Mahmud Əhmədinejad: İran ilə Azərbaycan arasında münasibətlər qardaşlıq əlaqələri üzərində qurulmuşdur

 

İran ilə Azərbaycan arasında münasibətlər qardaşlıq əlaqələri üzərində qurulmuşdur. Dostluq münasibətləri azalıb-çoxala bilər, qardaşlar isə hər zaman qardaş olaraq qalır.

Bu sözləri Azərbaycanda səfərdə olan İran Prezidenti Mahmud Əhmədinejad noyabrın 18-də keçirdiyi mətbuat konfransında demişdir.

İran Prezidenti ölkələrimiz arasındakı münasibətləri regionda təhlükəsizliyin əsası kimi qiymətləndirərək demişdir ki, biz Azərbaycanın təhlükəsizliyini öz təhlükəsizliyimiz hesab edirik. İran Prezidenti Azərbaycan Prezidenti İlham Əliyev ilə apardığı danışıqları hərtərəfli və müfəssəl danışıqlar kimi xarakterizə etmişdir. O demişdir ki, Prezident İlham Əliyev ilə görüşdə ikitərəfli münasibətlər, regionda vəziyyət və beynəlxalq məsələlər müzakirə edilmişdir. İran Prezidenti bütün məsələlərdə Azərbaycan Prezidenti ilə mövqelərinin üst-üstə düşdüyünü vurğulamış və bildirmişdir ki, xoşbəxtlikdən bütün məsələlərdə fikirlərimiz müştərəkdir. Prezident İlham Əliyev ilə əvvəlki bütün görüşlərimiz də səmərəli olmuşdur. Bu görüşümüz xalqlarımızın gələcəyinə yönələn görüş olmuşdur.

Prezident Mahmud Əhmədinejad demişdir ki, Azərbaycan-İran əlaqələri o qədər möhkəmdir ki, onları heç kim qıra bilməz. Yaxın gələcəkdə isə iki ölkə arasında iqtisadi əlaqələrin həcmi bütün istiqamətlərdə, o cümlədən energetika, nəqliyyat, sərmayə qoyuluşları sahələri xeyli inkişaf edəcəkdir.

İran Prezidenti qaz sahəsində əməkdaşlığın iki ölkə arasında əsas əməkdaşlıq sahəsi olduğunu qeyd etmişdir. Mahmud Əhmədinejad qaz sahəsində əməkdaşlığı uzunmüddətli və geniş əməkdaşlıq adlandırmışdır. Bakıya səfəri çərçivəsində imzalanmış memorandumun bu sahədə əməkdaşlığı daha da genişləndirəcəyini söyləyən İran Prezidenti Xəzər dənizinin statusu ilə bağlı əvvəlki görüşlərdə bir sıra addımların atıldığını, Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçiriləcək zirvə görüşündə isə daha böyük addımın atılacağını bəyan etmişdir. O demişdir ki, qardaşım İlham Əliyevin təşəbbüsü ilə Xəzər dənizi məsələsinə dair görüş olacaqdır. Hesab edirəm ki, Xəzər sülh və əməkdaşlıq dənizi olmalı, konstruktiv əməkdaşlıq hövzəsinə çevrilməlidir. Onun ehtiyatlarından ədalətlə istifadə olunmalıdır.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan İran Prezidenti münaqişənin danışıqlar yolu ilə həll olunmasının vacibliyini vurğulamışdır. O, beynəlxalq qanunlara hörmətlə yanaşdıqlarını söyləyərək demişdir ki, regionda bütün xalqlar sülh və təhlükəsizlik şəraitində yaşamalıdır. Biz qonşuyuq və həmişə bir yerdə yaşayacağıq. Bu məsələ danışıqlar yolu ilə həll olunmalıdır. Bu məsələdə Azərbaycanın və İranın mövqeləri eynidir. Azərbaycanın təhlükəsizliyi və inkişafı İranın təhlükəsziliyi və inkişafıdır.

Prezident Mahmud Əhmədinejad İran qazının Avropaya satışı, İranın nüvə proqramı və digər beynəlxalq məsələlər ilə bağlı suallara da cavab vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 5.