YUNESKO ilə
Azərbaycan arasında yeni bir müqavilə imzalanmışdır
AzərTAc
xəbər verir ki,
noyabrın 24-də YUNESKO-nun mənzil-qərargahında
Azərbaycanda elmin inkişafı sahəsində
həyata keçirilən islahatlara Yaponiya hökumətinin yardımı ilə
bağlı YUNESKO və Azərbaycan arasında müqavilə
imzalanmışdır.
Mərasimi açan
YUNESKO baş direktorunun
elmi işlər üzrə müavini xanım Qreçen
Kalonji son vaxtlar YUNESKO-nun müxtəlif
ölkələrin elmi müəssisələrinin
inkişafına, gənc kadrların hazırlığına
və bu sahədə həyata
keçirilən islahatlara xüsusi
diqqət yetirdiyini vurğulamış və
elm ocaqlarının iqtisadiyyatın
sürətli inkişafında böyük
rol oynadığını bildirmişdir. Direktor müavini Azərbaycanda elmi
potensialı daha da inkişaf etdirməklə əlaqədar
YUNESKO tərəfindən xüsusi layihənin
hazırlandığını və bunun
Azərbaycan elminə böyük töhfə
olduğunu diqqətə
çatdırmışdır.
Azərbaycanda elmi
siyasət, texnologiya və innovasiya
strategiyasının inkişafına dəstək vermək və
bu sahələrdə gənc kadrların
yetişdirilməsi ilə bağlı YUNESKO-nun
layihəsini maliyyələşdirən Yaponiyanın qurum yanındakı daimi
nümayəndəsinin müavini Hideaki Kuramitsua
Yaponiyanın elmi kadrlar
hazırlanması istiqamətində bir
çox dövlətlərə əməli
kömək göstərdiyini bildirmiş,
ölkəsinin "İnam" Fondu tərəfindən ayrılmış
maliyyə yardımının Azərbaycanda elmin
inkişafı və kadr
hazırlığı ilə bağlı layihənin həyata
keçirilməsində mühüm əhəmiyyətini
qeyd etmiş, sanballı gənc elmi
kadrların yetişdirilməsi və onların gələcəkdə
özündən əvvəlki nəsli ləyaqətlə təmsil
edəcəklərinə əmin olduğunu
bildirmişdir.
Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəsi səfir Eleonora Hüseynova Azərbaycan
elminin inkişafına göstərdikləri
qayğıya və yardıma görə təşkilatın
rəhbərliyinə və Yaponiyanın \"İnam\"
Fonduna təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycan
elminin inkişafı ilə
bağlı hökumət tərəfindən 2010-2015-ci illəri
əhatə edən proqram
hazırlanmışdır. Hazırda bu
proqramın müvəffəqiyyətlə yerinə yetirilməsi
istiqamətində müxtəlif layihələr həyata keçirilir. E.Hüseynova
YUNESKO ilə yüksək səviyyədə çoxşaxəli
əməkdaşlığın Azərbaycan cəmiyyəti üçün xüsusi
rol oynadığını qeyd etmiş, yeni müqavilənin Azərbaycan elminə layiqli töhfə verəcəyinə əmin
olduğunu bildirmişdir.
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimov Azərbaycan elminin
idarə olunması və təkmilləşdirilməsi istiqamətində
həyata keçən islahatlarla
bağlı layihənin reallaşmasında YUNESKO ilə Azərbaycan
arasında bağlanmış müqavilənin xüsusi əhəmiyyətini
vurğulamış və qurumun ekspertlərinin
bu işdə fəal iştirak edəcəklərinə əminliyini
bildirmişdir.
Azərbaycan elminin
inkişafı ilə bağlı yeni
müqavilənin xüsusi rolundan
danışan M.Kərimov 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev
tərəfindən Azərbaycan elminin
inkişafı üzrə milli strategiyaya dair fərman
imzalandığını, həmin strategiya
üzrə Dövlət Proqramının qəbul olunduğunu xatırlatmış,
artıq bu istiqamətdə müəyyən
addımlar atıldığını, YUNESKO ekspertlərinin bu işə cəlb olunmasının onun səmərəsini artıracağına əminliyini
bildirmişdir.
Sonda AMEA-ya
yardımla bağlı müqavilənin imzalanma
mərasimi olmuşdur. Müqaviləni
YUNESKO baş direktorunun
elmi işlər üzrə müavini Qreçen Kalonji və AMEA-nın prezidenti
Mahmud Kərimov imzalamışlar.
Mərasimdə
YUNESKO-nun rəsmiləri, Azərbaycan və
Yaponiyanın təşkilat yanındakı daimi
nümayəndəliklərinin əməkdaşları iştirak etmişlər.
Əsgər
ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Paris
Azərbaycan.- 2010.- 26
noyabr.-S.9.