Azərbaycan Respublikasının
dördüncü çağırış
Milli Məclisinin ilk iclası olmuşdur
Prezident İlham Əliyev iclasda iştirak etmişdir
Noyabrın 29-da dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir. Deputatlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
İclası Milli Məclis Aparatının rəhbəri Səfa MİRZƏYEV açaraq dedi:
- Zati aliləri, möhtərəm cənab Prezident!
Siz Milli Məclisə xoş gəlmisiniz!
Hörmətli deputatlar!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Azad, ədalətli və şəffaf seçkilər nəticəsində formalaşmış Azərbaycan Respublikasının dördüncü çağırış Milli Məclisi fəaliyyətə başlayır. Demokratik dövlət quruculuğu yolunda əldə edilmiş bu böyük nailiyyət ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının təntənəsinin nümunəsidir.
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə görə, yeni seçilmiş Milli Məclisin birinci iclasını qocaman deputat aparır. Bu şərəfli missiya Milli Məclisin deputatı hörmətli Fəttah Heydərova nəsib olmuşdur.
Hörmətli Fəttah müəllim, xahiş edirəm, iclası başlayasınız.
İclasa sədrlik edən Fəttah Heydərov dördüncü çağırış Milli Məclisin iclasını açıq elan etdi.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Fəttah HEYDƏROV dedi:
- Möhtərəm cənab Prezident, Sizi bütün deputatlar adından səmimi qəlbdən salamlayır, Sizə möhkəm cansağlığı, uzun ömür, Azərbaycanımızın rifahı naminə yeni-yeni uğurlar arzulayıram.
Hörmətli deputatlar, Milli Məclisə seçilməyiniz münasibətilə sizi təbrik edirəm, parlament fəaliyyətində sizin hamınıza böyük uğurlar, cansağlığı, xoşbəxtlik arzulayıram.
Milli Məclisin Daxili Nizamnaməsinin 2-ci maddəsinə əsasən yeni çağırış Milli Məclisin ilk iclasında seçilən deputatların siyahısı oxunmalı, Hesablayıcı Komissiya və Milli Məclisin sədri seçilməlidir.
Sonra Fəttah Heydərov dördüncü çağırış Milli Məclisə seçilmiş deputatların siyahısını oxudu.
İclasın sədri sözünə davam edərək dedi ki, Milli Məclisin ilk iclasında parlamentə seçilmiş 125 deputatdan 122 nəfəri iştirak edir. Dördüncü çağırış Milli Məclisin birinci iclasında çıxış üçün Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri cənab İlham Əliyevə söz verilir.
Prezident İlham Əliyev dördüncü çağırış Milli Məclisin birinci iclasında nitq söylədi.
Azərbaycan.- 2010.- 30 noyabr.-
S.1.