Deyirlər ki, TOY olacaq TOY sahibi soyulacaq

 

Hər bir valideynin həyatında həsrət, səbirsizlik və böyük sevinclə gözlədiyi günlərdən biri övladının xeyir işidir. Oğlan evi ilə hər şey aydın olsa da, qız anası tədarükünü körpəsi dünyaya gələndən görür. Hansı ana istəməz ki, övladını cah-calalla, bol cehizlə yola salmasın? Oğlan tərəfi də, heç şübhəsiz, gələcək ailə üçün ayrıca mənzil, qır-qızıl qayğıları ilə yaşayır. Amma nə yaxşı ki, bütün bu toyqabağı qaçaqaçın, əbəs mübahisə və əsəb müharibələrinin, söz-söhbətin bir şirin sonluğu var - toy!

Zövqlə bəzədilmiş gəlin maşını, həzin "Vağzalı ", qız anasının narahat göz yaşları, özgə ocağına pərvazlanan ciyərparasına ata xeyir-duası, dəbdəbədə Şərq padşahlarının saraylarına dədəboyu verəcək şadlıq evləri, teatrlaşdırılmış qarşılanma mərasimi, bəylə gəlinin "razıyam! " kəlməsindən sonra süzülən şampan şərabı, atılan fişənglər, həzin musiqi sədaları altında ifa edilən ilk vals və ... toy başlayır.

Toy xalqımızın ən gözəl və ulu ənənələrindən biridir. Bu gün onun milli-tarixi kanonlarına nə dərəcədə əməl edildiyindən danışmayacağıq. Başqa bir, həm də çox ciddi və ən müxtəlif yanaşmalara mövzu verəcək söhbətdir. Bu mərasim neçə insanın sevincinə, iki gəncin qovuşmasına, gələcək ailənin təməlinin atılmasına hesablansa da, nəticəsi müxtəlif olur.

 

"Qonşuda toy oldu, bəs mənə nə oldu? "

 

Ölməz Rəşid Behbudovun bənzərsiz ifasında səslənən mahnılardan birinin mətnindəndir bu misralar. Sözlərini də, bəstəkarını da unutduğum bu mahnını bəlkə də bir 30 il əvvəl dinləmişəm.

O vaxtlar toy eləməyin bir özgə ləzzəti və türfə qayğıları vardı. Nə gizlədək, Allahın qır-qızılı tapılmırdı, gəlinin pal-paltarından tutmuş şirniyyata kimi hər şey ən yaxşı halda "Azərittifaq "ın bazasından, bəd ayaqda isə Moskvadan tədarük olunurdu. Əli ora çatmayanlar da "həri "də, nişanda üzlərinə urvatlı bir şey tutub aparmaq üçün özlərini verirdilər "kubinka "ya.

Hələ bu harasıdır?! Şəhərdə şadlıq evi qıtlığı vardı; yer kirələmək üçün camaat "Azdrama"nın yanında yerləşən "dombıt "ın qabağında gecədən növbə tuturdu. O ki qaldı yemək-içməyinə, ətindən, içkisindən tutmuş göyərtisini arıtlamağacan sənin boynunda idi. Toy yiyəsi bilmirdi plovun zəfəranına baxsın, yoxsa ortaya düşüb qonaqlarını oynatsın.

Ancaq orası da vardı ki, camaat süfrədəki təamları nuşcanlıqla yeyirdi, çünki arxayın idi ki, hər şey keyfiyyətlidir. Nə salatdan, məzədən mədəsi pozulan olacaqdı, nə də ətdən-balıqdan zəhərlənən.

Musiqiçilər elimizin sayılıb-seçilən sənətkarları idilər. Qiymətlər kəllə-çarxa çıxmamışdı.

Gəlin maşını qırmızı lent və gəlinciklə bəzədilərdi.

Bəy ilə gəlinə hədiyyə kimi gündəlik həyatda, məişətdə lazım olan hədiyyələr verilərdi.

Toy sahibi üstünə dağ kimi çökən borclarını necə qaytaracağı deyil, qonaqlarını məmnun yola salmaq barədə düşünürdi.

Bir də ki o vaxtlar toylar qıt idi ya nədir, insanlar qohum-qardaşın, dost-tanışın toyunu səbirsizliklə gözləyərdilər, üzlərdən təbəssüm əskik olmazdı, üstü zurna-qaval şəkilli balaca dəvətnamələri alanda alışdırıcısı çəkilmiş qumbara görürlərmiş kimi sarılarını udmurdular.

Və ən ümdəsi ... zəmanədəndi, ya da insanlardan, bu cür izdivaclardan yaranan ailələrin xoşbəxtlik indeksimi deyək, əmsalımı adlandıraq, yüksək idi.

Duyğularımızın nostalji tellərində oynayan o xatirələr qaldı keçmişdə. Bəs indi?

 

"Bu toy mənə toy tutdu "

 

Nə qədər ki, həyat var, sevibsevilənlər var, izdivaclar da olacaq. Və həmin günü izdivacın rəsmi satisfaksiyasından iki sevən gəncin həyatının ən əlamətdar, yaddaqalan anına, milli-mənəvi dəyərlərimizin, tarixi-mental baxışlarımızın örnəyinə çevirmək hər bir ata-ananın ülvi arzusudur.

Amma təəssüflər olsun ki, istəklə imkan bəzən üst-üstə düşmür.

Bu gün toya hazırlıq proseslərini asanlaşdıran, belə deyək, münbit şərait mövcuddur.

Şadlıq evlərinin sayına görə "səkkizliy"ə daxil olan ölkələr nəinki təklikdə, lap elə bir yerdə də Azərbaycana qibtə edə bilər.

Şou-biznes əhlinin "toy tutmaq" azarı bir vaxtlar okeanın o tayındakı "Yeni dünya"da torpaq tutanların vəhşi azartını kölgədə qoyub.

Gəlin üçün geyim-kecim sarıdan heç bir nigarançılıq yoxdur; İtaliyanın brendlərindən tutmuş Çinin "şirpotreb"inədək nə cür mal istəsən, tapa bilərsən. Qızıl dükanları əfsanəvi Eldoradonu xatırladır. Mebel üçün də dağa-daşa düşməyə ehtiyac qalmır, dükanlarda ürəyin istəyən müxəlləfatı tapa bilərsən. Təki pulun olsun.

Hə, elə "Kərəmi də burda ağlamaq tutur ".

Şadlıq evləri, menyular, musiqiçilər və hətta gəlin maşınları da toy sahibinin cibinə uyğun olaraq təsnifatlaşıb. İmkanlıların ifrat canfəşanlığı, "əliaçıqlığı " nəinki sıradan vətəndaşlar, bütövlükdə toy mədəniyyəti, süfrə mədəniyyəti, musiqi mədəniyyəti üçün ciddi metamorfozlar yaşadır. "Ayaqları yorğanından çıxan" toylar idbarlaşmaqla, ifratlaşmaqla, bayağılaşmaqla insanların cibi, büdcəsi ilə yanaşı zövqünü də, əbədi dəyərlər haqqında meyarlarını da həyasız şövqlə çığnayıb tapdalayır. "Qonşudan qalma dala " kimi meşşan fəlsəfə toy sahibini neçə aylıq, bəzən də illik borc və xəcalətin girovuna çevirir.

Ancaq neyləməli? Valideynlər övladlarının xoşbəxt günündə onların arzularına xilaf gedə bilmirlər. Belədə, pul kisəsinin ağzını geniş açmaq lazım gəlir. Bu gün gəlinlik paltarının alınması, yaxud icarəyə götürülməsi (bu da bir gəlirli biznes sahəsidir-X.N.) bir neçə yüz manatdan bir neçə min manatadək başa gələ bilir. Gəlin maşını markasından asılı olaraq 1000 manatadək, gül dəməti iki-üç yüz manat həndəvərində, gəlinin ənlik-kirşan və saç düzümü xərcləri isə 300-700 manat civarında "rəqs eləyir". Sonra gəlir cürbəcür fişənglərdən tutmuş toyun axırındakı atəşfəşanlığa qədər müxtəlif vizual effektlərin xərcləri... üç-dörd min manat da bu cür "fələyin badına" gedir.

Heç şübhəsiz, bu qəbil məsələlər müvafiq normativ aktlarla tənzimlənmədiyi üçün kiməsə əndazəni aşdığını, kimlərəsə nimdaş toy keçirdiyini irad tutmaq mümkün deyil. Ancaq hər birimiz yaşadığımız reallıqlar barədə hər kəsin kifayət qədər ayıq və obyektiv anlayışa sahib olduğunu düşünərək toylarda ifrat nümayişkəranəliyin mənfi rezonans və nəticələr doğurduğu qənaətindəyik. Və bu gün şou əhlinin toylara fantastik qiymətlərə getməsinin, şadlıq evlərinin açıq-aşkar "verdiyim budur; yesən də, yeməsən də " siyasəti yürütməsinin də kökündə bəzi toy sahiblərinin harınlığı dayanır.

 

"Oliqarx" müğənnilər və inhisarçı toyxanalar

 

İnsana görüb-götürmək vərdişi xasdır. Hər şeyin yaxşısına, mütərəqqisinə, zövqlüsünə sahiblənmək istəyində pis nə var ki?! Ancaq ölçüsündə, mizanında, həddində. Bizim musiqiçilərin türk sənətçilərinə oxşamaq istəyi çoxunu incəsənət adamından şou əhlinə çevirdi. Etiraf edək ki, azərbaycanlı həmkarlarını türklərin sənəti deyil, ilk növbədə aldıqları para, yüksək qonorar maraqlandırıb həmişə. Ancaq nə sirri-xudadırsa, aborigen "manıslar" o pulu böyük zallarda, əsl sənətə qiymət verməyə qabil insanların toplaşdıqları salonlarda deyil, içkinin baş dumanlandırdığı, səs-küyün ərşə dayandığı, canlı musiqi əvəzinə "fanera "nın sırındığı (hörmətli sənətkarlarımızdan biri bu cür müğənnilərə yaxşı ad da qoyub: səsini cibində gəzdirənlər) toy məclislərində "qazanırlar ".

Bəli, bugünkü toyların baş töhmətindən biri də toy müğənnilərinin kəllə-çarxa çıxan "preyskurantlarıdır". 10-12 min manata toy aparan, məclisi yarım saat "feyziyab edəcəyinə" 3-5 min manat istəyən müğənnilər var. Deməli, verən var ki, istəyirlər. Bax, problemin kökü də elə bundadır. Alimin elminə, yazarın sözünə qiymət qoymayanlar hələ bir yüz dəfə "Sağ ol!" deyə-deyə bir akademikin iki illik maaşını iki-üç saat səhnədə təlxəklik edib bağıran birisinə verirlər. Belələri ətrafın haqlı qınaq və iradlarından sığortalanmaq üçün - Əşi, uşaqların arzusu idi. Özləri bu müğənniləri istədilər! - söyləyirlər.

Nə yaxşı ki, həqiqi sənət, sənətkar və zövq mədəniyyəti bütün zamanlarda pulun kəmiyyət ölçüsü ilə müəyyənləşməyib.

Yuxarıda da qeyd etdiyimiz kimi, son bir neçə ildə paytaxtda şadlıq evlərinin sayı həndəsi silsilə ilə artıb. Bakının 100 hektarlarla yaşıllıq ərazisi viran qoyularaq biri-birindən həşəmətli, zəngin şadlıq evləri tikilib. Elə bu cür obyektlərin çoxluğu son dərəcə gəlirli biznes sahəsi olduğunu təsbit edir. Nahaq yerə bizlərin türfə məziyyətlərindən birinin də yeyib-içmək olduğu deyilmir ha!

Ancaq toyxanalara müraciət edənləri məyus edən daha ciddi səbəblər mövcuddur. Bunu başına gələn bütün "başmaqçılar" bilir.

Hər bir şadlıq evində hazır menyular var. Onların qiyməti 25-30 manatdan 150-200 manatadək dəyişir ki, hər kəs cibinə uyğun olanı seçə bilsin. Ancaq müştərinin istəyindən asılı olaraq hansısa soyuq qəlyanaltı yaxud isti yeməyi dəyişmək, təklif olunan bəzi təamlardan imtina etmək mümkün deyil. Müştəri yeyilməyəcəyinə əmin olduğu, mənbəyi, keyfiyyəti onu şübhələndirən qida məhsullarını siyahıdan çıxara bilmir. Qiymətlər üzü ən azı bir neçə toy görmüş bahalı içkilərin və növbəti toyadək soyuducuda gecələyən salatların hesabına şişirdilir. Səsi akustik normaları üstələyən musiqinin əlindən başını götürüb qaçanların hesabına mətbəxə verilən sifariş müqavilədə nəzərdə tutulduğundan qat-qat aşağı olur ki, bu da müştərinin açıq-aşkar aldadılması deməkdir. İstisnasız olaraq bütün şadlıq evlərində "yedi-içdi var, apardı yoxdu" prinsipi hökm-fərmadır. Axı, istənilən əmtəəşünas bir nəfərin bir oturuma 50-200 manatlıq ərzaq yeyə bilməyəcəyini təsdiq edə bilər.

Görünəni odur ki, son beş-on ildə öz inkişafının az qala sənaye relslərinə qədəm qoymuş toyxana biznesi inhisarçı siyasət yeridərək öz şərtlərini diktə edən monstra çevrilib. Həmin şərtlər isə birmənalı olaraq bir istehlakçı kimi biz vətəndaşların hüquqlarının pozulmasına yönəlib. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin keçirdiyi monitorinqlər də bu sahədə kifayət qədər problemin toplanıb qaldığını təsdiq edir.

Bəli, bu gün toy şənliyinə dəvətnamə alanların bu dəvətdən vəcdə gəldiklərini iddia etmək ən azı qeyri-səmimi səslənərdi. Səbəblər içində maddi durumun bəzən ayda iki-üç toyu yola verməkdə aciz olduğunu göstərmək olar. Lakin başqa səbəblər də var... insanlar şadlıq evlərini əhvalı durulmuş, şad-xürrəm, istirahət etmiş deyil, ovqatı təlx, əsəbləri gərilmiş, yorğun-arğın və ən başlıcası, aldandıqlarını dərk edərək tərk edirlər. Toy sahibinin halınasa ancaq acımaq qalır.

...Qapı ehmalca döyüldü. Gələn neçə ildi üzünü görmədiyim tanışım idi. Dəvətnamə gətirmişdi. Sayca beşinci idi. Allah xoşbəxt eləsin!

 

 

Xalid NİYAZOV

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 10.