İnsan amilini önə
çəkən sosial və investisiyayönümlü
büdcə
Dünyanın inkişaf etmiş bir çox
ölkələrinin onilliklər boyu keçdiyi
mərhələləri qısa müddətdə arxada
qoyaraq iqtisadi sahədə keçid dövrünü başa
vuran Azərbaycan Cənubi Qafqaz regionunda mühüm rolu,
mövqeyi ilə seçilən lokomotiv dövlətə
çevrilmişdir. Qazanılan nailiyyətlər
heç də yalnız respublikanın zəngin təbii
sərvətləri, intellektual resursları ilə
şərtlənmir. Analoji tərəqqi yolu
keçmiş əksər ölkələrdə olduğu
kimi, Azərbaycanda da mövcud maddi-intellektual potensialın
xalqın mənafeyinə uyğun səmərəli
realizə edilməsi, hər bir fərdin maraq və mənafeyinə
cavab verən milli inkişaf strategiyasının
reallaşdırılması lider amili ilə
bilavasitə bağlıdır. Ötən 7 ildə
ölkəyə inamla rəhbərlik edən Prezident İlham
Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət
Azərbaycanın müstəqil dövlət kimi bölgədə
və dünyada layiqli yerini tapmasını, regional liderliyini
təmin etmişdir.
Səlahiyyətinin
icrasına başladığı ilk gündən
hakimiyyətin xalqa layiqli xidmət vasitəsi olduğunu
bildirən cənab İlham Əliyev bütün
vədlərini əməli işi ilə doğrultmaq üçün
əzmlə çalışmış,
vətəndaşların sosial mənafeyini daim əsas
götürmüşdür. İdarəetməyə mütərəqqilik, yeni ruh və
müasirlik çalarları gətirmiş cənab İlham
Əliyev hökumətin mütəmadi olaraq xalq
qarşısında hesabat verməsini sosal-iqtisadi
sahədə qazanılan nailiyyətlərin başlıca
təminatı hesab etməklə yanaşı, mövcud
nöqsanlar, çatışmazlıqlarla bağlı obyektiv
müzakirələrin açılması yolu ilə
onların tez bir zamanda aradan qaldırılmasına
çalışır.
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi
ilə Nazirlər Kabinetinin 2010-cu ilin 9 ayının
sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında
səslənən məlumatlardan bəlli olur ki, ötən
ilin eyni dövrü ilə müqayisədə hesabat
dövründə ümumi daxili məhsul 4,1 faiz artaraq 29,3
milyard manata, bir işçiyə hesablanmış orta
aylıq əməkhaqqı 6,6 faiz artaraq 319 manata, əhalinin
adambaşına düşən gəlirləri 10 faiz artaraq 2
min 16 manata, adambaşına düşən ümumi daxili
məhsul isə 2,8 faiz artaraq 3 min 286 manata
çatmışdır. Qısa müddətdə
ölkənin ümumi valyuta ehtiyatlarının 28 milyard dolları
ötməsi də dinamik inkişafın real miqyası
barədə kifayət qədər dolğun
təəssürat formalaşdırır.
Ölkənin
ötən 9 ayda sürətli inkişaf yolu keçdiyini,
qarşıya qoyduğu strateji hədəflərə
doğru inamla irəlilədiyini 2011-ci ilin dövlət
büdcəsi də təsdiqləyir. Sözügedən
iclasda dövlət başçısı İlham Əliyev
ötən dövrdə qazanılmış
nailiyyətləri yüksək qiymətləndirmiş, gələn
ilin dövlət büdcəsinin qənaətbəxş
səviyyədə olduğunu demişdir: "2010-cu ildə
müsbət nəticələr göz qabağındadır.
Bunun əlaməti gələn ilin dövlət
büdcəsidir. Gələn ilin dövlət büdcəsi
bu il və əvvəlki illərdə əldə edilmiş,
qazanılmış uğurlar əsasında formalaşıb.
Artıq büdcənin parametrləri
açıqlanıbdır. Gələn il Azərbaycanda
dövlət xərcləri 12 milyard 700 milyon manat
təşkil edəcəkdir. Bu, 15 milyard dollar deməkdir. Bu,
çox böyük rəqəmdir. Əgər biz bu
büdcəni adambaşına hesablasaq, görərik ki,
Azərbaycan bu sahədə qabaqcıl ölkələr
sırasındadır. Büdcə kəsiri də lazımi
səviyyədədir. Yəni, vaxtilə Avropa İttifaqı
tərəfindən qəbul edilmiş meyarların
altındadır. Bu da çox gözəl göstəricidir.
Yəni, Azərbaycanda bu işlər Avropa standartlarına tam
uyğun şəkildə aparılır. Büdcəmiz
həm investisiyayönümlüdür, həm də sosial
məsələlər orada həll olunacaqdır. Sosial
məsələlərin həlli, qeyd etdiyim kimi, bizim
üçün çox vacib məsələdir".
İnkişafa yol açan
büdcə
Azərbaycan dövlətinin iqtisadi inkişaf
potensialı və cəmiyyətin tərəqqisinə
xidmət edən məqsədyönlü tədbirlər
sistemini gerçəkləşdirmək qüdrəti, ilk
növbədə, onun ali maliyyə sənədi olan
büdcə qanununda real təcəssümünü tapır.
İqtisadiyyatın aynası, davamlı
inkişafın barometri sayılan büdcənin real
göstəriciləri və artım səviyyəsi
təkcə vətəndaşların yaşayış
səviyyəsini deyil, ümumən hökumətin
fəaliyyətinin səmərəliliyini, faydalı iş
əmsalını dəyərləndirməyə imkan verir.
Qarşıya qoyduğu bütün
vəzifələri uğurla həyata keçirən
Azərbaycan hökuməti respublikanın iqtisadi
inkişafının bütün detallarının
əvvəlcədən büdcə layihəsində
dolğun şəkildə əks olunmasına
çalışır. Konstitusiyamızın 95-ci
maddəsinə görə, "Azərbaycan Respublikası
Prezidentinin təqdimatına əsasən Azərbaycan
Respublikası dövlət büdcəsinin təsdiq edilməsi
və onun icrasına nəzarət" Milli Məclisin
səlahiyyətinə aid məsələlərdəndir. Bir
qayda olaraq, hər il payız aylarında büdcə
layihəsi Milli Məclisin müzakirəsinə
çıxarılır, hökumət üzvlərinin
iştirakı ilə geniş müzakirə və təhlil
olunur, təkmilləşdirilir. Milli Məclis üzvlərinin
büdcə gəlirlərinin daha məqsədyönlü
istifadə olunması, ayrı-ayrı sahələrə
ayrılan vəsaitlərin bölgüsü ilə
bağlı dəyərli təklifləri əsasən
nəzərə alınır. Bu şəffaf mexanizm
nəticəsində büdcənin formalaşmasında
bilavasitə iştirak edən hər bir vətəndaş
maliyyə vəsaitlərinin bölgüsü və
xərclənməsi ilə bağlı aydın və
dolğun təsəvvürə malik olur.
Azərbaycanın
son illərdə sürətli inkişaf və tərəqqi
yolunda olması, makroiqtisadi göstəricilərə imza
atması da ilk növbədə dövlət büdcəsində
real əksini tapır. Respublikamızın ötən 7
ildəki büdcəsinə nəzər saldıqda həyata
keçirilən iqtisadi islahatların səmərəliliyi
tam təsdiqlənir. MDB dövlətlərinin büdcə
vəsaitləri 2003-2008-ci illərdə 15-20 faiz
artdığı halda, Azərbaycanda bu göstərici orta
hesabla 30-40 faiz təşkil etmişdir. Yalnız bunu demək
kifayətdir ki, 2003-cü ildə cəmi 1,3 milyard ABŞ
dolları təşkil edən dövlət büdcəsi
2011-ci ildə 12 milyard manatı ötəcəkdir.
Bu günlərdə Milli Məclisdə qəbul
olunmuş "Azərbaycan Respublikasının 2011-ci il
dövlət büdcəsi haqqında" Azərbaycan
Respublikasının Qanunu da qlobal böhranın tam
səngimədiyi şəraitdə respublikamızın
qarşıya qoyduğu məqsədlərə doğru inamla
irəliləyən ölkələr sırasında
olduğunu bir daha təsdiqləyir. "Büdcə
sistemi haqqında" qanuna, habelə respublikanın
sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq tərtib
edilən dövlət büdcəsində qlobal
böhranın milli iqtisadiyyatda təsirləri, habelə
2011-2013-cü illərdə gözlənilən
nəticələr bütünlüklə nəzərə
alınmışdır. Növbəti il
üçün büdcə siyasətinin əsas
məqsədləri maliyyə intizamının
gücləndirilməsinə, şəffaflığın
daha da artırılmasına, qeyri-neft sektorunun dayanıqlı
inkişafına, makroiqtisadi vəziyyətin sabit
saxlanılmasına, dinamik inkişafın
stimullaşdırılmasına nail olmaqdan ibarətdir.
2011-ci ilin dövlət büdcəsi əhalinin maddi
rifah halının yaxşılaşmasını, investisiya
qoyuluşlarının həyata keçirilməsini,
makroiqtisadi sabitliyin təmin olunmasını strateji
məqsəd kimi müəyyənləşdirməklə
yanaşı, davamlı inkişafın ümumi
nəticələrini özündə əks etdirir. Büdcə zərfinin məzmunu ölkə
iqtisadiyyatının inkişaf tempinin qorunub
saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki
illərdə olduğu kimi davam etdirilməsini, əhalinin
maddi rifahının təmin olunmasını, sosial
şəraitinin yaxşılaşmasını, investisiya
qoyuluşlarının həyata keçirilməsini,
iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur. 2010-cu
illə müqayisədə 2011-ci ildə dövlət
büdcəsi gəlirlərinin 2 milyard 45 milyon manat
artımı da hökumətin fəaliyyətinin
səmərəliliyi barədə kifayət qədər
dolğun təəssürat formalaşdırır.
Gələn il dövlət büdcəsinin gəlirləri 12
milyard 61 milyon manat, xərcləri isə 12 milyard 748 milyon
manat proqnozlaşdırılır.
Dünya
iqtisadiyyatının tənəzzüldən yenicə
çıxması nəzərə alınaraq dövlət
büdcəsi gəlirlərinin hesablanmasına
mühafizəkar yanaşılmış, 1 barel xam neftin
qiyməti 60 ABŞ dolları civarında
götürülmüşdür. Neftin
qiymətlərinin 70 dollardan yuxarı olacağı
təqdirdə, dövlət büdcəsinin
gəlirlərinin daha yüksək olacağını da
proqnozlaşdırmaq mümkündür. 2011-ci ildə
dövlət büdcəsinin gəlirləri
ənənəvi olaraq fiziki və hüquqi
şəxslərin gəlir, əmlak, torpaq vergiləri,
habelə respublika ərazisinə malların idxalına
görə dəyər və aksiz vergiləri, yol vergisi,
mədən vergisi, gömrük rüsumları, dövlət
əmlakının icarəsi və digər
mənbələr əsasında formalaşacaqdır.
Dövlət
Neft Fondundan büdcəyə daxilolmaların əvvəlki
illərlə müqayisədə nisbətən artaraq 6
milyard 480 milyon manat təşkil etməsi də tamamilə
təbiidir. Nəzərə almaq lazımdır ki, bu il
respublikada 50 milyon tondan çox neft, 28 milyard kubmetr qaz
çıxarılacağı proqnozlaşdırılır.
Respublikamızdan xarici ölkələrə nəql edilən
xam neft və mavi yanacağın həcmi də
ildən-ilə artır. Bu artım təbii olaraq həm
də Dövlət Neft Fondundan dövlət
büdcəsinə köçürmənin
məbləğinin yüksəlməsində əksini
tapır. Yəni, Azərbaycan hökuməti Dövlət Neft
Fonduna daxil olan vəsaitləri ölkənin ümumi
gəlirlərindən təcrid edilmiş halda
götürmür. Bu və digər layihələrin
maliyyələşdirilməsi üçün bu fondun
vəsaitlərindən hər il dövlət
büdcəsinə müəyyən həcmdə
transfertlər edilir. Dövlət Neft Fondu yaradılan zaman da
əsas məqsədlərdən biri məhz ölkə
iqtisadiyyatında makroiqtisadi sabitliyi qoruyub saxlamaq, habelə
strateji əhəmiyyətli layihələri
maliyyələşdirmək olmuşdur.
2011-ci ilin büdcə xərclərinin əsas
prioritetləri yenə də xərclərin sosial və
investisiya yönümlüyünün təmin
edilməsindən, dövlətin müdafiə qabiliyyətini
gücləndirmək üçün tələb olunan
maliyyə ehtiyatlarının yaradılmasından,
ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi
inkişafına dair tədbirlərin, investisiya və sosial
proqramların, xarici borc və öhdəliklərin maliyyə
təminatından və digər tədbirlərdən
ibarət olacaqdır.
İnvestisiya xərcləri
yenə də prioritetdir
2011-ci ilin büdcə xərclərinin
başlıca istiqamətləri sırasında əsas
yerlərdən birini yenə də dövlət əsaslı
kapital qoyuluşları (investisiya xərcləri) tutur - bu
təsnifat üzrə büdcədə 3 milyard 338 milyard manat
vəsait nəzərdə tutulmuşdur. İnfrastruktur layihələrinə
dövlət büdcəsindən ayırmaların
ildən-ilə yüksək templə artması, ilk
növbədə, dövlət başçısı
İlham Əliyevin ictimai həyatın bütün
sahələrində modernləşməyə nail olmaq
istəyindən irəli gəlir. Sovet dövründən
qalmış infrastrukturla müasir Azərbaycanın artan
ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda
davamlı və sabit inkişafa nail olmağın
qeyri-mümkünlüyü yaxşı məlumdur. Müasir
tələblərə cavab verən infrastruktur yaratmadan
sahibkarlığın, turizmin, qeyri-neft sektorunun
inkişafından, mədəni-intellektual inkişafdan
danışmaq qeyri-mümkündür. Dövlət
investisiyaları hesabına əhəmiyyətli infrastruktur,
kommunal və sosial obyektlərin inşası və yenidən
qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi
baxımından vacibdir. Ümumbəşəri sivilizasiyanın
ən yüksək səviyyəyə çatdığı
şəraitdə Azərbaycanın hər bir vətəndaşının normal yaşayışı üçün
kommunal xidmətlərin səviyyəsinin
yüksəldilməsi, zəruri infrastruktur layihələrinin
gerçəkləşdirilməsi, ilk növbədə,
əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz,
içməli su ilə təminatı, yolların
bərpası və yenidən çəkilişi, zəruri
abadlıq işlərinin aparılması dövlətin
başlıca vəzifəsi sayılır.
Müqayisə üçün bildirək ki,
əgər 2006-cı ilin dövlət büdcəsində
investisiya layihələrinin maliyyələşdirilməsinə
600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu
rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə
5,6 milyard, 2010-cu ildə 4,1 milyard manat vəsait
ayrılmışdır. Son illərdə
bu məqsədlə ayrılmış vəsaitlər
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramlarında nəzərdə tutulmuş
məqsədlərin
gerçəkləşdirilməsinə, ilk
növbədə sosial-mədəni infrastrukturun
yeniləşdirilməsinə yönəldilmişdir.
Prezident
İlham Əliyev 2010-cu ilin 9 ayının sosial-iqtisadi
yekunlarına həsr olunmuş iclasda demişdir:
"...Regionlarda işlər müsbət istiqamətdə
gedir. Bütün şəhərlərimiz abadlaşır,
gözəlləşir, müasirləşir və bu,
çox sevindirici haldır. Əlbəttə ki, Bakı -
bizim paytaxtımız, sevimli şəhərimiz
dünyanın ən gözəl şəhərləri
sırasındadır. Bunu təkcə biz yox, Bakıya
gələn hər bir insan görür və qeyd edir. Ancaq
mən istəyirəm ki, bütün
şəhərlərimiz gözəl, abad olsun və orada
yaşamaq üçün bütün şərait olsun.
Regional inkişaf proqramı da məhz bu məqsədlə
qəbul olunmuşdur. Bu gün regionlarda həm təhsil,
həm səhiyyə, həm infrastruktur, həm də
bütün başqa sahələrdə işlər
yüksək səviyyədə aparılır".
Ümumilikdə, regionların sosial-iqtisadi
inkişafı ilə bağlı dövlət
proqramlarının qəbulundan ötən müddət
ərzində regionlarda infrastrukturun bərpası və
inkişafı, əhalinin kommunal xidmətlərlə, o
cümlədən elektrik enerjisi, qaz və su ilə
təchizatının yaxşılaşdırılması,
səhiyyə və təhsil
müəssisələrinin tikintisi, əhalinin sosial
vəziyyətinin daha da yaxşılaşdırılması
istiqamətində mühüm tədbirlər həyata
keçirilmiş, bu sahəyə irihəcmli dövlət
investisiyaları yönəldilmişdir. Bu
müddət ərzində regionların da inkişafında
əhəmiyyətli rolu olan Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası,
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat
dəhlizlərinin yaradılması kimi mühüm
layihələr başa çatdırılmış,
Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına
başlanmış, Azərbaycan regionun əsas iqtisadi güc
mərkəzinə çevrilmişdir.
Bu il
icrası davam edən mühüm layihələr
sırasında Oğuz-Qəbələ-Bakı su
kəməri strateji əhəmiyyət daşıyır. Kəmər istifadəyə verildikdən sonra
Oğuz və Qəbələ ərazisindəki yeraltı su
mənbələri hesabına Bakı şəhərinə
saniyədə 5 kubmetr həcmində su nəql ediləcək
və əhali yüksək keyfiyyətli su ilə təmin
olunacaqdır. Eyni zamanda, Taxtakörpü su
anbarının inşası nəticəsində Bakı
və Sumqayıt şəhərlərinin, ümumilikdə
Abşeron yarımadasının içməli su, suvarma
və texniki su ilə təminatı 2 dəfə
yaxşılaşacaqdır.
Ölkənin
hazırkı dinamik sosial-iqtisadi inkişafı
dayanıqlı infrastrukturun, o cümlədən etibarlı
nəqliyyat sisteminin inkişafını zəruri edir. Regionların sosial-iqtisadi inkişafı
tədbirləri çərçivəsində nəqliyyat
infrastrukturunun təkmilləşdirilməsi məqsədi
ilə 2003-2010-cu illərdə regionlarda 1500 kilometrə
yaxın magistral yollar çəkilmiş və ya
əsaslı təmir edilmiş, 800 kilometr respublika
əhəmiyyətli, 2700 kilometr yerli əhəmiyyətli
yollarda təmir işləri aparılmışdır.
Quba-İspik-Xınalıq, Masallı-Yardımlı,
Gəncə-Daşkəsən-Xoşbulaq, Gəncə-Qazax,
Hacıqabul-Kürdəmir, Biləsuvar-İran İslam
Respublikasının dövlət sərhədi avtomobil yolları
yenidən qurularaq istismara verilmişdir.
Son illər
vətəndaşlara göstərilən kommunal
xidmətlərin yaxşılaşdırılması
istiqamətində də ciddi tədbirlər
görülmüş, paytaxta Almaniya, Rusiya və Yaponiya
istehsalı olan ixtisaslaşdırılmış
maşınlar gətirilmişdir. Yeni texnika və
texnologiyanın tətbiqi ilə məişət
tullantılarının mütəmadi olaraq
yığılması və emalı sahəsində
irəliləyiş təmin olunmuşdur. Azərbaycan
Prezidentinin "Bakı şəhərində
məişət tullantıları ilə bağlı
idarəetmənin təkmilləşdirilməsi
haqqında" 2008-ci il 6 avqust tarixli sərəncamı
isə bu sahədə köklü islahatların
aparılmasında böyük əhəmiyyət
daşımışdır. Sərəncamda qeyd olunan
məqsədlərin reallaşdırılması
üçün "Təmiz Şəhər" ASC
yaradılmış, Balaxanıda bərk məişət
tullantılarının yandırılması zavodunun
inşasına başlanmışdır.
"Ekologiya ili" çərçivəsində
Bakıda ekoloji mühitin
yaxşılaşdırılması, paytaxtda yeni
körpülərin, yolötürücülərin, piyada
keçidlərinin tikintisi, respublika əhəmiyyətli
yollarda əsaslı yenidənqurma işlərinin
aparılması, yeni təhsil, səhiyyə,
mədəniyyət, olimpiya-idman komplekslərinin inşası
da nəzərdə tutulan işlər
sırasındadır.
Sosial problemlərin həlli
diqqət mərkəzindədir
Azərbaycanın 2011-ci il üçün
dövlət büdcəsində sosialyönümlüyün
prioritet təşkil etməsi - bu məqsədlə 33,3 faiz
(ümumilikdə 4 milyard 234 milyon manat), yaxud cari illə
müqayisədə 341,8 milyon çox vəsait
ayrılması sosial məsələlərin daim diqqət
mərkəzində olduğunu göstərir. Bu fakt
deməyə əsas verir ki, ölkəmizin iqtisadi
imkanları artdıqca, sosial müdafiəyə ehtiyacı
olan insanlara daha diqqətlə yanaşılır, həmin
insanların sosial tələbatının
ödənilməsi cəmiyyətin mənəvi
göstəricisinə çevrilir.
Dövlət başçısı İlham
Əliyev bu reallığı daim önə çəkir ki,
sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində
dövlətin başlıca vəzifəsi
mütərəqqi iqtisadi və sosial islahatları həyata
keçirmək, iqtisadi inkişaf prosesində hər bir
vətəndaşın iştirakını təmin
etmək, mövcud potensialdan hər bir fərdin bacarıq
və qabiliyyətinə görə ədalətli
şəkildə yararlanmasına şərait yaratmaqdır.
Dövlətin vətəndaşların həyati
tələbatlarının ödənilməsinə
göstərdiyi qayğı isə özünü
bilavasitə sosial təminat sistemində büruzə verir.
Başqa sözlə, Azərbaycanda uğurla
gerçəkləşdirilən sosial təminat
tədbirləri insanların həyati
tələbatlarının getdikcə daha çox
ödənilməsinə xidmət edir.
Son 7 ildə Azərbaycanda həyata keçirilən
ən ciddi sosial layihələrdən biri də
aztəminatlı vətəndaşlara ünvanlı sosial
yardımları nəzərdə tutan xüsusi dövlət
proqramının həyata keçirilməsidir. Ünvanlı
sosial yardım sisteminin tətbiqi üçün ilkin
tədbir kimi qanunvericilik bazası
formalaşdırılmış, Milli Məclisdə
"Ünvanlı sosial yardım haqqında" Azərbaycan
Respublikasının Qanunu hazırlanaraq qüvvəyə
minmişdir. Nazirlər Kabinetinin iclasında qeyd
olunduğu kimi, hazırda uğurla icra edilən bu proqram
təxminən 600 min insanı əhatə edir: 128 min ailə
hər ay dövlətdən orta hesabla 108 manat yardım
alır. Ünvanlı dövlət sosial yardımının
təyin edilməsi məqsədilə ehtiyac meyarı da
mərhələlərlə ölkə üzrə
yaşayış minimumuna çatdırılır. Ehtiyac
meyarının həddi 2008-ci il yanvarın 1-dən 45 manat,
iyulun 1-dən 55 manat, 2009-cu ilin yanvarın 1-dən 60 manat,
2010-cu il yanvarın 1-dən 65 manat məbləğində
təsdiq edilmişdir.
2010-cu ilin ötən 9 ayında icra olunmuş
dövlət büdcəsi xərclərinin 2 milyard 65 milyon
manatı və ya 30,2 faizi sosialyönümlü
tədbirlərin - təhsil, səhiyyə, sosial təminat,
mədəniyyət sahələrinin maliyyə
təminatına sərf edilmişdir. Bu, 2009-cu ilin eyni
dövrü ilə müqayisədə 124 milyon manat və ya
6,4 faiz çoxdur. Böhranla üzləşən bir
çox ölkələrdən fərqli olaraq, Azərbaycan
hökuməti sosial müdafiə tədbirlərini də
diqqət mərkəzində saxlamışdır. Nazirlər Kabinetinin iclasında da
vurğulandığı kimi, 2010-cu ilin sentyabr-oktyabr
aylarında Azərbaycan Respublikası Prezidentinin
imzaladığı silsilə sərəncamlarla 1,3 milyon
nəfərdən artıq pensiyaçının baza
pensiyalarının 13 faizlik artımı həyata
keçirilmiş, dövlət büdcəsindən
maliyyələşən 800 min nəfərə yaxın təhsil, elm, səhiyyə,
mədəniyyət, kənd təsərrüfatı,
ətraf mühitin mühafizəsi
müəssisələrində çalışanların,
habelə hərbi qulluqçuların və xüsusi
rütbəli əməkdaşların, dövlət
qulluqçusu olmayan mülki şəxslərin aylıq vəzifə maaşları 10 faiz
artırılmışdır. 394 min aztəminatlı
şəxsə dövlət tərəfindən
ödənilən sosial müavinətlərin məbləği
orta hesabla 20 faiz, məcburi köçkünlərə
yemək xərci üçün verilən müavinətin
məbləği 11 faiz artırılmışdır.
14 minə yaxın şəhid ailəsi üçün
müəyyən edilmiş Azərbaycan Respublikası
Prezidentinin təqaüdünün məbləğinə 50
faiz, 87 min nəfərdən artıq doktorant, ali, orta ixtisas
və peşə məktəbləri və peşə
liseylərinin tələbələrinə və
şagirdlərinə verilən təqaüdlərin
məbləğinə orta hesabla 15 faizlik artım tətbiq
edilmişdir.
Azərbaycan Prezidentinin "Kür və Araz
çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətlə əlaqədar
hökumət komissiyasının yaradılması
haqqında" sərəncamına əsasən,
yaradılmış hökumət komissiyası hesabat dövründə
yaşayış yerini itirmiş ailələrə həyati
əhəmiyyətli məsələlərin
həllində zəruri kömək göstərmiş,
mənəvi-psixoloji sarsıntıya məruz qalmış
insanların reabilitasiyası tədbirlərini həyata
keçirmişdir. Bu məqsədlə dövlət
büdcəsindən 320,5 milyon manat vəsait ayrılmış,
həmin məbləğin 98 milyonu aidiyyəti üzrə
xərclənmişdir. Daşqın və
seldən ziyan çəkmiş vətəndaşlar
üçün ən qısa müddətdə müasir
üslubda, zəruri məişət avadanlıqları
ilə təchiz olunmuş yeni yaşayış evlərinin
tikilib istifadəyə verilməsi də dövlətin sosial
məsələlərə necə böyük
həssaslıqla yanaşdığını
göstərir.
Ölkədə
həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların
nəticəsi olaraq Azərbaycan yüksək insan
inkişafı ölkələri sırasına daxil
olmuşdur. Birləşmiş Millətlət
Təşkilatı (BMT) İnkişaf Proqramının 2010-cu
il üçün açıqladığı "İnsan
İnkişafı Hesabatı" bu baxımdan xüsusi maraq
doğurur. 182 ölkənin yer aldığı hesabatda
Azərbaycan Rusiya və Qazaxıstandan sonra 67-ci,
Gürcüstan 74-cü, Ermənistan 76-cı, Türkiyə
isə 83-cü yerdə qərarlaşmışdır.
Məlumat üçün bildirək ki, bu indeks əhalinin
rifahını ümumi daxili məhsuldan daha geniş
şəkildə ehtiva edir və insan inkişafının
üç meyarını özündə birləşdirir:
uzun və sağlam ömür (orta ömür uzunluğu
əsasında hesablanır); təhsil səviyyəsi
(böyüklər arasında savadlılıq,
həmçinin ibtidai, orta və ali məktəblərdə
təhsil alanların say nisbəti əsasında
hesablanır); layiqli yaşayış standartları
(alıcılıq qabiliyyəti pariteti, gəlir
əsasında hesablanır). 2005-ci ildə hesabatda 101-ci
yerdə olan Azərbaycanın 2010-cu ildə 67-ci yerə
yüksəlməsi ölkədə insan amilinə necə
böyük diqqət və həssas münasibətin
olduğunu bir daha təsdiqləyir.
İş adamlarına
yüksək qayğı
Qlobal
böhranla müşayiət olunan 2008-2010-cu illər
Azərbaycan iqtisadiyyatının, guya, yalnız neft amili
üzərində inkişafı ilə bağlı
səslənən bəzi qərəzli iddiaları alt-üst
etmişdir. Xüsusi vurğulamaq lazımdır
ki, qeyri-neft sektorunun dinamik inkişafı sahəsində
əldə olunan nəticələr uğurlu təməlini
həm də regionların sosial-iqtisadi inkişafı
sahəsində həyata keçirilmiş tədbirlərdən
götürür. İnkişaf etmiş dövlətlərin
təcrübəsi də göstərir ki,
iqtisadiyyatın sabit tempini qorumaq üçün regional
inkişafda tarazlılığın, tarixi
məşğulluq ənənələrinin qorunub
saxlanılması vacib şərtlərdəndir. Dövlət başçısı İlham
Əliyevin son 7 illik iqtisadi siyasətində regional inkişaf
məsələlərinə xüsusi diqqət yetirilməsi,
bölgələrin tərəqqisinə yönəlmiş
dövlət proqramlarının, fərman və
sərəncamların imzalanması məhz bu reallığa
əsaslanmışdır.
Dövlət başçısı İlham
Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə
təsdiq edilmiş "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın əsas məqsədi
isə bu sahədə həyata keçirilən siyasətin
davamı olaraq ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat
səviyyəsinin daha da
yaxşılaşdırılmasına nail olmaqdır. Yeni regional inkişaf proqramı bölgələrin
davamlı inkişafı, sosial infrastrukturun yenidən
qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun
tərəqqisi hesabına aradan qaldırılması
üçün kompleks tədbirlər
müəyyənləşdirməklə yanaşı, iş
adamlarının fəaliyyəti üçün də yaxşı
imkanlar açmışdır.
Proqramda özəl sektorun dəstəklənməsi
ilə bağlı nəzərdə tutulan kompleks
tədbirlər təsdiqləyir ki, zəngin iqtisadi
biliklərə, menecment təfəkkürünə malik olan,
dünyada baş verən iqtisadi prosesləri dərindən
bilən Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi
tərəqqisində sahibkarların rolunu
düzgün dəyərləndirir və onlara köməyini
əsirgəmir. Ümumiyyətlə, cənab İlham
Əliyevin ötən illərdə imzaladığı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı,
Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət
Proqramı (2004-2006-cı illər), "Korrupsiyaya
qarşı mübarizə haqqında",
"Sahibkarlığa dövlət maliyyə dəstəyinin
göstərilməsi sahəsində əlavə
tədbirlər haqqında", "Azərbaycan
Respublikası Sahibkarlığa Kömək Milli Fondunun
vəsaitinin istifadəsi qaydalarının
təkmilləşdirilməsi haqqında", "Hüquqi
şəxslərin dövlət qeydiyyatı və
dövlət reyestri haqqında", "Azərbaycan
Respublikasında azad iqtisadi zonaların yaradılması
haqqında" fərman və sərəncamlar, qanunlar,
dövlət proqramları sahibkarlığın
inkişafına təkan vermiş, qeyri-neft sektorunun
inkişafını stimullaşdırmışdır.
Dövlət başçısının 2010-cu il
13 aprel tarixli "Sahibkarlıq sahəsində yoxlamaların
nizama salınması və istehlakçıların
hüquqlarının qorunmasının təmin
edilməsinə dair bəzi tədbirlər haqqında"
fərmanı da bu sahədə həyata keçirilən
dövlət siyasətinin uğurlu davamıdır. Fərman istehlakçıların hüquqlarının
qorunması məqsədilə aparılan yoxlamaların
müasir standartlara uyğun tənzimlənməsi, bu zaman
səlahiyyətlərdən sui-istifadə hallarının
qarşısının alınması,
şəffaflığın təmin edilməsi, alınan
nəticələrin uyğun olaraq istehlakçıların
hüquqlarının effektiv müdafiəsinin təşkili
məqsədi daşıyır. Sənədə
əsasən, Nazirlər Kabineti istehlakçıların
hüquqlarının müdafiəsi məqsədilə
aparılan yoxlamaların vahid qaydasını hazırlayıb
Azərbaycan Prezidentinə təqdim etməlidir. Fərmanla eyni zamanda sahibkarlıq sahəsində
yoxlamaların mütəmadiliyi haqqında məlumatın
əldə edilməsini mümkün edən, Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi tərəfindən
aparılan vahid məlumat reyestrinin forması və
aparılması qaydalarının hazırlanması
nəzərdə tutulur. Sahibkarlıq sahəsində
aparılan yoxlamalar isə həmin reyestrdə qeydə
alındıqdan sonra həyata keçirilə bilər.
Nazirlər Kabinetinin son iclasında
açıqlanmış rəqəmlər göstərir ki,
2010-cu ilin müvafiq dövründə sahibkarlara maliyyə
dəstəyinin artırılması, onların
güzəştli kreditlərə çıxış
imkanlarının genişləndirilməsi istiqamətində
fəaliyyəti davam etdirilmiş, bu məqsədlə
Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə
1016 sahibkarlıq subyektinə 81 milyon manat
məbləğində güzəştli kreditlər
verilmişdir. Ayrılmış vəsaitin 62
milyon manatı və ya 76,1 faizi kənd
təsərrüfatı məhsullarının istehsalı
və emalını stimullaşdıran infrastruktur
layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye
məhsullarının istehsalı və emalı
layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm
infrastrukturunun inkişafı layihələrinə
yönəldilmişdir. Bütövlükdə
ayrılmış kreditlərin 44 milyon manatı və ya 54
faizi dövlət büdcəsində Sahibkarlığa
Kömək Milli Fondu üçün nəzərdə
tutulmuş vəsait hesabına həyata keçirilmişdir.
Nazirlər
Kabinetinin 2010-cu ilin 9 ayının yekunlarına həsr
olunmuş iclasının təhlilinə nəzərən
əminliklə demək olar ki, ulu öndər Heydər
Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai
zərurətə çevrilmişdir. Bu kursu
layiqli şəkildə davam etdirən dövlət
başçısı cənab İlham Əliyev bütün
məsələlərdə milli maraq və mənafeləri
uca tutur, ölkə vətəndaşlarının arzu və
istəyini gerçəkləşdirmək üçün əzmkarlıqla
çalışır. Bu fakt bir daha
göstərir ki, Azərbaycan Prezidentinin fəaliyyətinin
əsas qayəsi xalqa və dövlətə sədaqətli
xidmət prinsipi üzərində qurulmuşdur.
Əminliklə demək olar ki, Azərbaycan xalqını
xoşbəxt gələcəyə aparan bu siyasət bundan
sonra da uğurla davam etdiriləcək, respublikamız
cənab İlham Əliyevin rəhbərliyi altında öz
inkişaf tempini daha da sürətləndirəcək və
qabaqcıl dövlətlər arasında layiqli yerini
tutacaqdır.
Müşfiq ATAKİŞİYEV
Azərbaycan.- 2010.- 24 noyabr.- S. 8.