Mərkəzi Seçki
Komissiyası
Milli Məclisə
seçkilərlə bağlı
yekun
protokolunu təsdiq etmişdir
Noyabrın 22-də Məzahir
Pənahovun sədrliyi
ilə Mərkəzi Seçki Komissiyasının
(MSK) növbəti iclası
keçirilmişdir. MSK-nın mətbiat
xidmətindən AzərTAc-a
bildirmişlər ki, iclasda 2010-cu il noyabrın 7-də dördüncü
çağırış Azərbaycan Respublikasının
Milli Məclisinə keçirilmiş seçkilərlə
əlaqədar Mərkəzi
Seçki Komissiyası
tərəfindən seçkilərin
ümumi yekunlarına
dair protokolun təsdiq edilməsi, seçkilərin yekunlarının
yoxlanılması və
təsdiq ediməsi üçün dairə seçki komissiyalarının
protokollarının və
onlara əlavə olunmuş sənədlərin
Konstitusiya Məhkəməsinə
təqdim edilməsi barədə məsələyə
baxılmışdır.
Komissiyanın sədri bildirmişdir ki, Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 7-də keçirilmiş seçkilər ölkəmizin tarixinə müstəsna əhəmiyyətə malik hadisələrdən biri kimi düşəcəkdir. Azərbaycan Prezidentinin 2010-cu il 3 sentyabr tarixli Sərəncamı ilə Milli Məclisə seçkilər 2010-cu il noyabrın 7-nə təyin edilmiş və bundan sonra Mərkəzi Seçki Komissiyasının sentyabrın 6-dakı iclasında Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı təsdiqləmişdir. Mərkəzi Seçki Komissiyasının və aşağı seçki komissiyalarının fəaliyyəti, eləcə də digər seçki subyektlərinin Milli Məclisə seçkilərlə bağlı atdığı bütün addımlar Təqvim Planına uyğun olmuşdur. Seçkilərin hazırlanması və keçirilməsi dövründə Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin və digər qanunvericilik aktlarının norma və tələblərinə riayət olunmuş, seçki prosesi sistemli, mütəşəkkil aparılmışdır. Bu işlərə əsasən seçki təşkilatçılarının beynəlxalq qurumlarla yanaşı, respublikanın aidiyyəti üzrə müxtəlif orqanları da cəlb edilmişdir. Ümumilikdə seçkilər dünyada müəyyən edilmiş demokratik standartlara, seçki qanunvericiliyinin tələblərinə uyğun keçirilmişdir.
Seçki subyektlərinin maarifləndirilməsindən ötrü genişmiqyaslı proqram həyata keçirilmiş, bu istiqamətdə beynəlxalq təşkilatlar və dövlət qurumlarının da iştirak etdiyi çoxsaylı tədbirlər təşkil edilmişdir.
Seçkiqabağı təşviqat dövründə namizədlər bərabər rəqabət şəraitində mübarızə aparmış, Azərbaycanın seçki tarixində ilk dəfə olaraq onlara əlavə təşviqat imkanı yaradılmışdır. Namizədlər seçkiqabağı təşviqat aparmaq məqsədilə İctimai Televiziyanın efirindən ödənişsiz əsaslarla istifadə etmişlər.
Seçkilər zamanı aşkarlığın təmin olunması üçün bütün tədbirlər görülmüş, qanuna müvafiq surətdə mövcud seçki məntəqələrinin 10 faizindən çoxunda veb-kameralar quraşdırılmış, müşahidəçilərin sərbəst fəaliyyəti üçün şəraitin yaradılması nəticəsində səsvermə günü 21 beynəlxalq (xarici) qurumdan 1029 beynəlxalq və 50 mindən çox yerli müşahidəçi, 43 beynəlxalq KİV təmsilçisi seçkilərin gedişini izləmişdir. Yerli KİV-lərin seçkiləri işqılandırmasından ötrü heç bir məhdudiyyət qoyulmayaraq onlardan akkreditə tələb olunmamışdır. Səsvermənin gedişini izləmiş həm yerli, həm də beynəlxalq müşahidəçilər ümumən seçkiləri müsbət qiymətləndirmişlər.
Həm ölkə, həm də beynəlxalq ictimaiyyətin seçkinin nəticələri ilə dərhal tanış olması üçün səsvermə başa çatdıqdan sonra məntəqələr üzrə ilkin nəticələr, seçki dairələri üzrə liderlik edən namizədlər barədə məlumatlar Mərkəzi Seçki Komissiyasının nəzdindəki "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən 24 saat ərzində Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilmiş, yekun protokolları və digər seçki sənədləri məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına qanunla müəyyənləşdirilmiş müddətdə çatdırılmışdır.
Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından Milli Məclisə seçkilərlə bağlı dairə seçki komissiyalarının yekun protokollarını və digər seçki sənədlərini qanunla müəyyən olunmuş qaydada və müddətdə qəbul edib yoxlamışdır. Qeydə alınmış qanun pozuntuları ilə əlaqədar səsvermə günü və ondan sonra Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də qanunla müəyyən olunmuş qaydada və müddətdə araşdırılmış, qanunun tələbinə uyğun qərarlar qəbul olunmuşdur.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri çıxış edərək sədrin fikirlərinə şərik olduqlarını bildirmiş, noyabrın 7-də keçirilmiş seçkilərin ölkədə demokratik institutların daha da güclənməsində, vətəndaş cəmiyyətinin dayaqlarının möhkəmləndirilməsi istiqamətində irəliyə doğru atılmış əhəmiyyətli addım hesab etdiklərini vurğulamışlar.
Daha sonra MSK sədri komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 2010-cu il noyabrın 7-də Milli Məclisə keçirilmiş seçkilərin ümumi yekunlarına dair protokolu ilə tanış etmişdir. Mərkəzi Seçki Komissiyası qərara almışdır ki, 2010-cu il noyabrın 7-də Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin ümumi yekunlarına dair tərtib edilmiş Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Protokolu təsdiq olunaraq, müvafiq sənədlərlə birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunsun.
İclasda ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Seçki Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Milli Demokratiya İnstitutunun (ABŞ) təmsilçiləri, Avropa Şurası baş katibinin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Azərbaycan.- 2010.- 23 noyabr.- S.1, 2.