Sosial problemlər həll olunur

 

Goranboy və Göygöl rayonlarında su təchizatının yaxşılaşdırılması ilə əlaqədar yeni layihənin icrasına başlanılmışdır. Bununla əlaqədar Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi yaxınlığında təməlqoyma mərasimi keçirilmişdir.

Tədbirdə bildirildi ki, 3 milyon manatlıq layihə çərçivəsində tikinti işləri iki mərhələdə aparılacaq. Əvvəlcə içməli su mənbələri, magistral xətlər, anbarlar inşa olunacaq, sonra su və kanalizasiya şəbəkələri, təmizləyici qurğular, istehsalat bazaları yaradılacaq. Yeni layihəyə əsasən, 73 kilometr su və 26 kilometr kanalizasiya xətləri çəkiləcək. Magistral su xəttindən Naftalan şəhərinin sakinləri də istifadə edə biləcəklər. Ümumən bu yeni layihə üzrə su təchizatından 76 min, kanalizasiya xətlərindən isə 37 min nəfər yararlanacaq. Artıq mənbələr müəyyən edilmişdir. Goranboya su Ballıqaya ərazisindən, Göygöl rayonuna isə Toğana kəndi yaxınlığından çəkiləcək.

Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq Goranboy rayonunda sosial problemlərin həlli sahəsində geniş işlər görülür. İlk növbədə yollar, küçələr təmir edilir, körpülər, keçidlər sahmana salınır. Bu ilin yaz aylarının aramsız sel-suyu nəticəsində uçub-dağılmış Qarabucaq körpüsü də bərpa olunur. Qırıqlı kəndinə gedən yoldakı körpünün təmirinə də başlanmışdır.

Qışa hazırlıqla əlaqədar Qızılhacılı, Xan Qərvənd, Rəhimli, Veyisli yaşayış məntəqələrində, habelə Dəliməmmədli şəhərində yeni işıqlanma sistemi quraşdırılmış, təqribən 2 kilometr piyada yolu təmir edilmiş, bir sıra küçələrə asfalt döşənmişdir. Bundan əlavə, Balakürd, Gülməmmədli, Səfikürd, Fəxralı, Qurbanzadə və Ağamalıoğlu kəndlərində daxili yollar təmir olunmuş, Goranboy şəhərinin bir çox küçələrinə asfalt çəkilmiş, təzə səkilər düzəldilmiş, Goran və Qızılhacılı qəsəbələri, habelə Şahməmmədli kəndi istiqamətlərində müasir giriş qapıları qoyulmuşdur. Eyni zamanda, yenidən qurulan yolların kənarlarına ağac və gül kolları əkilmiş, Qızılhacılı və Goran istiqamətində yol dairələri, Səfikürd istiqamətində şəlalə kompleksi tikilmiş, müasir üslubda işıqlandırma sistemi qoyulmuşdur.

Heç kimə sirr deyil ki, xüsusən qış aylarında yaranan sosial problemlərin çoxu elektrik enerjisi və təbii qaz təchizatı ilə əlaqədardır. Goranboyda bu məsələyə xüsusi diqqət yetirilir. Son vaxtlar Cinli Boluslu kəndi təbii qazla təmin edilmiş, Aşağı Ağcakənd qəsəbəsinə 38 kilometr uzunluğunda yeni daşıyıcı qaz xəttinin, Aşağı Ağcakənddə, Meşəlidə daxili xətlərin çəkilişi başa çatdırılmış, Goranboy və Dəliməmmədli şəhərlərinin bir neçə küçəsində köhnə qaz xətləri yenisi ilə əvəz olunmuşdur.

Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün Kürəkçay, Dəliməmmədli, Azad, Qazanbulaq, Səfikürd, Gülüstan, Çaylı yarımstansiyalarında əsaslı və cari təmir işləri aparılmışdır. Dəliməmmədli və Kürəkçay şəbəkələrinin yenidən qurulması istiqamətində işlər davam etdirilir. İlin sonunadək Kələk, Xınalı, Əzizbəyov, Səmədabad, Ağamalıoğlu və Qaramusalı kəndlərində 45 elektrik dayağının və köhnə naqillərin dəyişdirilməsi, 10 ədəd transformatorun əsaslı təmiri nəzərdə tutulur. Meşəli, Börü, Qaxtut, Qaraçinar, Şəfəq kəndlərində, Yuxarı Ağcakənd ərazisində salınan yeni qəsəbədə isə SMART kart tipli sayğaclar quraşdırılmışdır.

Goranboy sərhəd bölgəsində yerləşir. Tapqaraqoyunlu kəndində vaxtaşırı atəş səsləri eşidilir. Əhali mərdliklə dayanır, torpaqları qoruyur. Əkin-biçin işləri aparır, ən gərgin günlərdə belə doğma ocaqları tərk etmir, əksinə, yeni-yeni evlər, obyektlər tikir, yollar, küçələr salır. Bu günlərdə kəndin ən baxımlı yerində üçrəngli milli bayrağımız ucaldılmışdır. Bir sözlə, Goranboy yaşayır, mübarizə aparır, düşmənə meydan oxuyur.

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 6.