Nazirlər Kabineti əhalinin sağlamlığının qorunması profilaktikası, habelə xəstəliklərin müalicəsinə dövlət qayğısının artırılması məqsədi ilə bir sıra qərarlar qəbul etmişdir

 

Noyabrın 26-da Azərbaycan Respublikasının Nazirlər Kabineti əhalinin sağlamlığının qorunması və profilaktikası, habelə xəstəliklərin müalicəsinə dövlət qayğısının artırılması məqsədi ilə bir sıra qərarlar qəbul etmişdir.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həmin qərarlara əsasən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli fərmanına uyğun olaraq "2011-2015-ci illər üçün şəkərli diabet üzrə Tədbirlər Proqramı", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli fərmanına uyğun olaraq "2011-2015-ci illər üçün talassemiyanın müalicə və profilaktikası üzrə Tədbirlər Proqramı" və "2011-2015-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı" təsdiq edilmişdir.

Bundan başqa, Nazirlər Kabineti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq, yoluxucu xəstəliklərin qarşısının alınması və onunla mübarizəni təmin etmək məqsədi ilə "2011-2015-ci illər üçün yoluxucu xəstəliklərin immuno- profilaktikasına dair Tədbirlər Proqramı"nı, vərəm xəstəliyinin aşkarlanması, yayılma hallarının azaldılması, diaqnostika və müalicəsinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə "2011-2015-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı"nı və xroniki böyrək çatışmazlığı xəstəliyinin artmasının qarşısının alınması və müalicəsinin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə "2011-2015-ci illər üçün xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı"nı təsdiq etmişdir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş həmin proqramların həyata keçirilməsini təmin etmək Səhiyyə Nazirliyinə digər aidiyyəti dövlət orqanlarına tapşırılmışdır.

Bu qərarlar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan.- 2010.- 27 noyabr.- S. 4.