ADU-da "Mədəniyyətlərarası
dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər"
mövzusunda beynəlxalq elmi konfrans işə
başlamışdır
Dünən Azərbaycan
Dillər Universitetində Təhsil Nazirliyi, "Azəriqazbank",
"Azərsun" Şirkətlər Qrupu və "British
Council"un dəstəyi ilə "Mədəniyyətlərarası
dialoq: linqvistik, pedaqoji və ədəbi aspektlər"
mövzusunda beynəlxalq elmi konfrans işə
başlamışdır.
Tədbir
iştirakçıları əvvəlcə Heydər Əliyev
Sarayının qarşısındakı parka gələrək,
ümummilli liderin abidəsi önünə gül dəstələri
qoymuşlar.
Konfransda
ABŞ, İtaliya, Fransa, Almaniya, Koreya Respublikası, Türkiyə,
Bolqarıstan, Gürcüstan və digər ölkələri
təmsil edən alimlər iştirak edirlər.
Universitetin
rektoru, professor Səməd Seyidov çıxış edərək
bildirmişdir ki, dünyanın 13 ölkəsindən alimlərin
iştirak etdiyi konfrans Azərbaycanın elmi
potensialının daha da genişləndirilməsi, ölkəmizin
elm adamları ilə xarici ölkələrin elm
adamlarının qarşılıqlı fikir mübadilələri,
eləcə də Azərbaycanın beynəlxalq aləmdə
daha yaxından tanıdılmasına geniş imkan
yaradacaqdır. Ölkəmizə gələn nüfuzlu alimlər
Azərbaycan həqiqətləri barədə xarici ölkələrin
ali təhsil müəssisələrində məlumat verəcəklər.
Təhsil
nazirinin müavini İradə Hüseynova və professor Rəbiyyət
Aslanova konfransın işinə uğurlar arzulamışlar.
Bildirilmişdir ki, əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulan müstəqil Azərbaycanın
sosial-iqtisadi, mədəni inkişaf strategiyası Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar,
uğurlu daxili və xarici siyasət bütün sahələrdə
olduğu kimi, ali təhsilin inkişafında da əlverişli
şərait yaradır.
Professorlar
Ayşə Nur Tekmen (Türkiyə), Hans Verner Huneke (Almaniya),
Dae Sunq Kim (Koreya), Massimo Bianki (İtaliya), Slaheddin Dçixa
(Fransa), İona Sarıyeva (Bolqarıstan), Vasumati Badrinatan
(Hindistan) və akademik Boris İmnadze (Gürcüstan) Azərbaycanda
olduqlarından məmnunluqlarını ifadə etmişlər.
Sonra
Hartford Universitetinin (ABŞ) professoru Hampri Tonkinin
"Ünsiyyət və linqvistik bərabərliyin ziddiyyəti",
ADU-nun professoru Gülnar Hüseynzadənin "İngilis
dilinin xarici dil kimi tədrisində beynəlxalq təlim",
Antverpen Universitetinin (Belçika) professoru Cef Verşurenin
"İctimai sahədə praqmatizmin xüsusiyyəti"
mövzularında məruzələri dinlənilmişdir.
Konfrans
işini "Mədəniyyətlərarası dialoq xalqlar və
insanlar arasında qarşılıqlı anlaşma vasitəsi
kimi", "Dil mədəniyyətlərarası ünsiyyətin
əsas amili kimi", "Ədəbiyyat müasir kulturoloji
paradiqmalar kontekstində", "Mədəniyyətlərarası
dialoqun dil öyrənməkdə rolu" bölmələrində
davam etdirmişdir.
Elmi konfrans noyabrın 26-da başa
çatacaqdır.
AzərTAc
Azərbaycan.-2010.- 26 noyabr.- S.7.