Nazirlər Kabinetində Türkmənistanın nümayəndə heyəti ilə görüş keçirilmişdir

 

Noyabrın 25-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək üçün ölkəmizə səfərə gəlmiş Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Baş nazir qonaqlara Azərbaycanın son illər əldə etdiyi iqtisadi uğurlar barədə məlumat vermişbu uğurların ölkədə aparılan düzgün siyasətin qanunauyğun nəticəsi olduğunu bildirmişdir.

Azərbaycan ilə Türkmənistan arasında bir çox sahələrdə əlaqələrin son illər daha da genişləndiyini vurğulayan A.Rasizadə bu əlaqələrin xüsusilə siyasi, iqtisadi, mədəni, elmi sahələrdə yüksələn xətlə inkişafda olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, ölkələrimiz arasındakı əməkdaşlığın uğurlu nəticələri göz qabağındadır və onların daha yüksək səviyyəyə çatdırılması üçün böyük potensial vardır.

Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Xıdır Saparlıyev Bakının gözəlliyinə heyranlığını vurğulamışdır. O, iclasdan məhsuldar nəticələr əldə ediləcəyinə, tədbirin ölkələrimiz arasındakı əlaqələrin inkişafına təkan verəcəyinə əmin olduğunu bildirmişdir.

Artur Rasizadə komissiyanın iclasının işinə uğurlar arzulamışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 26 noyabr.- S.1.