Azərbaycanda noyabrın 7-də parlament seçkiləri beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun keçirilmişdir

 

Pakistanda urdu dilində nəşr edilən "Əl-Şərq", "Əl-Qəmər", "Daily İslamabad Times", "Daily Mussalman", "Daily Taseer", "Daily Azkaar", "Daily Kainat", "Daily K2" qəzetlərində noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə əlaqədar məqalələr dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalələrdə, çoxminlik müşahidəçi tərəfindən izlənilən, müxalifət də daxil olmaqla, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilərin dinc şəraitdə, beynəlxalq hüquq normalarına və demokratik prinsiplərə uyğun keçirildiyi xüsusi qeyd olunmuşdur. Məqalə müəllifləri seçki komissiyalarının müasir texniki avadanlıqla təchiz olunduğunu, bir çox məntəqədə veb-kameraların quraşdırıldığını, vətəndaşların sərbəst şəkildə istədikləri namizədlərə səs verdiklərini, eləcə də beynəlxalq və yerli müşahidəçilərin səsvermə zamanı qanun pozuntularına rast gəlmədiklərini, Azərbaycanda mükəmməl seçki institutlarının formalaşdığını və vəzifələrinin öhdəsindən layiqincə gəldiyini oxucuların diqqətinə çatdırmışlar.

Məqalələrdə seçkilərin əhalinin iradəsini əks etdirdiyi, seçkiləri müşahidə edən beynəlxalq təşkilatların - Avropa Şurası Parlament Assambleyasının, Avropa İttifaqı Şurasının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, MDB-nin, GUAM-ın seçki prosesini müsbət qiymətləndirdikləri vurğulanmışdır.

Rusiyanın "Vesti Kavkaza" xəbər agentliyinin baş direktoru A.Vlasovun demokratik və intizamlı səsvermə prosesini təşkil etdiyinə görə Azərbaycan xalqına təbriki, AŞ PA-nın seçkiqabağı missiyasının rəhbəri Poll Villinin, Avropa Parlamentinin müşahidə missiyasının rəhbəri A.Jaatteenakinin, Fransa parlamentinin üzvü, beynəlxalq müşahidəçi P.Vitelin səsvermənin beynəlxalq standartlara uyğun keçməsi, seçki prosesinin yaxşı təşkil olunması barədə fikirləri də məqalələrdə öz əksini tapmışdır.

Qəzetlər seçki prosesini bilavasitə müşahidə etmiş beynəlxalq təşkilatların mövqelərini işıqlandırmaqla Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının inkişafını Pakistan ictimaiyyətinin diqqətinə çatdırmışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 7.