İran Prezidenti Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olmuşdur

 

Noyabrın 18-də İran Prezidenti Mahmud Əhmədinejad Azərbaycana rəsmi səfəri çərçivəsində Təzəpir məscid kompleksində olmuşdur.

Ali qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə qarşıladı.

Prezident Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış oldu. Məlumat verildi ki, Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanmış, burada onun ilkin görkəminə qaytarılması məqsədilə əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi əksini tapmışdı. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə olunmuşdur.

Təzəpir məscidinin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik günbəzlərdə isə "Həmd" surələri həkk edilmişdir.

Sonra Prezident Mahmud Əhmədinejad kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış oldu. Kitabxanadakı 6 min nüsxə nadir əlyazması haqqında ali qonağa ətraflı məlumat verildi. Qeyd olundu ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini studiya yerləşir.

Prezident Mahmud Əhmədinejad burada nümayiş olunan qədim kitablara baxdı, fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

Ali qonağa xatirə hədiyyələri təqdim olundu.

Sonra İran Prezidenti kompleksin konfrans zalında Qafqaz Müsəlmanları İdarəsinin Elmi-Dini Şurasının üzvləri ilə görüşmüşdür.

Şeyxülislam Allahşükür Paşazadə ölkələrimiz arasındakı iqtisadi, siyasi, mədəni əlaqələrdən danışmış və Azərbaycan ilə İran münasibətlərinin yüksək səviyyədə olduğunu diqqətə çatdırmışdır.

İran Prezidenti Mahmud Əhmədinejad Qurban bayramı günlərində qardaş Azərbaycanda olmağından məmnunluğunu bildirmişdir.

İran Prezidenti vurğulamışdır ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri müxtəlif sahələrdə, o cümlədən siyasiiqtisadi sahədə uğurla davam etdirilir.

Ali qonaq səfər çərçivəsində bir sıra səmərəli görüşlər keçirdiyini diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 19 noyabr.- S. 5.