Peşəkar idmançılar yetişdirən mərkəz

 

Ölkəmizdə inkişafına xüsusi diqqət yetirilən, maddi-texniki bazası mütəmadi olaraq təkmilləşdirilən sahələr sırasında idman mühüm yer tutur. Son illərdə inşa edilən çoxsaylı olimpiya kompleksləri də bunun real təsdiqidir. Lakin etiraf edək ki, hər cür şəraiti olan olimpiya idman komplekslərinin bəzilərində o qədər də diqqəti cəlb etmir.

Nə yaxşı ki, İsmayıllı rayonunda belə deyil. Təxminən bir il bundan əvvəl, 2009-cu ilin 29 oktyabrında İsmayıllı Olimpiya İdman Kompleksinin açılışı oldu. Təntənəli açılış mərasimində ölkə Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak etdilər. Mərasimdəki çıxışında Prezident İlham Əliyev idman kompleksinin tikilib istifadəyə verilməsi münasibətilə rayon sakinlərini təbrik etməklə yanaşı, bu möhtəşəm kompleksdə ölkəmizin şöhrətini ucaldacaq idmançıların yetişəcəyinə əmin olduğunu xüsusi qeyd etdi. İsmayıllı sakinlərinin heç vaxt unuda bilməyəcəkləri həmin görüşdən ötən müddət ərzində Olimpiya İdman Kompleksi, sözün əsl mənasında, idmançılara və idman həvəskarlarına öz qapılarını geniş açıb.

Kompleksin direktoru Tofiq Hümbətov söhbət əsnasında bildirdi ki, ayrı-ayrı bölmələrdə 600 nəfərə yaxın gənc idmanın müxtəlif növləri ilə məşğul olur. Ən başlıcası isə bütün bölmələrdə peşəkar və işə canyandıran məşqçilər məşğul olurlar. Direktorun iki müavini var: təlim-tərbiyə işləri üzrə müavin Namiq Kərimov futbolçudur. İdman sahəsi üzrə müavin Anar Həsənov isə karate üzrə birinci dan qara kəmər ustasıdır. Karate yarışlarında dördqat Azərbaycan çempionuAvropa üçüncüsü olub. Yeri gəlmişkən qeyd edək ki, Anar Həsənovun yetirmələrindən Toğrul Hümbətov (İvanovka kəndindən), Allahverdi Rəcəbov (Kürdmaşı kəndindən) və Ağasəlim Mustafayev (İsmayıllı şəhərindən) bu il Moskvada keçirilmiş yeniyetmələrin dünya kuboku yarışlarında öz çəkiləri üzrə birinci yeri tutmuşlar. Anar müəllim bildirdi ki, karate üzrə növbəti ölkə birinciliyinə də ciddi hazırlaşıblar.

Kompleksdə cüdo, güləş, futbol, mini futbol, ağırlıqqaldırma, voleybol, üzgüçülük, basketbol, yüngül atletika, boks, akrobatika üzrə bölmələr fəaliyyət göstərir. Taekvando, kikboksinq, atıcılıq və trenajor bölmələri də yaxın zamanlarda fəaliyyətə başlayacaq. Məşqlər bütün yaş qruplarını əhatə edir. Birinci dərəcəli məşqçi Əkbər Şəfaqətov (cüdo), idman ustası Bəhmən Əkbərov (yunan-Roma), birinci dərəcəli məşqçi Elşən Əkbərov (sərbəst güləş), SSRİ idman ustası Nazir Əkbərov (cüdo), idman ustası Asif Məmmədov (ağır atletika), Elçin Əzizov (ücgüçülük) və digər məşqçilər çalışırlar ki, öz yetirmələrini yüksək səviyyədə hazırlasınlar. Qızlardan ibarət cüdo bölməsində isə məşqçi Avropa çempionatının iştirakçısı Aysel Osmanlıdır. Maraqlıdır ki, ümumilikdə cüdo ilə kompleksdə 40 nəfərə yaxın gənc və yeniyetmə məşğul olur.

İsmayıllı Olimpiya İdman Kompleksində tez-tez müxtəlif idman federasiyalarının nümayəndələri də qonaq olurlar. Burada beynəlxalq yarışlara da hazırlaşırlar. Biz kompleksdə olarkən ölkəmizin cüdo yığması təlim-məşq toplanışında idi. Kompleksin direktoru Tofiq Hümbətov bildirdi ki, cüdoçularımız kompleksə tez-tez gəlirlər. Sevinirik ki, onların uğurlarının təməlinin qoyulmasında buradakı məşqlər də mühüm əhəmiyyət kəsb edir.

Qeyd etmək yerinə düşər ki, Cüdo Federasiyası kompleksə 3 tatami, 2 elektrik lövhə və 2 elektrik tərəzi hədiyyə edib.

Kompleksdəki ağır atletika zalının bütün təminatı ilə fəaliyyəti isə Ağır Atletika Federasiyasının üzərinə düşüb.

Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrin 7-ci yarışlarının zona birinciliyi, cüdo üzrə respublika çempionatının final yarışları, stolüstü tennis üzrə ölkə finalı, gənclərdən və kişilərdən ibarət yüngül atletika üzrə ölkə çempionatı, həmçinin karatenin müxtəlif növləri üzrə yarışlar məhz İsmayıllı Olimpiya İdman Kompleksində keçirilib.

Müəyyən təşkilatçılıq məsələlərində rayon icra hakimiyyəti rəhbərliyi də qayğısını əsirgəmir. Təqdirəlayiq haldır ki, artıq müəyyən marşrut avtobusları kompleksin yanına gedir. Bu isə məşqə gələnlərin gediş-gəlişini xeyli asanlaşdırıb.

Amma kompleksdə gələcəkdə həllini gözləyən bir məsələ də var. Kütləvi yarışlar zamanı (300-350 nəfər iştirakçı gələndə) kompleksin kiçik kafesi kifayət etmir. Odur ki, bu məqam perspektivdə nəzərə alınmalıdır.

Bəli, gözəl havalı, füsunkar təbiətli İsmayıllı rayonunun Olimpiya İdman Kompleksində Azərbaycanın idman şöhrətini daha da artıracaq gənclər yetişir. Kompleksdəki işgüzarlıq buna əminlik yaradır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 6.