Gəncədən gələn səs

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan yazıçı Altay Məmmədov ciddi, məsuliyyətli nasir olmaqla bərabər, həmişə öz əsərlərinin mərkəzində əhəmiyyətli mövzular araşdırmağı çox sevərdi. Yaşadığı dövrün insanları haqqında, onların fəaliyyəti, mənəvi keyfiyyətləri ilə bağlı neçə-neçə hekayə, oçerk, povest və pyes qələmə almışdı. Maraqlıdır ki, Altay Məmmədovun adı çəkilən kimi adamın gözləri qarşısında Gəncə və onun xan çinarları dayanır. O, bu şəhərdə doğulmuşdu, bu şəhərdə böyümüşdü. Demək olar ki, təhsilini də doğma Gəncədə almışdı. Əsərlərinin xoş sorağı bütün Azərbaycanı bürüsə də, kitabları xarici ölkələrdə çap edilsə də, o, bütün ömrü boyu Gəncədən kənara çıxmadı.

Altay Məmmədov ilk əmək fəaliyyətinə fəhləliklə başlayıb. O, bir neçə il saatsaz işləyib. Sonra H.Zərdabi adına Pedaqoji İnstitutun dil-ədəbiyyat fakültəsində təhsil alıb. İnstitutu bitirdikdən sonra həmin ali məktəbdə müəllim vəzifəsində saxlanılıb. Heç özünün ağlına gəlməzdi ki, bir vaxt saatsaz kimi tanınan Altay Məmmədovun ömür yolunun bir başında alimlik fəaliyyəti, pedaqoji işi, başqa bir zirvəsində isə yazıçılığı dayanacaq. Uzun illər "Gəncənin səsi" qəzetində çalışan Altay Məmmədov həm jurnalistlik, həm nasirlik fəaliyyətini mükəmməl ləyaqətlə yerinə yetirən qələm sahiblərindən biri idi.

O, 1964-cü ildə "Cəfər Cabbarlının "1905-ci ildə" dramı" mövzusunda yazdığı dissertasiyaya görə filologiya elmləri namizədi alimlik dərəcəsi aldı. Uzun müddət ali məktəbdə dərs dedi. Gələcək elmi kadrların yetişməsində əməyini əsirgəmədi. Xeyli müddət H.Zərdabi adına Dövlət Pedaqoji İnstitutunun elmi işlər üzrə prorektoru oldu.

Ədəbi fəaliyyətə ötən əsrin ortalarında başlayan Altay Məmmədovun "Ədəbiyyat qəzeti"ndə "Fəhləlikdən alimliyə" adlı oçerki dərc edilmişdir. Bu oçerk, əslində, unudulmaz qələm sahibinin öz həyatının yaradıcılığının əks-sədası kimi dəyərləndirilə bilər. Onun ilk kitabı 1958-ci ildə nəşr olunan "On birinci açar" adlanır. Məhz o bu hekayələr kitabı ilə ədəbiyyata gəldi. Onun yaradıcılığında hekayə janrının xüsusi yeri var. Tənqidçi Qulu Xəlilov vaxtı ilə Altay Məmmədovun yaradıcılıq yolu haqqında qələmə aldığı bir məqalədə göstərirdi ki, bu müəllif lirik hekayələr ustasıdır. İnsanların mənəvi dünyasına məharətlə işıq salmağı bacaran Altay Məmmədovun dili şirin, yazıları siqlətli idi. Onun toxunduğu mövzular o qədər həyati, təbii olurdu ki, oxucular bu yazıçının əsərlərini həmişə rəğbətlə qarşılayır sevirdilər. Altay Məmmədov öz müasirlərinin maraqla izlədiyi əsərlərini səbirsizliklə gözlədiyi yazıçılarımızdan olub. Müəllifin "Məhəbbətin səsi", "Gülab nəfəsli", "Göyərçin satan qız Narınc", "Ana qocalmışdı", "Uvertüra", "İkinci sinif" başqa hekayələrində duyulan həyat nəfəsi bu əsərlərə geniş oxucu rəğbəti qazandırdı. Xüsusilə müasirlərinin mənəvi aləmindən, məhəbbətindən, ziddiyyətli duyğularından, həyata münasibətindən sanballı, yaddaqalan əsərlər yazan Altay Məmmədovun təhkiyəsi çox şirin idi. İndi bu əsərləri oxuyanda müəllifin yazı tərzinə, üslubuna, qəhrəmanlarını təqdim etmək məharətinə valeh olmaya bilmirsən. Altay Məmmədovun qələmindən çıxan hər bir hekayənin yadda qalmaq qüdrəti olub. Buna səbəb müəllifin özünəməxsus yazı üslubu həyat həqiqətinə sadiqliyi idi. "Məhəbbətin səsi" adlı hekayəsinin qəhrəmanı bir inadın ucbatından sevgisini rədd edir. Bunun da müqabilində ömrü boyu əzablara düçar olur. Bütün varlığı ilə bağlandığı insanın - müğənninin qəmli səsi həyatı durduqca ona dinclik vermir. Eləcə "Uvertüra" hekayəsində dahi Üzeyir sənətinin əbədiyaşarlığını maraqla qələmə alan müəllif hekayənin sonluğunu heyrətamiz bitirir: "Səməndər quşu doğma Azərbaycan torpağı üstündə qürurla dövrə vururdu. Yerdən səslər gəlirdi: "Eşq olsun, Üzeyir!" Dik-dik təpələr görünürdü. Yamyaşıl düzlər görünürdü. İnsanlar oxuyurdu..."

1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Altay Məmmədov nasir, ədəbiyyatşünas olmaqla bərabər, həm görkəmli dramaturq idi. Onun pyesləri təkcə Azərbaycanda deyil, başqa respublikaların teatrlarında da müvəffəqiyyətlə tamaşaya qoyulurdu. Müəllifin "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" başqa dram əsərlərinin səhnə həlli uğurlu oldu. Onun pyesləri əsasında hazırlanmış tamaşalar anşlaqla keçərdi.

Geniş yaradıcılıq yoluna malik olan Altay Məmmədov tərcümə ilə məşğul olurdu. Özbək, qazax, rus mütəfəkkirlərinin əsərlərini dilimizə çevirirdi. Göstərdiyi xidmətə görə 1971-ci ildə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülən Altay Məmmədov ictimai-siyasi həyatda da fəallığı ilə seçilirdi. O, altı dəfə Xalq Deputatları Sovetinə deputat seçilib. Bir sıra konfranslara, qurultaylara nümayəndə seçilib. Əməyi fəxri fərman medallarla təltif edilib. Bütün bunlardan öncə Altay Məmmədov doğulduğu yurda aşiq, vətənpərvər bir insan idi. O, Gəncəyə bütün varlığı ilə bağlı idi. Burada fəaliyyət göstərən Poeziya Teatrının yaradıcılarından biri olan Altay Məmmədov bu teatrın bir çox tamaşalarının mətinlərini əsasən özü yazardı. Altay Məmmədovun əsərləri ispan, ingilis, ərəb, fars, macar, eston, tacik, rus başqa dillərə tərcümə edilmişdir. Rusiyada, Şri-Lankada, Hindistanda kitabları çapdan çıxmışdır. Təkcə elə Moskva şəhərində üç kitabı işıq üzü görmüşdür. Pyesləri Rusiyada, Tacikistanda, Bolqarıstanda, Vyetnamda tamaşaya qoyulmuşdur.

Altay Məmmədov jurnalist, yazıçı, dramaturq, tərcüməçi nəhayət, gözəl pedaqoq idi. Onun ədəbiyyatşünas kimi fəaliyyəti ayrıca bir mövzudur. Özü nasir idi, amma ömrü boyu Azərbaycan poeziyasının tədqiqi ilə məşğul olub. Onun yazdığı monoqrafiyalardan birindən gətirdiyimiz sitata fikir verək: "Azərbaycanın poeziya məbədgahı min il əvvəl qurulub. Burada Xaqani, Nizami, Məhsəti, Füzuli, Şah İsmayıl Xətai, Vaqif, Vidadi, Sabir, Cavid daha kimlər var. Bu məbədgahın təkcə içərisinə boylanmaq da hər hansı bir şairdən ürək istəyir..." Altay Məmmədov məhz belə bir ürəyin sahibi idi ki, o sirli dünyaya nəinki boylandı, həm onu zənginləşdirən, əbədiləşdirən, yaşadan, dahi söz sərrafları haqqında ucadan-uca söz deməyi bacardı.

Filologiya elmləri doktoru Aqşin Babayevin Altay Məmmədovun "Nazim Hikmət Gəncədə" adlı kitabına yazdığı ön sözündə oxuyuruq: "Altay Məmmədovu uzaqdan-uzağa tanıyırdım. Əsərlərini sevə-sevə oxuyurdum. Pyeslərini maraqla seyr edirdim. İlk görüşümüz Gəncədə oldu. Nazim Hikmətin öz oğlu qədər sevdiyi Əkbər Babayevin dəfn mərasimində... Altay Məmmədov çox kədərli idi. Təəssüf ki, bizim görüşümüz heç vaxt baş tutmadı. Amma ürəklə deyirəm ki, onun yazdığı xatirələrin işığında mən memuar ədəbiyyatının ən gözəl bir nümunəsini gördüm. Olmuş hadisələri yüksək sənətkarlıqla, yığcam şəkildə, şirin, axıcı bir dillə təsvir etmək qabiliyyəti hər yazıçıya nəsib olmur. Altay Məmmədovun özünəməxsus yazı üslubu var. Artıq söz, artıq təsvir, oxucunu yoran təfərrüat onun nəsrinə yaddır". Həqiqətən Altay Məmmədov ilk baxışda kiçik görünən cizgilərlə böyük mətləbləri açmağı bacaran yazıçı, orijinal dəst-xəttə malik qələm sahibi idi!

Bu gün onun haqqında keçmiş zamanda danışmaq ağır olsa da, yaradıcılığı elə bir ucalığın içindədir ki, Altay Məmmədov kimi qələm sahibləri heç zaman unudulmur. Onların yazdıqları həm Azərbaycan ədəbiyyatının zənginləşməsində rol oynayır, həm oxucu qəlbində əbədiləşir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 24 noyabr.- S. 11.