Azərbaycan Respublikasının
dördüncü çağırış Milli
Məclisinin ilk iclası olmuşdur
Prezident İlham Əliyevin nitqi
- Hörmətli xanımlar və cənablar!
Hörmətli deputatlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün dördüncü çağırış Milli Məclis öz işinə başlayır. Bu münasibətlə sizin hamınızı təbrik edirəm, bütün deputatlara məhsuldar fəaliyyət arzulayıram.
Parlament seçkiləri Azərbaycanda demokratik inkişaf istiqamətində atılmış növbəti mühüm addımdır. Bildiyiniz kimi, seçkilər çox azad, ədalətli, şəffaf şəkildə, rəqabət şəraitində keçirildi. Bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır və seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini tam şəkildə əks etdirir. Mən əminəm ki, yeni tərkibdə Milli Məclis ölkəmizin gələcək inkişafı üçün dəyərli töhfələrini verəcək və Milli Məclis tərəfindən qəbul ediləcək qanunlar ölkəmizin demokratik inkişafı üçün gözəl şərait yaradacaqdır. Ölkəmizdə demokratik proseslər müsbət istiqamətdə inkişaf edir. Azərbaycanda demokratiyanın inkişafı təmin edilir. Azərbaycanda hüquqi dövlət quruculuğu işində çox vacib işlər görülmüşdür. Demokratiya bizim şüurlu seçimimizdir. Azərbaycan müasir demokratik ölkə kimi uğurla inkişaf edir. Ölkədə bütün azadlıqlar təmin edilibdir. Söz azadlığı, vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı, siyasi plüralizm təmin edilibdir. Ölkədə siyasi sistemin formalaşması işində çox vacib addımlar atılıbdır. Azərbaycanda siyasi mübarizə sivil qaydalarla tənzimlənir. Əminəm ki, yeni tərkibdə Milli Məclis bu gözəl ənənələrini daha da möhkəmləndirəcəkdir.
Azərbaycanda siyasi islahatların davam etdirilməsi üçün bütün imkanlar, siyasi iradə vardır. Biz mütərəqqi meyillərə çox müsbət yanaşırıq, Azərbaycanı müasir, güclü dövlət kimi görürük. Azərbaycanın inkişafı həm iqtisadi, həm siyasi islahatların paralel şəkildə aparılması istiqamətində mümkün olacaqdır. Biz istəyirik ki, ölkəmiz dünyanın inkişaf etmiş ölkələri sırasına daxil edilsin. Əlbəttə, bunu etmək üçün ölkədə bütün işlər müasir tələblərə uyğun şəkildə aparılmalıdır.
Ölkəmizdə son illər ərzində iqtisadi islahatlar da aparılmışdır. Azərbaycan iqtisadiyyatı artıq şaxələndirilmiş iqtisadiyyatdır. 2009-cu ilin iqtisadi və maliyyə böhranı bunu bir daha göstərdi. Böhrana baxmayaraq, Azərbaycanın uğurlu inkişafı davam etmişdir. Bütün sosial məsələlər həllini tapmışdır, valyuta ehtiyatlarımız daha da artmışdır və Azərbaycan iqtisadiyyatı dayanıqlılığını sübut etmişdir. Biz elə etməliyik ki, əldə olunmuş uğurlarla kifayətlənməyək. Görüləsi işlər çoxdur. Biz iqtisadi sahədə sənayeləşmə prosesinin sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi işləri ilə məşğuluq. İqtisadiyyatın qeyri-neft sektorunun inkişafına böyük əhəmiyyət verilir və biz bunun gözəl nəticələrini görürük. Təkcə son 7 ilin statistikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu iqtisadi inkişafı haqqında hər kəsdə əyani təsəvvür yaransın.
Son 7 il ərzində Azərbaycanda maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmışdır. Yoxsulluq 4 dəfə azalmışdır, 900 minə qədər yeni iş yeri açılmışdır. Büdcə xərcləri 12 dəfə, hərbi xərclər təxminən 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bütün sosial proqramlar uğurla icra edilir. Azərbaycanın uğurlu iqtisadi inkişafı üçün bütün lazımi tədbirlər görülür. Bu statistik göstəricilər özlüyündə görülmüş işlərin əyani sübutudur. Ancaq bir daha demək istəyirəm ki, əldə edilmiş uğurlar və xüsusilə iqtisadi və maliyyə böhranından şərəflə çıxmağımız bizi arxayınlaşdırmamalıdır. Biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Biz irəliyə baxmalıyıq. Beş ildən, on ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz elə güclü iqtisadiyyat yaratmalıyıq ki, o iqtisadiyyat ölkəmizin uzunmüddətli inkişafını təmin etsin. Biz bu məsələlər üzərində çalışırıq.
Azərbaycan müasir, dünyəvi, güclü dövlət kimi özünü artıq bölgədə təsdiqləyib. Bölgədə gedən proseslər və tərəfimizdən irəli sürülmüş təşəbbüslər artıq konkret nəticələr verir. Biz regional əməkdaşlıq məsələlərinə çox böyük diqqətlə yanaşırıq və növbəti illərdə də bu, bizim üçün prioritet məsələ kimi qalacaqdır. Çünki biz bu bölgədə yaşayırıq və bölgədə gedən proseslərə təsir imkanlarımızın genişləndirilməsi, əlbəttə ki, milli maraqlarımıza tam uyğundur.
Bir sözlə, Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır və bir daha demək istəyirəm ki, diqqətimizi növbəti illərdə aparılacaq işlərə yönəltməliyik. İqtisadi sahədə bütün müsbət meyillər növbəti illərdə gücləndirilməlidir, regional inkişaf proqramının icrası təmin ediləcəkdir və buna şübhə yoxdur. 2004-2008-ci illəri əhatə edən regional inkişaf proqramı artıqlaması ilə icra edilib. Bu, bizə deməyə əsas verir ki, 2009-2013-cü illəri əhatə edən proqram da artıqlaması ilə icra ediləcəkdir. Bölgədə müşahidə olunan canlanma, əminəm ki, özünü daha da bariz şəkildə göstərəcək və beləliklə, biz ölkəmizin uğurlu iqtisadi inkişafının dinamikasına nail olacağıq.
Biz apardığımız xarici siyasətə sadiq olacağıq. Xarici siyasətimiz artıq dünya birliyində uğurlu siyasət kimi tanınır. Bizimlə ikitərəfli münasibətlərdə və dostluq münasibətlərində olan ölkələrin sayı artır. Bir sözlə, dostlarımızın sayı artır. Diplomatiyamız çox çevikdir, çox fəaldır və qarşılıqlı maraqlar üzərində, ölkələrin bir-birinə hörmət, bir-birinin işlərinə qarışmamaq prinsipləri əsasında qurulubdur. İkitərəfli əlaqələr genişlənir. Xarici ölkələrdə səfirliklərimizin sayı bir neçə dəfə artmışdır. Bu, bizə imkan verir ki, həm ölkəmizi dünyada daha da dolğun şəkildə tanıtdıraq, həm də ki, öz maraqlarımıza nail olaq, onları təmin edək.
Xarici siyasətdə qonşularla münasibətlərimiz prioritet məsələdir. Bu da təbiidir. Çünki qonşularımızla çox gözəl, faydalı əlaqələrimiz vardır. Bu əlaqələr böyük tarixə malikdir. Biz bu bölgədə yaşayırıq və yaşayacağıq. Mən çox şadam ki, tarixi əlaqələrlə bərabər, bu gün siyasi müstəvidə qonşu ölkələrlə heç bir problemimiz yoxdur. Bütün problemlər öz həllini tapıbdır və qonşu ölkələrlə münasibətlərimiz hesab edirəm ki, ən yüksək səviyyədədir. Gələcək fəaliyyətdə də bu istiqamətdəki addımlarımız məhz bir məqsədi güdəcək ki, qonşu dövlətlərlə həm ikitərəfli, həm çoxtərəfli formatda münasibətlərimiz daha da güclənsin.
Mən artıq regional əməkdaşlıq məsələləri haqqında fikirlərimi söylədim. Vaxtilə enerji, nəqliyyat dəhlizləri barədə tərəfimizdən irəli sürülmüş təşəbbüslər regional əməkdaşlığı gücləndirəcək amillər arasındadır. Bu dəhlizlər artıq reallıqdır. Bu reallıqları biz yaratmışıq. Bu işləri tərəfdaşlarımızla regional müstəvidə müştərək səylərlə davam etdirəcəyik. Azərbaycan bölgədə sülhün, təhlükəsizliyin, əməkdaşlığın dərinləşməsi və təmin edilməsi üçün səylərini qoymağa davam edəcəkdir.
Bütün başqa ölkələrlə əlaqələrimiz qarşılıqlı hörmət və qarşılıqlı maraqlar üzərində qurulur. Biz bu münasibətlərin dərinləşməsində maraqlıyıq. Biz beynəlxalq təşkilatlarda fəaliyyətimizi gücləndirəcəyik. Baxmayaraq ki, hazırda bu fəaliyyət kifayət qədər təsirlidir. Üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəliklər vaxtında yerinə yetirilir. Biz bu təşkilatlara könüllü şəkildə üzv olmuşuq və bu öhdəlikləri könüllü şəkildə üzərimizə götürmüşük. Belə olan halda əlbəttə ki, bu öhdəliklər yerinə yetirilməlidir. Ancaq biz çalışmalıyıq ki, üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda vahid meyarlar sistemi tətbiq olunsun, bütün ölkələrə eyni mövqedən yanaşılsın, heç bir ayrı-seçkilik olmasın. Bu istiqamətdə səylərimiz üzv olduğumuz təşkilatlarda öz nəticələrini verir. Elə təşkilatlar var ki, biz o təşkilatların üzvü deyilik, amma o təşkilatlarla səmərəli əməkdaşlıq edirik. O istiqamətdə də səylərimiz daha da gücləndirilməlidir. Azərbaycan etibarlı və yaxın tərəfdaş kimi bütün bu təşkilatlarda öz töhfəsini verir, sözünü deyir və deyəcəkdir.
Sosial sahədə qarşımızda duran vəzifələr əhalinin rifah halını yaxşılaşdırmaq, aztəminatlı təbəqənin sosial müdafiəsini gücləndirmək, yoxsulluğu bütövlükdə Azərbaycanda aradan qaldırmaqdır. Əgər bir neçə il bundan əvvəl bu cür fikirlər müəyyən inamsızlıqla üzləşirdisə, bu gün bu sahədə görülmüş işlər, əldə edilmiş uğurlar deməyə tam əsas verir ki, biz bu vəzifəyə nail olacağıq. Azərbaycanda yoxsullar olmamalıdır. Bu sosial bəla olmamalıdır. Buna nail olmaq üçün konkret proqramlarımız, düşünülmüş siyasət vardır. Son 7 il ərzində yoxsulluq səviyyəsinin 4 dəfə aşağı düşməsi görülən işlərin nəticələrinin təzahürüdür.
Biz növbəti illərdə bu məsələlərə həm maliyyə resurslarının istifadəsi, həm konkret sosial proqramların icrası, həm də iş yerlərinin açılması ilə nail olmalıyıq. Ünvanlı sosial yardım proqramı yüz minlərlə vətəndaşı əhatə edir. Bu da Azərbaycanın dövlət siyasətinin istiqamətlərini müəyyən edir və göstərir. Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. İqtisadiyyatımızın 85 faizi bazar iqtisadiyyatında, özəl sektorda formalaşır. Ancaq buna baxmayaraq, güclü sosial siyasətimiz vardır. Sosial siyasətdə heç bir geriləmə, geriyə addımlar olmayacaqdır. Nə üçün mən bunu deyirəm? Çünki keçən il və bu il dünyada hökm sürən böhran bəzi ölkələrdə xoşagəlməz hadisələrə gətirib çıxarıbdır. Bəzi ölkələr sosial ödəmələri kəsir, maaşların, pensiyaların miqdarını azaldırlar ki, böhrandan çıxsınlar. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası kimi böhrandan əziyyət çəkibdir. Amma biz çalışmışıq ki, vətəndaşlarımızı böhranın mənfi təsirindən qoruyaq. Azərbaycan postsovet məkanında nadir ölkələrdəndir ki, böhran zamanı milli valyutanın məzənnəsi sabit qaldı. Biz heç bir dəyişikliyə imkan vermədik. Azərbaycanda bütün sosial ödəmələr vaxtında verilir. Böhrana baxmayaraq, bu il minimum əməkhaqqının və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın əksər ölkələrində pensiya və maaşların miqdarı azalır.
Yəni növbəti illərdə bu sahədə çox işlər görülməlidir. Biz, əlbəttə, böyük qürur hissi ilə qeyd edirik ki, Azərbaycanın iqtisadiyyatı son 7 il ərzində təxminən üç dəfə artmışdır. Bu, doğrudan da dünya miqyasında nadir bir hadisədir. Ancaq onu da etiraf etməliyik ki, Azərbaycanda hələ də ehtiyac içində, çətin vəziyyətdə yaşayanlar, aztəminatlı ailələr vardır. Onların problemləri bizim problemimizdir. Biz onları həll edəcəyik. Bu problemi ancaq güclü iqtisadiyyat yaratmaqla həll etmək mümkündür.
Biz heç
vaxt populist vədlər verməmişik. Heç vaxt
qeyri-real təşəbbüslərə
qoşulmamışıq. Heç vaxt borc
götürüb onu sosial məsələnin həllinə
yönəltmək cəhdlərində olmamışıq.
Biz öz hesabımıza yaşayırıq.
Bizim büdcəmiz, bütün iqtisadi və
sosial siyasət daxili resurslara hesablanıbdır. Bütövlükdə ölkəmiz öz
fəaliyyətini daxili resurslar üzərində qurur. Hesab edirəm ki, uğurlarımızın
təməlində məhz bu amil dayanır. Çünki biz ancaq və ancaq Azərbaycan
xalqının zəhmətinə, istedadına
arxalanırıq. Beynəlxalq
əlaqələr hər bir ölkə kimi bizim
üçün də çox mühüm məna
daşıyır. Biz
çalışırıq ki, bu əlaqələri
genişləndirək. Xüsusilə beynəlxalq
maliyyə qurumları ilə
əməkdaşlığımız çox uğurludur
və artmaqdadır. Ancaq yaxşı
bilirik ki, biz yalnız və yalnız daxili resurslarımız
hesabına yaşamalıyıq. Biz bu
siyasəti bundan sonra da davam etdirəcəyik.
Nəzərə
almalıyıq ki, bu gün iqtisadiyyatın qeyri-neft sektorunda
çox müsbət meyillər müşahidə olunur. Hələ
mən neft sektorunu qeyd etməmişəm. Bu sahə Azərbaycana böyük uğurlar,
maliyyə resursları gətiribdir. Biz o
resurslardan çox səmərəli şəkildə
istifadə edirik. Yəni növbəti
illərdə sosial məsələlərin həllinə daha
da böyük diqqət göstəriləcəkdir. Elə etməliyik ki, hər bir vətəndaşa
işləmək, normal yaşamaq üçün
bütün şərait yaradılsın.
Mən
növbəti illərdə iqtisadi, sosial və xarici
siyasətlə bağlı əsas istiqamətləri və
əsas fikirlərimi bildirdim. Mən
bütövlükdə Azərbaycanın
gələcəyinə çox böyük nikbinliklə
baxıram. Çünki nikbinlik
üçün əsas vardır. Azərbaycan
artıq postsovet məkanında və bütövlükdə
dünya xəritəsində özünəməxsus yerə
malikdir. Biz müstəqil ölkəyik,
sözün əsl mənasında, müstəqilik. Azərbaycan xalqın iradəsi ilə idarə olunur
və belə də olmalıdır. Biz
çalışmalıyıq ki, maraqlarımızı
maksimum dərəcədə təmin edək. Bunu etmək üçün bizdə bütün
imkanlar vardır.
Ölkə
qarşısında duran əsas problem
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsidir. Biz bu istiqamətdə böyük
səylər göstəririk ki, bu məsələ öz
həllini tezliklə ədalətli, beynəlxalq hüquq
normalarına uyğun şəkildə tapsın. Bildiyiniz kimi, uzun illərdir ki, danışıqlar
aparılır. On səkkiz ildir ki,
Biz başa
düşürük, bu gün Ermənistan
çalışır ki, məsələni süni
şəkildə uzatsın, özünü
danışıqlarda konstruktiv tərəf kimi
göstərsin. Ancaq həqiqət ondan ibarətdir ki,
həlledici anlarda, həlledici məqamlarda Ermənistan daha
əvvəl razılaşdırılmış
məsələlərdən geri çəkilir, yenidən
qeyri-real, qəbulu mümkün olmayan təkliflər irəli
sürür. Beləliklə,
danışıqlar prosesini müddətsiz və sonsuz
etmək istəyir. Biz buna heç vaxt razı ola bilmərik. Biz
danışıqları torpaqlarımızı azad etmək
üçün aparırıq. Biz
danışıqları Azərbaycanın beynəlxalq birlik
tərəfindən tanınmış ərazi
bütövlüyünün bərpa edilməsi
üçün aparırıq. Ümid
edirik ki, bu məsələ ilə məşğul olan
qurumlar, tərəflər, vasitəçilər,
nəhayət, öz kəskin sözünü
deyəcəklər. Bunun vaxtı
çoxdan çatıbdır. Əgər
belə olmasa, onda bu danışıqların mənası
tamamilə itəcəkdir. Danışıqlar
nəticə üçün aparılır, sadəcə,
görüntü üçün deyildir. Ona görə, bir daha demək istəyirəm ki,
mövqeyimizdə prioritet beynəlxalq hüquq
normalarıdır, beynəlxalq təşkilatların
qətnamələridir, Azərbaycanın haqq işidir və
ədalətli yanaşmadır. Biz onu da
bilirik ki, beynəlxalq aləm bəzi hallarda qanunlarla deyil,
siyasi maraqlarla tənzimlənir. Ancaq siyasi
maraqlar da bu məsələ ilə məşğul olan
tərəfləri sövq etməlidir ki, məsələ
tezliklə həllini tapsın. Çünki
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi bölgədə böyük
təhlükədir. Bu, real
təhlükədir. Bu münaqişə
dondurulmuş münaqişə deyildir.
Biz başa
düşürük, böyük dövlətlər
istəyirlər ki, bu bölgədə sabitlik, sülh olsun,
müharibə olmasın. Biz də bunu
istəyirik. Kim istəyər ki, sabitlik
pozulsun, yaxud da müharibə olsun. Ancaq bu
o demək deyil ki, bu məsələ dırnaqarası
dondurulmuş vəziyyətdə qalsın. Bu, mümkün deyildir. Bu gün
bölgədə gedən proseslər, güclər nisbəti
və əlbəttə, Azərbaycanın son illər
ərzindəki uğurlu inkişafı imkan
verməyəcək ki, bu status-kvo uzun müddət qalsın.
Biz bununla heç vaxt razı ola
bilmərik. Status-kvo dəyişdirilməlidir.
Azərbaycan torpaqları azad olunmalıdır.
Bizim vətəndaşlar doğma torpaqlarına
qayıtmalıdırlar. O ki qaldı xalqların öz
müqəddəratını təyin etməsinə, bu
məsələ ölkələrin ərazi
bütövlüyü çərçivəsində
uğurla həll oluna bilər. Helsinki Yekun
Aktı da məhz bu yanaşmanı əks etdirir. Dünyada mövcud muxtariyyətlərlə
bağlı olan müsbət təcrübə Azərbaycanda
da tətbiq olunmalıdır.
Mən bir daha
demək istəyirəm ki, Azərbaycan bu prinsipial
mövqedən bir addım geri
çəkilməyəcəkdir. Azərbaycanın
ərazi bütövlüyü heç vaxt müzakirə
mövzusu olmayıbdır və olmayacaqdır. Heç vaxt Azərbaycan dövləti onun
əzəli torpağı olan Dağlıq Qarabağa
müstəqillik verməyəcəkdir. Bu,
mümkün deyildir. Qarşı
tərəf bunu bilir. Ümid edirəm ki,
biz danışıqların inkişafında müsbət
meyilləri görəcəyik.
Ancaq bununla
bərabər, başa düşürük ki,
məsələni həll etmək üçün biz daha da
güclü olmalıyıq. Bizim indiki
gücümüz kifayət qədər böyükdür.
Amma bütün mənalarda daha da güclü
olmalıyıq. Azərbaycanın iqtisadi
və siyasi addımları, ordu quruculuğu sahəsində
atılmış addımlar bunu göstərir ki, biz hər
gün həm iqtisadi, həm hərbi, həm siyasi cəhətdən
daha da güclənirik. Bölgədə
artan rolumuz, əlbəttə ki, bizə bu məsələnin
həlli üçün də imkan verəcəkdir.
Biz
növbəti illərdə bütün başqa
sahələrdə siyasətimizi artıq müsbət
təcrübə əsasında davam etdirəcəyik. Mən bu
gün əsas istiqamətlər haqqında fikirlərimi
bildirdim. Bir daha demək istəyirəm,
bizdə hər bir istiqamət üzrə konkret
tədbirlər planı, konkret proqramlar vardır. Biz fəaliyyətimizi bu proqramlar əsasında
təşkil etmişik və hər bir istiqamətdə
nəticələr vardır. Biz demokratik,
dünyəvi, iqtisadi cəhətdən güclü,
müasir dövlət qururuq. Bu
istiqamətdə yaxşı nəticələr vardır.
Biz gələcəkdə hər istiqamət
üzrə səylərimizi davam etdirəcəyik.
Artıq
çox böyük maliyyə imkanlarımız vardır. Biz çox
yaxşı bilirik ki, növbəti illərdə,
xüsusilə enerji sektorunun inkişafı hesabına
maliyyə imkanlarımız daha da
genişlənəcəkdir. Ancaq bu o
demək deyil ki, biz bundan arxayın olaq və islahatları
aparmayaq. Əksinə, biz bu maliyyə
resurslarından elə istifadə etməliyik ki, yeni
sahələrin inkişafına təkan verilsin. Bu gün Azərbaycanda informasiya-kommunikasiya
texnologiyaları sürətlə inkişaf edir. Bəzən sual verilir ki, sizin böyük neft-qaz
ehtiyatlarınız, maliyyə imkanlarınız var, nə
üçün bu sahə ilə məşğulsunuz? Bu, bizim strateji xəttimizdir. Əgər
biz müasir dövlət qurmaq, neft-qaz amilindən
asılılığımızı azaltmaq
istəyiriksə, mütləq ilk növbədə ən
müasir texnologiyaları Azərbaycana gətirməliyik.
Ondan sonra elmə, texnoloji prosesə qoyulan
sərmayə artıq Azərbaycanda çox güclü, yeni
və müasir elmi ixtiraların yaranmasına xidmət
göstərəcəkdir.
Biz əgər
müasir dövlət qurmaq istəyiriksə, bütün
sahələrdəki işlərimiz mütləq müasir
standartlar səviyyəsində görülməlidir. Biz ancaq elmə,
təhsilə qoyduğumuz sərmayə ilə buna
nail ola bilərik. Mən çox şadam
ki, Azərbaycanda maliyyə kapitalı insan kapitalına qoyulur
və bu öz bəhrəsini verir. Bilikli,
savadlı, oxumaq istəyən, vətənpərvər
gənc nəsil yetişir.
Əlbəttə
ki, biz gələcək haqqında fikirləşməliyik. Baxmayaraq ki, təbii
resurslarımız, belə demək olsa, ən azı yüz il bizə yaxşı həyat təmin
edəcəkdir. Ancaq ondan sonra nə olacaq?!
Əlbəttə, bunu indidən
proqnozlaşdırmaq çətindir. Amma hər halda,
biz çalışmalıyıq, 10 il, 20
il, 50 il qabağa baxmalıyıq. Dünya
necə inkişaf edəcək?! Azərbaycan
nəyin hesabına inkişaf edəcək?! Bölgədə vəziyyət necə olacaq?!
Demoqrafik vəziyyət necə olacaq?! Biz bütün bu işləri bu gün
hazırlamalıyıq. Vaxtilə -
1990-cı illərin əvvəlində, ortalarında
başlanmış siyasi və iqtisadi islahatlar bu gün öz
bəhrəsini verir. 1994-cü ildə imzalanmış
"Əsrin müqaviləsi"nin birinci
mərhələsi 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft
kəməri ilə tamamlandı. Ancaq bu gün aparılan
işlər 10 il, 15 il, 20 il bundan sonra
uğurlu inkişafımızı təmin edəcəkdir. Biz enerji resurslarımızı ölkəmizin
inkişafına və dostlarımızın sayının
artırılmasına yönəldirik. Bu,
maraqlarımıza tam şəkildə cavab verir. Ona görə, biz gələcəyə
baxmalıyıq və baxırıq. Apardığımız
islahatlar həm bugünkü inkişafı təmin edir,
həm də ki, gələcək inkişafımızı
təmin edəcəkdir.
Mən bir daha
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinə qayıtmaq istəyirəm. Əlbəttə,
uzun illərdir torpaqlarımız işğal
altındadır. Bu, bizim üçün
çox ağırdır. Bu, ən
ağır, ən ağrılı problemimizdir. Biz çalışırıq ki,
soydaşlarımızın yaşayış
səviyyəsini yaxşılaşdıraq. Müvafiq proqramlar qəbul edilib, şəhərciklər
tikilir. Bunların hamısını
yaxşı bilirsiniz. Ancaq bu,
məsələnin müvəqqəti həllidir. Biz o torpaqlara qayıtmalıyıq və
qayıdacağıq. Baxmayaraq ki,
işğal edilmiş torpaqlarda hər şey ermənilər
tərəfindən dağıdılıb. Biz şəhərləri yenidən tikəcəyik,
quracağıq, abadlaşdıracağıq. Biz bu məsələni həmişə diqqət
mərkəzində saxlayırıq. Ancaq
bu da həqiqətdir ki, biz məsələnin elə bir
həllinə nail olmalıyıq ki, Azərbaycanın
maraqlarını tam şəkildə təmin etsin. Hansısa yarımçıq razılaşma
maraqlarımızı təmin edə bilməz. Bəlkə bu gün biz hər hansı bir
güzəştə getməklə işğal edilmiş
torpaqların bir hissəsini qaytara bilərik. Ancaq başqa torpaqlar nə vaxt qayıdacaq?! Ona görə biz buna, əlbəttə ki,
dövlətçilik, strateji seçim
nöqteyi-nəzərdən yanaşmalıyıq. Hansısa konyunktura məsələlərinə
çox həssaslıqla və ehtiyatla yanaşmalıyıq.
Biz ərazi bütövlüyümüzü
tam şəkildə bərpa etməliyik. Həm
işğal edilmiş torpaqlar, həm Dağlıq Qarabağ
bizim torpağımızdır və suverenliyimiz o torpaqlarda
təmin edilməlidir. Əlbəttə
ki, bu, mərhələlərlə həll olunan
məsələdir, ancaq bu, strateji xətdir. Biz bu seçimə sadiqik. Ancaq
bu gün Ermənistan ilə Azərbaycan arasındakı
fərq o qədər böyükdür və bu fərqin
böyüməsi üçün bütün şərait
yaradılıb ki, mən heç şübhə etmirəm,
biz ərazi bütövlüyümüzü bərpa
edəcəyik. Burada artıq həm
iqtisadi, həm siyasi, həm hərbi, həm də demoqrafik
amillər öz rolunu oynayır. İllər
keçdikcə bu amillər mövqeyimizi daha da
gücləndirəcəkdir.
Ona görə
işlərimizi elə qurmalıyıq ki, məqsədə
çatmaq üçün ən məqbul addımlar
atılsın və Azərbaycanın ərazi
bütövlüyü tam şəkildə təmin edilsin. Bütün
işlərimiz - həm siyasi, həm iqtisadi islahatlar bu
məqsəd üçün aparılır. Əlbəttə, ölkənin inkişafı
təmin edilməli idi. Hamımız
yaxşı xatırlayırıq ki, müstəqilliyi
əldə edəndə Azərbaycan hansı
vəziyyətdə idi. Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
ölkədə aparılmış islahatlar bizə imkan verdi ki, çətin vəziyyətdən
çıxaq.
Ancaq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi və məsələnin həll
olunmaması bizi daha da bu işləri tezliklə görməyə
sövq etmişdir. Bizim daha da
səfərbər olmağımıza xidmət
göstərmişdir. Bu, bizim
məqsədimizdir. Bu
məsələdən başqa bütün
məsələlər Azərbaycanda həll olunur və
həll olunacaqdır. Mən artıq bu
barədə söylədim və bizim açıq
siyasətimiz vardır. Ona görə
bütün xalqımız, bütün cəmiyyətimiz
səfərbər olunmalı, hər bir vətəndaş
öz yerində elə işləməlidir ki, biz birgə
səylərlə, düşünülmüş
siyasətlə, dəqiq atılmış addımlarla o
günü yaxınlaşdıraq. Mən
ümid edirəm ki, o gün gələcək və
Azərbaycan ərazi bütövlüyünü bərpa
edəcəkdir.
Növbəti beş
ildə Milli Məclis qarşısında çox
mühüm vəzifələr dayanır. Bir
daha demək istəyirəm ki, artıq Azərbaycanda
parlamentarizmin çox yaxşı ənənələri
yaranmışdır. Milli Məclis siyasi
qurumdur, hakimiyyətin bir qoludur. Məclis
tərəfindən qəbul edilmiş qərarlar
ölkəmizin inkişafına xidmət göstərir,
belə də olmalıdır. Hamımız
çalışmalıyıq ki, ölkəmizi
gücləndirək. Hamımız
tutduğumuz vəzifədən, siyasi əqidədən
asılı olmayaraq, səylərimizi müstəqil
Azərbaycan dövlətinin güclənməsinə
qoymalıyıq. Mən çox şadam
ki, Azərbaycan cəmiyyətində və son illərdə,
o cümlədən siyasi spektrdə bu meyillər
güclənir. Bu meyillərin
daşıyıcılarının rolu artır. Azərbaycanın inkişafına əngəl
yaratmaq, Azərbaycanı ləkələmək
istəyən, Azərbaycanda hər hansı bir xoşagəlməz
hadisəni gözləyən qüvvələrin təsiri
böyük dərəcədə azalmışdır,
demək olar ki, artıq hiss olunmur. Bu
parlament seçkilərinin nəticələri bunu bir daha
göstərdi.
Azərbaycan
azad, demokratik ölkədir. Biz demokratiyanın
inkişafına çox böyük diqqət göstəririk.
Biz istəyirik ki, Azərbaycanda güclü
siyasi sistem formalaşsın. Mən hesab
edirəm ki, Milli Məclisin indiki tərkibi bu
məqsədə xidmət göstərəcək, siyasi
opponentlər bir-biri ilə fikir-ideya mübarizəsi
aparacaqlar. Artıq Azərbaycan
cəmiyyətində, xüsusilə siyasi müstəvidə
bu meyillər güclənir. Mən bunu
müsbət hal, cəmiyyətimizin inkişafı kimi
qəbul edirəm. Əlbəttə,
müasir, inkişaf edən, dünyaya inteqrasiya edən və
dünyada böyük hörmətlə qeyd olunan
Azərbaycanın müasir siyasi sistemi də olmalıdır.
Ancaq Azərbaycan dövləti, yaxud da ki, dövlət
başçısı və ya iqtidar buna təkbaşına
nail ola bilməz. İqtisadi inkişafa nail
ola bilər, amma siyasi sistemin
təkmilləşməsi məsələsi bütün
siyasi qüvvələrin işidir. Mən arzu
edirəm ki, Azərbaycanda bütün siyasi qüvvələr
daha da güclənsin. Bizə güclü
siyasi sistem lazımdır. Azərbaycanda
demokratik müzakirələr, diskussiyalar, fikir
mübadiləsi, plüralizm meyilləri, azad mətbuat daha da
gücləndirilməlidir. Azərbaycan
dövləti bu istiqamətdə əlindən gələni
etməyə çalışır ki, biz buna nail olaq. Beləliklə, Milli Məclis də öz
tərəfindən Azərbaycanda siyasi mübarizənin
mədəni, sivil qaydalarla aparılmasına töhfəsini
verəcəkdir.
Əziz
deputatlar, mən sizin hamınızı deputat
vəzifəsinə seçilməyiniz münasibətilə
bir daha ürəkdən təbrik etmək istəyirəm. Azərbaycan
xalqı sizə etimad, inam göstərib. Əminəm
ki, siz bu yüksək etimada layiq olacaqsınız.
Sağ olun.
İclasa
sədrlik edən Fəttah Heydərov dərin məzmunlu
nitqinə görə Prezident İlham Əliyevə deputatlar
adından minnətdarlığını bildirdi. O, ulu öndər Heydər
Əliyevin qarşıya qoyduğu vəzifələrin
Prezident İlham Əliyevin dövlət
başçısı olduğu dövrdə də uğurla
həyata keçirildiyini və bütün
sahələrdə dinamik inkişafın, xalqın rifah
halının daha da yaxşılaşdırılmasına
yönəldiyini vurğuladı.
F.Heydərov
Prezident İlham Əliyevə Azərbaycanın bundan sonra da
çiçəklənməsi və rifahı naminə
deputatlar adından ən xoş arzularını bildirdi.
İclasa
sədrlik edən F.Heydərov Hesablayıcı Komissiyanın
tərkibinə namizədlərin adlarını elan etdi. Milli Məclisin
Daxili Nizamnaməsinə əsasən namizədlər
bütövlükdə səsə qoyularaq təsdiq
edildilər.
Sonra Milli
Məclisin Daxili Nizamnaməsinin 31-ci maddəsinə uyğun
olaraq parlamentin sədri vəzifəsinə deputat Oqtay
Əsədovun namizədliyi irəli sürüldü.
Deputat Oqtay ƏSƏDOV
çıxış edərək bildirdi:
- Zati-aliləri,
möhtərəm cənab Prezident!
Hörmətli deputatlar,
xanımlar və cənablar!
Əvvəlcə
icazə verin, Azərbaycan Respublikası Milli Məclisinin
sədrliyi vəzifəsinə namizədliyimi irəli
sürmüş Yeni Azərbaycan Partiyasının
sədrinə və partiya həmfikirlərimə dərin
minnətdarlığımı bildirim. Əgər
Milli Məclis mənə etimad göstərərsə, sizi
əmin etmək istəyirəm ki, bu şərəfli
vəzifəni yerinə yetirmək üçün
bütün bilik və bacarığımı sərf
edəcəyəm. Özünün müdrik və
uzaqgörən siyasəti ilə Azərbaycan xalqını
xoşbəxt gələcəyə aparan möhtərəm
Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri
cənab İlham Əliyevin rəhbərliyi altında
həyata keçirilən böyük quruculuq işlərini
dəstəkləyəcək, eləcə də xalqın
mənafeyini qorumaq, layiqincə təmsil etmək üçün
əlimdən gələni edəcəyəm.
Diqqətinizə görə çox sağ
olun.
Hesablayıcı
Komissiyanın sədri Mübariz Qurbanlı səsvermənin
keçirilməsi qaydaları haqqında məlumat verdi.
Sonra gizli
səsvermə keçirildi. Səsvermədə iştirak
edən 122 deputatdan 121-i Oqtay Əsədovun lehinə, 1
nəfər isə əleyhinə səs verdi.
Beləliklə, Oqtay Əsədov Azərbaycan
Respublikası Milli Məclisinin Sədri seçildi.
Sonra Milli Məclisin Sədri
Oqtay ƏSƏDOV çıxış edərək dedi:
- Zati-aliləri,
möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Etimad göstərib
məni Azərbaycan Respublikası Milli Məclisinin Sədri
seçdiyinizə görə sizə səmimi qəlbdən
minnətdarlığımı bildirirəm. Bir daha
əmin etmək istəyirəm ki, Azərbaycan parlamentinin
sədri kimi öhdəmə düşən bütün
vəzifələri layiqincə yerinə yetirmək
üçün var gücümdən istifadə
edəcəyəm.
Parlament
çoxluğunu təşkil edən, ölkəmizin
aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan
Partiyasını təmsil etməyim bu işdə mənə
əlavə güc verəcəkdir. Ümummilli lider
Heydər Əliyevin adı ilə bağlı olan,
möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi
ilə gündən-günə möhkəmlənən bu
partiyanın sıralarında olmağım mənim
üçün qürur mənbəyidir.
Hörmətli
deputatlar, 2010-cu ilin parlament seçkiləri ölkəmizin
demokratik inkişaf tarixində yeni bir mərhələ
açmışdır. Azərbaycan dövlətinin rəhbərliyi
tərəfindən görülmüş tədbirlər
Milli Məclisə seçkilərin azad, ədalətli və
şəffaf şəraitdə keçməsini təmin etmişdir.
Əksər beynəlxalq
müşahidəçilərin rəyləri bu
həqiqəti bir daha təsdiqləmişdir. Seçkilər nəticəsində Yeni
Azərbaycan Partiyası üzvlərinin parlamentdə
yerlərin əksəriyyətini əldə etməsi Prezident
İlham Əliyev başda olmaqla partiyamıza
bəslənən böyük ümid və etimadın
ifadəsinə çevrilmişdir. Beləliklə,
dördüncü çağırış Azərbaycan
Respublikasının Milli Məclisi fəaliyyətə
başlamışdır. Bu münasibətlə
icazə verin, mən də dördüncü
çağırış Milli Məclisin deputatlarını
ürəkdən təbrik edim və onlara gələcək
işlərində uğurlar arzulayım.
Hörmətli
deputatlar, üçüncü çağırış
Milli Məclis artıq tarixin bir səhifəsidir. Ötən
dövrdə parlament səmərəli fəaliyyət
göstərmişdir. Milli Məclisin 150 iclası
keçirilmiş, ümumən 1115 akt, 956 qanun və 159
qərar qəbul edilmişdir. İnamla
söyləmək olar ki, Milli Məclisin qəbul etdiyi
qanunvericilik aktları ölkəmizdə hüquqi
dövlət, vətəndaş cəmiyyəti
quruculuğuna, demokratiyanın genişlənməsinə,
bazar iqtisadiyyatı prinsiplərinin tətbiqinə, əhalinin
sosial müdafiəsinə xidmət edən hüquqi bazanı
daha da möhkəmləndirmiş və
təkmilləşdirmişdir.
Siyasi sistemin
daha mükəmməl şəklə salınmasına
zəmin yaradan Konstitusiya dəyişiklikləri ilə
bağlı referendum aktı hazırlanmış və
ümumxalq müzakirəsində qəbul edilmişdir. Dövlət
başçısı cənab İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizin sürətli iqtisadi
yüksəlişini nümayiş etdirən dövlət
büdcəsi və büdcə zərfinə daxil olan
digər sənədlər vaxtlı-vaxtında müzakirə
və təsdiq edilmişdir. Ölkənin
müdafiə siyasətinin əsaslarını
müəyyənləşdirən Hərbi Doktrina
Azərbaycan tarixində ilk dəfə olaraq qəbul
edilmişdir.
Milli
Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyeva tərəfindən layihələri
təqdim edilən 2 amnistiya aktı qəbul olunmuşdur. Bu amnistiya
aktları bütövlükdə 18 min insana şamil
edilmişdir.
Ötən dövrdə
Milli Məclisə əhalidən 60 minə qədər
təklif, ərizə və şikayət daxil olmuş, 25
mindən çox vətəndaş deputatlar və parlamentin
rəhbərliyi tərəfindən qəbul edilmişdir. Milli Məclisdə vətəndaşların
qəbulu üçün müasir tələblərə
uyğun şərait yaradılmışdır. İnsanların parlamentə internet vasitəsilə
müraciət etməsi imkanı təmin olunmuşdur.
Son 5 ildə
parlamentin beynəlxalq əlaqələrinin inkişafı
sahəsində mühüm işlər
görülmüşdür. 70-dən çox
ölkəyə 820-dən artıq səfər həyata
keçirilmiş, 60-dan çox xarici dövlətin və
beynəlxalq təşkilatların 550-yə yaxın nümayəndə
heyəti Milli Məclisdə olmuşdur.
Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
tənzimlənməsi məsələsində
dövlətimizin başçısının prinsipial
mövqeyini ifadə edən onlarca bəyanat və müraciət
qəbul edilmişdir. Bütün ikitərəfli və
çoxtərəfli görüşlərdə,
danışıqlarda müzakirəyə
çıxarılan əsas mövzu bu münaqişənin
ədalətli şəkildə həll edilməsi
məsələsi olmuşdur.
Ümumiyyətlə,
Milli Məclis beynəlxalq fəaliyyətində
dövlətimizin xarici siyasətinin həyata
keçirilməsinə öz töhfəsini verməyə
çalışmışdır. Bu sahədə
görülən işlər artıq ilk
bəhrələrini verir. İtaliya və Almaniya kimi
nüfuzlu dövlətlərin qanunvericilik orqanları
Cənubi Qafqaza dair qəbul etdikləri
qətnamələrdə Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar Azərbaycanın
haqlı mövqeyini dəstəkləmiş, problemin
ölkəmizin ərazi bütövlüyü əsasında
həll edilməsinin zəruriliyini göstərmişlər. Bir sıra ölkələrin parlamentləri də
bu səpkidə qərarlar qəbul etməyə
hazırlaşırlar.
Azərbaycan
parlamenti Türkdilli Ölkələrin Parlament
Assambleyasının əsas təsisçilərindən biri
kimi çıxış etmişdir. Bu təşkilatın
birinci plenar iclası Azərbaycanda keçirilmişdir.
Cənab Prezident, Sizin xeyir-duanızla Assambleyanın katibliyi
Bakıda yerləşdirilmişdir.
Üçüncü
çağırış Milli Məclisin fəaliyyəti
dövlətimizin iqtisadi yüksəlişinin misilsiz
vüsət aldığı bir dövrə təsadüf
etmişdir. Məhz bu dövrdə Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan Respublikası
dünyanın ən sürətli və dinamik inkişaf
edən ölkələri sırasına
çıxmışdır. Dövlətimizin
imkanlarının artması cəmiyyət həyatının
bütün sahələri kimi Milli Məclisin
fəaliyyətinin təmin edilməsinə də
müsbət təsir göstərmiş, parlamentin
simasının tamamilə yeniləşməsinə
gətirib çıxarmışdır. Dövlətimizin
başçısının çox böyük
dəstəyi, diqqəti və qayğısı
sayəsində parlamentdə əsaslı təmir və
yenidənqurma işləri aparılmışdır. Parlamentin iclas salonları dünya standartlarına
uyğun olaraq yenidən qurulmuşdur. Milli
Məclisin 15 mərtəbəli yeni müasir korpusu tikilib
istifadəyə verilmişdir. Deputatların iş
şəraitinin yaxşılaşması parlamentin
peşəkarlıq səviyyəsinin daha da
yüksəlməsinə kömək göstərmişdir.
Möhtərəm
cənab Prezident, Sizin Milli Məclisə göstərdiyiniz bu
diqqət bizim üçün son dərəcə
qiymətlidir.
Bunu da məmnunluqla qeyd etmək istərdim ki,
Siz Konstitusiyada təsbit edilmiş qanunvericilik
təşəbbüsü hüququnuza əsaslanaraq, Avropa
standartlarına uyğun qanunların hazırlanıb qəbul
edilməsi işinə dəyərli töhfələr
verirsiniz. Hesab edirik ki, ölkəmizdə
təşəkkül tapmış nümunəvi
Prezident-parlament münasibətləri dövlətimizin daha da
möhkəmlənməsi və inkişaf etməsi,
xalqımızın rifah halının yüksəlməsi
üçün görüləcək tədbirlərin
uğurla başa çatmasının mühüm
amillərindən biridir. Sadalanan
bütün bu işlər parlamentin son 5 ildə həyata
keçirdiyi çoxcəhətli fəaliyyətin yalnız
bəzi məqamlarıdır. Bizi
qarşıdakı dövrdə də geniş niyyət
və məramlar gözləyir. Dövlətimizin
başçısı cənab İlham Əliyevin
arzularından biri Azərbaycan parlamentinin qabaqcıl dünya
ölkələrinin parlamentləri səviyyəsinə
çatmasıdır. Milli Məclisdə
son 5 ildə görülmüş işlər məhz bu
məqsədə yönəlmişdir. Artıq
yolun əhəmiyyətli bir hissəsini keçmişik.
Möhkəm təməli qoyulmuş bir sıra
işlər isə yaxın gələcəkdə başa
çatdırılmalıdır.
Dördüncü
çağırış Milli Məclisin fəaliyyətinin
ən mühüm istiqamətlərindən biri Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən quruculuq işlərinin
hüquqi bazasını daha da təkmilləşdirmək
və möhkəmləndirməkdir. Milli Məclis
özünün bütün fəaliyyəti ilə Prezidentin
daxili və xarici siyasətini fəal surətdə
dəstəkləməkdə davam edəcəkdir.
Parlament qanun
yaradıcılığında və qanunvericilik fəaliyyətində
həmişəki kimi yenə də qabaqcıl dünya
təcrübəsindən bəhrələnəcəkdir. Milli
Məclisin fəaliyyətində demokratiya,
çoxpartiyalılıq, plüralizm, qanunun aliliyi
prinsipləri daha da genişlənəcəkdir.
Milli Məclis ən
böyük dərdimiz olan Dağlıq Qarabağ problemini
daim diqqət mərkəzində saxlamalı,
qaçqınların və məcburi
köçkünlərin, eləcə də əhalinin
aztəminatlı təbəqələrinin, bütövlükdə
xalqın güzəranının
yaxşılaşmasını, valideyn himayəsindən
məhrum olmuş uşaqlara qayğı
göstərilməsini təmin edən qanunvericilik aktları
qəbul etməlidir. Dövlətimizin
gənclər və qadın siyasətinin həyata
keçirilməsi üçün zəruri qanunvericilik
tədbirləri görülməlidir.
Milli Məclis
dövlətimizin xarici siyasətinin həyata
keçirilməsinə parlament vasitələrinin
yaratdığı imkanlardan istifadə edərək öz
dəstəyini verəcəkdir. Parlamentlərarası İttifaq,
Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in
Parlament Assambleyası, Qara dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatının Parlament Məclisi,
MDB Parlamentlərarası Assambleyası, İslam Konfransı
Təşkilatı, Türkdilli Ölkələrin Parlament
Assambleyası, NATO Parlament Assambleyası, Avropa Parlamenti və
digər beynəlxalq qurumlarda fəaliyyəti daha da
gücləndirməliyik. Bir sözlə,
görüləcək işlərimiz də, bu işləri
uğurla yerinə yetirməyə gücümüz də
vardır.
Hörmətli
deputatlar, əminəm ki, möhtərəm Prezidentimiz
İlham Əliyevin məsləhətləri və
dəstəyi sayəsində sizinlə birlikdə
səmərəli fəaliyyət göstərəcək,
Azərbaycan parlamentinin üzvü adını
şərəflə qoruyacağıq. Diqqətinizə
görə minnətdaram.
Sonra Milli Məclis
Sədrinin müavinləri seçildi.
Deputat
Ziyafət Əsgərov Milli Məclis sədrinin birinci
müavini, Bahar Muradova və Valeh Ələsgərov sədrin
müavinləri seçildilər.
Daha sonra Milli
Məclis komitələrinin sədrləri seçildi.
Deputat Əli Hüseynov Milli
Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsinin, Ziyafət Əsgərov Təhlükəsizlik
və müdafiə komitəsinin, Ziyad Səmədzadə
İqtisadi siyasət komitəsinin, Valeh Ələsgərov
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Eldar
İbrahimov Aqrar siyasət komitəsinin, Hadi Rəcəbli
Sosial siyasət komitəsinin, Arif Rəhimzadə Regional
məsələlər komitəsinin, Şəmsəddin
Hacıyev Elm və təhsil komitəsinin, Nizami Cəfərov
Mədəniyyət komitəsinin, Rəbiyyət Aslanova
İnsan hüquqları komitəsinin, Səməd Seyidov
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədrləri təsdiq
edilmişlər.
Bununla da dördüncü
çağırış Milli Məclisin birinci iş
günü başa çatdı.
Milli Məclisin sədri Oqtay
ƏSƏDOV bir daha deputatlar adından Prezident İlham
Əliyevə minnətdarlığını bildirərək
dedi:
- Hörmətli deputatlar,
icazə verin hamımızın adından bu gün öz
səmərəli vaxtını Milli Məclisin iclasına
sərf etmiş Azərbaycan Respublikasının Prezidenti
möhtərəm cənab İlham Əliyevə dərin
minnətdarlığımızı bildirək. Ona Azərbaycanın gələcəyi,
inkişafı, xoşbəxtliyi ilə bağlı
bütün işlərində uğurlar arzulayaq.
AzərTAc
Azərbaycan.- 2010.- 30 noyabr.- S.2-3.