsi idi.
Lakin Ermənistanın
etirazları heç bir nəticə vermədi və yekun sənəd heç bir dəyişiklik edilmədən
qəbul edildi.
Yekun sənəddə NATO-ya üzv dövlətlərin
Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməsi Ermənistan
tərəfindən NATO-nun
Dağlıq Qarabağ
münaqişəsilə bağlı
Azərbaycanın mövqeyini
dəstəkləmək mənasına
gəlməsi şəklində
analiz olundu. Çünki hər
nə qədər
NATO Baş katibi Anders Foq Rasmussen
"NATO Qarabağ məsələsinə
müdaxilə etmir"
desə də, bu yekun sənəd
Azərbaycan üçün
bir dəstək mənasına gəlirdi. Yekun sənədi Minsk qrupunun həmsədr ölkələri
olan Fransa və ABŞ da dəstəklədi. Bu hadisə, ümumiyyətlə,
Qarabağ danışıqlarında
və xüsusilə də, Astana görüşündən əvvəl
Azərbaycan üçün
psixoloji bir üstünlük yaratdı.
Zirvə toplantısında İran,
Türkiyə və Rusiyanı yaxından maraqlandıran bəzi razılaşmalar baş verdi ki, bunlar
da birbaşa olmasa da, dolayısı
ilə Azərbaycanı
maraqlandırır. Çünki
Rusiya, İran və Türkiyə Azərbaycanın həm sərhəd qonşusu, həm də ikitərəfli münasibətlərində birinci dərəcəli əhəmiyyət
verdiyi ölkələrdir.
Lissabonda daha əvvəl ABŞ layihəsi
olan RƏMS NATO layihəsinə
çevrildi və bu da bütün
üzv dövlətlər
tərəfindən təsdiqləndi.
Bu nöqtədə
RƏMS haqqında qərar
Türkiyənin etirazları
nəzərə alınaraq
qəbul edildi. Bəzi NATO üzvü dövlətlərin RƏMS-nin
hədəfinə İranın
yazılmasının istəmələrinə
baxmayaraq, Türkiyənin
etirazı nəticəsində,
bu, həyata keçmədi. Ayrıca Türkiyənin tələbi
ilə RƏMS NATO üzvlərinin
bütün torpaqlarını
kütləvi qırğın
silahlarına qarşı
qoruyacaq. RƏMS-nin hansı ölkələrdə
yerləşdiriləcəyi isə zirvədən sonra keçiriləcək
görüşmələr nəticəsində müəyyənləşəcək.
Bununla yanaşı, RƏMS-nin idarə sisteminin kimə aid olacağı da müzakirə mövzusudur. Bəzi mütəxəssislər bunun ABŞ-a aid olacağını iddia etsə də, Türkiyə xarici işlər naziri, "NATO-da kollektiv qərar alma mexanizmi var" deyərək bu barədə qərarların bütün
NATO üzvü dövlətlərin
ortaq qərarı ilə alına biləcəyinə işarə
etdi.
Lissabon zirvəsində NATO-Rusiya görüşmələri və
əldə olunan razılaşmalar da NATO gündəminin digər maddələrindən az əhəmiyyətli deyildi
və Azərbaycanı
yaxından maraqlandırırdı.
2008-ci ildə Gürcüstan-Rusiya
müharibəsindən sonra
ilk dəfə NATO-Rusiya komitəsinin bir araya gəlməsi
və əməkdaşlığın
bundan sonra davam etdirilməsi istəklərinin səsləndirilməsi
bölgəmizdəki sabitlik
üçün müsbət
hadisə oldu. NATO və Rusiya
Əfqanıstanda əməkdaşlıq
haqqında razılaşma
əldə etdi,
ABŞ ilə Rusiya arasında 2010-cu ilin aprelin 8-də imzalanan nüvə silahlarının
qarşılıqlı olaraq
azaldılmasına dair
START Anlaşmasının təsdiqlənməsi
üçün razılıq
əldə olundu.
NATO və Rusiya rəsmi heyəti Lissabon zirvəsini iki tərəf arasında gərginliyin bitməsi olaraq qiymətləndirdi. Lakin bu müsbət havanın davam etdirilməsi üçün
əldə olunan razılaşmaların həyata
keçirilməsi şərtdir.
Ayrıca Rusiya RƏMS-də NATO ilə əməkdaşlıq edəcəyini
bildirsə də, bundan sonra detallarla
da maraqlanacağını
və son qərarını 2011-ci ilin
iyun ayında NATO-nun müdafiə nazirlərinin keçirdiyi
görüşdən sonra
verəcəyini bildirdi.
RƏMS-dən başqa
NATO ilə Rusiya arasında Cənubi Osetiya və Abxaziya məsələləri
üstündə ciddi
fikir ayrılığı
mövcuddur. Rusiya ətrafındakı ölkələrin
NATO-ya üzvlüyünə
qətiyyətlə qarşı
çıxsa da, NATO Lissabon zirvəsi yeni üzvlər üçün qapısını
açıq qoydu.
Ümumiyyətlə, Lissabon zirvə
toplantısında qəbul
edilən Yeni Təhlükəsizlik Konsepsiyası
ilə birlikdə NATO-nun ömrü on il daha
uzansa da, avropalı müttəfiqlər
ilə ABŞ arasında
hərbi büdcənin
artırılması, istərsə
də beynəlxalq məsələlərə baxışda
görüş fərqlilikləri
mövcuddur. NATO və Rusiya arasında böhran MDB ölkələrinə mənfi
təsir göstərdiyi
üçün Lissabonda
tərəflərin böhrandan
əməkdaşlıq dövrünə
keçməsi Azərbaycan
və diğər MDB
ölkələri üçün
müsbət haldır.
Cavid VƏLİYEV
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 5.