Prezident, Yeni Azərbaycan Partiyasının
sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş
deputatlarla görüşmüşdür
Noyabrın 29-da dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev hakim partiyadan Milli Məclisə seçilmiş deputatlarla görüşmüşdür. Prezident deputatları salamlayaraq dedi:
- İlk növbədə mən sizin hamınızı - Yeni Azərbaycan Partiyasının üzvlərini parlament seçkilərində qazandığınız qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu gün Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi və bu gün parlamentin birinci iclası keçiriləcəkdir. Bildiyiniz kimi, seçkilər çox ədalətli, şəffaf şəkildə keçirildi. Yeni Azərbaycan Partiyası ölkəmizin aparıcı siyasi qüvvəsi kimi gözlənilən qələbəni əldə etdi.
Partiyamız son 5 il ərzində - keçən parlament seçkilərindən sonrakı dövr ərzində mövqelərini daha da möhkəmləndirə bilmişdir. Partiyamız, sözün əsl mənasında, ümumxalq partiyasıdır, cəmiyyətimizin bütün təbəqələrini birləşdirən partiyadır. Partiyamızın təşəbbüsü ilə ölkədə çox mühüm işlər görülmüşdür. Partiya 1992-ci ildə Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə müxalifət partiyası kimi yaranmışdır. Ancaq partiyamız bütün dövrlərdə dövlətçilik prinsiplərinə sadiq olmuşdur. Hətta müxalifətdə olan dövrdə heç vaxt milli maraqlara zidd heç bir addım atmamışdır. Əksinə, Azərbaycanda o illərdə hakimiyyətdə olan qüvvələrin milli maraqlara diqqət yetirməsi üçün səylər göstərmişdir. Təsadüfi deyil ki, Azərbaycan xalqının tələbi və səyi ilə Yeni Azərbaycan Partiyasının rəhbəri Heydər Əliyev 1993-cü ildə prezident vəzifəsinə seçilmişdir. O dövrdən sonra partiyamız hakim partiyadır. Mən bu tarixi ona görə xatırlayır və qeyd etmək istəyirəm ki, partiyamız həm müxalifətdə, həm iqtidarda olmuşdur. Bugünkü Azərbaycanın reallıqları onu göstərir ki, partiyamız hələ uzun illər bundan sonra hakim partiya kimi fəaliyyətini davam etdirəcəkdir.
Partiyamızın çox geniş beynəlxalq əlaqələri vardır. Biz tərəfdaş partiyalarla çox səmərəli əməkdaşlıq edirik. Beynəlxalq əlaqələrimiz həm partiyanın, həm də ki, ölkəmizin maraqlarına xidmət göstərir. Ancaq ən önəmlisi ondan ibarətdir ki, cəmiyyət tərəfindən Yeni Azərbaycan Partiyası böyük rəğbət qazana bilmişdir. Nümayəndələrimizin seçkilərdə qələbəsi bunun əyani sübutudur. Hər bir namizəd, əlbəttə ki, öz dairəsində öz kampaniyasını aparmışdır. Ancaq təsadüfi deyil ki, bu dəfə qələbə qazanmış namizədlərimizin sayı daha da çox olmuşdur. Bu onu göstərir ki, Azərbaycan xalqı bizim partiyaya olan münasibətini seçkilərdə belə şəkildə göstərir. Əlbəttə ki, partiyamızın dəstəyi seçilmiş deputatların qələbə qazanmasında mühüm rol oynamışdır.
Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev seçkilərdə digər siyasi partiyalar üçün yaradılan şəraitdən də danışdı. Qeyd etdi ki, bütün siyasi qüvvələr Azərbaycanın siyasi həyatında fəal rol oynamalıdırlar.
Sonra Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolundan danışaraq dedi:
- Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki rolu haqqında geniş danışmaq olar. Mən partiyanın sədri kimi çox şadam ki, son illər ərzində partiyaya olan axın güclənir, xüsusilə partiyamızın sıraları gənclər hesabına genişlənir. Bu, onu göstərir ki, partiyamızın fəaliyyəti və məramı cəmiyyət üçün cəlbedicidir.
İqtidar partiyası olmaq o qədər də asan deyildir. Adətən, hər şeyi tənqid etmək, yaxud da ki,
proseslərdən kənarda
qalmaq daha da asandır. İqtidar partiyası olmaq böyük məsuliyyətdir
və ölkədə
gedən bütün proseslər istər-istəməz
partiyamızın adı
ilə bağlıdır,
çünki partiyanın
nümayəndələri rəhbərlikdə
təmsil olunurlar.
Ancaq ölkəmizdə həm
siyasi, həm iqtisadi proseslər müsbət istiqamətdə
getdiyinə görə,
əlbəttə ki, cəmiyyətdə olan gözəl ab-hava partiyamızın gücləndirilməsinə
xidmət göstərir.
Keçirilən parlament seçkiləri Azərbaycanda islahatların
düzgün istiqamətdə
aparıldığını bir daha təsdiq
etmişdir. Ölkəmizdə quruculuq-abadlıq işlərinin görülməsi
xalq tərəfindən
dəstəklənir və
hesab edirəm ki, seçkilərdəki
nəticələr məhz
bu reallığı əks etdirir.
Milli Məclis
son beş il ərzində səmərəli işləmiş,
çoxlu qanunlar qəbul edilmiş, parlamentin beynəlxalq əlaqələri genişlənmişdir.
Milli Məclisin ölkəmizin
həyatında rolu artmaqdadır və bu müsbət haldır. Hakimiyyətin bütün qolları
ölkədə gedən
proseslərdə fəal
iştirak etməlidirlər
və əlbəttə
ki, Milli Məclisin uğurlu fəaliyyəti bütövlükdə
ölkəmizdə gedən
proseslərə müsbət
təsir göstərmişdir.
Milli Məclisin rəhbər orqanları da, rəhbər vəzifələri
tutanlar da öz fəaliyyəti ilə bu müsbət
meyilləri gücləndirmişlər. Mən keçən beş
il ərzində Milli Məclisin ümumi fəaliyyətini
yüksək qiymətləndirirəm
və hesab edirəm ki, bu meyillər, yəni bu kurs
davam etdirilməlidir.
Milli Məclisin yeni tərkibində müəyyən
dəyişikliklər olmuşdur. Bu da təbiidir, çünki həyat yerində durmur. Deputatların müəyyən faizi ilk dəfə seçilmiş deputatlardır.
Bu da lazımdır.
Yəni bu, əlbəttə ki, vətəndaşların
iradəsi ilə həll olunan məsələdir. Ancaq bu da təbii prosesdir
və cəmiyyətdə
gedən islahatların
təzahürüdür.
Milli Məclisin rəhbər vəzifələrini tutan
şəxslərə gəldikdə,
hesab edirəm ki, onların fəaliyyətini bütövlükdə
müsbət fəaliyyət
kimi qiymətləndirmək
olar.
Milli Məclisin
ötən beş
ildəki fəaliyyətini
yüksək qiymətləndirən
partiyanın sədri İlham Əliyev parlament rəhbərliyində
hər hansı dəyişiklik üçün
heç bir əsas olmadığını
söylədi.
Dövlətimizin başçısı
Milli Məclisin sədrliyinə yenidən
partiyanın üzvü
Oqtay Əsədovun, sədrin birinci müavini vəzifəsinə
partiyanın üzvü
Ziyafət Əsgərovun,
sədr müavinləri
vəzifəsinə partiyanın
üzvü Bahar Muradovanın və bitərəf deputat Valeh Ələsgərovun namizədliklərini təklif
edərək bildirdi:
- Bir daha demək istəyirəm ki, Milli Məclisin Azərbaycanın müasir
inkişafında çox
mühüm rolu və funksiyaları vardır. Parlament seçkiləri bunu bir daha
göstərdi. Çünki parlament seçkilərinə
cəmiyyətdə olan
maraq bir daha onu göstərir
ki, vətəndaşlarımız
istəyirlər ki, onların layiqli nümayəndələri onları
Milli Məclisdə təmsil etsinlər.
Seçkilər tam şəffaf, demokratik şəkildə keçirilmişdir və bunu həm vətəndaşlarımız bilirlər, həm də beynəlxalq təşkilatlar qeyd ediblər. Ona görə də mən parlamentin gələcək fəaliyyətini çox uğurlu görürəm və bunu arzulayıram. Hesab edirəm ki, artıq Azərbaycanda parlamentarizm ənənələri yaranmışdır. Bu, müsbət ənənələrdir. Parlamentdə sivil, mədəni siyasi mübarizə aparmaq üçün bütün imkanlar vardır. Hesab edirəm ki, Milli Məclisin yeni tərkibi məhz bu sivil, mədəni siyasi mübarizə qaydalarının tətbiq edilməsi işinə daha da dəyərli töhfələr verəcəkdir.
Prezident İlham Əliyev parlamentdə sivil mübarizəyə xas olmayan metodların artıq arxada qaldığını diqqətə çatdırdı və yeni tərkibdə Milli Məclisə uğurlar arzulayaraq dedi:
- Hesab edirəm ki, yeni tərkibdə Milli Məclis həm peşəkarlıq, həm intellektual baxımından Azərbaycanın inkişafına töhfəsini verməyə qadirdir. Mən çox şadam ki, Azərbaycan xalqının seçimi düzgün olmuşdur. İstənilən seçim düzgün seçimdir, çünki bu, xalq tərəfindən edilən seçimdir. Amma mən çox şadam ki, Azərbaycan cəmiyyəti artıq elə yüksək pilləyə qalxıb ki, ən dəyərli nümayəndələrini seçməyə qadirdir.
Mən ümid edirəm ki, növbəti beş ildə yeni Milli Məclis və əlbəttə, onun aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyası ölkəmizin gələcək inkişafına töhfəsini verəcək, ölkəmizin dayanıqlı, uzunmüddətli inkişafını Azərbaycan xalqının maraqlarını tam şəkildə təmin edəcəkdir.
Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 30 noyabr.- S.3.