"Ümid" yatağı Azərbaycanın
neft-qaz sənayesinin uğurlu inkişafında mühüm rol
oynayacaqdır
Prezident İlham Əliyev Xəzər dənizində
"Ümid" qaz yatağının açılması
münasibətilə Dövlət Neft Şirkətinin rəhbərliyi
ilə görüşmüşdü
Noyabrın 24-də
Prezident İlham Əliyev Azərbaycanın neft-qaz tarixində
mühüm hadisələrdən biri - Xəzər dənizində
"Ümid" qaz yatağının açılması
münasibətilə Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə
görüşmüşdür.
Dövlətimizin
başçısı görüşdə nitq söylədi.
Prezident İlham Əliyevin
nitqi
- Bu gün səhər Dövlət Neft Şirkətinin prezidenti mənə məlumat verdi ki, "Ümid" yatağı açıldı. Bu, çox gözəl hadisədir, böyük tarixi hadisədir. Bu hadisə münasibətilə sizi, Dövlət Neft Şirkətinin bütün əməkdaşlarını və bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Çünki bu hadisə Azərbaycanın neft-qaz sənayesinin uğurla inkişaf etdirilməsi üçün çox mühüm rol oynayacaqdır.
Müəyyən müddətdir ki, Dövlət Neft Şirkəti "Ümid" yatağında kəşfiyyat işləri aparırdı. Bu da bizim üçün bir yenilikdir. Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır.
Ancaq bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra və ondan əvvəlki illərdə neft-qaz sənayesində tənəzzül başlamışdır. Demək olar ki, biz mövqelərimizi itirməyə başlamışdıq. 1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. "Əsrin kontraktı"nın, "Şahdəniz" yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki bərpa edə, hətta onu böyük dərəcədə möhkəmləndirə bilmişik. Mən bu barədə dünən Dövlət Neft Akademiyasının yubiley tədbirində fikirlərimi söyləmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan bu gün dünya enerji xəritəsində özünəməxsus rola malikdir. Mövqelərimiz möhkəmlənir və tərəfimizdən irəli sürülmüş təşəbbüslər bu sahədə yeni vəziyyətin yaranmasına gətirib çıxarmışdır.
Bizim neft-qaz strategiyamız çox uğurludur, çox ümidvericidir. Bu bizə imkan verdi ki, Azərbaycan öz iqtisadi və maliyyə resurslarını böyük dərəcədə genişləndirə bilsin. Bu, beynəlxalq mövqelərimizi gücləndirdi və minlərlə yeni iş yerinin açılmasına gətirib çıxardı. Bizi dünya bazarları ilə birləşdirən neft-qaz kəmərləri ya əsaslı şəkildə təmir olundu, ya da ki, yenidən tikildi. İstisna edilmir ki, gələcəkdə yeni kəmərlərin tikintisinə ehtiyac olacaqdır.
Nəzərə alsaq ki, neft-qaz ehtiyatlarımız artır, resurslarımız kifayət qədər çoxdur, gələcəkdə qonşu ölkələrin resursları Azərbaycan ərazisindən dünya bazarlarına nəql edilə bilər, ona görə yeni kəmərlərin tikintisi istisna olunmur.
"Ümid" yatağının aşkarlanması xüsusi məna daşıyır. Bu onu göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Biz 1990-cı illərin əvvəllərində böyük maliyyə imkanlarına malik deyildik. Xarici investisiyalardan asılı idik. Ancaq xarici investisiyaları Azərbaycana gətirməklə milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələrdən biri və bəlkə də birincisi Azərbaycandır. Bu da ümumi neft siyasətimizin əlamətidir.
Bizim xarici tərəfdaşlarla imzalanmış pay bölgüsü üzrə kontraktlar maraqlarımızı tam şəkildə təmin edir və bu gün mənfəət neftinin mütləq əksəriyyəti Azərbaycana məxsusdur. Xarici şirkətlərdə çalışanların mütləq əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Bu illər ərzində vətəndaşlarımız xarici şirkətlərin hesabına xaricdə və Azərbaycanda təlim kursları keçmişlər, müasir texnologiyalara yiyələnmişlər, tanış olmuşlar. Yəni bu kontraktlar sadəcə olaraq, neftin hasil edilməsi, nəqli və ya mənfəətin bölgüsü ilə məhdudlaşmır. Bu kontraktlar bizə başqa sahələrdə də inkişafa nail olmaq üçün şərait yaratdı. Neft yatağına qoyulan hər bir dollar investisiya digər sahələrə buna bərabər həcmdə investisiyanın gətirilməsinə xidmət göstərir. İnşaat və xidmət sektorları Azərbaycanda böyük dərəcədə inkişaf etmişdir. Həm özəl, həm də ki, dövlət şirkətləri bundan faydalanmışdır.
Bütün bu işlərin görülməsi ölkəmizi böyük dərəcədə gücləndirdi. Təbii ki, biz bu resursları, xüsusilə maliyyə resurslarını əldə etdikdən sonra özümüz də həm ölkə daxilində, həm də xaricə investisiyalar qoymağa başlamışıq. Bu da bugünkü Azərbaycanın reallıqlarıdır, uğurlu siyasətimizin əlamətidir. Nəinki ölkə daxilində, xaricə qoyduğumuz investisiyalar milyardlarla ölçülür. Türkiyə, Gürcüstan, Ukrayna, digər ölkələrdə investisiyalarımızı gözləyirlər. Azərbaycan və onun Dövlət Neft Şirkəti etibarlı tərəfdaş kimi öz imkanlarını ortaya qoyur. Biz əməkdaşlığın dərinləşməsi üçün bütün tədbirləri görürük. Xaricə qoyduğumuz milyardlarla ölçülən investisiyalar Azərbaycanın maraqlarını təmin edir. Gələcəkdə bu, bizə ondan da çox gəlir gətirəcəkdir. Çünki bütün bu investisiyalar iqtisadi amillərə söykənir. Yəni bu, kommersiya yönümlü investisiyalardır. Bilirik ki, biz ondan da çox mənfəət götürəcəyik. Ancaq bu gün yox, 5 ildən, 10 ildən sonra. Ona görə bu baxımdan həmin investisiyaların çox böyük əhəmiyyəti vardır. Bu, Azərbaycanın gələcəyinə qoyulan vəsaitdir. Gələcək nəsillər bax bu gün qoyulan o sərmayənin nəticələrini görəcəklər, biz də görəcəyik.
Bununla bərabər, Azərbaycanın neft-qaz sektoruna, xüsusilə dəniz yataqlarına qoyulan investisiyalar xüsusi əhəmiyyətə malikdir. Çünki hamımız yaxşı bilirik ki, yeni yatağa qoyulan vəsait bəzi hallarda özünü doğrultmur. Azərbaycan bir neçə pay bölgüsü üzrə kontrakt imzalamışdır. Onların bir neçəsi uğur gətirmədi. Ancaq Azərbaycan dövləti bundan zərrə qədər də zərər görmədi. Çünki bütün bu investisiyalar xarici tərəfdaşın öhdəliyi idi. Bir neçə quyu qazılmışdı ki, onlar quru çıxdı. Ancaq yenə də Azərbaycan bundan ziyana düşmədi. Çünki bu xərclər xarici tərəfdaşlar tərəfindən qoyulmuşdu.
Ona görə də Dövlət Neft Şirkətinin "Ümid" yatağında öz hesabına, öz gücü ilə kəşfiyyat işləri aparmaq barədə təklifi və təşəbbüsü həm riskli təşəbbüs idi, eyni zamanda, onu göstərirdi ki, biz artıq bunu etməyə qadirik. Biz Xəzərin bütün imkanlarını yaxşı bilirik. Geoloqlarımızın təcrübəsi və bilikləri heç də ən aparıcı neft şirkətlərinin geoloqlarının təcrübəsindən geri qalmır, hətta dəqiq deyirəm, onları üstələyir. Son illər ərzində bəzi xarici şirkətlər tərəfindən aparılmış uğursuz kəşfiyyat işləri bunu göstərir. Mən "Abşeron" yatağının təcrübəsini yada salmaq istəyirəm. Mən yaxşı xatırlayıram ki, o vaxt birinci dəfə "Abşeron" yatağı kontraktla əhatə olunanda geoloqlarımız və şəxsən Xoşbəxt müəllim demişdi ki, quyu harada qazılmalıdır. Əfsuslar olsun ki, o vaxt qarşı tərəf buna əhəmiyyət vermədi. Quyunu başqa yerdə qazdılar, milyonlarla, 10 milyonlarla vəsait xərclədilər və quyu quru çıxdı. Ancaq buna baxmayaraq, biz və geoloqlarımız bilirdik ki, "Abşeron" yatağı böyük ehtiyatlara malikdir. Bir neçə ildən sonra başqa şirkət maraq göstərdi və yenidən "Abşeron" yatağı üzrə kontrakt bağlandı. Ümid edirəm ki, "Abşeron" yatağında növbəti kəşfiyyat işləri uğurlu olacaq və qaz ehtiyatlarımız böyük dərəcədə artacaqdır.
Bir daha demək istəyirəm ki, "Ümid" yatağının kəşfiyyatı və gələcəkdə işlənilməsi xüsusi məna daşıyır. Bu, tarixi bir hadisədir. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri öz hesabına görmüşdür. Bizim həm texniki, həm də maliyyə imkanlarımız vardır. Bizim istənilən həcmdə xarici maliyyə resurslarına da çıxışımız təmin olunur. Mən çox şadam ki, "Ümid" yatağı ümidlərimizi doğrultdu. Bir müddət bundan əvvəl "Ümid"də gedən kəşfiyyat işlərinin ilkin nəticələri haqqında mənə məlumat verilmişdir. Bu mənə imkan verdi ki, bir qədər əvvəl deyim: Biz "Ümid" yatağından ümidverici xəbərlər gözləyirik. Ancaq gözləyirik ki, bu məlumat tam dəqiqləşsin, ondan sonra biz bu kəşfiyyat haqqında bəyanat verək və elan edək ki, Azərbaycanda Azərbaycan neftçiləri tərəfindən yeni böyük qaz yatağı aşkar olundu. Əlbəttə ki, bu hadisə nəinki Azərbaycanda, hüdudlarımızdan kənarda da böyük marağa səbəb olacaqdır. Bu, bir də onu göstərir ki, Azərbaycan çox böyük qaz ölkəsinə çevrilibdir. Biz dünyada neft ölkəsi kimi şöhrət qazanmışıq. Növbəti mərhələdə - XXI əsrdə Azərbaycan dünyada qaz ölkəsi kimi öz sözünü deyəcək və artıq deyir.
Bizim tərəfimizdən irəli sürülmüş təşəbbüslər və icra edilən layihələr artıq dünya qaz bazarına öz təsirini göstərməyə başlamışdır. Bizim şaxələndirilmiş qaz şəbəkəmiz vardır. Dörd qaz kəmərimiz vardır ki, qazımız istənilən istiqamətə nəql edilə bilər və əslində nəql edilir. Əlavə tədbirlər görüldüyü halda bu istiqamətlər üzrə qaz nəqlinin həcmi böyük dərəcədə arta bilər.
Biz bu vaxta qədər tam dəqiqliklə deyirdik ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2 trilyon kubmetr səviyyəsindədir. Əlavə edirdik ki, ancaq ola bilər və çox güman ki, bu ehtiyatlar daha da çox olsun. Bax, "Ümid" yatağının gələcəkdə işlənilməsi bu sözləri bir daha təsdiqləyir. İki trilyon, sadəcə olaraq, necə deyərlər, çox təvazökar bir rəqəmdir. Biz heç vaxt heç kimə resurslarımız haqqında yanlış məlumat verməmişdik, heç nəyi şişirtməmişdik. Bəlkə, əksinə, biz olan ehtiyatları ehtiyatla qeyd etmişik ki, həmişə dəqiq olaq. Buna görə də sözümüzə beynəlxalq enerji aləmində inam çox yüksək səviyyədədir.
Bir sözlə, "Ümid" yatağının açılması böyük hadisədir. Mən bu işlərdə iştirak etmiş bütün vətəndaşları, mütəxəssisləri həm təbrik etmək, həm də onlara minnətdarlığımı bildirmək istəyirəm. Bu yatağın çox böyük gələcəyi vardır. Siz indi ehtiyatlar haqqında ilkin məlumatı bildirəcəksiniz. Ancaq bizim təcrübəmiz onu göstərir ki, ilkin rəqəm həmişə sonradan korrektə edilir. Yadımdadır, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o vaxt bir az təəccüblənirdim ki, nə üçün 511, belə dəqiqliyi necə bilmək olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, "Azəri-Çıraq-Günəşli" yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard tondan artıqdır. Bir milyarddan artıq 1,5 də, ondan da çox ola bilər. Onu həyat göstərər. Onu heç kim bilə bilməz.
Ona görə "Ümid" yatağının ehtiyatları haqqında verilən ilkin məlumat əminəm ki, gələcəkdə görülən işlər nəticəsində, düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcəkdir. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaqdır. Azərbaycanın qaz ehtiyatları haqqında bəzən dəqiq olmayan, bəzən təhrif edilmiş məlumatlar mətbuatda öz əksini tapır. Əminəm ki, "Ümid" yatağının aşkarlanması bütün bu boş söhbətlərə də nöqtə qoyacaqdır.
Bir daha sizi
bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik edirəm.
Azərbaycan.- 2010.- 25 noyabr.- S. 1.