Daxili İşlər
Nazirliyində geniş kollegiya iclası keçirilmişdir
Noyabrın 26-da Daxili
İşlər Nazirliyində (DİN) daxili işlər
orqanlarında qanunçuluğa riayət olunması, insan
və vətəndaş hüquq və azadlıqlarının
təmin edilməsi sahəsində həyata keçirilən
tədbirlərin, şəhər, rayon polis orqanlarının
növbətçi hissələrində,
"Təhlükəsiz şəhər" və "102"
xidmətlərində fəaliyyətin, həmçinin
keçmiş illərdən bağlı qalmış
qəsdən adamöldürmə cinayətlərinin
açılması üzrə görülən
işlərin vəziyyətinə həsr olunmuş geniş
kollegiya iclası keçirilmişdir.
DİN-in mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, daxili işlər naziri, general-polkovnik
Ramil Usubov gündəlikdəki hər üç
məsələnin aktual və vacib olduğunu
xatırlatmış, orqan və hissələrdə
qanunçuluğun möhkəmləndirilməsinin,
eləcə də keçmiş illərdən bağlı qalmış qəsdən
adamöldürmələrin açılmasının insan
və vətəndaş hüquq və
azadlıqlarının təmin edilməsi amili ilə
bilavasitə əlaqəli olduğundan nazirlik
tərəfindən bu istiqamətlərdə davamlı
şəkildə təşkilati-praktiki tədbirlər
həyata keçirildiyini qeyd etmişdir. Bununla
bərabər, cinayətlərin və digər
hüquqpozmaların qarşısının alınmasında,
açılmasında, onların törədilməsinə
şərait yaradan halların aradan qaldırılmasında,
ictimai asayişin və daxili təhlükəsizliyin təmin
edilməsində növbətçi hissələrin rolunun
artırılmasının, digər struktur qurumlarla
əlaqələrinin gücləndirilməsinin, maddi-texniki
bazasının möhkəmləndirilməsinin, müasir
texnika və avadanlıqla təchizatının da böyük
əhəmiyyət kəsb etdiyi vurğulanmışdır.
Gündəlikdəki
birinci məsələ barədə məruzə ilə Daxili
Təhqiqatlar İdarəsinin rəisi, polis polkovniki Arif Rzayev
çıxış etmişdir. O qeyd
etmişdir ki, son illər nazirlik tərəfindən bu
sahədə kifayət qədər səmərəli
işlər görülmüş, idarəçilik və
təşkilatçılıq fəaliyyətinin
təkmilləşdirilməsi, əməkdaşların
peşəkarlığının yüksəldilməsi,
məsuliyyətinin artırılması, xidməti
və icra intizamının möhkəmləndirilməsi
üçün kompleks tədbirləri əks etdirən
əmr, göstəriş və planlar hazırlanıb icraya
yönəldilmişdir. Hökumət və
qeyri-hökumət təşkilatlarından olan
müşahidəçilərin müvəqqəti saxlama yerlərində
azad və məhdudiyyətsiz monitorinq
keçirmələrinə də lazımi şərait
yaradılmışdır. Ombudsman
təsisatının əməkdaşları, eləcə
də İşgəncələrə Qarşı
Azərbaycan Komitəsinin və ATƏT-in Bakı ofisinin
nümayəndələri tərəfindən təkcə
cari ilin 9 ayında şəhər, rayon polis
orqanlarının müvəqqəti saxlama
təcridxanalarında saxlanılan şəxslərin hüquqlarının təmini ilə bağlı
keçirilmiş 278 monitorinq zamanı insan
hüquqlarının pozulması halları müəyyən
olunmamışdır. "Şəffaflığın
artırılması və korrupsiyaya qarşı mübarizə
üzrə Milli Strategiya"nın və onun həyata
keçirilməsi ilə bağlı 2007-2011-ci illər
üçün fəaliyyət planının
daxili işlər orqanlarında yerinə yetirilməsinə
dair nazirliyin tədbirlər planı əsasında korrupsiyaya
şərait yaradan və korrupsiya hüquqpozmalarına yol
verən əməkdaşların aşkarlanması
məqsədi ilə daxili nəzarət qaydasında
tədbirlər, habelə rəy sorğuları
keçirilərək nəticələri üzrə
zəruri ölçülər
götürülmüşdür.
Həyata keçirilən bu və digər
tədbirlər sayəsində qanunçuluğun
möhkəmləndirilməsi, o cümlədən xidməti
fəaliyyətə şəffaflıq və sosial
yönümlülük verilməsi, vətəndaş
cəmiyyəti ilə əlaqələrin
gücləndirilməsi istiqamətində müəyyən müsbət nəticələr əldə
edilmişdir. 2008-ci illə müqayisədə 2009-cu ildə
aşkarlanmış intizam qaydalarının və qanun pozuntularının
sayı bütövlükdə 11,7 faiz, intizam
məsuliyyətinə cəlb edilənlərin sayı 10,5
faiz, o cümlədən mənfi motivlərlə xidmətdən
xaric olanların sayı 3,1 faiz azalmışdır.
Şəhər, rayon polis orqanlarının
növbətçi hissələrində, "Təhlükəsiz
şəhər" və "102" xidmətlərində
fəaliyyətin vəziyyəti haqqında DİN-in
növbətçi hissələri idarəetmə
xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov
çıxış etmişdir. Bildirmişdir
ki, hazırda şəhər, rayon polis orqanlarının
növbətçi hissələri tələb olunan texniki
avadanlıq, yeni kriminalistik çamadanlar, müasir rabitə
vasitələri, o cümlədən "Siemens" və "Panasonic"
markalı yeni ATS-lərlə təchiz edilmişdir. Hüquqpozma törətmiş şəxslərin
polisə gətirilməsi, saxlanılması və inzibati
məsuliyyətə cəlb olunması zamanı qanunçuluğun,
insan hüquq və azadlıqlarının təmin
edilməsi, müvəqqəti saxlama yerlərinin müasir
standartlara uyğun yenidən qurulması da diqqət
mərkəzində olmuşdur. Saxlanılan
şəxslərin davranışına, habelə xidmət
prosesinə nəzarət məqsədi ilə 65
müvəqqəti saxlama yerindən 53-də video-monitorlar
quraşdırılaraq növbətçi
hissələrdə müşahidə imkanı
yaradılmışdır.
Qeyd olunmuşdur ki, son illər daxili işlər
orqanlarında fəaliyyətin beynəlxalq
təcrübəyə uyğun qurulması istiqamətində
həyata keçirilən mühüm tədbirlər sırasında
- cinayətlər və hadisələr barədə daxil olan
məlumatların qəbulu, bu sahədə vətəndaşlarla polis orqanları arasında
operativ rabitənin təşkili məqsədi ilə
yaradılmış və 2008-ci ilin əvvəlindən
istismara verilmiş "102" xidmətinin rolu
əvəzsizdir. İlkin mərhələdə Bakı
və Sumqayıt şəhərləri, habelə Abşeron
rayonu üzrə 57 ərazi polis qurumunun növbətçi
hissəsində mərkəzlə birbaşa
əlaqəsi olan rabitə şəbəkəsi qurulmuş,
xüsusi kompüter, İP telefon, habelə
növbətçi hissələrin girişində videokameralar
quraşdırılmışdır. Qısa
müddətdə bu xidmət öz səmərəliliyini
tam təsdiqləmiş, əməliyyat şəraitinə
və əməliyyat qruplarının hadisə
yerlərinə vaxtında çıxmasına
mərkəzləşdirilmiş nəzarəti xeyli
gücləndirmiş, bütövlükdə ərazi polis
orqanlarının, nizami hissələrin operativliyini və
çevikliyini yüksəltmişdir. Təsadüfi
deyil ki, cari ilin 9 ayında zəng mərkəzinə daxil
olmuş məlumatların sayı 2009-cu ilin müvafiq
dövrü ilə müqayisədə 2,1 dəfə
artmışdır.
Mərkəzdə qeydə alınmış 5 min 499
məlumatın 92,1 faizi araşdırma zamanı
təsdiqlənərək onlardan 23,4 faizi üzrə
cinayət işi başlanmış, 10,4 faizi müvafiq
prosessual qərar qəbul olunması üçün
prokurorluq orqanlarına göndərilmişdir. Xidmətin imkanları ilə 303 cinayət "isti
izlərlə" açılmışdır ki, onların
da 139-u, o cümlədən 4 qəsdən
adamöldürmə, 2 qəsdən
adamöldürməyə cəhd, 5 soyğunçuluq, 4
quldurluq, 8 qəsdən sağlamlığa zərərvurma,
26 nəqliyyat vasitəsinin qaçırılması, 43
xuliqanlıq, 29 oğurluq və 18 oğurluğa cəhd
faktı cari ilə təsadüf edir.
Həmçinin məişət zəminində
baş vermiş 950 hüquqazidd əməlin
qarşısının alınması təmin olunmuş,
müxtəlif məsələlərlə əlaqədar
müraciət etmiş 6 min 352 vətəndaşa hüquqi
yardım göstərilmiş və ya müvafiq izahlar
verilmişdir. Hazırda sistemin tətbiqinin ikinci
mərhələsi - \"102\" xidmətinin respublikanın
digər rayonlarını əhatə etməsi üzrə
işlər başa çatmaqdadır.
Fəaliyyətin beynəlxalq təcrübəyə
uyğun təkmilləşdirilməsi ilə bağlı
həyata keçirilmiş ən effektiv layihələrdən
biri də 2009-cu il fevralın 24-də Azərbaycan Prezidenti
İlham Əliyevin iştirakı ilə istismara verilmiş "Təhlükəsiz
şəhər" Avtomatlaşdırılmış
İdarəetmə Sisteminin yaradılmasıdır. Yeni inşa edilmiş binada yerləşən,
müasir informasiya- kommunikasiya avadanlığı ilə
təchiz olunmuş bu sistemin paytaxtda hüquq qaydasına
riayət edilməsinə nəzarəti həyata
keçirmək, ərazini fasiləsiz və canlı
izləmək, qanun pozuntularına, fövqəladə
vəziyyətlərə çevik reaksiya verilməsini
təmin etməsi üçün ilkin
mərhələdə müxtəlif ünvanlarda 1104
videokamera quraşdırılmışdır. İstismar
edildiyi müddətdə bu mühüm informasiya resursu
əhalinin təhlükəsizliyinin və qanuni
mənafelərinin hüquqazidd əməllərdən
qorunmasına, xüsusən də, yol hərəkətinin
təmini işinə töhfəsini vermişdir. Belə ki, təkcə cari ilin 9 ayında yollarda
avtomobillərin hərəkətinə videonəzarətin
tətbiqi zamanı 29 min 266 inzibati xəta, o
cümlədən 217 başqa nəqliyyat vasitəsinə
verilmiş qeydiyyat nişanları ilə
avtomaşınların idarə edilməsi və s. faktlar
müəyyənləşdirilərək zəruri
tədbirlər görülmüşdür.
Baş
Cinayət-Axtarış İdarəsinin rəisi, polis
general-mayoru Emin Şəkinski keçmiş illərdən
bağlı qalmış qəsdən adamöldürmə
cinayətlərinin açılması üzrə
görülən işlərin vəziyyəti barədə
çıxış etmişdir. Qeyd olunmuşdur ki, son 5
ildə qəsdən adamöldürmə cinayətlərinin
sayı ardıcıl olaraq azalmış, açılması
orta hesabla 87 faiz, bu ilin 10 ayında isə 90,8 faiz
təşkil etmişdir. Həyata
keçirilmiş tədbirlər nəticəsində
2005-2009-cu illərdə və cari ilin 10 ayında
qəsdən adamöldürmə cinayətləri
törətmiş 1149 nəfər müəyyən
edilmiş, axtarışda olan 174 təqsirləndirilən
şəxs tutulmuş, ümumilikdə 238 nəfərdən
ibarət 88 cinayətkar qrup və dəstə
zərərsizləşdirilmişdir. Xüsusi
qeyd edilməlidir ki, 2004-2006-cı illərdə və cari
ildə Sumqayıt şəhərində geniş ictimai
rezonansa səbəb olmuş cinayətlər
törətməkdə, o cümlədən polis
əməkdaşlarını, valyutadəyişmə
məntəqələri işçilərini odlu silahla
qətlə yetirməkdə ittiham olunan Elbrus Xəlilov
Rusiya Federasiyasının Belqorod şəhərində
tutulmuşdur. Prokurorluq orqanları ilə
qarşılıqlı əlaqədə həyata
keçirilən istintaq-əməliyyat tədbirləri
ilə 2005-2009-cu illərdə və cari ilin ötən
dövründə ölkəmizin paytaxtında və digər
şəhər, rayonlarda keçmiş illərdən bağlı
qalmış 45 qəsdən adamöldürmə
cinayətinin açılması təmin olunmuşdur.
Müzakirələrdə
çıxış edənlər görülmüş
işlərdən və buraxılmış nöqsanlardan
danışmış, çatışmazlıqların
qısa müddətdə aradan qaldırılması
üçün təsirli tədbirlərin görüləcəyini
bildirmişlər.
Kollegiya iclasına yekun vuran nazir, general-polkovnik Ramil
Usubov gündəlikdəki məsələlərlə
bağlı tapşırıq və tövsiyələrini
vermiş, xidməti fəaliyyətdə yol verilən
nöqsan və çatışmazlıqların aradan
qaldırılması yollarını göstərmiş,
tədbir iştirakçılarının diqqətini
cinayətkarlıqla mübarizə, ictimai
təhlükəsizliyin təmini sahələrində
xüsusilə əhəmiyyətli saydığı bəzi
məqamlara yönəltmişdir.
Nazir ilk növbədə qanunçuluğun və
nizam-intizamın möhkəmləndirilməsinə
yönəlmiş DİN-in əmr, kollegiya qərarları
və göstərişlərinin icrasının ciddi
nəzarətdə saxlanılmasını,
əməkdaşların qanunazidd hərəkətləri
haqqında daxil olan müraciətlərin vaxtında, keyfiyyətli və obyektiv baxılmasına,
cinayət işlərinin istintaqı və
məhkəməyədək sadələşdirilmiş
icraatın aparılması zamanı prosessual qanunvericiliyin
tələblərinə ciddi riayət olunmasına, cinayət
prosesi iştirakçılarının qanunla qorunan hüquq
və mənafelərinin tam təmin edilməsinə
nəzarət və tələbkarlığın
artırılmasını tələb etmişdir. Qeyd olunmuşdur ki, "102 xidməti"ndən
alınmış məlumatların qəbulu,
işlənilməsi, yoxlanılması,
cavablandırılması tam və yüksək
məsuliyyət hissi ilə yerinə yetirilməli,
növbətçi hissələrdə
quraşdırılmış texniki avadanlıq daim işlək
vəziyyətdə saxlanılmalı, "Təhlükəsiz
şəhər" xidmətindən daxil olmuş yol
hərəkəti qaydaları əleyhinə olan inzibati
xətalar üzrə işlər şəxsi nəzarət
altında davam etdirilməli, müvafiq xətaları
törədənlərin operativ
müəyyənləşdirilib məsuliyyətə cəlb
olunması və icraatın təmini üçün
qanunvericilikdə təsbit edilmiş tədbirlər tam
həcmdə tətbiq olunmalıdır.
Təhlil
göstərir ki, respublikada qəsdən
adamöldürmələrin 71 faizi məişət
zəminində törədilir. Bu baxımdan
məişət zəminli hüquqazidd əməllərə
qarşı profilaktiki işin gücləndirilməsi,
qabaqlayıcı tədbirlərin vaxtında və tam
həcmdə həyata keçirilməsi qəsdən
adamöldürmə cinayətlərinin kəskin
azalmasını şərtləndirə bilən əsas
amillərdən biri kimi vurğulanmışdır.
Ramil Usubov
diqqəti şəxsi heyət arasında
mənəvi-psixoloji durumun, qanunçuluğun,
nizam-intizamın möhkəmləndirilməsi və daha ciddi
tədbirlərin görülməsinə cəlb etmişdir. Xüsusi vurğulanmışdır ki, hər bir
əməkdaş üzərinə düşən vəzifələrin
icrasına məsuliyyətlə yanaşmalı, anda,
xidməti vəzifə borcuna daim sadiq olmaqla polisin
şərəfli adını uca tutmalı,
vətəndaşlarla münasibətdə nəzakətli
davranış nümayiş etdirməli, polis-vətəndaş
münasibətlərini Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
tələb etdiyi yüksək səviyyədə təmin
etməlidir.
Ölkəmizin və xalqımızın
həyatında taleyüklü hadisələrlə, ulu
öndərimiz tərəfindən
müəyyənləşdirilmiş strateji kursun Prezident
İlham Əliyev tərəfindən uğurla həyata
keçirilməsi nəticəsində bir sıra
nailiyyətlərlə əlamətdar olan cari ilin başa
çatmasına bir ay
qaldığını xatırladan general-polkovnik Ramil Usubov
iclas iştirakçılarının diqqətini
səylərin daha da artırılmasına, ağır və
xüsusilə ağır cinayətlərin
açılmasına, axtarışda olanların
tutulmasına bütün qüvvə və imkanların
səfərbər olunmasına cəlb etmişdir. O, dövlətimizin başçısını
əmin etmişdir ki, şəxsi heyət
cinayətkarlığa qarşı mübarizəni
qətiyyətlə davam etdirəcək, sabitliyin, əmin-amanlığın,
ictimai qaydanın təmini istiqamətində qarşıya
qoyulan bütün tapşırıqları layiqincə
yerinə yetirəcək, dövlətçiliyimizin
keşiyində bundan sonra da sayıq dayanacaq, ili daha
yüksək nəticələrlə başa vuracaqdır.
Azərbaycan.- 2010.- 27 noyabr.- S. 5.