Azərbaycan Diplomatik Akademiyası ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır

 

AzərTAc xəbər verir ki, ölkəmizdə səfərdə olan Argentinanın xarici işlər, beynəlxalq ticarət və din məsələləri üzrə nazir müavini Alberto Pedro D'Alotto noyabrın 25-də Azərbaycan Diplomatik Akademiyasının(ADA) rektoru Hafiz Paşayev ilə görüşmüşdür.

Görüşdə H.Paşayev demişdir ki, Argentina elm, informasiya texnologiyaları və kənd təsərrüfatı sahələrində ciddi nailiyyətlərə imza atmışdır. Eyni zamanda, Argentina Cənubi Amerikada xüsusi nüfuza malikdir. Bu baxımdan burada Azərbaycan haqqında ətraflı məlumatların yayılması vacibdir.

A.D'Alotto Azərbaycanda gördüklərindən məmnun olduğunu, ölkəmizin siyasi və iqtisadi cəhətdən inamla inkişaf etdiyini vurğulamışdır.

Sonra ADA ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlıq haqqında memorandum imzalanmışdır.

Sənədə əsasən, ADA ilə Argentinanın Diplomatik Xidmət İnstitutu arasında tələbə, tədqiqat və elmi mübadilələr həyata keçiriləcəkdir. Həmçinin Argentinanın universitetlərinin birində Azərbaycan mərkəzinin, ADA-da isə Latın Amerikası ilə bağlı araşdırmalar aparacaq mərkəzin açılması nəzərdə tutulmuşdur. Qərara alınmışdır ki, ADA-da təhsil alan argentinalı tələbələrə təqaüd verilsin.

 

 

Azərbaycan.- 2010.- 26 noyabr.- S.9.