AFSEA-nın
"Fəlsəfə" jurnalı Beynəlxalq İndeks Mərkəzinin siyahısına daxil edilmişdir
Bu günlərdə ölkəmizə
ictimai elmlərin böyük
uğuru hesab edilə
biləcək şad xəbər gəlmişdir.
Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının
(AFSEA) 2003-cü ildən başlayaraq nəşr
etdirdiyi "Fəlsəfə və sosial-siyasi elmlər" jurnalı baş ofisi ABŞ-da yerləşən Fəlsəfi Jurnal və Kitabların Beynəlxalq İndeks Mərkəzinin (The
Philosopher's Information Center. An International Index to Philosophical Periodicals and Books) siyahısına daxil edilmişdir.
Bir il
əvvəl elmi jurnalların indeksləşdirilməsi
üzrə beynəlxalq
İndex Copernicus'un siyahısına daxil edilən jurnal bu dəfə də ictimai və humanitar elmlər üzrə ilk dəfə olaraq belə bir uğura
imza atmışdır.
Bu hadisə Azərbaycan fəlsəfi
fikrinin beynəlxalq miqyasda yayılması istiqamətində mühüm
addımdır. Bundan sonra jurnalda çıxan bütün
məqalələrin ingilis
dilində xülasəsi
bütün dünya ölkələrinə yayılacaqdır.
Digər tərəfdən,
The Philosopher's Index-in bütün nömrələri Azərbaycan
kitabxanalarına da göndəriləcəkdir. Bu isə
respublikamızın fəlsəfə
ictimaiyyətinə xarici
ölkələrdə aparılan
ən son fəlsəfi
tədqiqatlar barədə
məlumat almaq və müvafiq sahələr üzrə jurnal və kitabları sifariş vermək imkanı yaradacaqdır.
Xatırladaq ki, jurnalın
Redaksiya Şurasına
dünyanın bir sıra ölkələrini
təmsil edən görkəmli elm adamları
daxildir. Redaksiya Şurasının sədri
akademik Ramiz Mehdiyev, jurnalın baş redaktoru - AMEA-nın müxbir üzvü Səlahəddin
Xəlilovdur. Jurnalda Azərbaycanın və xarici ölkələrin tanınmış filosoflarının,
politoloq və sosioloqların elmi məqalələri dərc
olunmaqla yanaşı,
klassik fəlsəfi irs də dilimizə
tərcümə edilir,
türk dünyasının
müasir düşüncə
sahibləri oxucularımıza
müntəzəm surətdə
təqdim olunur, qabaqcıl elmi-fəlsəfi
məktəblərin iş
təcrübəsinin yayılması
məqsədi ilə
AFSEA-nın və jurnalın təşəbbüsü
ilə beynəlxalq forumlar keçirilir, Azərbaycan alimlərinin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin
ölkəmizdə işıqlandırılmasına
geniş yer verilir.
Heç şübhəsiz ki, Azərbaycanda çıxan jurnalın beynəlxalq elmi ictimaiyyət tərəfindən
maraqla qarşılanması
ölkəmizdə gedən
ictimai-siyasi və iqtisadi inkişaf proseslərinin daha bir təzahürüdür.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.-S. 6.