Plantasiyalar arasında keçən ömür

 

Tanınmış çayçı İlyas Əliyevin adını eşitsək , özünü birinci dəfə görürdük. Qısa söhbətdən sonra, - hər şeyi öz gözünüzlə görsəniz, yaxşıdır, - dedi. Maşınına oturub "Ləvəngi" dairəsini keçib qərb istiqamətinə tərəf yol aldıq. Çox çəkmir ki, Vilvan kəndinə çatırıq. Qırmızı kərpicdən zövqlə tikilən yaraşıqlı evlər, səliqəli çəkilmiş daş hasarlar, gül-çiçəkli, bağ-bağatlar ilk baxışdan diqqəti özünə cəlb edir. Kəndin yuxarı hissəsindəki meşə örtüklü Talış dağları buraya təkrarsız gözəllik verir.

Bura mənim sahəmdir, - deyərək maşını saxlayır. Su kanalı üstündəki kiçik körpünü keçib əraziyə daxil oluruq. Ön hissədə limon bağı salınıb. Bir neçə gün yağan yağışlar ağacların yarpaqlarını yuyub təmizlədiyindən onlar təravətli şuxdur. Hələ tam yetişməmiş bardan başını aşağı dikən ağaclar bol məhsuldan xəbər verir. Bu da çay plantasiyası. İlyas kişi çayçılıqdan, bu sahədə gördüyü işlərdən şövqlə, böyük həvəslə söhbət açır. Məlum olur ki, ali təhsil aldıqdan sonra çayçılıq üzrə alim-aqronom kimi doğulub boya-başa çatdığı Vilvan kəndinə qayıdıb. Sovxozda briqadir, baş aqronom, partiya təşkilatının katibi uzun müddət - 27 il sovxoz direktoru işləyib. İlyas Əliyev:

- Sovxozumuz nəinki Lənkəranda, hətta Azərbaycanda ən böyük çayçılıq təsərrüfatı idi. Gərgin əmək nəticəsində biz bu qiymətli bitkinin istehsalını 230 tondan 2 min 500 tona çatdırdıq. Kənd əhalisinin, demək olar ki, hamısı sovxozda işləyirdi. Qazancları da pis olmurdu. Salınan yollar, tikilən məktəblər, tibb ocağı, poçt binası, mədəniyyət evi, şadlıq evi digər obyektlər o illərin yadigarlarıdır. "Sosializm qatarı" getdikdən sonra hər şeyə yenidən başlamaq lazım gəldi. Ölkəmizdə aqrar islahatlar keçirildi. Torpaq kəndlilərə verildi. Bu, ilk vaxtlar müəyyən çətinliklər yaratdı. Torpaq mülkiyyətçilərinin çoxunun əlində texnikası, gübrəsi, vəsaiti olmadığından problemlərlə qarşılaşdılar. Bu səbəbdən min bir əziyyətlə yetişdirilən plantasiyalar başlı-başına qaldı. Çox adam ondan mal-qarası üçün otlaq sahəsi kimi istifadə etməyə başladı. Çayçılığı bilən, uzun illər bu işlə məşğul olan adam kimi bunlar mənə çox pis təsir edirdi. Bir müddət hətta özümü ələ ala bilmirdim.

Ardını isə biz nəql edək. İlyas kişi ailə üzvləri ilə paylarına düşmüş 4 hektarda çay əkib-becərməyi qərara alır. Keyfiyyətli, məhsuldar sortun toxumunu əldə etmək üçün çox fikirləşir, götür-qoy edir. Bu məqsədlə qonşu İran İslam Respublikasına gedir, çayçılıqla məşğul olan adamlarla görüşür, təsərrüfatlara baş çəkir. Oradan toxum alıb gətirir. 2004-cü ildə 3,5 hektarda, 2005-ci ildə isə əlavə 1 hektarda çay əkini aparır. İkicərgəli sıx əkin tətbiq etməklə hər hektara 44 min çay şitili əkir. Məqsədi sahədə daha çox sıxlıq yaratmaq, yığım səthini genişləndirmək, torpağın hər qarışından səmərəli istifadə etməklə yüksək məhsuldarlığa nail olmaq idi.

73 illik ömrünün 50 ilini çayçılığa, sirtus meyvələrinin yetirşdirilməsinə sərf edən İlyas kişinin arzuları becərdiyi bitkilər kimi göyərir, pöhrələnir. Nümunəvi aqrotexniki qulluq nəticəsində keçən il 8 ton 100, bu il isə 17 ton 400 kiloqram yüksək keyfiyyətli çay yarpağı istehsal edib. Yetişdirdiyi bütün məhsul emal müəssisəsi tərəfindən 1-ci növ kimi qəbul olunub. İ.Əliyev deyir ki, çayçılıq çox sərfəli sahədir. Salınan plantasiya yaxşı qulluq etdikdə 3 ildən sonra məhsul verir plantasiyanın 100 il ömrü olur.

Dünyada elə bir ölkə, elə bir xalq olmaz ki, çaydan istifadə etməsin. Buna görə müştərisi daim başının üstündədir. Öyrəndik ki, 4 kiloqram yaşıl çay yarpağından 1 kiloqram hazır məhsul çıxır. Dünya bazarında keyfiyyətli çayın qiyməti bahadır. Lənkəranın özündə 1 kiloqram çayın qiyməti növündən asılı olaraq 30-80 manat arasında dəyişir. Çünki burada yetişən çay keyfiyyətlidir, ekoloji cəhətdən təmizdir, safdır. Dəfələrlə eşitmişik ki, Azərbaycanda çay biznesi ilə məşğul olan xarici şirkətlər bizdə yetişən çayı emal edib xarici bazarlarda daha baha qiymətə satırlar. Buna baxmayaraq, yaşıl çay yarpağının Cənub bölgəsində fəaliyyət göstərən müəssisələr tərəfindən müəyyən olunmuş alış qiyməti torpaq mülkiyyətçilərini heç qane etmir. İ. Əliyev özü 4,5 hektar sahədə 15 nəfər qızla il boyu becərmə yığım işləri aparır. Onların hər birinə ayda 200-250 manat əməkhaqqı verir. Suvarma digər xərcləri əlavə edəndə qazanc çox az qalır.

Amma çayçılığın problemi təkcə bu deyil. Sahəyə ciddi maliyyə dəstəyinin olmaması da çayçıları ciddi narahat edir. Çay sahələrinin məhsul verməsi üçün müəyyən vaxt lazımdır. Banklarsa kreditlərini tez geri almaq istədiklərindən bu sahəyə vəsait vermirlər. Odur ki, İlyas kişi onun kimilər problemləri ilə təkbaşına qalıblar. İndi İ.Əliyev yaratdığı "İlyasçay" MMC-nin tərkibində kiçik çay istehsal edən sex açmaq istəyir. Arzusunu reallaşdırmaq üçün isə vəsait lazımdır. Bu məqsədlə kredit təşkilatlarına müraciət etsə , hələlik müsbət nəticə əldə edə bilməyib. Deyirlər ki, çayçılığa kredit vermirik. Çayçılıqda mövcud problemlərdən digəri çay sahələrinə verilən amonium-sulfat gübrəsinin ölkəyə gətirilməməsidir. Çaybecərənlər əlacsız qaldıqlarından sahələrə taxıla, tərəvəzə səpdikləri gübrələrdən verirlər. Bu isə həm çay kollarının inkişafına, həm yığılan yarpağın keyfiyyətinə mənfi təsir göstərir.

Əvəzində rayon səviyyəsində çayçılığa lazımi dəstək var. Rayon rəhbərliyi bu mühüm sahənin inkişafı ilə bağlı mütəxəssislərlə görüşlər keçirir, onların rəy təkliflərini öyrənir, Lənkəran çayının əvvəlki şöhrətini özünə qaytarmaq üçün yollar arayır. Rayon İcra Hakimiyyətinin başçısı 3-4 ay bundan əvvəl İlyas Əliyevin təsərrüfatına baş çəkib, onun işi ilə yaxından tanış olub, su məsələsində kömək göstərib. Qazılan 6 kilometr uzunluğunda kanal indi İlyas kişinin sahəsini su ilə təmin edir. Bundan ruhlanan İ. Əliyev kənd bələdiyyəsinə müraciət edərək çay əkmək üçün ona daha 10 hektar torpaq verilməsini xahiş edib. O, eyni zamanda sitrus meyvələrinin yetişdirilməsi ilə məşğul olur. 600 limon, 500 naringi 400 feyxoa ağacı becərir.

İlyas Əliyevin yeri ilə yaşadığı evi bir yol ayırır. 30 ilə yaxın böyük bir sovxozun direktoru işləsə , həmin ev başqalarından fərqlənmir. Biz həyətə girəndə ömür-gün yoldaşı Zabitə arvad ilıq payız havasında həyətdə yun təmizləyirdi. İlyas kişinın qız nəvələrindən biri bu yaxınlarda gəlin köçəcəkdi. El adətinə görə gəlin köçən qıza yorğan-döşək verirlər. Nənəsi bu işi öz öhdəsinə götürüb.

Çay süfrəsi arxasında olanlardan-keçənlərdən danışdıq. 3 oğlu 2 qızı, 8 nəvəsinin olduğunu, övladlarını yerbəyer etdiyini, hər birinin müstəqil yaşadığını dedi. Sonra bizə müraciətlə:

- Mənə sual verə bilərsiniz, daha niyə işləyirsən, niyə özünü oda-közə vurursan? Pensiya alırsan, get özün üçün rahat yaşa. Amma edim ki, mənim üçün yaşamaq - işləmək, çalışmaqdır.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 10.