Geniş tərkibdə
danışıqlar
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Mahmud Əhmədinejadın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.
Qonaqları səmimi salamlayan Prezident İlham ƏLİYEV mübarək Qurban bayramı münasibətilə Prezident Mahmud Əhmədinejadı və İran xalqını təbrik edərək dedi: - Bu bayram günlərində Azərbaycana səfəriniz xüsusi məna daşıyır. Bu, bir daha onu göstərir ki, Azərbaycan Sizin doğma eviniz, doğma vətəninizdir. Mən çox şadam ki, biz bu gün Sizinlə çox geniş fikir mübadiləsi apardıq, gündəliyimizin, demək olar ki, bütün məsələlərini əhatə etdik. Bir daha gördük və əmin olduq ki, İran ilə Azərbaycan arasındakı münasibətlər dostluq, qardaşlıq zəminində sürətlə inkişaf edir. Biz bütün sahələrdə yaxşı nəticələri görürük, siyasi əlaqələrimiz güclənir. İqtisadi, enerji, nəqliyyat sahələrində işlər yaxşı gedir. Yəni, bizim üçün vacib olan bütün sahələr diqqət mərkəzindədir.
Prezident İlham Əliyev İran Prezidentinin Azərbaycana rəsmi səfərinin yaxşı nəticələri olacağını vurğulayaraq bildirdi: - Səfəriniz ikitərəfli əlaqələrə yeni güclü təkan verəcəkdir. Həmişə olduğu kimi, bundan sonra da İran ilə Azərbaycan arasında münasibətlər sürətlə inkişaf edəcək və iki qardaş xalqa uğurlar, xoşbəxtlik gətirəcəkdir.
* * *
Mübarək Qurban bayramı münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edən İran Prezidenti Mahmud ƏHMƏDİNEJAD belə xoş bir gündə Azərbaycana səfər etdiyindən məmnunluğunu ifadə edərək dedi: - Aramızdakı münasibətlər qardaşlıq münasibətləridir. Öz evimizdə, qardaşlarımızın yanındayıq. Əminəm ki, İrana səfəriniz zamanı Siz də həmin hissləri keçirirsiniz. Biz iki dost və iki qardaş ölkəyik. Necə ki, Siz qeyd etdiniz, münasibətlərimiz çox səmimi münasibətlərdir. Əlaqələrimizin inkişafına heç bir maneə yoxdur. Çox səmərəli danışıqlar keçirdik, bütün müştərək mövzular barədə müzakirələr apardıq.
İran Prezidenti ölkələrimiz arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayaraq bildirdi: - İkitərəfli əlaqələr mövzusu müştərəkdir. Regional və beynəlxalq münasibətlərdə də müştərəyik. İran xalqını müdafiə etdiyiniz şücaətli mövqeyinizə görə təşəkkür edirəm. Biz həmişə bir-birimizin yanındayıq və beynəlxalq təşkilatlarda, dünya birliyində bir-birimizin hüququnu qətiyyətlə müdafiə edəcəyik.
AzərTAc
Azərbaycan.- 2010.- 19 noyabr.- S. 1.