Budapeştdə başa çatmış beynəlxalq elmi konfrans "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusuna həsr olunmuşdur

 

Noyabrın 25-də Macarıstanın paytaxtı Budapeştdə "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda keçirilən beynəlxalq elmi konfrans öz işini başa çatdırmışdır.

Azərbaycanın bu ölkədəki səfirliyinin Azərbaycan və Macarıstan Elmlər akademiyaları və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birlikdə keçirdiyi konfransda dörd gün ərzində 50-yə yaxın elmi məruzə dinlənilmiş və geniş müzakirələr aparılmışdır. Azərbaycan, Macarıstan, Türkiyə, Ukrayna, Polşa və bolqarıstanlı alimlərin qatıldıqları elmi diskussiyalarda tarix, arxeologiya, etnoqrafiya, dil, ədəbiyyat, musiqi, iqtisadiyyat və digər sahələr diqqət mərkəzində olmuşdur.

Konfransın gedişində, həmçinin ötənilki IV konfransın iki cilddə çap olunmuş materiallarının təqdimat mərasimi keçirilmişdir. Konfransın işinə yekun vuran Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev bu beynəlxalq elmi tədbiri Azərbaycan haqqında informasiyanın daha geniş coğrafiyada yayılması ilə bağlı Prezident İlham Əliyevin diplomatik korpusumuz qarşısında qoyduğu vəzifənin həyata keçirilməsi istiqamətindəki növbəti addım kimi dəyərləndirmişdir.

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2010.- 26 noyabr.- S. 9.