"Ümid" ümidləri doğrultdu
Geoloqların
fikrincə, Xəzərdə belə yataqlar
hələ çox açılacaq
"Neft Daşları", "Bahar",
"Günəşli", "Çıraq", "Azəri",
"Şahdəniz"E Xəzərin dibindəki zəngin karbohidrogen ehtiyatlarını - nefti,
qazı, hətta kondensatı üzə çıxarmağa imkan verən bu yataqlar sırasına indi
"Ümid" də qoşuldu.
Təbiət Azərbaycana onlarca belə nəhəng
yataq bəxş edib.
Onların hər birindən hasilatın alınması ölkəmizin
neft sənayesi tarixində mühüm
hadisəyə çevrilib. Neft sənayemizin salnaməsində artıq
"Ümid" də öz
yerini tutdu.
Böyük
perspektivlərə malik "Şahdəniz"
qaz-kondensat yatağının işə
düşməsindən cəmi bir
neçə il sonra
"Ümid" kimi
zəngin bir yatağın
açılması Azərbaycanın təkcə neft diyarı deyil, həm
də qaz ölkəsi olduğunu
bir daha təsdiqlədi. Dövlət
başçısı İlham Əiyevin
Xəzər dənizində "Ümid"
qaz yatağının
açılması münasibətilə ARDNŞ-in
rəhbərliyi ilə görüşündə dediyi kimi: "Ümid" yatağının
aşkarlanması xüsusi məna
daşıyır. Bu onu
göstərir ki, Azərbaycanda neft-qaz sahəsində bütün
işlər uğurla aparılır. Biz 1990-cı illərin əvvəllərində
böyük maliyyə imkanlarına malik deyildik. Xarici investisiyalardan
asılı idik. Ancaq
xarici investisiyaları Azərbaycana gətirməklə
milli maraqlarımızı tam şəkildə təmin edə bilmişik. Hasilat Sənayesində
Şəffaflıq Təşəbbüsünə qoşulan ölkələrdən biri də və bəlkə də birincisi Azərbaycandır. Bu
da ümumi neft siyasətimizin əlamətidir".
Xatırladaq
ki, "Ümid"
yatağı Bakı şəhərindən 75 kilometr aralıda, sahildən 40 kilometrlik
məsafədə yerləşir. Bu yataq diqqəti çoxdan,
keçən əsrin ortalarından cəlb etmişdi.
Hələ 1953-cü ildə burada
ilk dəfə geofiziki
işlər aparılmışdı. 1972-ci ildə isə geofiziki işlər bir qədər
də təkmilləşdirilmiş şəkildə davam etdirilmişdi. 1977-ci
ildən 1992-ci ilədək burada bir sıra quyular
qazılmışdı. Lakin bunların heç biri horizonta qədər çatmamış və
yatağın mənimsənilməsi mümkün
olmamışdı.
Məlum olduğu kimi, keçən əsrin 80-ci illərinin sonu -90-cı illərin əvvəllərində
Azərbaycan iqtisadiyyatı, o cümlədən
neft-qaz sənayesi tənəzzülə
uğramışdı. Ulu öndər
Heydər Əliyev xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtdıqdan sonra ilk növbədə bu
sahəyə də xüsusi diqqət yetirdi. Neft sənayesinin dirçəldilməsinə yönəldilmiş
tədbirlər sahədə köklü
dəyişikliklərə gətirib çıxardı.
1994-cü il sentyabrın 20-də
imzalanmış "Əsrin müqaviləsi\" ilə Azərbaycan
neftinin yeni erası
başlandı. Xəzərin Azərbaycan sektorundakı
"Azəri-Çıraq-Günəşli"
yataqlarının tammiqyaslı işlənməsini nəzərdə
tutan həmin müqavilə neft sənayesi qarşısında yeni perspektivlər açdı. Az sonra "Şahdəniz"
qaz-kondensat yatağı kəşf edildi.
"Şahdəniz"dən
artıq bir neçə ildir
hasilata başlanıb. "Şahdəniz"
qazı Bakı-Tbilisi-Ərzurum kəməri ilə Türkiyəyə
çatdırılır, oradan isə dünya bazarlarına
çıxarılır. Sevindirici
haldır ki, indi Azərbaycan
geoloqları və neftçiləri xaricdən heç bir kömək almadan, sərbəst şəkildə yeni yataqları kəşf edir
və istismara verirlər.
"Ümid"in ümidləri
doğrultması da Azərbaycanın neft mütəxəssislərinin böyük təcrübəsinin, ARDNŞ-in son illərdə
geniş maliyyə vəsaitinə, texniki və texnoloji imkanlara malik bir şirkətə çevrilməsinin nəticəsidir.
ARDNŞ-in birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bununla bağlı belə deyib:
"Qazma prosesi
mürəkkəb şəraitdə çətinliklə başa gəldi. Ancaq məqsədə çatdıq, 5-ci horizontu aça bildik. 5-ci horizontun olması
o deməkdir ki, burada mütləq 6-cı, 7-ci, 8-ci horizontlar da vardır. Əldə
olunmuş geofiziki məlumatların
və süxur nümunələrinin təhlilinin
nəticələrinə əsasən yüz
faiz əminliklə deyə bilərik ki, biz burada
böyük yataq
açmışıq. İndi qətiyyətlə
deyə bilərik ki, burada
200 milyard kubmetr qaz, 30-40 milyon ton da kondensat
ehtiyatı vardır. Hələlik bu quyudan əldə olunmuş
məlumata görə, ikisi bir yerdə 250 milyard kubmetr edir".
Bu da bir xoşbəxtlikdir ki,
Azərbaycanın qaz yataqlarından həm
də kondensat çıxır. Bu, təbiətin xoş bir bəxşişidir. Çünki
kondensat əslində duru
maye - təmizlənmiş neftdir.
Tərkibinə görə bir az benzinə, bir az da dizel
yanacağına yaxındır. Keyfiyyətinə görə
isə "Azəri-layt" nefti ilə
yarışa bilər. Göründüyü
kimi, "Ümid"
təkcə qazla deyil,
həm də kondensatla zəngin olan yataqdır. Yeri gəlmişkən
xatırladaq ki, hazırda "Şahdəniz"dən
çıxarılan kondensat Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan kəmərinə vurulur.
Beləliklə,
"Ümid" Xəzərin Azərbaycan
sektorunda qazla zəngin
olan birinci yataq deyil. Əlbəttə,
o, sonuncu da olmayacaq!
Geoloqlarımız deyirlər ki,
"Ümid"də qazanılan uğurlar
yeni qaz
yataqlarının kəşfinə və işlənməsinə
yol açır. Bu fikri X.Yusifzadə belə ifadə edib: "Buradakı "Babək"
yatağı "Ümid"dən iki dəfə
böyükdür. "Ümid"də
yaxşı nəticə almağımız o
deməkdir ki, "Babək"in perspektivliyi iki dəfə
artıqdır. Ona görə ki, bu strukturda
"Babək" aşağıda yerləşdiyi üçün onun
ehtiyatı iki dəfə çoxdur".
Yəni, "Ümid"də ehtiyatlar
200 milyard kubmetr olacaqsa, "Babək"də bu,
400 milyard kubmetr
olacaqdır, yaxud 300 milyard
kubmetr olacaqsa, müvafiq surətdə 600 milyard
kubmetr təşkil edəcəkdir".
"Ümid" ona bəslənən
ümidləri doğrultdu. Bu yatağın açılması ilə
dünyanın Azərbaycan qazına marağı daha da artacaq.
Azərbaycan.- 2010.- 26 noyabr.- S. 1.