Qəbələdə Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının 38-ci iclası keçirilmişdir

 

Noyabrın 25-də Qəbələ şəhərində MDB ölkələrinin standartlaşdırma, metrologiya, akkreditasiya və sertifikatlaşdırma üzrə milli orqanları rəhbərlərinin 38-ci iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının və Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Qəbələ şəhərindəki abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov qonaqları Azərbaycanın qədim torpağı olan Qəbələdə salamlamaqdan məmnunluğunu bildirmişdir. Komitə sədri son bir il ərzində standartlaşdırma, metrologiya, sertifikatlaşdırma, akkreditasiya və keyfiyyətə dövlət nəzarəti sahələrində Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər barədə məlumat vermişdir. R.Həsənovun sözlərinə görə, komitə tərəfindən iqtisadiyyatın prioritet sahələri üzrə texniki komitələr yaradılmışdır. Son bir ildə qida məhsullarının standartlaşdırılması, ekologiya və keyfiyyətin idarə edilməsi üzrə texniki komitə formalaşdırılmışdır və hazırda fəaliyyət göstərir. Bundan başqa İSO, Codex Alimentarius, CEN standartlarının Azərbaycanda tətbiqi uğurla davam etdirilir. Qəbul edilən dövlət standartları Avropa standartları əsasında hazırlanır. Azərbaycanda keyfiyyət infrastrukturunun inkişaf etdirilməsində mövcud qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi bitmişdir. Metrologiya sahəsinə gəldikdə isə, Azərbaycanda ilk dəfə olaraq Milli Etalon Bazası formalaşdırılmışdır. Bazada təzyiq, sıxlıq, özlülük, temperatur, kütlə və digər istiqamətlər olmaqla 14 ilkin, 10 ikinci dərəcəli dövlət etalonları mövcuddur. Sınaq və kalibrləmə laboratoriyalarının qurulması işi davam etdirilir. Bakı şəhərində yüngülyeyinti məhsullarının sınaq laboratoriyaları, kalibrləmə laboratoriyaları, geni dəyişdirilmiş məhsulların, həmçinin Gəncədə yeni açılmış qida məhsullarının sınaq laboratoriyaları fəaliyyət göstərir. Sumqayıtda isə neft-qaz məhsullarının sınaq və dozimetrik laboratoriyası tikilməkdədir.

İclasda MDB Dövlətlərarası Şurasının icraçı katibi Nikolay Soneç, Ramiz Həsənov, Ukraynanın Texniki Tənzimləmə və İstehlakçı Hüquqlarının Qorunması üzrə Dövlət Komitəsinin sədri Aleksandr Matveyçuk, Belarusun Standartlaşdırma üzrə Dövlət Komitəsinin sədri Valeri Koreşkov, Qazaxıstanın Texniki Tənzimləmə və Metrologiya üzrə Komitəsinin sədri Qabit Muxambetov, Rusiyanın Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi direktorunun müavini Aleksandr Zajiqalkin, Qırğızıstanın iqtisadi inkişaf nazirinin müavini Oleq Pankratov, Tacikistanın Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Texniki Tənzimləmə üzrə Mərkəzinin direktoru Dadodcan Qaibov, Özbəkistanın \"Uzstandart\" Agentliyi baş direktorunun müavini Rüstəm Xusanov çıxış etmişlər.

İclasda 30-a yaxın məsələyə baxılmışdır. Çıxışlarda dünya iqtisadiyyatında başlıca rol oynayan standartlaşdırma sahəsinin inkişaf prioritetləri, onun beynəlxalq təcrübə əsasında təşkili, idxalixrac əməliyyatlarının sadələşdirilməsi istiqamətində normativ bazanın təkmilləşdirilməsi, istehsalın rəqabət qabiliyyətinin yüksəldilməsi, MDB ölkələrində etalon bazanın təkmilləşdirilməsi üçün qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Həmçinin, MDB-yə üzv dövlətlərdə son bir ildə texniki tənzimləmə, metrologiya, uyğunluğun təsdiqi və akkreditasiya sahələrində aparılan işlər, standartlaşdırma üzrə Büronun işinin və Dövlətlərarası Şuranın qərarlarının icrası ilə bağlı nəticələr diqqət mərkəzində olmuşdur. 2020-ci ilədək MDB-nin iqtisadi inkişaf strategiyası çərçivəsində Dövlətlərarası Şuranın iştirakı ilə bağlı tədbirlər planının I mərhələsinin yerinə yetirilməsinə dair hesabat məruzəsi dinlənilmiş və təsdiq edilmişdir.

MDB Dövlətlərarası Şurasının

39-cu iclasının gələn ilin iyununda Türkmənistanda keçirilməsi qərara alınmışdır.

 

 

Azərbaycan.- 2010.- 26 noyabr.- S. 9.