Nazirlər Kabinetində görüş

 

Azərbaycan ilə Polşa arasında iqtisadi sahədə əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün böyük potensial vardır.

Bu fikir Azərbaycanın Baş naziri Artur Rasizadə ilə Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyakın görüşündə səslənmişdir.

A.Rasizadə son illər Polşa ilə Azərbaycan arasında siyasi və mədəni sahədə çox yaxşı əlaqələrin qurulduğunu diqqətə çatdıraraq, iqtisadi sahədə əməkdaşlığın yüksək səviyyəyə çatdırılması üçün böyük potensialın olduğunu bildirmişdir. Azərbaycan hökumətinin başçısı qarşılıqlı səfərlərin yüksək səviyyədə olan ikitərəfli əlaqələrin inkişafına böyük təkan verəcəyinə əminliyini diqqətə çatdırmışdır.

Ölkəmizin iqtisadi potensialı barədə danışan A.Rasizadə Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çıxarılmasına istiqamətləndirilmiş xəttin davam etdiriləcəyini söyləmişdir.

Qonaqları xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandıran Baş nazir demişdir ki, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından problem hələ də həllini tapmamışdır.

Polşa Baş nazirinin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak Azərbaycanda sabit iqtisadi inkişafı xüsusi vurğulayaraq, Polşanın bütün sahələrdə ölkəmizlə əməkdaşlığın daha da dərinləşməsində maraqlı olduğunu söyləmişdir. V.Pavlyak ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulamışdır. O, Polşanın iri enerji müəssisələrinin özəlləşdirilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlı olduqlarını diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 noyabr.- S.3.