Dövlət qayğısı Ağdamın inkişafında yeni mərhələ açır

 

Burada salınan sayca 17-ci qəsəbədə 700-ə yaxın məcburi köçkün ailəsi yeni və rahat mənzillərlə təmin olunub

 

 Həmin gün Qarabağın dilbər guşəsi olan Ağdamda bayram bayrama qarışmışdı. El-obanın minbir həvəslə, xoş arzu-niyyətlə Qurban bayramına hazırlıq gördüyü bir məqamda - noyabrın 11-də Prezident İlham Əliyevin Qarabağa səfəri reallaşdı. Ağdamlılar dövlət başçısını həmişə olduğu kimi, yenə də böyük sevinclə, əsl bayram əhval-ruhiyyəsi ilə qarşıladılar.

Ümumiyyətlə, dövlətə, dövlətçiliyə, ulu öndər Heydər Əliyev siyasi kursuna sədaqətli olan ağdamlılar öz mövqelərində dəyişməz qalırlar. Bu, Vətənə, millətə, torpağa bağlı hər kəsin görüb qiymətləndirdiyi, böyük dəyər verdiyi bir reallıqdır.

Ağdam rayonu ərazisinin dörddəüç hissəsi 18 ildir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Doğma ev-eşiklərindən, isti yuvalarından didərgin salınan ağdamlılar məcburi köçkün kimi respublikanın bütün bölgələrinə səpələnmişlər.

Çadır şəhərciklərində, yük vaqonlarında, qarğı-qamışdan tikilmiş daxmalarda yaşamağa məhkum edilmiş əhali yayın yandırıb yaxan istisində, qışın ilik donduran şaxtasında uzun illər boyu, sözün həqiqi mənasında, əzab çəkmişlər. Həyatın çətin sınaqlarına, izaha ehtiyacı olmayan evsizlik əzabına mərdliklə, qeyri-adi ağayanalıqla dözən ağdamlıları üzləşdikləri çoxsaylı irili-xırdalı problemlər dövlətə, Prezidentə sədaqət mövqeyindən uzaqlaşdıra bilmədi. Düşmənlə təmas xəttinin beş addımlığında, daha dəqiq desək, bir güllə məsafəsində yaşamaqdan çəkinməyən ağdamlılar minbir həvəslə işləyir, tikib-qururlar.

Bu yenilməz həvəsin, tükənməz ilhamın əsas mənbəyi ürəklərdə şölə saçan ümid çırağıdır. Ağdamlılar hər açılan sabaha ümidlə baxırlar, inanırlar ki, illərdən bəri çəkdikləri həsrətin sonuna, burunlarının ucunu göyüm-göyüm göynədən Ağdama qovuşacaqlarına lap az qalıb. Ürəklərdə bu sönməz ümid çırağını yandıran, könülləri inamla dolduran əsas səbəb isə Prezident İlham Əliyevin Qarabağ düyününün açılması istiqamətində apardığı məqsədyönlü, son dərəcə qətiyyətli və prinsipial siyasətdir. Son dövrlər bu sahədə aparılan danışıqların intensiv xarakter alması ümidləri daha da artırır. Dövlət başçısının Qarabağa səfəri çərçivəsində Ağdam rayonunda məcburi köçkün ailələri üçün inşa edilmiş yeni qəsəbənin açılış mərasimində sakinlər ilə görüşdə söylədiyi fikirlər isə hər kəsə yeni ruh verdi, insanların nikbinliyini daha da artırdı: \"Mən heç şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik, vətəndaşlarımızı doğma dədə-baba torpaqlarına qaytaracağıq. O torpaqlarda yeni həyat başlanacaq, şəhərlər bərpa olunacaqdır. O bölgələr, bu gün işğal altında qalan torpaqlar, bax, ölkəmizin başqa bölgələri kimi çiçəklənəcəkdir. Mən buna əminəm, buna şübhə etmirəm və hamımız işimizlə o günü yaxınlaşdırmalıyıq. Ancaq biz hələ ki, köçkün həyatını yaşayan insanların vəziyyətini yaxşılaşdırırıq, yaxşılaşdıracağıq. Bu qəsəbə bu siyasətin nəticəsidir, onun əlamətidir. Bir daha sizi ürəkdən salamlayıram. Doğma Qarabağ torpağında olmağımdan çox məmnunam, sizə cansağlığı, xoşbəxtlik arzulayıram\".

 Ölkəmizin dinamik inkişafından, iqtisadi yüksəlişinin müqayisəyə sığmayan sürətindən xəbəri olan hər kəsə məlumdur ki, dövlət başçısının bəyan etdiyi bu fikirlər müasir Azərbaycan reallığından qaynaqlanır, konkret gücə, ordumuzun sürətlə artan hərbi qüdrətinə söykənir. Qaçqın və məcburi köçkünlərin problemlərini həmişə prioritet məsələ hesab edən Prezident İlham Əliyevin Ağdama növbəti səfəri həm də məcburi köçkünlər üçün inşa edilən sayca 17-ci qəsəbənin açılışına həsr olunmuşdur. Yeni qəsəbə 689 məcburi köçkün ailəsi üçün inşa edilmişdir. Qəsəbədə normal həyat tərzi üçün zəruri infrastruktur yaradılmışdır. Hər evin 6 sot həyətyanı torpaq sahəsi var. Qəsəbəyə su, elektrik və qaz xətləri çəkilmiş, daxili yollara asfalt örtük salınmışdır.

Artıq bir neçə gündür ki, yeni qəsəbəyə köç başlayıb. Ev əşyaları ilə dolu yük maşınlarının Xındırıstan kəndi istiqamətində gedən yolda ardı-arası kəsilmir. Yeni evlərin təzə sakinlərinin üz-gözündən fərəh yağır. İkimərtəbəli, yaraşıqlı məktəbin qarşı tərəfindəki küçədə yeni mənzilə köçənlərdən biri də Oruc Cabbarovun ailəsidir. Oruc Cabbarov Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Milli Ordusu tərkibində müxtəlif hərbi hissələrdə taqım komandiri kimi xidmət etmişdir. İgid döyüşçü Canyataq, Gülyataq, Naxçıvanik və basqa kəndlər uğrunda aparılan döyüşlərdə düşmənin xeyli canlı qüvvəsini məhv etmişdir. Xocalı faciəsi zamanı Qaraqaya istiqamətində erməni silahlı qüvvələrinin mühasirəsini yararaq xocalıların xilas edilməsində şəxsi igidlik və şücaət göstərmişdir. Oruc döyüşçü dostları ilə birlikdə faciənin törədildiyi gecə yüzə yaxın Xocalı sakinini ölümün pəncəsindən almışdır. İndi məktəb dərsliklərinə salınan qucağında uşaq, əlində silah məhz Oruc Cabbarovun şəklidir. Yeni qəsəbənin açılışında iştirak edən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu ailənin qonağı oldular. Oruc o tarixi günü belə xatırlayır:

- Heç ağlıma da gətirməzdim ki, nə vaxtsa respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə öz evimdə bir süfrə arxasında oturub söhbət edərik. Mən həmişə səmimi olmuşam, yenə də səmimi deyirəm, noyabrın 11-i bizim ailənin tarixində unudulmaz, ən əziz və şərəfli gündür.18 il çətin şəraitdə Fin qəsəbəsində yaşayan uşaqlarım belə gözəl, geniş, işıqlı, eyni zamanda, mebel və digər məişət avadanlıqları ilə təmin edilmiş bir evin ailəmizə təmənnasız verilməsinə inana bilmirdilər. Bu qəsəbədə 700-ə yaxın ailə yeni ev alıb, uzun illərin əzab-əziyyətindən, məşəqqətindən qurtulur, təsəvvürə sığmayan bir rahatlığa qovuşur. Şirin xəyallarımızı gerçəkləşdirməyə qadir o böyük ürək sahibinə, hörmətli Prezidentə necə minnətdarlıq edəcəyimizi bilmirəm. Əlbəttə, qonağımız olanda bunlar üçün təşəkkür etdim, xoş arzularımı çatdırdım. Ancaq görürəm ki, ürəyimdən keçənlərin hamısını ifadə edə bilməmişəm. Əslində bu, heç mümkün də deyil. Elə istəklər var ki, onu sözlə ifadə etmək olmur. Bircə onu deyərdim ki, işğal altındakı torpaqlarımızı azad etmək, Prezidentin, qüdrətli Ali Baş Komandanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məqsədlərini həyata keçirmək üçün yenidən silaha sarılıb döyüşlərə atılmağa, lazım gələrsə, bu ali məqsəd uğrunda qurban getməyə, Vətən yolunda şəhid olmağa hazıram. Daha arxadan, ailəmdən heç bir nigarançılığım yoxdur. Axı, həqiqətdir ki, öz ailəm üçün göstərə biləcəyim qayğıdan yüz qat artığını dövlətimizin başçısı edib.

Oruc Cabbarov xoşbəxt bir ailənin başçısıdır. Ömür-gün yoldaşı Raisa xanımla birlikdə iki qız, bir oğul böyüdürlər. İgidlikdə atasına oxşayan Rəmzi hərbi xidmətdən yeni qayıdıb. Qulluq etdiyi \"N\" saylı hərbi hissənin komandirindən valideynlərinə vətənpərvər və intizamlı övlad tərbiyə etdikləri üçün bir neçə dəfə təşəkkür məktubu da gəlib. Ailədə su sonası kimi bir cüt qız böyüyür. Hər ikisi orta məktəbi müvəffəq qiymətlərlə bitirib. Ali məktəbə qəbul olmaq üçün təşəbbüs göstərsələr də, ilk addım uğursuz olub. İndi Aişə də, Gülşən də səbr və inamla növbəti sınağa hazırlaşırlar. Oruc elə ilk günlərdən həyətyanı sahədə müxtəlif meyvə ağacları əkib. Deyir ki, bu torpaqlar çox münbitdir, bir-iki ilə bar verəcək .Yeni mənzilin sahibləri həyətə su xəttinin çəkilməsindən də çox razılıq etdilər. Həyətyanı sahədə göy-göyərti, bostan-tərəvəz məhsulları əkib-becərmək arzusunu gizlətmədilər.

Beləcə bir qəsəbədə 700-ə yaxın ailə dövlət başçısının qayğısı sayəsində firavan həyata, xoş güzərana qovuşur. Qoy olsun! Sürətlə inkişaf edən iqtisadi qüdrətiylə bütün dünyanı heyrətə salan Azərbaycan adlı bir məmləkətin hər bir vətəndaşının firavan yaşamaq haqqını özünə qaytaran rəhbərə el məhəbbətini bir daha yaxından görüb duymaq üçün bu yeni qəsəbənin dümdüz küçəsiylə addımlamaq, adamların çöhrəsindəki sevinc-fərəhi görmək yetərlidir.

 Dövlətin cəbhə bölgələrinə məqsədyönlü şəkildə reallaşan konkret qayğısı sayəsində Ağdam sürətlə dəyişir, inkişaf edir, böyük uğurlar qazanır. Rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsinin yenidən qurulması müvəffəqiyyətlə davam etdirilir. Rayonda ürəkaçan yeniliklər təkcə ulu öndər Heydər Əliyevin adını daşıyan prospektdə yeni ünvan tapan yaraşıqlı sosial obyektlərin sayında və yaraşığında deyildir. Ən böyük yenilik adamların şüurunda, mənəviyyatında, milli-mənəvi dəyərlərə münasibətində yaranmışdır. Dövlətin, bu dövlətin sükanı arxasında bacarıq və uzaqgörənliklə dayanmış Prezident İlham Əliyevin bu bölgəyə xüsusi qayğı və diqqətindən güc alan ağdamlılar adını daşıdıqları yurdun şöhrətini artırmaq, şərəfini göz bəbəyi kimi qorumaq üçün elliklə səfərbər olmuşlar. Göz qabağında olan reallıq çox şey deyir. Bölgənin gənc və yeniyetmələrinin sağlam böyümələri üçün dövlət başçısının tapşırığı ilə inşa edilmiş müasir tipli Olimpiya İdman Kompleksi Qarabağ gəncliyinə çox böyük töhfədir. İndi bu kompleksdə yüzlərlə ağdamlı gənc idmanın müxtəlif bölmələrində davamlı məşqlər edir, respublika və beynəlxalq səviyyəli yarışlara hazırlaşır.

Dövlət başçısının tapşırığına əsasən, Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu günlərdə Ağdamda olub. Bu qış rayonun bütün yaşayış məntəqələrinə təbii qaz verilməsi üçün təmir-tikinti işlərinə çox sayda briqadalar cəlb edilmişdir. Hazırda cəbhə xəttinə yaxın kəndlərə qaz çəkilişi sürətlə davam edir.

Ağdamda yeni-yeni xəstəxanalar, məktəblər, müxtəlif təyinatlı sosial obyektlər tikilib əhalinin istifadəsinə verilir. Bir tərəfdə yeni yollar, səkilər çəkilir, bir tərəfdə yaşıllıqlar salınır. Hər kəs gücü yetəni könüllü edir. İndi Ağdamda həyat qaynayır. Burada yaradılan nümunəvi şərait bir zaman məcburi köçkün kimi bütün respublika boyunca səpələnmiş əhalinin kütləvi şəkildə geri dönməsinə rəvac verir. Rayonda formalaşan sağlam mənəvi-psixoloji mühit, sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait qazanılan uğurların əsas mayasıdır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2010.- 25 noyabr.- S.4.