Azərbaycan Dövlət
Musiqili Komediya Teatrının binasının yenidən
qurulması ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan
Dövlət Musiqili Komediya Teatrı yarandığı vaxtdan
etibarən sənət tariximizə milli-mənəvi sərvətin
bir çox qiymətli nümunələrini bəxş
etmişdir. Teatr ölkəmizin zəngin ənənələrə
malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək
bu gün də tamaşaçıların dərin rəğbətini
qazanmaqdadır.
Xalqımızın
mədəni həyatında özünəməxsus yerini və
yüksək ictimai əxlaqi dəyərlərin təbliğində
rolunu nəzərə alaraq Azərbaycan Dövlət Musiqili
Komediya Teatrının binasının yenidən
qurulmasını təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Dövlət Musiqili Komediya Teatrının binasının
yenidən qurulması ilə bağlı işlərin
başlanılması üçün Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat məbləğində
vəsait ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci bəndində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 noyabr
2010-cu il
Azərbaycan.- 2010.- 26 noyabr.- S. 1.