Kiyevdə
çağırılan GUAM ölkələrinin Milli Əlaqələndiricilər
Şurasının 20-ci iclası sona
çatmışdır
GUAM Katibliyinin rəsmi
saytında verilən məlumata görə, noyabrın 23-24-də
təşkilatın mənzil-qərargahında GUAM-ın Milli Əlaqələndiricilər
Şurasının (MƏŞ) 20-ci iclası keçirilmişdir.
İclasda xarici
işlər nazirlərinin müavinləri Araz
Əzimov (Azərbaycan), Oleksandr Qorin (Ukrayna), David Calaqaniya (Gürcüstan), Moldovanın Kiyevdəki
səfiri İ.Stevile və GUAM-ın Baş katibi Valeri Çeçelaşvili
iştirak etmişlər.
MƏŞ təşkilatın fəaliyyəti,
onun iştirakçısı olan dövlətlərin
qarşılıqlı siyasi əlaqələri,
parlamentlərarası və sahəvi əməkdaşlıq,
GUAM-ın digər dövlətlər və təşkilatlarla
münasibətləri məsələlərini müzakirə
etmişdir.
Forum
iştirakçıları MDB məkanında həlli uzanan münaqişələrə dair müntəzəm fikir
mübadiləsini davam etdirmiş,
BMT ilə GUAM arasında əməkdaşlığa dair qətnamə təklif edilməsi barədə
Gürcüstanın təşəbbüsünü dəstəkləmiş,
GUAM üzvü olan dövlətlərin
digər beynəlxalq təşkilatların yanında diplomatik nümayəndəliklərinin
qarşılıqlı fəaliyyət planlarının layihələrini
razılaşdırmışlar.
Tərəflər GUAM-ın Xarici İşlər Nazirləri Şurası
(XİNŞ) tərəfindən
razılaşdırılmış 2011-2012-ci illər üçün sahəvi işçi
qrupların əlaqələndirici ölkələrinin namizədliyinə
dair təklifləri təsdiq olunmağa təqdim etmiş,
GUAM-ın işçi orqanlarının
sahəvi
əməkdaşlığı və fəaliyyəti məsələlərini
nəzərdən keçirmişlər.
MƏŞ razılığa gələn
tərəflərin GUAM iştirakçısı olan dövlətlər arasında Sərbəst
Ticarət zonası yaradılması haqqında 20 iyul 2002-ci il tarixli sazişin müddəalarının
yerinə yetirilməsinə dair fəaliyyətini
əlaqələndirən işçi
orqanın fəaliyyət mexanizminin, Ümumdünya Ticarət Təşkilatının
standartlarına uyğun olaraq
GUAM üzvü olan
dövlətlərin mallarının mənşə ölkəsinin
müəyyən edilməsi qaydalarının layihəsini,
"İnvestisiya forumu",
təşkilatın İşgüzar
şurasının növbəti iclasının və "GUAM-da ən yaxşı bank-2010"
müsabiqənin keçirilməsi təşəbbüsünü
dəstəkləmişdir.
İclasda
bu il sentyabrın 24-dən
26-dək Tokioda keçirilmiş
Ümumdünya Turizm
sərgisində "GUAM-Yaponiya" turizm məhsulunu hazırlayanların birgə
iştirakı, Yaponiya tərəfindən
GUAM üçün turizm
məsələlərinə və turizm
üzrə işçi qrupun
Yaponiyanın turizm agentlikləri və
kütləvi informasiya vasitələri üçün informasiya
və mətbuat turlarının təşkil edilməsi
planlarına dair növbəti seminar hazırlanmasını müsbət qiymətləndirmişlər.
MƏŞ terrorizmə, mütəşəkkil
cinayətkarlığa və narkotiklərin yayılmasına
qarşı mübarizə üzrə işçi
qrupun və onun işçi alt
qruplarının səmərəli işini,
o cümlədən cari
ilin sentyabr-oktyabr
aylarında GUAM iştirakçısı olan
dövlətlərin hüquq-mühafizə orqanlarının "Narkostop-2010" və \"Perexvat-2010\" birgə
əməliyyatlarının keçirilməsini, "İnformasiya bülleteni"nin yaradılmasını və GUAM
iştirakçısı olan dövlətlərdə
cinayətkarlığın vəziyyəti barədə
başlanmış informasiya mübadiləsini,
təşkilatın iştirakçısı olan
dövlətlərin hüquq-mühafizə və digər səlahiyyətli orqanları arasında əməliyyat əməkdaşlığının
möhkəmlənməsi üçün
GUAM-ın Virtual Mərkəzinin mexanizmlərinin
yaradılması niyyətini, GUAM Dövlətlərarası İnformasiya-Analitik Sisteminin
milli seqmentlərinin modernləşdirilməsi
üzrə GUAM-ABŞ Çərçivə Proqramı
layihəsinin ikinci mərhələsinin başa çatmasını qeyd
etmişdir.
Tərəflər Fövqəladə Hallar üzrə İşçi
Qrupun (FHİQ) 2010-cu il
üçün iş
planının yerinə yetirilməsi haqqında hesabatı və
İşçi Qrupun
2011-ci il üçün
iş planını qəbul etmiş, Xarici İşlər
Nazirləri Şurasına fövqəladə halların
qarşısının alınması və onların nəticələrinin
aradan qaldırılması sahəsində
əməkdaşlıq məsələlərinə dair birgə komissiya
yaradılması haqqında qərar qəbul etməyi təklif
etmişlər. MƏŞ fövqəladə
halların qarşısının alınması sahəsində
birgə GUAM-Yaponiya seminarının təşkil
edilməsi, eləcə də "Şərq tərəfdaşlığı"
- "Təbii və texnogen fəlakətlərin
qarşısının alınması, onlara
hazır olmaq və reaksiya
vermək" və "Sərhədlərin inteqrasiya
olunmuş şəkildə idarə edilməsi" adlı "flaqman" təşəbbüslərin həyata
keçirilməsində GUAM iştirakçısı olan dövlətlərin milli
fövqəladə hallar
orqanlarının və sərhəd idarələrinin
iştirakının təmin edilməsi üzrə işləri
qeyd etmişdir.
Forum iştirakçıları
GUAM-ın ABŞ, Yaponiya, Vışeqrad qrupu ölkələri (Polşa,
Macarıstan, Çexiya və Slovakiya) ilə, marağı olan
Baltik və Skandinaviya
ölkələri, beynəlxalq təşkilatlarla əməkdaşlığının
perspektivlərini müzakirə etmişlər.
Noyabrın
24-də MƏŞ-in iclası çərçivəsində
GUAM-ın rabitə kanalları üçün
informasiyanın kriptoqrafik müdafiə
qurğuları göndərilməsinə dair
GUAM ilə bu qurğuların
istehsalçı şirkəti arasında kontraktın imzalanma mərasimi də olmuşdur.
Bundan
əlavə, tərəflər ATƏT-in sammiti
çərçivəsində (Astana,
1-2 dekabr 2010-cu il) XİNŞ-in 13-cü iclasının müvafiq sənədlərinin layihələri
ilə bağlı məsələləri də müzakirə
etmiş və
razılaşdırmışlar.
Zeynal AĞAZADƏ,
AzərTAc-ın
xüsusi müxbiri
Kiyev
Azərbaycan.- 2010.- 26 noyabr.- S.9.