Dost ölkədən xoş təəssüratla

 

Azərbaycanın bir qrup media təmsilçisi türk dünyasının ayrılmaz bir parçası olan Şimali Kipr Türk Cümhuriyyətinə - coşğun dalğaların qoynunda qərar tutmuş bu doğu Ağdəniz adasına sadiq bir dost, vəfalı bir qardaş evi kimi qədəm qoydular. Həm də bu uca türk ulusunun cümhuriyyət bayramı ərəfəsində.

Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDDF) təşkilatçılığı və maliyyə dəstəyi ilə "Beynəlxalq media təcrübəsinin öyrənilməsi və tətbiqi" layihəsi əsasında həyata keçirilən bu səfərdə əsas məqsəd bu ölkənin KİV nümayəndələri ilə görüşmək, demokratik mətbuat və söz azadlığının inkişafı yönündə onlarla təcrübə və informasiya mübadiləsi aparıb öz təcrübələrini bölüşmək, həmçinin 9 min illik zəngin bir tarixə malik olan Kiprinonun əbədi sakinləri olan türk qardaşlarımızın həyatı, məişəti, adət-ənənələri ilə daha yaxından tanış olmaq idi.

Azərbaycanın media təmsilçilərinin qardaş ölkə ilə ilk tanışlığı Şimali Kipr Türk Cümhuriyyətinin banisiilk prezidenti Rauf Denktaşla görüşdən başladı. KİVDDF-nun icraçı direktoru Vüqar Səfərli cəmi 19 il bundan öncə 70 illik imperiya əsarətindən qurtulub öz azadlığına qovuşmuş Azərbaycanımızın qısa bir zaman çərçivəsində həyatın bütün sahələrində qazandığı misilsiz nailiyyətlərdən, türk və Azərbaycan xalqlarının sarsılmaz dostluğundan söz açdı. Şimali Kipr Türk Cümhuriyyətinin bugünkü azadlıq və müstəqilliyinin məhz ulu bir şəxsiyyət, haqq və ədalət mücahidi kimi R.Denktaşın adı ilə bağlı olduğunu vurğuladı. R.Denktaş isə Azərbaycanın KİV təmsilçilərinin böyük heyətdə bu ölkəyə gəlişini cümhuriyyətin qurulmasının 27-ci ildönümü ərəfəsində Şimali Kipr türklərinə ən qiymətli bayram töhfəsi kimi dəyərləndirdi. R.Denktaş dünyanın hakim dövlətlərinin Azərbaycan-Ermənistan və Dağlıq Qarabağ kimi, Kipr probleminə də ikili standartlar siyasəti sərgilədiklərindən, adanın cənub tərəfinə hər cür dəstək verib, hətta onun Avropa İttifaqına üzv qəbul edilməsinə yardımçı olduqları halda Şimali Kiprə sərt embarqolar qoyub, onun ağır faciələr bahasına əldə etdiyi müstəqilliyini belə tanımaq istəmədiklərini ən böyük haqsızlıq, ədalətsizlik adlandırdı. Şimali Kiprin beynəlxalq təcriddən xilası və Azərbaycan torpaqlarının erməni işğalından qurtulması üçün türk dövlətlərinin dəstəyinə böyük ehtiyac olduğunu vurğuladı. O, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir" ifadəsini bir daha səsləndirərək, bu təkrarsız tezisi artıq "Bir millət, üç dövlət" kimi ifadə etməyin vaxtıdır - dedi.

KİV təmsilçilərinin növbəti görüşü ŞKTC-nın Prezidenti Dərviş Eroğlu ilə oldu. Azərbaycanın media nümayəndələrinin cümhuriyyətin ildönümü ərəfəsində Şimali Kiprə gəlişindən məmnun qaldığını bildirən ölkə rəhbəri 20 illik haqq mücadiləsindən sonra öz müstəqilliyinə qovuşmuş Şimali Kiprin azad bir dövlət kimi beynəlxalq aləm tərəfindən hələ də tanınmamasından təəssüfləndiyini bildirdi. Bu cür ədalətsiz siyasətin özünə embarqo qoyulmasının vacibliyini vurğulayan ölkə rəhbəri bu haqsızlığa qarşı mübarizədə böyük iqtisadisiyasi gücə malik Türkiyə kimi, Azərbaycana da böyük ümidlə baxdığını qeyd etdi. Azərbaycan dövlətinin və xalqının öz qan qardaşları olan Şimali Kipr türklərinin problemlərini öz milli problemləri qismində gördüyünü vurğulayan KİV nümayəndələrimiz qeyd etdilər ki, Türkiyədən sonra Şimali Kiprə yalnız Azərbaycandan təyyarə reysinin açılması, ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin dəfələrlə bu ölkəyə etdikləri səfərlər, bu gün isə Azərbaycanın media nümayəndələrinin böyük bir heyətdə Şimali Kiprin cümhuriyyət bayramına qatılması xalqlarımız və ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin sarsılmazlığına və əbədiyaşarlığına əyani sübutdur.

Media nümayəndələrimizin Şimali Kiprin azadlıq mücahidləri ilə görüşüçox maraqlı oldu. Onlar rumların və yunanların Kiprin 103 kəndində törətdikləri ağlasığmaz qətliamlardan, yenicə doğulmuş körpələrə, ağsaqqal və ağbirçəklərə belə rəhm etmədən ev-eşikləri ilə birlkdə yandırıb külə döndərmələrindən, on minlərlə insanın öz doğma ata-baba yurdlarından didərgin düşmələrindən ürək ağrısı ilə danışdılar. Şimali Kiprdə törədilən qətliamlardan söz açıldıqca erməni qəsbkarlarının 1905-1907-ci, 1918-1920-ci və 1988-1993-cü illərdə Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Xocalıda törətdikləri dəhşətli faciələr, soyqırımlar kino lenti kimi gözlərimiz önündən keçirdi. Media nümayəndələrimiz həmin azadlıq mücahidləri ilə birgə ölkənin müxtəlif şəhərlərindəki şəhidlər xiyabanlarında oldular, həyatlarını Şimali Kipr Cümhuriyyətinin bugünkü müstəqilliyi yolunda qurban verənlərin ruhuna dualar oxudular.

Səfər müddətində media təmsilçilərimiz Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri Hüseyn Özgürgünlə, Mülkü Müdafiə Təşkilatının sədri Levent Akuildızla, Turizm Planlama Dairəsi müdiri Turqut Müslu və XİN İnformasiya Dairəsi müdiri Sermed Eminlə də maraqlı görüşlər keçirdilər. Həmin görüşlər zamanı xalqlarımızın tarixi dostluq əlaqələrindən ətraflı söhbət açıldı və bu əlaqələrin daha da möhkəmləndirilməsi ilə bağlı təkliflər səsləndirildi. Azərbaycanın media nümayəndələrinin əsas görüş məntəqələrindən biri də ölkədəki KİV redaksiyaları oldu. Hazırda ölkədə 13 KİV redaksiyası fəaliyyət göstərir. Onların arasında öz auditoriyasının genişliyinə və iritirajlılığına görə ən çox diqqəti cəlb edən "Bayraq" Teleradio Qurumu, "Kıbrıs" Teleyayım Şirkəti və eyni adlı qəzetdir. Ölkədə çap olunan mətbu orqanların tirajı Azərbaycan qəzetləri ilə müqayisədə xeyli az olsa da, redaksiyalar öz texniki avadanlıqlarının zənginliyinə görə ən böyük dövlətlərin mətbu orqanları ilə yarışa girə bilər. KİVDDF-nın icraçı direktoru V.Səfərli görüş zamanı Şimali kiprli həmkarlarına bildirdi ki, milli mətbuatımızın 135 illik yubileyi münasibətilə Azərbaycanın dövlət rəhbəri bu yaxınlarda dünyada analoqu olmayan bir addım atdı. Prezidentin sərəncamı ilə jurnalistlərin sosial durumunun yaxşılaşdırılması və mənzil problemlərinin həlli ilə əlaqədar 5 milyon manat həcmində pul ayrılıb. Bu, azı 100 nəfər jurnalistin dövlət hesabına mənzillə təmin olunmasına imkan yaradacaq. İcraçı direktor onu da qeyd etdi ki, ölkə Prezidentinin fərmanı ilə yaradılmış Fond fəaliyyətdə olduğu iki ilə yaxın bir müddətdə bir çox layihələrin gerçəkləşməsinə yardımçı olub. Qəzetlərə və informasiya agentliklərinə birbaşa maliyyə yardımları edilib. Hər il müxtəlif mövzularda ən yaxşı jurnalist yazıları üçün müsabiqələr keçirilir. Həm jurnalist təşkilatlarının, həm də fərdi jurnalistlərin yararlandığı bu cür müsabiqələr istər mətbuatın inkişafında, istərsə də jurnalistlərin peşəkarlığının artırılmasında mühüm rol oynayır.

"Kıbrıs" Televiziya Yayım Şirkətinin, həmçinin "Kıbrıs", "Yeni düzən", "Xalqın səsi", "Bolkan", "Ortam", "Havalis", "Afrika" və digər qəzetlərin əməkdaşları Azərbaycanda mətbuatın inkişafına göstərilən bu cür dövlət dəstəyini yüksək qiymətləndirdilər və bu təcrübənin öz ölkələrində də tətbiqinə çalışacaqlarını bildirdilər.

Media təmsilçilərimiz Şimali Kipr Türk Cümhuriyyətinin mətbu orqanlarındakı texnoloji yeniliklərlə də tanış oldular, iki qardaş ölkənin mətbu orqanları arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı münasibətlər qurulması yönündə müzakirələr apardılar. Media təmsilçilərimiz dünyanın 55 ölkəsindən 17 min nəfərdən artıq tələbənin təhsil aldığı Yaxın Doğu Universiteti, Uluslararası Kıbrıs UniversitetiDoğu Akdeniz Universitetində də görüşlər keçirdilər. Yeri gəlmişkən qeyd edək ki, Yaxın Doğu Universiteti dünyanın ən məşhur təhsil ocaqları ilə rəqabət apara biləcək bir təhsil məbədidir. Burada günün 24 saatını işləyən zəngin kitabxana, kompüter və mədəniyyət mərkəzləri, xəstəxana, müxtəlif xəstəlikləri araşdırma laboratoriyaları, hər cür avadanlıqla təchiz olunmuş yaraşıqlı yataqxanalar, örtülü üzmə hovuzu, stadion, radio-televiziya studiyaları KİV nümayəndələrimizdə xoş təəssürat oyatdı. Ən maraqlısı isə ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclərlə görüş oldu. Təkcə Doğu Akdeniz Universitetində 170 nəfər azərbaycanlı gənc oxuyuronlar universitetin bütün tədbirlərində yaxından iştirak edirlər. Fərəhlidir ki, digər ölkə gənclərindən fərqli olaraq Azərbaycandan gələnlər həmin universitetə 50 faiz güzəştlə qəbul olunur.

Noyabrın 15-də Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin 27-ci ildönümü münasibətilə keçirilən hərbi paradda və ölkə rəhbərinin Giçnə şəhərindəki "Merkuri" otelində verdiyi rəsmi ziyafətdə iştirak edən media təmsilçilərimiz qardaş ölkədən doğma vətənə xoş təəssüratla qayıtdılar.

 

 

Zeynal VƏFA

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 10.