IV
çağırış Milli Məclis Azərbaycan
xalqının siyasi iradəsini tam əks etdirir
Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Üeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və derutatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin qayğıları, onların arzuları ilk növbədə yerinə yetirilməlidir. Bu baxımdan Milli Məclis üzvlərinin fəaliyyətindən çox şey asılıdır. Bütün görülən işlər, ölkədə gedən inkişaf meyilləri bir məqsədə qulluq edir: Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin, qüdrətli dövlətə çevirmək, sosial ədalət rrinsirlərini tam şəkildə bərqərar etmək və ölkəmizi müasirləşdirmək.
Parlamentin Azərbaycan cəmiyyətindəki rolu artır, artmalıdır və bu da təbiidir. Bu, bir Prezident kimi məni çox sevindirir. Çünki parlamentin üzərinə düşən vəzifələr yerinə yetirilərsə, əlbəttə, cəmiyyətimizin hərtərəfli inkişafı təmin olunar.
İlham Əliyev
Noyabrın 7-də keçirilən parlament seçkiləri respublikamızın demokratik inkişaf tarixinə əlamətdar siyasi hadisə kimi yazıldı. Ən əsası isə bu seçki Azərbaycan cəmiyyətinin öz taleyini hansı siyasi qüvvəyə etibar etməsinin növbəti dəfə əyani təsdiqi oldu.
Qeyd edək ki, seçkilərə start verildikdən sonra seçki marafonunda deputatlığa namizəd kimi iştirak etmək üçün 1043 vətəndaş müraciət etmiş, onlardan 743-ü qeydiyyata alınmış, 690 namizədin adı seçki bülletenlərinə daxil edilmişdir.
Qalib gələn namizədlərin 16 nəfəri buna qədər üç çağırış, 30 nəfəri iki çağrış, 42 nəfəri isə bir çağırış Milli Məclisin deputatı seçilmişdir. 37 nəfər ilk dəfə seçicilərinin etimadını qazanmışdır.
MSK-nın yekun qərarına görə, seçkilərdə Yeni Azərbaycan Partiyasının 72 üzvü qalib gəlmişdir. Vətəndaş Həmrəyliyi Partiyasından 3, Ana Vətən Partiyasından 2 nəfər seçilmişdir. Demokratik İslahatlar Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Böyük Quruluş Partiyası, Vətəndaş Birliyi Partiyası, Ədalət Partiyası, Azərbaycan Sosial Rifah Partiyası və Ümid Partiyasının hər biri parlamentdə 1 deputatla təmsil olunurlar.
Parlament seçkilərinin yekunları, eləcə də dördüncü çağırış Milli Məclisin fəaliyyəti ilə bağlı münasibətlərini öyrənmək üçün qalib gəlmiş namizədlərlə əlaqə saxladıq. Onların bir qismi bundan əvvəl deputat olduqları üçün üçüncü çağırış Milli Məclisin fəaliyyəti ilə də bağlı qənaətlərini bölüşdülər.
Hadi RƏCƏBLİ:
- Noyabrın 7-də keçirilən dördüncü çağırış Milli Məclisə seçkilər ölkəmizin demokratik inkişaf tarixində əlamətdar siyasi hadisə kimi yadda qaldı. Bu seçki həm də ölkəmizdə Prezident İlham Əliyevin siyasətinə Azərbaycan xalqının inamını, hörmət və ehtiramını növbəti dəfə aydın şəkildə büruzə verdi. Əminəm ki, üçüncü çağırış kimi dördüncü çağırış Milli Məclis də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək.
Milli Məclis 2005-2010-cu illərdə çox səmərəli və məhsuldar fəaliyyət göstərdi. O cümlədən, parlamentin Sosial siyasət komitəsi üzərinə düşən vəzifələri tam olaraq yerinə yetirdi. Sosial sahə çox genişdir. Ona görə ötən çağırışda elə bir sessiya olmadı ki, sosial sahəyə dair qanun layihələri müzakirə edilməsin. Üçüncü çağırışda qəbul olunan \"Ünvanlı sosial yardım haqqında\" qanun son illərdə sosial sahədə qəbul olunan ən mühüm qanunlardan biridir. Uzun müddət davam edən monitorinqin nəticəsi olaraq üçüncü çağırışda Əmək Məcəlləsinə və Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri də qəbul edildi.
Təbii ki, Milli Məclis sosial sahə ilə bağlı qanunvericilik fəaliyyətini dördüncü çağırışda da davam etdirəcək. Bu gün ölkəmizdə uğurlu sosial siyasət həyata keçirilməkdədir. Bu mənada, düşünürəm ki, aparılan islahatlara uyğun olaraq sosial sahənin qanunvericilik bazasının gücləndirilməsi və təkmilləşdirilməsi dördüncü çağırışda da diqqət mərkəzində olacaq.
Aydın MİRZƏZADƏ:
- Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyəti artıq tarixə çevrilib. Üçüncü çağırış öz üzərinə düşən Konstitusiya vəzifələrini uğurla yerinə yetirə bildi. Cəmiyyətin diqqətində olan məsələlərə dair qanunların müzakirəsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətə daha çox açıq olması üçüncü çağırış parlamentin əsas xarakterik göstəricilərindən sayıla bilər. İctimaiyyətin müxtəlif təbəqələrinin təmsil olunduğu üçüncü çağırış öz fəaliyyətində çox aktiv oldu, ümumən Azərbaycanda parlament təcrübəsinin zənginləşməsinə öz töhfəsini verdi.
Cəmiyyət inkişaf edir, zaman irəli gedir və təbii ki, parlament də buna uyğun öz işini qurur. Dördüncü çağırış Milli Məclisə seçkilər də, əvvəlkilər kimi, azad, demokratik və ədalətli keçdi. Seçki Məcəlləsinə edilən dəyişikliklər özünü doğrultdu, seçki daha yığcam və eyni zamanda demokratik tələblərlə keçirildi. Ümumən bu seçkini Azərbaycanın demokratik inkişafında yeni mərhələ hesab etmək olar.
Parlamentin yeni tərkibində əvvəlki çağırışda deputat olmuş insanlarla yanaşı, yeni şəxslər də var. Onların bir qismini cəmiyyət yaxşı tanıyır. Bir qismi isə isə respublika səviyyəsində tanınmış ziyalılardır. Azərbaycan ictimaiyyəti dördüncü çağırış Milli Məclisdən, şübhəsiz ki, müasir dövrün tələblərinə cavab verən qanunların qəbulunda daha intensiv fəaliyyət gözləyir. Hesab edirəm ki, əvvəlki çağırışlarda olduğu kimi, dördüncü çağırış parlament də cəmiyyətin qayğıları ilə yaxından maraqlanacaq və ictimaiyyətə açıq olacaq
Fərhad QƏRİBOV:
- 2005-ci ildən bu yana ölkəmizdə müsbətə doğru çox ciddi dəyişikliklər baş verib. Milli Məclis, öz növbəsində, bu proseslərdən kənarda qalmayıb, bir sıra hüquqi sənədlər qəbul edərək bütün bu işlərə öz töhfəsini verib. Bu mənada üçüncü çağırış Milli Məclis öz fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən prinsiplər əsasında quraraq Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələrdə aparılan islahatların hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində əməli addımlar atdı, Konstitusiyaya uyğun olaraq qanunvericilik səlahiyyətlərini tam yerinə yetirdi. Qanunvericilik baxımından son dərəcə zəngin olan üçüncü çağırış Milli Məclisdə qəbul olunan hər bir sənəd Azərbaycanda həyata keçirilən demokratik, hüquqi, iqtisadi və sosial islahatların qanunvericilik bazasının daha da möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edir.
Noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçirilən seçkilər isə ölkəmizdə demokratiyanın növbəti zəfəri oldu. Bu seçkidə üzvü olduğum Yeni Azərbaycan Partiyasının seçki strategiyası və taktikası ictimaiyyətə məlumdur. Öncə qeyd edim ki, YAP-ın namizədlər siyahısında mənim də adımın olması əməyimə və fəaliyyətimə verilən böyük qiymət idi. Üçüncü çağırışda olduğu kimi, dördüncü çağırış Milli Məclis seçkilərində də Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət insanlar tərəfindən yüksək qiymətləndirildi, YAP uğur qazandı və ən çox deputat mandatına sahib çıxdı. İnanıram ki, dördüncü çağırış Milli Məclis qarşıdan gələn 5 ildə Azərbaycan dövlətinə və xalqına şərəflə xidmət edəcək.
İmamverdi İSMAYILOV:
- Ümumi tərəqqi prosesində qanunverici orqan özünəməxsus xüsusi çəkiyə malikdir. Sözügedən kontekstdə ötən çağırış Milli Məclisin fəaliyyəti müsbət xarakterə malik oldu, bütün istiqamətlərdə uğurlarla yadda qaldı. Burada hər bir deputat öz fikrini azad şəkildə ifadə edə bildi, bunun üçün bütün lazımi imkanlar yaradıldı. Cəsarətlə söyləmək mümkündür ki, ötən çağırışda parlament qarşısına qoyduğu məqsədlərə maksimum dərəcədə nail ola bildi. Bu fonda bir çox qanun layihələrinin müzakirəyə çıxarılması və qəbul olunması da xüsusi qeyd olunmalıdır. Son nəticədə üçüncü çağırış Milli Məclisin fəaliyyəti parlamentin bir qanunverici orqan kimi cəmiyyətdə oynadığı rolun daha da yüksəlməsinə gətirib çıxardı.
Yeni çağırış Milli Məclisin fəaliyyətinə gəlincə, bu dəfə də qanunverici orqanın işinin kifayət qədər yüksək səviyyədə olacağına inanıram. Əhalinin sosial rifah halının daha da yaxşılaşması, beynəlxalq aləmdə ölkəmizin mövqelərinin möhkəmlənməsi, nüfuzunun davamlı olaraq yüksəlməsi və digər bu kimi istiqamətlərdə parlamentin daha böyük töhfələr verəcəyinə də əminəm. İnanıram ki, əvvəlki çağırışda olduğu kimi, yeni Milli Məclisin fəaliyyəti də kifayət qədər uğurlu olacaq.
Rüstəm XƏLİLOV:
- Ölkəmizin inkişafında, hüquqi-demokratik dövlət quruculuğunda böyük rolu olan Milli Məclis üçüncü çağırışda qanunvericilik fəaliyyətini uğurla həyata keçirdi. Parlament yerli özünüidarənin hüquqi bazasının təkmilləşdirilməsini də diqqət mərkəzində saxladı. Bu mənada üzvü olduğum Regional məsələlər komitəsi üçüncü çağırış Milli Məclisin fəaliyyəti dövründə çox gərgin işlədi. Ötən 5 ildə yaradılan yeni yaşayış məskənlərinin inzibati ərazi vahidi kimi qeydə alınması, yaşayış məskənlərinin adlarının dəyişdirilməsi, rayon və şəhərlərin inzibati ərazilərində dəyişikliklərin olunması, bələdiyyələrin birləşməsi və ayrılması kimi məsələlər bütün sessiyaların qanunvericilik işləri planında yer aldı.
Artıq dördüncü çağırış Milli Məclis fəaliyyətə başlamağa hazırdır. Dördüncü çağırışa keçirilən seçkilər, hesab edirəm ki, müasir tariximizə əlamətdar demokratik hadisələrdən biri kimi həkk olundu. Bildiyiniz kimi, mən Yeni Azərbaycan Partiyasının namizədi kimi seçkidə iştirak etdim və qalib gəldim. Bu çağırışda Milli Məclisin qarşısında daha böyük vəzifələr durur. Çünki Azərbaycan gündən-günə inkişaf edir, regionun və dünyanın önəmli ölkələrindən biri kimi dünya birliyində öz mövqelərini daha da möhkəmləndirir. Bütün bunlar isə Milli Məclisdən çevik fəaliyyət, bütün məsələlərin mükəmməl hüquqi tənzimlənməsini tələb edir. Təbii ki, dəyərli insanların, ziyalıların cəmləşdiyi Milli Məclis bütün bunların öhdəsindən uğurla gələcək.
Eldar QULİYEV:
- Noyabrın 7-də keçirilən dördüncü çağırış Milli Məclisə seçkilərə mən 28 saylı Sabunçu üçüncü seçki dairəsindən bitərəf namizəd kimi qatılmışdım. Bu dairədə deputatlığa 4 namizəd mübarizə aparırdı. Seçki kampaniyasının gedişatında ATƏT-in müşahidə missiyasının üzvləri seçki dairəsində oldular, seçicilərlə görüşümdə iştirak etdilər və bütün namizədlər üçün bərabər təbliğat aparmaq imkanlarının yaradılmasından razılıqlarını ifadə etdilər. Seçkidə bitərəf namizəd kimi qalib gəldim. Məni ilk təbrik edənlərdən biri YAP-ın namizədi oldu. Bunun özü digər yerlər kimi 28 saylı seçki dairəsində seçkilərin demokratik keçirilməsinin və ölkəmizdə artıq yeni siyasi mədəniyyətin formalaşmasının göstəricisidir.
Mən ikinci və üçüncü çağırış Milli Məclisin də deputatı olmuşam. Ötən çağırışla bağlı qənaətim budur ki, son 5 ildə Milli Məclis hüquqi, dünyəvi, demokratik dövlət quruculuğunun və iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldi. Bu çağırışda qəbul olunan qanunlar hazırda ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və aqrar islahatların əsas hüquqi bazasını təşkil edir.
Ölkənin sosial-iqtisadi inkişafına uyğun olaraq dördüncü çağırış Milli Məclisin də qarşısında müəyyən vəzifələr dayanır. O cümlədən ölkəmizdə kənd təsərrüfatı, aqrar sahə inkişaf edir. Son illərdə bu istiqamətlərdə əhəmiyyətli qanunlar qəbul olunub, amma təbii ki, dinamik tərəqqi yeni qanunların da hazırlanmasını zəruri edir. Milli Məclisin tərkibi, deputatlar arasında dəyərli alimlərin, hüquqşünasların və ayrı-ayrı sahələr üzrə mütəxəssislərin olması parlamentin dördüncü çağırışda da uğurla fəaliyyət göstərəcəyinə əminlik yaradır.
Zahid ORUC:
- Üçüncü çağırış Milli Məclis Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynadı. Bu, həm qanunvericilik bazasının genişləndirilməsində özünü göstərdi, həm ölkənin ictimai-siyasi həyatı ilə bağlı müxtəlif qərarların müzakirəsinin aparılması ilə yadda qaldı, həm də respublikamızın beynəlxalq əlaqələrinin formalaşmasında bir sıra mühüm addımlar atması ilə diqqəti çəkdi. Hər bir halda Azərbaycan vətəndaşları bu fəaliyyəti geniş miqyasda hiss etdilər. Düşünürəm ki, dördüncü çağırış Milli Məclisə seçkilərdə namizədlik marafonuna qoşulan əksər parlamentarilərin qalibiyyəti məhz bunun əsasında mümkün oldu.
Dördüncü çağırış Milli Məclisin fəaliyyəti, təbii ki, ölkəmizin siyasi həyatında yeni mərhələ olacaq. Regional və beynəlxalq miqyasda proseslər gündən-günə yeniləşməkdədir. Hüquq sistemində ciddi təkmilləşmələr aparılmaqdadır. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət, ölkədəki sosial-iqtisadi sistem hər bir deputata geniş miqyasda fəaliyyət göstərmək imkanları yaradır. O cümlədən, namizədlər tərəfindən verilmiş vədlərin - bu, bütün namizədləri əhatə edir, eyni zamanda məğlub olanları da - daha real olanlarının dördüncü çağırış Milli Məclisin fəaliyyəti dövründə yerinə yetirilməsi üçün imkanlar var. Yetər ki, bunun üçün ciddi cəhdlər göstərilsin.
Fəzail İBRAHİMLİ:
- Dördüncü çağırış Milli Məclisə seçkilər tam demokratik, şəffaf və ədalətli keçirildi. Bu səsvermə bitdikdən sonra seçkini müşahidə edən və öz nüfuzunu, yüksək imicini qoruyub saxlayan beynəlxalq təşkilatların missiyaları tərəfindən də etiraf olundu, ümumən seçki kampaniyasının sivil formada aparıldığı qeyd edildi. Düzdür, müəyyən qüvvələr var ki, Azərbaycanın haqq işinə həmişə qara yaxmağa, problemlər axtarmağa çalışırlar. Ümumilikdə götürdükdə, siyasi sabitlik şəraitində keçən parlament seçkilərinin nəticələrini yüksək qiymətləndirirəm.
Üçüncü çağırış parlament də öz səlahiyyətlərini kifayət qədər uğurla icra edə bildi, ölkənin siyasi, sosial-iqtisadi, mədəni həyatında baş verən bütün proseslərin iştirakçısı oldu. Azərbaycanda gedən böyük demokratik proseslərin həyata keçirilməsi üçün rəvac verə biləcək, dünya standartlarına uyğun qanunların hazırlanması və qəbulu sahəsində də böyük işlər gördü. Ölkəmizin həyatındakı taleyüklü məsələlərdə də hər zaman Milli Məclis öndə getdi.
Üçüncü çağırışda təmsil olunan deputatların bir qismi bu seçkidə də etimada layiq görülüb. Onlar kifayət qədər elmli, savadlı, düşüncəli, vətənə, xalqa bağlı, parlamentdə öz sözlərini deyə bilən ziyalılardır və Milli Məclisin məsuliyyətini öz çiyinlərində aparmağa qadirdirlər. O cümlədən yeni seçilənlər də Azərbaycan cəmiyyətində kifayət qədər tanınan insanlardır. Bu mənada, hesab edirəm ki, dördüncü çağırış Azərbaycan Milli Məclisi də öz vəzifəsini layiqincə icra edəcək.
Fazil MUSTAFA:
- Üçüncü çağırış Milli Məclis ölkəmizdə sürətli sosial-iqtisadi inkişafın qanunvericilik bazasının formalaşmasında, zəruri qanunların vaxtında qəbul olunmasında, beynəlxalq konvensiyaların təsdiq edilməsində və ölkənin ictimai-siyasi həyatında baş verən ayrı-ayrı proseslərin hüquqi-normativ tənzimlənməsində çox operativ fəaliyyət nümayiş etdirdi. Bu baxımdan üçüncü çağırış Milli Məclisin fəaliyyətini müsbət qiymətləndirmək lazımdır.
Dördüncü çağırış Milli Məclisə seçkilərlə bağlı ortaya çıxan nəticə budur ki, YAP və onu dəstəkləyən bitərəflər mütləq şəkildə qalib gəldilər. Konstruktiv sayılan müxalifət, ən azı, öz mövqeyini qoruyub saxlaya bildi. Xaos, sabitliyi arxa planda saxlamaq istəyən cəhdlərə cəmiyyət dəstək vermədi. Bütövlükdə Azərbaycan cəmiyyəti dövlətçiliyə, onun möhkəmləndirilməsinə bağlı olan kursa səs verdi. Seçkinin əsas görünən nəticəsi də budur.
Dördüncü çağırış Milli Məclisin səlahiyyət müddətində, təbii ki, cəmiyyət üçün zəruri olan qanunların qəbul olunmasına diqqət yetiriləcək. \"Siyasi partiyalar haqqında\" qanuna da mütləq yenidən baxılmalıdır. Çünki siyasi partiyaların maliyyələşməsi məsələsi öz həllini tapmalıdır ki, onlar siyasi institutlar kimi fəaliyyət göstərə bilsin və dövlət həyatında daha aktiv rola malik olsunlar. Bu da xüsusilə parlamentdə yer qazanan partiyalara aiddir. Təhsil və səhiyyə sahəsində qanunvericilik işinə də diqqət yetirilməlidir.
Çingiz QƏNİZADƏ:
- Hakimiyyətin əsas qollarından biri olaraq qanunverici orqanın fəaliyyəti hər zaman xüsusi diqqət mərkəzində olub. Üçüncü çağırış Milli Məclisin fəaliyyəti bu mənada yaddaqalan oldu. İlk növbədə ona görə ki, burada çoxsaylı qanun layihələri müzakirə edilib qəbul olundu. Arzu edərdim ki, dördüncü çağırış parlamentin fəaliyyəti əvvəlki ilə müqayisədə daha yüksək olsun. Yeni tərkib Milli Məclisin dünyanın ən işgüzar qanunverici orqanlarından, həm sivil, həm etik normaları özündə formalaşdıran parlamentlərdən biri olacağını gözləyirəm. Parlamentin əməli işi, gələcək fəaliyyəti ilə ona göstərilən bütün ümidləri doğruldacağına da əminəm. İstənilən halda dördüncü çağırış Milli Məclisin fəaliyyətinin uğurlu olmasını arzu edirəm və hesab edirəm ki, parlament daha işgüzar və daha operativ şəkildə qanunvericilik bazasına dəyərli töhfələrini verəcək.
Normal, demokratik tələblərə uyğun keçən parlament seçkiləri nəticəsində formalaşmış Milli Məclisdən əsas gözləntilər məhz bundan ibarətdir. Faktdır ki, öz elektoratı ilə daha çox işləyən, onlarla ünsiyyətdə olan, işini qurmağı bacaran namizədlər parlamentə seçildi. Müxalif düşərgədən seçkilərin gedişi ilə bağlı irəli sürülən iddiaları isə ona görə qəbul etmirəm ki, onlar seçkiyə hazırlaşmamışdılar və bu dəfə fəaliyyətlərini normal qura bilmədilər. Ona görə də seçkilərin nəticələri ilə barışmalıdırlar.
Rasim MUSABƏYOV:
- Mən 1990-cı illərin ortalarında təxminən il yarım Milli Məclisdə fəaliyyət göstərmişəm. O dövrdən indiyə qədər xeyli zaman keçib və təbii ki, Milli Məclisdəki yeni şəraitə adaptasiya olunmaq lazımdır. Lakin istənilən halda belə hesab edirəm ki, dördüncü çağırış Milli Məclis fəaliyyəti zamanı hakimiyyətin bir qanadı olaraq Azərbaycanın təhlükəsizliyinin daha da möhkəm özüllər üzərində qurulması, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş əldə olunması, ölkəmizin davamlı inkişafını təmin etməyə yönəlmiş qanunvericilik bazasının möhkəmləndirilməsi üçün əməli addımlar atmalı, səlahiyyətləri çərçivəsində icra hakimiyyətinə nəzarət etməlidir. Hesab edirəm ki, yeni çağırış Milli Məclisə seçkilərin nəticələri seçicilərin iradəsini əks etdirir.
Musa QASIMLI:
-Müasir dünyada istənilən sivil dövlətin inkişafında əsas rollardan biri də parlamentə məxsusdur. Üzvü olmasam da, üçüncü çağırış Milli Məclisin fəaliyyətini müsbət qiymətləndirirəm. Parlamentin, fəaliyyəti ölkədaxili və xarici siyasətin, demək olar ki, bütün sahələrini əhatə etdi. Sosial-iqtisadi, siyasi və digər sahələrdə qanunvericilik aktları qəbul edildi. Azərbaycanın xarici siyasətini, regional və beynəlxalq məsələlərə dair Milli Məclisin mövqeyini əks etdirən sənədlər qəbul edildi. Bu baxımdan ötən parlamentin fəaliyyəti müsbət qiymətləndirilməlidir.
Dördüncü çağırış Milli Məclisin fəaliyyəti isə üçüncü çağırış parlamentin fəaliyyətindən irəli gedəcək. Yeni qanunların qəbulu, bəzilərinin təkmilləşdirilməsi ilə bağlı addımlar atılacaq. Hesab edirəm ki, yeni parlament beynəlxalq əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirəcək. Eyni zamanda parlament diplomatiyasının rolu artacaq.
Demokratik, ədalətli, şəffaf seçkilər nəticəsində xalqın iradəsi əsasında formalaşmış yeni tərkibdə Milli Məclisin bu istiqamətdə konkret addımlar atmaqda davam edəcəyinə əminəm. Bir daha isə qeyd etmək istəyirəm ki, seçkilərin nəticələri qanunauyğun olub xalqın iradəsini, Azərbaycanda gedən inkişaf prosesinin əsas istiqamətlərini və siyasi palitrasını özündə əks etdirir.
Azərbaycan.-2010.- 28 noyabr.- S. 2.